Məhkəmə qərarları › İş №1(031)-27/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-27/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-27/2025 13.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xaçmaz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1997-ci il tarixdə Quba rayonunun Səbətlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, Səbətlər kəndində qeydiyyatda olan, faktiki olaraq həmin kənddə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:20-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən 133-cü kilometrliyində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Vaz 2107” minik markalı, **- RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1ci bəndinin tələblərini pozaraq yəni, sürücü, sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olmalı, əks istiqamətli nəqliyyat axınlarını ayıran üfüqi nişanlanma xəttini kəsib keçməməli və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib yolun Bakı istiqamətində sol hərəkət hissəsindən sağa doğru adi yerişlə keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş və gövdənin qapalı müştərək travması, baş beyin toxumasına, baş beyin yumşaq qişasına və beyin kötüyünə qansızmalar, beyin mədəciklərinə qansızmalar, baş beyin ödemi, sol ağ ciyərin cırılması, sol 4-5-6-cı qabırğaların qapalı köndələn sınıqları, sağ bud sümüyünün qapalı qəlpəli sınığı, başın alın-təpə nahiyəsinin çoxsaylı sıyrıqları, sağ qaş qövsünün əzilmiş yarası, burun belinin və çənəaltı nahiyəsinin əzilmiş yaraları, sağ budun, sol dizin, sol baldırın sıyrıqları, başın və gövdənin yumşaq örtüyünə qansızmalar kimi, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb xx.xx.2024-cü il tarixdə Şabran Mərkəzi Rayon Xəstəxanasında ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “BC” dərəcəli sürücülük vəsiqəsini ilk dəfə xx.xx.2014-cü ildə almış, sürücülük hüququ olduğu dövrdə hadisə törətməmiş və sürücülük hüququndan məhrum olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 17:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Vaz 21074” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonunun Səbətlər kəndindən çıxıb Bakı şəhərinə getmişdir. Həmin vaxt avtomobili saatda 60 kilometr sürətlə Bakı-Quba- Dağıstan avtomobil yolu ilə üzü Şabran istiqamətində yolun sağ hərəkət hissəsi ilə idarə etmişdir. Həmin vaxt yağış yağmış və yer yaş olmuşdur. O, avtomobili Şabran rayonunun Gəndab kəndindən keçən hissəsi ilə idarə edərkən qarşısında təxminən 15-20 metr aralıda markasını və dövlət nömrə nişanına fikir vermədiyi avtomobillər hərəkət etmişdir. Onun qarşısında hərəkət edən ağ rəngli markasını və dövlət nömrə nişanına fikir vermədiyi avtomobili sürəti azaldaraq ayağını tormoza qoymuş, qarşıda hərəkətdə olan avtomobil ilə ara məsafəsi yaxın olduğundan o da tormoza basanda yer yaş olduğundan avtomobil sürüşərək əks hərəkət zolağına yəni yolun sol hərəkət zolağına çıxarkən avtomobilimin sol yan tərəfi piyadaya dəymişdir. Daha sonra avtomobili saxlamış və avtomobildən aşağı düşüb oraya toplaşan insanların köməyi ilə piyadam avtomobilinə mindirib Şabran Mərkəzi Rayon Xəstəxanasına aparmışdır. Piyadanı xəstəxanaya yerləşdirdikdən sonra hadisə yerinə geri qaytılmış və səhəri gün piyadanın öldüyünü bilmişdir. Bununla yanaşı sonradan Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduğunu öyrənmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Bu halları nəzərə alaraq xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X9 qızı ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs kiçik qardaşı idi. Qardaşı Fikrət 1991-ci ildə ailə həyatı qurmuş, 1993-cü ildə isə boşanmışdır. Fikrət ailə həyatı qurarkən övladı olmamış və o, boşandıqdan sonra Şabran rayonunun Leyti kəndində ata evində tək yaşamışdır. Mərhum qardaşı Fikrət fiziki cəhətdən tam sağlam olmuş, heç bir xroniki xəstəlikdən əziyyət çəkməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 18:30-da əri Şərafəddin ona zəng vuraraq qardaşı Fikrəti avtomobil vurduğunu bildirmiş və onlar birlikdə yaşadığı Sumqayıt şəhərindən çıxıb Şabran Rayon Mərkəzi Xəstəxanasına gəlmişlər. xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində qardaşı Fikrətin aldığı xəsarətlərdən öldüyünü öyrənmişlər. O, xəstəxanada olarkən qardaşı Fikrəti xx.xx.2024-cü il tarixdə, saat 17:20-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən 133-cü kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21074” minik markalı, **-RV-*** qeydiyyat nişanlı minik avtomobili ilə yolu Bakı istiqamətində soldan sağa doğru keçərkən vurulduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmiş və onun hazırda Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs xalası oğlu Şərafəddinin qaynıdır. xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Şabran rayonunun Gəndob kəndində yolun kənarında yerləşən çayxanaların birində çay içərkən, tanımadığı şəxslərdən biri çayxanaya gələrək “VAZ 21074” minik markalı avtomobilin piyadanı vurduğunu bildirdikdən sonra, o, çayxanadan çölə çıxmış və yolda camaatın toplandığı yerə gələrkən Fikrətin xəsarət aldığını və daha sonra onun Şabran Mərkəzi Rayon Xəstəxanasına yola saldığını görmüşdür. Bundan sonra o, xalası oğlu Şərafəddinə zəng vuraraq qaynı Fikrəti avtomobil vurduğunu və onun Şabran Mərkəzi Rayon Xəstəxanasına aparıldığını bildirmişdir. Səhəri gün yəni xx.xx.2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs vəfat etdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ona zəng etdikləri üçün Zərərçəkmiş şəxs arxasınca yola çıxıb baş vermiş yol nəqliyyat hadisəsinin nəticələrini gördüyünü, lakin baş vermiş yol nəqliyyat hadisəsinə şahid olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisində Zərərçəkmiş şəxs spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə görmüş və sonradan onun baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü öyrənmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, fakta görə CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, yol-nəqliyyat hadisəsinin sxemindən və fotocədvəldən görünür ki, həmin tarixdə, saat Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən 133-cü kilometrində “Vaz 2107” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin piyada Zərərçəkmiş şəxs vurması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinin baş verdiyi əraziyə keçirilmiş baxış zamanı yol-nəqliyyat hadisəsi yerinin yaşayış məntəqəsinin ərazisində baş verdiyi, yolun hərəkət hissəsinin düz olduğu, yol örtüyün növünün asfalt beton, vəziyyətinin isə yaş olduğu, yol örtüyünün eninin 08 (səkkiz) metr olduğu, yolun həmin hissəsində 02 (iki) hərəkət zolağının olduğu, hərəkət hissəsinin eninin 04 (dörd) metr olduğu, yolun həmin hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətinin olduğu, yolun hərəkət hissəsinə sağdan ehtiyat hisə, sonra kafe və mağaza, soldan isə yaşayış evləri birləşdiyi, yolun həmin hissəsində hərəkətin nizamlanmadığı, sürət həddinin saatda 60 (altmış) kilometr olduğu və yolun həmin hissəsinin kənar obyektlərdən düşən işıqlarla işıqlandırıldığı, “Vaz 2107” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun həmin hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman yolu Bakı istiqamətində sol hərəkət hissəsindən sağa doğru adi yerişlə keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurduğu aşkar edilmişdir (cinayət işinin İ cildinin 5-13-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli, 278 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:40-da keçirilmiş tibbi müayinə nəticəsində Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu və sərxoş olmadığı aşkar edilmişdir (cinayət işinin İ cildinin 14-cü vərəqəsi). - BC seriyalı, 462384 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2032-ci il tarixə kimi qüvvədə olan “B1”, “B”, “C1” və “C” kateqoriyalı sürücülük vəsiqəsi vardır (cinayət işinin İ cildinin 16-cı vərəqəsi). - BD seriyalı, 583786 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2010-cu il istehsal tarixli “Vaz 21074” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir (cinayət işinin İ cildinin 17-ci vərəqəsi). - xx.xx.2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X1 Şamil Vidadi oğluna xx.xx.2023-cü il tarixə, saat 23:59-də kimi mülkiyyətində olan 2010-cu il istehsal tarixli “Vaz 21074” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etmək hüququ vermişdir (cinayət işinin İ cildinin 18-ci vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 verilmiş 20 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsində baş və gövdənin qapalı müştəkər travması, baş beyin toxumasına, baş beyin yumşaq qişasına və beyin kötüyünə qansızmalar, beyin mədəciklərinə qansızmalar, baş beynin ödemi, sol ağ ciyərin cırılması, sol 4-5-6-cı qabırğaların qapalı köndələn sınıqları, sağ bud sümüyünün qapalı qəlpəli sınığı, başın alın-təpə nahiyəsinin çoxsaylı sıyrıqları, sağ qaş qövsünün əzilmiş yarası, burun belinin və çənəaltı nahiyəsinin əzilmiş yaraları, sağ budun, sol dizin, sol baldırın sıyrıqları, başın və gövdənin yumşaq örtüyünə qansızmalardan ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yetirilmə müddəti qərarda göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və canlı adamlarda hamısı birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt zədələnməsi nəticəsində baş beyin toxumasına, beyin kötüyünə və baş beyinin yumşaq qişasına qansızmalardan törəyən baş beyin ödemi olmuşdur. Ölümünün baş vermə müddəti ilkin meyit əlamətlərinə əsasən meyitin meyitxanada müayinə anından (xx.xx.2024-cü il, saat 09:00) 06 (altı) saat qədər əvvələ uyğun gəlir. (cinayət işinin İ cildinin 22-25-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X2 ********* saylı cinayət işi üzrə yolnəqliyyat hadisəsində ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cinayət işinin İ cildinin 30-cu vərəqəsi). - **********511 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X2 həmin ərizəsində Təqsirləndirilən şəxs barəsində heç bir iddiası, şikayəti və tələbinin olmadığını bildirmişdir (cinayət işinin İ cildinin 36-cı vərəqəsi). - xx.xx.2025-ci il tarixli, 2-2-050/2-044873/2025 saylı cinayət işi üzrə ibtidai araşdırma müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay, yəni xx.xx.2025-ci il tarixədək (cəmi 05 (beş) ay uzadılmışdır (cinayət işinin İ cildinin 45-46-cı vərəqələri). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin İ cildinin 47ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cinayət işinin İ cildinin 50-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2025ci il tarixli, 3-13-16/2-99870/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2032-ci il tarixə kimi qüvvədə olan “B1”, “B”, “C1” və “C” kateqoriyalı BC seriyalı, 462384 saylı sürücülük vəsiqəsi vardır və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (cinayət işinin İ cildinin 51-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8/659 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 21074” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin və 69 maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 53-55-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin İ cildinin 56-cı vərəqəsi). - xx.xx.2025-ci tarixli sübutların qitmətləndirilməsi haqqında qərardan görünür ki, “Vaz 21074” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin nəqliyyat vasitəsinin sahibinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır (cinayət işinin İ cildinin 57-60-cı vərəqələri). - Quba rayon İcra Hakimiyyəti Başçısının Çiçi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 143 saylı, xx.xx.2025-ci il tarixli arayış və xasiiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Səbətlər kəndində qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 62-63-cü vərəqələri). - xx.xx.2021-ci il tarixli, 2830 nömrəli travma haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirən zaman düşmən tərəfindən atılan minaatanın mərmisinin partlaması nəticəsində “sol bud nahiyyəsinin yumşaq toxumlarının kor qəlpə yaralanması” xəsarəti alaraq təxliyə olunmuşdur (cinayət işinin İ cildinin 64-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 69-70-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 82-83-cü vərəqələri). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Həmin Qanunun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. CM-in 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ehtiyyatsızlıqdan az ağır cinayət əməlini törətməsinə dair etirafedici ifadəsinə, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və xx.xx.2015-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirən zaman düşmən tərəfindən atılan minaatanın mərmisinin partlaması nəticəsində “sol bud nahiyyəsinin yumşaq toxumlarının kor qəlpə yaralanması” xəsarəti alaraq təxliyə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar etməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. CM-in 56.1.1-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməli və CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CPM-in 346.1.21-ci maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan “Vaz 2107” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə sahibinə qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ya xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 347-349, 351-353, 356 və 381-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Vaz 2107” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarıldığı nəzərə alınsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X6, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar