Məhkəmə qərarları › İş №1(031)-29/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-29/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-29/2022 08.06.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1991-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-də kran maşinist köməkçisi vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq Şabran şəhəri, A.İldırım küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid-19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 13 fevral 2022-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşayış yerində müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə 11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmsının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, Qanunun sözügedən tələblərini pozaraq 16 fevral 2022-ci il tarixdə saat 11:30 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşayış yerini özbaşına tərk edərək Şabran şəhəri, H.Əliyev prospektinə çıxmış, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Şabran şəhəri, A.İldırım küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Ailəlidir və 3 azyaşlı övladı var. Təxminən 10 ilə yaxındır ki, "xxxx" QSC-də kran maşinist köməkçisi vəzifəsində çalışır. İş yeri Biləcəri qəsəbəsindədir. xx.xx.2021-ci il tarixdə səhər saatlarından sağlamlıq baxımından özünü pis hiss etiyinə görə Səhiyyə Nazirliyinin “103” qaynar xəttinə müraciət edərək məlumat vermiş, bundan təxminən 30 dəqiqə sonra Şabran RMX-dan həkimlər gələrək ondan analiz götürmüşlər. Təxminən 1-2 gün sonra isə onunla əlaqə saxlayaraq “Covid-19” virusuna yoluxması barədə məlumat verilmiş, həmçinin 1 həftə ərzində evi tərk etməməli olması, əks halda cinayət məsuliyyəti daşıyacağı ilə bağlı xəbərdar edilmişdir. Bundan əlavə koronavirus xəstələri üçün qanunla müəyyən edilmiş dərman paketi də ona verilmişdir. 16 fevral 2022-ci il tarixdə səhər saatlarında evdə olan zaman həm ürəyi darıxdığına, həm də siqareti qurtardığına görə mağazaya gedib siqaret almaq fikrinə düşdüyündən həmin gün saat 11 radələrində evdən çıxaraq Şabran şəhəri, H.Əliyev prospektinə gəlmiş, H.Əliyev prospekti ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq “Covid-19” virusuna yoluxduğu halda nə üçün yaşayış yerini tərk etdiyini soruşmuşlar, o, isə polis əməkdaşlarına cavabında özünü yaxşı hiss etdiyinə görə çölə çıxdığını söyləmişdir. Bundan sonra isə RPŞ-dən əməkdaşları həmin əraziyə gəlib etdiyi cinayət əməlini ona izah edərək müvafiq sənədləşmə işləri aparmışlar. Etdiyi əməldən peşmandır. İş şəraiti, ailə vəziyyəti nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXB-nin manqa komandiri vəzifəsində işləyən, polis baş serjantı Şahid3 göstərdi ki, 16 fevral 2022ci il tarixdə saat 11 radələrində Şabran RPŞ-nin PPXB-nün polis nəfərləri – polis baş serjantları – Şahid2 Şahid1la birlikdə 1 saylı marşrutda xidmətdə olduqları vaxt evdə müalicə alan aktiv koronavirus xəstələrinin xüsusi karantin rejim qaydalarına riayət edibetməmələrini yoxlamasını həyata keçirmişlər. Bu zaman saat 11:30 radələrində aktiv koronavirus xəstəsi olan Şabran şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yerini özbaşına tərk edərək Şabran şəhəri, H.Əliyev prospektində sərbəst şəkildə hərəkət etdiyini aşkar edərək dərhal sonuncunu saxlamışlar. Ardınca şöbədən əməliyyat-istintaq qrupu çağırılaraq qanunvericiliklə müəyyən olunmuş qaydada çəkiliş aparılmış və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xüsusi karantin rejim qaydalarını kobud surətdə pozması faktı rəsmi olaraq sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşı Şahid1 iş üzrə Şahid3 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi Ərazi Bölmələrini X4 rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya alınmış 10 mart 2022-ci il tarixli 143 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” infeksiyası ilə əlaqəli 11 fevral 2022-ci il tarixdə verdiyi analizin cavabı 13 fevral 2022-ci il tarixdə “pozitiv” olmuş və o, 19 fevral 2022-ci il tarixə kimi 07 gün ev nəzarətinə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli 1211 saylı məktubdan görünür ki, Ağayev X6 şəhəri, A.Tacıyev küçəsi ev 10 ünvanda ailə üzvləri – atası X7, anası X1, arvadı X5 və uşaqları – X2, X8 və X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli 1212 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış, sakinlərə qarşı hörmətsizliklər etməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iş şəraitini, şəxsiyyətini, barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şabran rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar