Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-28/2024 05.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2002-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan və barəsində "başqa yerə etməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində, Şabran rayonunun Rəhimli kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus bir mərtəbəli fərdi yaşayış evinin əvvəlcə arxa hissəsinə hasarı aşaraq qanunsuz olaraq evin həyət hissəsinə enib, əvvəlcə evin həyətində yerləşən toyuqların saxlanılması üçün nəzərdə tutulmuş hinin taxta materialdan hazırlanmış qapısını açaraq oradan 1 başı 50 manat olmaqla, hər birinin çəkisi 3 kiloqram olan, ümumilikdə 200 manat dəyərində 4 baş hind quşunun, 1 başı 15 manat olmaqla hər birinin çəkisi 1 kiloqram olan, ümumilikdə 60 manat dəyərində 4 baş toyuğun ayaqlarını bağlayaraq onları oğurlayıb, sözügedən tövlədən bir qədər aralıda yerləşən Şabran çayının yaxınlığında gizlətdikdən sonra həmin tarixdə, vahid niyyət ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus evin həyətinə eyni üsulla qanunsuz daxil olub evin həyətindəki çardağın altına yığılmış, bir kisəsi 24 manat olmaqla hər birinin çəkisi 60 kiloqram olan, 72 manat dəyərində 3 ədəd buğda kisəsini çiyninə alaraq, sözügedən buğda kisələrini eyni ilə 4 baş hind quşunu və 4 baş toyuğu gizlətdiyi Şabran çayının yaxınlığında gizlədib oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 332,0 manat dəyərində maddi ziyan vuraraq vahid niyyət ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şabran rayon Rəhimli kəndində qeydiyyatda olaraq yaşayır. O, təxminən bir aydan artıqdır ki, həmkəndliləri Vüqar adlı şəxsin fermasında qardaşı İbrahimlə birlikdə mal heyvan saxlayır. xx.xx.2023cü il tarixdə axşam vaxtı saat 22:00 radələrində işlədiyi fermada spirtli içki qəbul etdikdən sonra oğurluq etmək qərarına gəlmişdir. Kəndin içərisində onların evindən təxminən 200 metr kənarda evləri olan Əli adlı şəxsə məxsus evin həyətinin arxa hissəsindəki hasarı keçərək əvvəlcə evin həyətinə daxil olmuşdur. O əvvəlcə onların toyuq damının taxta qapısını açaraq içəri daxil olub 4 ədəd hind quşunu tutub ayaqlarını bağlamış, sonra 4 ədəd toyuğu tutaraq onların da ayaqlarını bağlayıb, gəldiyi yerdən küçəyə çıxaraq Şabran çayın yanına gəlmişdir. Həmin 4 ədəd hind quşunu və 4 ədəd toyuğu orada gizlətmişdir. Həmin 4 ədəd toyuğu və 4 ədəd hind quşunu oğurlayan zaman evin həyətindəki çardağın altında buğda kisələrinin yığıldığını görmüşdür. Daha sonra yenidən həmin həyətə qayıtmış, bu dəfə çardağın altında olan buğda kisələrini bir -bir olmaqla 3 kisəni çiyninə alaraq toyuqları gizlətdiyi yerə aparıb qoymuş və təxminən 2 saata yaxın orda qalaraq evlərinə getmişdir. Səhər təxminən saat 06:00 radələrində yuxudan qalxaraq toyuqları, hind quşlarını və 3 kisə buğdanı oğurlayaraq gizlətdiyi yerə getmişdir. Təxminən saat 10:00 radələri olardı ki, ora çaydan balıq tutmaq üçün yaşıl rəngli "VAZ 2106" minik markalı avtomobil gəlmişdir. Söhbət əsnasında onlara özünə məxsus toyuq, hind quşları və 3 kisə buğdanın olduğunu, pul lazım olduğundan onları satmaq istədiyini bildirmişdir. Həmin iki nəfər şəxs hind quşlarının, toyuqların və 3 kisə buğdanın satış qiymətini ondan soruşduqda o, onları 200 manat pula satacağını bildirmişdir. Beləliklə 3 kisə buğdanı, 4 toyuğu və 4 hind quşunu həmin şəxslərə 200 manata satmışdır. Bundan sonra o, yaşadığı evə yollanmış və evə daxil olduqdan sonra polis əməkdaşlarının onun yaşadığı evə gəldiklərini görüb tez evdən qaçmışdır. Həmin 200 manat pulu isə yaşadığı kəndin içərisində çıxdıqdan sonra siqaret alaraq, telefonuna jeton vuraraq və "TikTok" sosial şəbəkəsində qızlara hədiyyələr alaraq xərcləmişdir. Törətdiyi əməllərdən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi təsərrüfatla məşğul olur. Yaşadığı Şabran rayonunun Rəhimli kəndində yerləşən evinin həyətindəki tövlədə toyuq-hind quşları saxlayır. Həmin evin çardağının altında isə buğda kisələrini yığmışdır. xx.xx.2023-cü il tarixdə evin həyətindəki buğda kisələrinə və tövləyə baxan zaman 4 ədəd hind quşunun, 4 ədəd toyuğun, çardağın altından isə 3 buğda kisəsinin olmadığını yəni oğurlandığını aşkar etmişdir. O, həmin oğurluq əməlinin dəfələrlə oğurluq etməsinə görə məhkum edilmiş həmkəndlisi Namiq tərəfindən törədildiyindən şübhələnmişdir. Çünki kəndlərində Namiqdən başqa oğurluq edən şəxs yoxdur həm də ki, Namiq təxminən bir neçə ay bundan əvvəl yenə ona məxsus buğda kisəsini oğurlamış və o, bununla bağlı Şabran Rayon Polis Şöbəsinə müraciət etməmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" xidmətin zəng mərkəzinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Hazırda ona dəymiş ziya ödədilməmişdir. Xahiş edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə edilmə cəzası təyin edilsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur və onunla birlikdə yaşayır. Yaşadıqları evin həyətyanı sahəsi hasar ilə dörd bir tərəfdən əhatəyə alınmışdır. Həmin həyətyanı sahədə toyuq-cücə saxlamaq məqsədilə taxta materialdan hin tikmişlər. Toyuq hinindən başqa həyətdə buğda kisələrini yığmaq üçün çardaq da tikmişlər. xx.xx.2023-cü il tarixdə səhər saat 08:00 radələrində o, toyuqlar olan tərəfə keçib toyuqları buraxarkən 4 ədəd hind quşunun, bir neçə toyuğun hində olmadığını görmüşdür. Oğlu Əliyə buğda kisələrinin və toyuqların əksik olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" xidmətin zəng mərkəzinə baş varmiş hadisə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzindən daxil olmuş ********* nömrəli məlumatda göstərilmişdir ki, Şabran rayonunun Rəhimli kənd sakini Zərərçəkmiş şəxs 070 *** ** ** nömrəli telefonla zəng edərək 10 kisə buğda və 14 ədəd ev quşunun oğurlanması barədə məlumat vermişdir (cinayət işinin 4-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanlandığı ərizəsində xx.xx.2023-cü il tarixə keçən gecə dəflərlə oğurluq etmiş Namiq adlı şəxsin yaşadığı evdən 4 ədəd hind quşu, 2-3 kisə buğda və təxminən 7- 8 ədəd toyuğu oğurlaması nəticəsində ona 280 manat məbləğində maddi ziyan dəydiyini bildirmiş və Namiq barəsində tədbir görülməsini xahiş etmişdir (cinayət işinin 5-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Şabran rayonunun Rəhimli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin qarşısında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində Zərərçəkmiş şəxs bacısı üçün alınmış evin Zərərçəkmiş şəxs evi ilə üzbəüz keçənin digər tərəfində yerləşdiyi, həmin evin həyətyanı sahəsində çardağın altında buğda kisələrinin yığıldığı, buğda kisələrinin üzərinə çəkilmiş sellofan açılmış vəziyyətdə olduğu, Zərərçəkmiş şəxs deməsinə görə oradan 3 ədəd buğda kisəsinin oğurlandığı, buğda ilə yaxın məsafədə yerləşən toyuq damına baxılarkən hər-hansı bir sındırma və dağıntı izləri müəyyən edilməsə də, yenə də Zərərçəkmiş şəxs deməsinə görə oradan 4 ədəd hind quşu və 8 ədəd toyuğun oğurladığı və həmin oğurluq əməlinin Zərərçəkmiş şəxs deməsinə görə qonşuluqda yaşayan Namiq tərəfindən törədildiyi müəyyən edilmişdir (cinayət işinin 9-cu vərəqəsi). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində çardağın altında buğda kisələri yığılmışdır və həmin evin bağ sahəsində quşların saxlanılması üçün nəzərdə tutulmuş hin mövcuddur (cinayət işinin 10-11-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 4 ədəd hind quşu, 4 ədəd toyuq və 3 ədəd buğda kisəsini oğurlayaraq 200 manata satdığı aşkar edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 57 saylı məktubuna əsasən 4 ədəd hind quşu, 4 ədəd toyuq və 3 ədəd buğda kisəsinin ümumi qiymətinin 245 manat olduğu müəyyən edildiyindən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin əlamətləri olması səbəbi ilə onun barəsində cinayət işi başlanmalı və istintaqın davam etdirilməsi üçün Şabran Rayon polis şöbəsinin İstintaq Bölməsinə verilməlidir (cinayət işinin 35-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin 38-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.2002-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2, 70, 177.2.3 və 185.2.2ci maddələri ilə 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1, 70, 71.5 və 177.2.3-cü maddələri ilə 02 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021cü il tarixdə cəza müddəti başa çatmış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.2 və 185.1-ci maddələri ilə 400 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir, Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5, 85.2 və 177.2.3-cü maddələri ilə 500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü müstəqil icra edilməklə), Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 500 manat məbləğində cərimə cəzası 160 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir və xx.xx.2021-ci il tarixdə cəza müddətini başa vurmuşdur və Şabran Rayon Polis Şöbəsində onun barəsində xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi vardır (cinayət işinin 63-64-cü vərəqələri). - Şabran Rayon Polis Şöbəsinin xx.xx.2024-cü, 3-13207/2-7702/2024 nömrəli məktubundan görünür ki, Şabran Rayon Polis X3 icraatında olan ********* nömrəli cinayət işinin istintaqı Şabran Rayon Polis X3 sabiq baş müstəntiqi X9 tərəfindən iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar xx.xx.2019-cu il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədə göstərilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/10148 nömrəli rəyindən görünür ki, hər birinin çəkisi 3 kiloqram olmaqla 4 baş hind quşunun hər birinin 50 manat qiyməti olmaqla ümumilikdə 200 manat, hər birinin çəkisi 1 kiloqram olmaqla 4 baş toyuğun hər birinin qiyməti 15 manat olmaqla ümumilikdə 60 manat, hər bir kisənin çəkisi 60 kiloqram olmaqla 3 kisə buğdanın hər birinin qiyməli 24 manat olmaqla ümumilikdə 72 manat təşkil edir və göstərilən malların 2023-cü ilin noyabr ayına orta bazar qiyməti 332,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cinayət işinin 65-67-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cinayət işinin 76-cı vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin 79-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin 85-86-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində "başqa yerə gətməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu, Rəhimli kəndi ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlib oradan 4 ədəd hind quşu, 04 ədəd toyuq və 3 kisə buğdanı oğurladığı yerləri əyani olaraq təqdim etmişdir (cinayət işinin 113-114cüvərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu, Rəhimli kəndi ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdən 4 ədəd hind quşu, 04 ədəd toyuq və 3 kisə buğdanı oğurladığı yerləri əyani olaraq təqdim etmişdir (cinayət işinin 115-117-ci vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Rəhimli kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-101 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şabran rayonunun Rəhimli kəndində yaşayan Təqsirləndirilən şəxs anası X4 və atası X1 ibarət ailə tərkibi vardır (cinayət işinin 118-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Rəhimli kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Şabran rayonunun Rəhimli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur (cinayət işinin 119-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin 120-127-ci vərəqləri). Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ilə aralarında barışığın əldə edilməməsini, Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində ona dəymiş maddi ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək Təqsirləndirilən şəxs azadlıdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.3-cü maddəsinə əsasən eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-cu maddəsinin “Qeyd” – inin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Bu cinayət əməli də mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasının talama cinayətləri növünə aid edilmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, 1 nömrəli Qərarının: 1-ci bəndinə əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahidin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında 02 (iki) növ cəza, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə dən halları, törətdiyi əməlin xarakterini və onun hazırki vaxtadək zərər çəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməməsini, əvvəllər davamlı olaraq mülkiyyət əleyhinə cinayətlər törətməsini nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş alternativ cəzanın ona təyin edilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, əvvəllər dəfələrlə mülkiyyət əleyhinə olan cinayətlər törətməsinə görə məhkum edilmiş təqsirləndirilən şəxsin üzərində hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmasa da, o, hələ də islah olunmamış və yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Bu səbəbdən də məhkəmə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş alternativ cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinin onun islah olunaraq bir daha analoji cinayət əməli törətməməsi məqsədinə catılmasını təmin etməyəcəyi nəticəsinə gəlir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla onun islah olunmasına, cəzanın məqsədinə nail olmaq olar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə etməmək haqqında iltizam" növündə qətimkan tədbiri "həbs" növündə qətimkan tədbiri ilə əvəz edilməlidir, hazırki hökm qanuni qüvvəsini alanadək onun barəsində seçiləcək "həbs" növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır, o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir, onun cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə məsrəfi olan 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə etməmək haqqında iltizam" növündə qətimkan tədbiri "həbs" növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-28/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-28/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver