Məhkəmə qərarları › İş №1(031)-28/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-28/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-28/2022 08.06.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid-19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 17 fevral 2022-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşayış yerində müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, Qanunun sözügedən tələblərini pozaraq 19 fevral 2022-ci il tarixdə saat 11 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşayış yerini özbaşına tərk edərək Bakı-Xaçmaz magistral yolunun Şabran rayon, Ağalıq kəndindən keçən hissəsində yol kənarında yerləşən “Ekonom” marketə gəlmiş, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin fevral ayının ortalarında ailə üzvləri “Covid- 19” virusuna yoluxduğuna görə o da 16 fevral 2022-ci il tarixdə hər ehtimala qarşı Şabran RMX-na gedərək “Covid-19” xəstəliyinə görə analiz vermiş, həmin günün səhəri, yəni 17 fevral 2022-ci il tarixdə isə xəstəxanadan onunla əlaqə saxlayaraq “Covid-19” virusuna yoluxduğu ona bildirilmiş, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Ağalıq kəndində yerləşən evindən çıxaraq Bakı-Xaçmaz magistral yolunun Şabran rayon, Ağalıq kəndindən keçən hissəsində yol kənarında yerləşən “Ekonom” marketə getmiş, mağazaya getməkdə də məqsədi tanışları tərəfindən həmin marketə qoyulmuş dərmanları götürmək olmuş, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq “Covid-19” virusuna yoluxduğu halda nə üçün yaşayış yerini tərk etdiyini ondan soruşmuş, o da öz növbəsində onlara özünü yaxşı hiss etdiyinə görə çölə çıxdığını söyləmiş, bundan sonra isə RPŞ-dən əməkdaşları həmin etdiyi cinayət əməlini ona izah edərək və müvafiq sənədləşmə işləri aparmış, sonra onu oradan uzaqlaşdıraraq evlərinə gətirmişlər. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, o, 2000-ci ildə Gülgəz adlı qızla ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2022-ci il tarixdə oğlan övladları dünyaya gəlmişdir. Həmin ərəfələrdə arvadı hamilə vəziyyətdə koronoviris xəstəsi olduğundan rayon xəstəxanasında onu qəbul etməmiş, onu Bakı şəhərində “Semaşko” xəstəxanasına aparmış, uşaq da həmin xəstəxanada doğulmuşdur. Məqsədi marketdən götürdüyü dərmanları xəstə olan yoldaşına göndərmək olmuşdur. Hazırda ailəsi ilə mehriban şəraitdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXB-də polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid1 ifadəsində 19 fevral 2022-ci il tarixdə saat 11 radələrində Şabran RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2la birlikdə xidmətdə olduqlarını, xidmətdə olduqları vaxt evdə müalicə alan aktiv koronovirus xəstələrinin xüsusi karantin rejim qaydalarına riayət edib-etməmələrini yoxladıqlarını, saat 11 radələrində aktiv koronovirus xəstəsi olan Şabran rayon sakini Təqsirləndirilən şəxs yaşayış yerini özbaşına tərk edərək Şabran rayonu, Ağalıq kəndində yerləşən “Ekonom” marketdə sərbəst şəkildə hərəkət etdiyini aşkar etdiklərini və dərhal onu saxladıqlarını, ardınca şöbədən əməliyyat-istintaq qrupu çağırılaraq qanunvericiliklə müəyyən olunmuş qaydada çəkiliş aparıldığını və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xüsusi karantin rejim qaydalarını kobud surətdə pozması faktı rəsmi olaraq sənədləşdirildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşı Şahid2 iş üzrə Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, təxminən 2 ilə yaxındır ki, Şabran RMGEM-də epidemiologiya şöbəsinin müdiri vəzifəsində çalışır. O və rəhbərlik etdiyi idarənin işçilərinin hər gün mütəmadi olaraq “Covid-19” virusuna yoluxmuş şəxslərlə ya telefon vasitəsilə, əgər telefon vasitəsi ilə də mümkün deyilsə birbaşa olaraq onların yaşadıqları ünvana gedərək vətəndaşa “Covid-19” virusuna yoluxması barədə məlumat verirlər və daha sonra çölə çıxmamaqları, çıxdıqları halda isə cinayət məsuliyyətinə cəlb olunmaları barədə məlumat verirlər. Həmin prosedur eynilə Təqsirləndirilən şəxslə də təkrar olunmuş, rəhbərlik etdiyi idarəyə Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxması ilə bağlı məlumat fevral ayının 17-si daxil olmuş, elə həmin gün də dərhal Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonla əlaqə saxlamış və sonuncuya “Covid-19” virusuna yoluxması barədə məlumat vermiş, yaşayış yerini tərk etməməsi, əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi Ərazi Bölmələrini X5 rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya alınmış 10 mart 2022-ci il tarixli 143 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Covid-19” infeksiyası ilə əlaqədar verdiyi analizin cavabı xx.xx.2022-ci il tarixdə “pozitiv” olaraq gəlmiş və o, xx.xx.2022-ci il tarixə kimi 7 gün ev nəzarətinə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli 95 saylı məktubdan görünür ki, Ağayev X2 rayonu Ağalıq kəndində ailə üzvləri – atası X4, anası X1 və arvadı X3 ilə birlikdə yaşayır. İş materiallarında olan AZ-İİ seriyalı 411592 saylı nikah haqqında şəhadətnamənin və AZ-İİ seriyalı 671620 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 13 sentyabr 2020-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirmişlər, birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Rəşid adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli 94 saylı xasiyyətnamədən görünür ki, Ağayev X2 rayonu Ağalıq kəndində yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgə yaşayış qaydalarına riayət etməklə öz yoldaşları, qonşuları ümumilikdə kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Bir insan kimi kənd camaatının hörmətini qazanmışdır. Nümayəndəliyə onun barəsində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, habelə cinayət əməlini arvadı və yeni dünyaya gəlmiş uşağının həyat və sağlamlığını qorumaq məqsədilə məcburiyyət qarşısında qalaraq törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halları və eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar