Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-28/2023 15.05.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, bitərəf, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, Şabran rayonu, Ağalıq kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Şabran rayonu, Ağalıq kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs hər iki əli ilə başından tutub suya basaraq boğmağa çalışması, daha sonra təpiklə qarın nahiyəsinə zərbələr endirərək, sonuncuya başın təpə nahiyəsinin yumşaq toxumalarının əziyindən, baş beyin silkələnməsindən, hər iki said və diz nahiyələrinin sıyrıqlarından ibarət bədən xəsarətləri yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, Şabran RPŞ-nə şikayət etmiş Şahid1 və arvadı Ofeliya Məmmədovanın müraciətləri ilə tanış olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində fermaya işə gedən zaman Arifin qonşusu Səfayəni küçədən fermada cücə satırlar istəyirsə gedib onunla birlikdə alması üçün səslədiyini, lakin Səfayənin onun səsinə cavab vermədiyini, həmin zaman Arifin yaşadığları evdən çıxaraq üzü onun istiqamətə gəldiyini, Arifin arvadı Ofeliyanın isə küçədə olan su bulağının yanına gedərək orada dayandığını, o fermaya gedən zaman Arifin onunla üz-üzə gəldiyini, Arifin onun yanından keçən zaman onun qabağına, yəni yerə tupürərək ünvanına nəlayiq ifadələr işlətdiyini, o Arifə cavab olaraq ünvanına xoşa gəlməz ifadələr işlətdiyini, Arifin ayağı ilə onun sağ ayaq nahiyəsinə, yumruqla isə sol qol nahiyəsinə bir dəfə zərbə ilə vurduğunu, həmin vaxt Arifin arvadı Ofeliyanın onların yanına gələrək onun ünvanına xoşa gəlməz ifadələr işlədərək, onun başqa şəxslər ilə görüşdüyünü, beş günlərnən ailəsini qoyaraq başqası ilə qaçmasını dediyi üçün Ofelyanın sözlərinə dözməyib üzərinə getdiyini, Ofeliyanın üzərinə gedərək saç nahiyəsindən tutub yaxınlıqda olan bulağa atdığını, əsəbi olduğu üçün Ofelyanın hansı nahiyələrinə vurduğunu bilmədiyini, Ofeliya ilə dava etdiyi zaman əri Arifin onları mobil telefon vasitəsi ilə video görüntüyə aldığını, Arifin onu vurması nəticəsində sağ ayaq və sol qol nahiyəsindən xəsarət aldığını, dava zamanı isə sol gözünün alt hissəsi cızıldığını, Ofeliyanın ona xəsarət yetirdiyini güman etdiyini, Ofeleya ilə dava etdiyi zaman yanlarında Arif, qonşular Səfayə və Kifayətin olduğunu, Ofeliya ilə əvvəllər də aralarında mübahisə baş verdiyini, bir-birlərini döydüklərinə görə Şabran RPŞ-də araşdırma aparıldığını, nəticədə Şabran rayon məhkəməsinin bu hadisədən əvvəl onu 300 manat pul cəriməsi etdiyini, Ofeliya və əri Arifin mütamadi ona hədə-qorxu gələrək onu tutduracağları ilə hədələdiklərini, ona görə də xx.xx.2023-cü il tarixdə qərəzli olaraq ona sataşaraq, barəsində şikayət etdiklərini, Zərərçəkmiş şəxs aldığı xəsarətləri onun yetirdiyini, etdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahat verərək, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla əvvəllər münasibətlərinin yaxşı olduğunu, lakin Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında oynadığları lotereyada olan 2300 manat pulunu alıb 2023-cü ilin yanvar ayında öz növbəsində lotereya pulunu ona verəcəyini vəd etsə də ona pulunu vermədiyini və bundan sonra aralarında münasibətlərinin pozulduğunu, hətta bu mövzuda aralarında yaranmış mübahisə zamanı Səmayənin onu döydüyünə görə Şabran RPŞ-də araşdırma aparıldığını və Şabran rayon məhkəməsi tərəfindən 300 manat cərimə edildiyini, bundan sonra Təqsirləndirilən şəxs onlarla qərəzli münasibət apararaq mütəmadi olaraq evlərinin qarşısından keçən zaman onun və əri Şahid1 ünvanına nəlayiq ifadələr işlətdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində əri Arifin yaşadığları evdən çıxaraq mağazaya getdiyini, o da evdən su qablarını götürərək evlərinə qarşısında olan bulaqdan su götürmək üçün getdiyini, o bulağın üzərində su götürən zaman əri Arifin mağazadan gəldiyini və həmin zaman Səmayənin də yol ilə getdiyini gördüyünü, Səmayənin onun əri Arifin yanından keçən zaman yerə tüpürərək Arifin ünvanına nəlayiq ifadələr işlətməyə başladığını, o da bunun cavabında Səmayəyə “sənin dediyin həmin nəlayiq ifadə sənin ərinə yaraşır” dediyini, Səmayə onun bu sözündən sonra onun üzərinə hücum edərək, saçından hər iki əli ilə tutub suya basaraq boğmağa başladığını, təpiklə qarın nahiyəsinə 3 dəfə zərbə endirdiyini, həmin zaman əri Arifin qadınlara onu Səmayənin əlindən almalarını xahiş etdiyini, Arifin özünün isə baş vermiş hadisəni telefon vasitəsi ilə lentə aldığını, həmin zaman orada olan qonşuları Səfayə və Kifayət adlı qadınların onlara yaxınlaşaraq onu Səmayənin əlindən aldıqlarını, bu zaman əri Arifin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat verdiyini, daha sonra isə onun halının pis olduğuna görə əri Arifin onu qaynı Yusifin avtomobili ilə Xaçmaz rayon xəstəxanasına apardığını, xx.xx.2023-cü il tarixə qədər xəstəxanada müalicə aldıqdan sonra evə buraxıldığını, Təqsirləndirilən şəxs onu döyən zaman boynunda olan 25 il bundan əvvəl gəlin gəldiyi zaman boynuna taxılmış 18 qram 1700 manat dəyərində olan qızıl boyunbağının boyunundan qırılaraq itdiyini, həmin qızıl boyunbağının Təqsirləndirilən şəxs tərəfindən qırılaraq itdiyinə görə ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməsini, əks halda onun həbs olunmasını tələb etdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahat verərək, Zərərçəkmiş şəxs onun arvadı olduğunu, 20 ildən çoxdur ki, ailə həyatı qurduqlarını, birgə nigahdan 2 övladlarının olduğunu, Təqsirləndirilən şəxs onların həmkəndlisi olduğunu, Səmayənin 2023-cü ilin yanvar ayında arvadı Ofelyanı döydüyü üçün barəsində Şabran RPŞ-nə şikayət etdiklərini, şikayətlərinə əsasən araşdırma aparılaraq, Səmayə barəsində qanuni tədbir görülməsi üçün Şabran məhkəməsinə aparılaraq məhkəmə tərəfindən 300 manat cərimə olunduğunu, Səmayənin onların yaşadığları evin qarşısında kənd sakinləri ilə dayanıb söhbət edən zaman uca səsnən qışqıraraq Ofelya və onun ünvanına xoşa gəlməz ifadələr işlədərək, onları döyərək öldürəcəyini bildirərək, “birinci dəfə Ofelyanı döyəndə mənə nə etdilər ki, təkrar onu döyəndə nə etsinlər” sözlərini dediyini, lakin onlar Səmayəyə fikir vermədiklərini, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində mağazadan mobil telefonuna danışıq kartı yükləyib yaşadığı evə qayıdan zaman arvadı Ofelyanı yaşadığları evə yaxın olan su bulağına su gətirmək üçün getdiyini gördüyünü, həmin vaxt Səmayənin onların qarşısına çıxdığını, Səmayənin onu görəndən sonra Ofelya və onun ünvanına nəlayiq ifadələr işlətməyə başladığını, Ofelyanın Səmayəyə cavab olaraq “nə üçün bizi təhqir edərək, küçədə ünvanmıza nəlayiq ifadələr işlədirsən” dediyini, Səmayənin Ofelyanın üzərinə qaçaraq baş və sifət nahiyələrinə əl zərbələri endirib, Ofelyanı yaxınlıqda olan soyuq su arxına salaraq yerdə ona ayaq zərbələri endirərək boğmağa başladığını, əvvəllər belə hallar olduğunu, Səmayənin etdiyi hərəkətləri ona subut edə bilmədiklərinə görə o, özünə məxsus mobil telefonla Səmayənin hərəkətlərini videoya çəkməyə başladığını, Səmayənin su arxının içərsində Ofelyanı boğduğuna görə uca səsnən qışqıraraq köməyə adam çağırdığını, həmin vaxt su bulağında olan Səfayə və Kifayət adlı xanımların gələrək onları ayırdıqlarını, Səmayənin Ofelyanın üz gözündə xəsarət gördüyü üçün həmin yerdən uzaqlaşaraq getdiyini, Ofelyanın səhhəti pisləşdiyi üçün onu Xaçmaz RMX-na apardığını, Xaçmaz RMX-da həkimlər Ofelyanı müayinə etdikləri zaman Ofelyanın ciddi xəsarət aldığını bildirərək müalicəsini xastəxanada davam etdirməyi bildirdiklərini, Ofelyanın xx.xx.2023-cü il tarixdən Xaçmaz RMX-da müalicə aldığını, Səmayənin Ofelyanı döyməsi nəticəsində o, DİN-nin 102 xidməti mərkəzinə zəng edərək məlumat verdiyini, Səmayənin onu nəlayiq ifadələr ilə təhqir edərk, arvadı Ofelyaya ağır xəsarət yetirdiyi zaman o, Səmayəni döymədiyini, onlar dava edən zaman onları ayırmadığını, bir sözlə Səmayəyə əlinin dəymədiyini və Səmayənin qarşısına küçədə tüfürmədiyini, Səmayənin gələcəkdə ona və ailə üzvülərinə hər hansı bir formada ziyan verməsindən ehtiyat etdiyi üçün Səmayənin mütamadi nəzarətdə saxlanılmasını, onlara səbəbsiz yerə sataşmasını və ziyan vurmamasını istədiyini göstərdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 izahat verərək, Arif və Ofelyanın onun qonşuları olduğunu, Səmayənin isə onun uşaqlıq rəfiqəsi olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində yaşadığı evin qarşısında yerləşən su bulağında olduğu zaman Səmayə və Ofelyanın bir-birləri ilə mübahisə etdiklərini, sonradan isə dava etdiklərini gördüyünü, həmin zaman Ofelyanın əri Arifin ondan Ofelyanı ayırmasını xahiş etdiyini, o və yanında olan Kifayətin Səmayə və Ofelyanı ayıraraq yaşadığı evə getdiyini, həmin zaman Ariflə Səmayənin mübahisə etdiyini görmədiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 izahat verərək, Arif və Ofelyanın onun qonşuları olduğunu, Səmayənin isə onun həmkəndlisi olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində yaşadığı evin qarşısında yerləşən su bulağında olduğu zaman Səmayə və Ofelyanın bir-birləri ilə mübahisə etdiklərini gördüyünü, lakin onlar onlardan 5-10 metr aralı məsafədə olduqlarına görə nə üstündə mübahisə etdiklərini bilmədiyini, Səmayənin Ofelyanın saçından tutaraq suya saldığı zaman Arifin kənardan telefon ilə onları video görüntüyə aldığını, Arifin onlardan onları ayırmağı istədiyini, o və Safayənin Səmayə və Ofelyanı ayırdıqlarını, Ofelya və Səmayənin öz evlərinə, özünün isə evinə getdiyini, Arifin Səmayəni döydüyünü görmədiyini, ümumiyyətlə Arifin Səmayə və Ofelyaya yaxınlaşmadığını göstərmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş MTE və PA Birliyinin xx.xx.2023-cü il tarixli 47 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizasında bədəni üzərində başın təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, baş beyin silkələnməsi, hər iki said və diz nahiyələrinin sıyrıqları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti 24 mart 2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Ağalıq kəndində oğlanları – 2014-cü il təvəllüdlü X2, 2016-cı il təvəllüdlü Kərimov ramid Vasif oğlu ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Ağalıq kəndində yaşadığı müddət özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgə yaşayış qaydalarına əməl etməklə öz yoldaşları, qonşuları, ümumilikdə kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Onun barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri məhkəmə ekspertizasının rəyi, eləcə də iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki nəfər azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və mülki tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-28/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-28/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver