Məhkəmə qərarları › İş №1(031)-29/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-29/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-29/2023 20.07.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1968-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, “Aktual” ictimai-siyasi jurnalının baş redaktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ona görə məhkəməyə verilmişdir ki, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayında pensiya təyin edilməsində köməklik göstərilməsi ilə bağlı cinayətdən xəbərsiz qardaşı Şahid2 Mahmudoviç vasitəsilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək özü barədə geniş əlaqələrindən istifadə edərək müxtəlif dövlət orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni sonuncuya pensiya təyin edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında cinayətdən xəbərsiz qardaşı Şahid2 Şabran rayonu, Rəhimli kəndində yaşadığı evdə Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin mart ayında Şabran rayonu, Rəhimli kəndində Şahid2 yaşadığı evdə Zərərçəkmiş şəxs 2.000 (iki min) manat məbləğində pul vəsaitini şəxsən alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Şabran rayonu, Rəhimli kənd sakini Şahid2 Mahmudoviçi 2021-ci ildə tanışı Şahid1 vasitəsilə tanımışdır. Şahid1 təxminən 2-3 il əvvəl Qeyri-hökümət təşkilatlarının yığıncağında görüb tanımış və münasibəti yaranmışdır. Sonuncu hazırda hansısa işlə məşğul olmur. Şahid1 Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Sonuncu ilə onun münasibətləri yarandıqdan sonra bir dəfə, 2021-ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə Şahid1 ondan xahiş edib Şabran rayonu, Rəhimli kəndində ailəvi gediş-gəlişinin olduğu yaxınlarını Bakı şəhərində həkimə gətirmək lazım olduğunu demişdir. O, Şahid1 xahişini qəbul edib öz avtomobili ilə Şahid1 götürüb Şabran rayonu, Rəhimli kəndinə aparmışdır. Şahid1 özü Şahid2gilin evini göstərmiş, o, birbaşa Şahid2 evinə avtomobilini sürmüşdür. O, orada Şahid2la tanış olmuş və sonuncunun özünü, adını bilmədiyi anasını və digər başqa qohumunu götürüb Bakı şəhərinə gətirmişdir. Bakı şəhərində müayinə olunduqdan sonra o, yenidən elə həmin gün onları öz avtomobili ilə geri qaytarmışdır. Daha sonra elə həmin həftə ərzində yenidən Şahid1 xahişi ilə o, sonuncunun özü ilə birlikdə yenidən Şahid2gilə gedib onun anasını gözündən cərrahiyə əməliyyatı olunması üçün Bakı şəhərinə gətirmiş və həmin gün yenə də onları geri, yəni Şabran rayonu, Rəhimli kəndinə qaytarmışdır. Şahid2la onun münasibəti buna görə, yəni anasına etdiyi yaxşılığa görə daha da yaxşılaşmışdır. O, sonradan Şahid2 onun barəsində şikayət etdiyini bilmişdir. Belə ki, guya o, Şahid2 qardaşı Zərərçəkmiş şəxs pensiya düzəltmək məqsədilə 2.000 (iki min) manat pul almışdır. Lakin o, Şahid2 pul vəsaiti almamışdır. Şahid2 ifadəsində yalan demiş, ondan heç vaxt pensiya düzəltmək və ya başqa hər hansı məqsədlə pul və ya sair nemət almamış, özünü nə Şahid2, nə Zərərçəkmiş şəxs, nə də başqa kiməsə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. O, Şahid2 özünün “Aktual” ictimai-siyasi jurnalının baş redaktoru olduğunu demiş, buna dair onda olan qırmızı üzlüklü açılıb-bağlanan vəsiqəni göstərmişdir. Ola bilsin ki, onlar bunu səhv anlamışdırlar. O, Şabran rayonu, Rəhimli kəndinə cəmi 4 dəfə getmişdir. Onun həmin kəndə getmə tarixləri 2021-ci ilin dekabr ayına təsadüf etmişdir. Başqa vaxt, yəni başqa tarixlərdə həmin kəndə getməmişdir. Onun həmin kəndə getməyində məqsədi Şahid2 yaşlı anasını Şahid1 xahişi ilə Bakı şəhərinə müayinə və cərrahi əməliyyata gətirmək olmuşdur. O, Şahid2 ancaq yuxarıda qeyd etdiyi məqsədlə onun yaşadığı evə getməyi zamanı görmüşdür. Başqa vaxt Şahid2 görməmiş və onun yaşadığı Şabran rayonu, Rəhimli kəndində olmamışdır. 16 dekabr 2021-ci il tarixdə o, yəqin edir ki, Şahid1 ilə birlikdə Şahid2 anasını Bakı şəhərində gətirmək məqsədilə Şabran rayonu, Rəhimli kəndinə getmişdir. 24 fevral 2022-ci il və 08 mart 2022-ci il tarixlərində Şabran rayonu, Rəhimli kəndinə getməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında, habelə ibtidai istintaq dövründə verdiyi ifadələrində törətdiyi cinayət əməllərini etiraf etməsə də, məhkəmə istintaqından sonra söylədiyi sön sözündə əvvəlki ifadələrində göstərdiklərinin əksi olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ona pensiya düzəltmək üçün 2000 manat almışdır. Lakin, onun işini düzəldə bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Törətdiyi əməldən peşmandır. Xahiş edir, ona himayəsində olan uşaqları nəzərə alınmaqla, yüngül cəza verilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2022-ci ilin yanvar ayından Təqsirləndirilən şəxs tanımışdır. Sonuncunu əvvəllər tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs onun qardaşı Şahid2 yaşadığı evə arabir gedib-gəlmişdir. O, sonuncunu elə qardaşıgildə görüb tanımışdır. Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizliyi Xidmətinin nüfuzlu əməkdaşı kimi təqdim edib, geniş əlaqələrinin olduğunu, istənilən işi həll edə biləcəyini demişdir. Qardaşı Şahid2 ona inanmış, onu həqiqətən geniş əlaqələri olan, hörmətli bir adam kimi bilmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında qardaşı Şahid2 yaşadığı Şabran rayonu, Rəhimli kəndindəki evində qonaq kimi olarkən o, da onlarda olmuşdur. Təqsirləndirilən şəxs onun işsiz olmasına görə ona pensiya düzəldə biləcəyini bildirmişdir. Hətta sonuncu onun hərbi biletinə də baxmaq istədiyini bildirdiyindən o, hərbi biletinə baxması üçün gətirib ona vermiş və sonuncu ona baxıb bunun mümkün olduğunu demişdir. Lakin Təqsirləndirilən şəxs bunun müqabilində bu işi düzəldəcək müvafiq vəzifəli şəxslərə çatdırması üçün 2.000 (iki min) manat pul istəmişdir. Əks halda bunun mümkün olmayacağını demişdir. O, ailəsinin maddi imkansızlığına görə həmin pulu tapıb verəcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Onun həmin vaxt Təqsirləndirilən şəxs istədiyi qədər pul vəsaiti olmadığından 2022-ci ilin fevral ayının 15-i Şabran rayonunda olan “Finca” Bank olmayan kredit təşkilatından 2.000 (iki min) manat kredit pul vəsaiti götürmüşdür. Ona zaminsiz kredit verilmədiyi üçün qardaşı Şahid2 ona zamin dayanmışdır. Səhv etmirsə 2022-ci ilin mart ayının əvvəli qardaşı Şahid2 ona zəng edib Təqsirləndirilən şəxs onlara gəldiyini demişdir. O, 2.000 (iki min) manat pulu götürüb qardaşıgilə getmiş və həmin vaxt qardaşıgildə olan Təqsirləndirilən şəxsla görüşüb pulu elə Şahid2 yanında ona təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt tək gəlmişdir. Sonuncu pulu götürdükdən sonra yenə onu yəqin etmişdir ki, ona xəstəliyə görə pensiya düzələcək və plastik kart verilərək hər ay pensiya alacaqdır. Təqsirləndirilən şəxs bir müddət qardaşı Şahid2la əlaqə saxlamış, işlərin qaydasında, yəni onların istədiyi kimi olduğunu, gözləmələrini bildirmiş, sonradan Təqsirləndirilən şəxs telefonlara cavab verməmiş, onunla əlaqə saxlaya bilməyib, sonuncunu tapa bilməmişlər. Daha sonra onlar Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etdiyini yəqin edib şikayət etmişlər. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs konkret olaraq hansı vəzifəli şəxsə pul çatdıracağı barədə ad çəkməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Mahmudoviç göstərdi ki, 2021-ci ilin oktyabr-noyabr ayında o, Abşeron rayon sakini Təqsirləndirilən şəxs tanımışdır. Onları təsadüfən tanıdığı Şahid1 tanış etmişdir. Şahid1 yaşlı qadındır və bildiyinə görə əslən Tərtər rayonundan olsa da, Bakı şəhərində yaşayır. O, Şahid1 Şabran-Xaçmaz yolunun kənarında meyvə-tərəvəz satan zaman ondan alver etməsi zamanı tanımış və onunla münasibəti yaranmış, dəfələrlə sonuncu onun evinə gedib – gəlmişdir. Şahid1 Təqsirləndirilən şəxs onun yaşadığı Şabran rayonu, Rəhimli kəndindəki evinə öz tanışı kimi gətirmiş və onunla tanış olmuşdur. Daha sonra isə onun həmin şəxslə əlaqələri genişlənmiş, sonradan Şahid1 olmadan Qabil onun evinə gedib – gəlmişdir. Şahid1 vasitəsilə Qabili tanıdıqdan sonra sonuncu özü tək dəfələrlə onun evində olmuş, onun etibarını qazanmışdır. Onun xəstə anasının gözünün əməliyyat olunması zamanı da o, Şahid1 ilə birlikdə onları Bakı şəhərində aparıb gətirmiş, bundan sonra o, sonuncuya daha da güvənmişdir. Bundan sonra onların bir-biri ilə münasibətləri daha yaxınlaşmışdır. Təqsirləndirilən şəxs sonradan ona özünün Dövlət Tühlükəsizliyi Xidmətində işləməsini, lakin bunu çalışdığı qədər məxfi saxladığını, onun da bunu heç kəsə bildirməməyini demişdir. Hətta ona açılıb – bağlanan qırmızı üzlüklü vəsiqəni də həmin orqan tərəfindən verilmiş vəsiqə kimi göstərmişdir. Lakin vəsiqənin içində nə yazıldığını görməmişdir. Təqsirləndirilən şəxs səliqəli geyimi, yaşına görə xarici görünüşü, səlis danışığı və göstərdiyi qırmızı rəngli, hüquq-mühafizə orqanlarına verilən vəsiqəyə tam oxşayan vəsiqəsi onu sonuncunun Dövlət Tühlükəsizliyi Xidmətinin əməkdaşı olmasına inandırmışdır. Dəqiq yadındadır ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr və dekabr aylarında onun Şabran rayonu, Rəhimli kəndindəki evində olmuşdur. Onun evində Təqsirləndirilən şəxs süfrə açılmış, qonaq kimi hörmətlə qarşılanıb yola salınmışdır. O, həmişə Təqsirləndirilən şəxsla ona vermiş olduğu ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxsla olan danışıqların birində sonuncu onun qardaşı Zərərçəkmiş şəxs işsiz olduğunu, ona pensiya düzəldə bilib-bilməyəcəyini soruşduqda Təqsirləndirilən şəxs hər yerdə tanışlarının olduğunu bildirib həll edə biləcəyini ona demişdir. Həmçinin 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs onun evində olan zaman da qardaşı Zərərçəkmiş şəxs yanında bu söhbət açılmış, Təqsirləndirilən şəxs yenə də bunu həll edə biləcəyini, lakin xərclərinin çıxacağını onlara bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs bunun həlli üçün aidiyyəti vəzifəli şəxslərin pulunun çatmalı olmasını demişdir. Onlar nə qədər pul verilməli olduğunu soruşduqda sonuncu 2.000 (iki min) manat pul verilməli olduğunu demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2.000 (iki min) manat pulu düzəldə biləcəyini deyib, 2022-ci ilin fevral ayında Şabran rayonu, Rəhimli kəndində olan “Finca” bank olmayan kredit təşkilatından 2.000 (iki min) manat kredit götürmüş, hətta o, həmin kredit müqaviləsində zamin olmuşdur. Həmin pulu götürdükdən sonra o, Təqsirləndirilən şəxs pulun hazır olduğunu telefonla zəng edib demiş və sonuncu özünün gəlib pulu götürəcəyini demişdir. 2022-ci ilin mart ayının dəqiq xatırlamadığı tarixində Təqsirləndirilən şəxs bir neçə gün qabaqcadan ona zəng edib onlara gələcəyini demiş və sonra birbaşa onun yaşadığı evə gəlmişdir. Həmin gün qardaşı Zərərçəkmiş şəxs da onlarda olmuşdur. Qardaşı Zərərçəkmiş şəxs həmin pulu, yəni onun tərəfindən kredit olaraq götürülmüş ona məxsus olan 2.000 (iki min) manat pulu həmin evdə Təqsirləndirilən şəxs şəxsən vermişdir. Daha sonra onlar evdə yemək yemiş və Təqsirləndirilən şəxs çıxıb getmişdir. O, Təqsirləndirilən şəxsla buna görə bir neçə ay əlaqə saxlayıb hansısa bir xəbər olub-olmadığını maraqlanmışdır. Təqsirləndirilən şəxs pulun aidiyyəti vəzifəli şəxslərə çatdırıldığını, səbrlə gözləmələrini bildirmişdir. Daha sonrakı zənglərində isə həmişə bəhanələrlə onu yola vermiş, sonra isə heç zənglərinə də cavab verməmişdir. Bundan sonra onlar sonuncunun onlara qarşı dələduzluq etdiyini yəqin edib şikayət etmişlər. Məhkəmə iclasında şahid qisminqdə dindirilən Şahid1 göstərdi ki, Şabran rayonu, Rəhimli kənd sakini Şahid2 Mahmudoviçi tanıyır. Təxminən üç ildir ki, tanımışdır. Onların tanışlığı təsadüfən yaranmışdır. Belə ki, o, təxminən 2021-ci ilin yay aylarında Qusar rayonundan Lida adlı tanışı ilə gələn zaman Şabran rayonunun magistral yol kənarından keçən hissəsində meyvə-tərəvəz almaq üçün dayanan vaxt satıcı Şahid2 və adını xatırlamadığı arvadını tanımışdır. Həmin vaxt onlara çay içmək təklif edildiyindən oturub onlarla çay da içmişlər və münasibətləri yaranmışdır. O, həmin zamanlar Abşeron rayonunun Xırdalan şəhərində yaşamışdır. Buna görə də Şahid2 ona anasının gözündə xəstəlik olduğundan Bakı şəhərində onu əməliyyat etdirmək fikrinin olduğunu, tanış həkim vardırsa köməklik göstərməyini ondan xahiş emişdir. O, Şahid2 bu barədə maraqlanacağını demiş və bir-birinin telefon nömrələrini götürmüşlər. Onların tanışlığı məhz bu cür yaranmışdır. O, Şahid2 sadə, kasıb bir kəndli ailəsi kimi tanımışdır. Daha sonra o, tanış həkim tapıb Şahid2 bunu bildirmişdir. Sonra sonuncu ondan xahiş edib Bakı şəhərini tanımadığını, anasının səhhətinin yaxşı olmadığını bildirdiyindən o, tanışı Təqsirləndirilən şəxs xahiş edib sonuncun avtomobili ilə Şahid2 anasını Bakı şəhərinə gətirmək üçün Şabran rayonu, Rəhimli kəndinə getmişlər. Bu səhv etmirsə 2021-ci ilin qış aylarına təsadüf etmişdir. O, Təqsirləndirilən şəxs Qeyri-Hökümət təşkilatlarının tədbirində iştirak edən zaman tanımış, Milli Qadın Komitəsinin üzvü olduğundan bu kimi tədbirlərdə dəfələrlə iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin vaxtlar ona hansısa jurnalda işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxsla Şahid2 anasını Bakı şəhərinə gətirib onu əvvəlcə müayinə, daha sonra əməliyyat etdirib sonra geri qaytarmışlar. O, bunu Şahid2 xahişi əsasında etmişdir. Bunun müqabilində ondan heç nə istəməmiş və almamışdır. Daha sonra o, Şahid2la ancaq telefon əlaqəsi saxlayıb hal-əhval tutmuşdur. Onunla Şahid2 arasında hansısa ədavət və ya düşmənçilik olmamışdır. Onun Şahid2gilin yaşadığı evdə olma səbəbi yalnız onun yaşlı anasının səhhəti ilə əlaqədar olmuşdur. Sonradan Təqsirləndirilən şəxs eşitmişdir ki, Şahid2 onun barəsində şikayət etmişdir. Belə ki, Şahid2 Təqsirləndirilən şəxs onun qohumuna pensiya düzəltmək üçün 2.000 (iki min) manat pulunu aldığını bildirmişdir. Təqsirləndirilən şəxs bunu ona etiraf etməsə də, o, Şahid2 zəng edib maraqlandıqda sonuncu Təqsirləndirilən şəxs onun qardaşı Zərərçəkmiş şəxs pensiya düzəltmək adı ilə 2.000 (iki min) manat pulunu aldığını ona bildirmişdir. Həmçinin Şahid2 Təqsirləndirilən şəxs özünün Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi barədə ona yalan məlumat vermiş olduğunu da demişdir. Şahid2 sadə kənd insanı olduğundan ona inanmışdır. Onun bundan məlumatı olmamış, Təqsirləndirilən şəxs onun yanında heç vaxt özünün Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi barədə kiməsə məlumat verməmiş, həmçinin onun yanında Şahid2 pul almamış, bu barədə onun heç bir xəbəri olmamışdır. Lakin Təqsirləndirilən şəxs bunu ona etiraf etməsə də, Şahid2 səmimi insan olmasına əsasən sonuncunun düz danışmasını ehtimal edir. O, Şahid2 və onun ailə üzvləri ilə Təqsirləndirilən şəxs tanış etmiş olsa da, sonuncunun qanunsuz əməllərindən onun məlumatı olmamış, bu barədə Şahid2 da ona vaxtında məlumat verməmişdir. Onun Təqsirləndirilən şəxs Şahid2 harada və hansı tarixdə pul alması barədə məlumatı yoxdur. Cinayət işi materialına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil operatorundan daxil olmuş içərisində müvafiq məlumatların mövcud olduğu “CD” diskə baxış keçirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin disk ağ rəngli zərfin içərisində olmaqla üz qabığı ağ rəngdə olub üzərində əlyazma ilə “879” rəqəmləri həkk edilmişdir. Qeyd olunan diskin kompyuterin disk oxunan hissəsinə daxil edilib diskdəki faylın açılmasını gözlədikdən sonra “X3” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 01 ədəd zip formatında “879xx.xx.2023” adlı qovluq vardır. Həmin qovluğu açdıqda içərisində 20 ədəd faylların olması müşahidə olunur. “**********02.txt” adlı fayla daxil olduqda içərisində Şahid2 Mahmudoviçin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək olan danışıq məlumatların olması müşahidə edilir. Şahid2 Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi aralarında olan danışıqları müəyyən edilmişdir. Telefon danışıqları məlumatlarının təhlilindən göründüyü kimi, Şahid2 Təqsirləndirilən şəxsla ilk danışığı 15 dekabr 2021-ci il tarixdə, son danışığı isə 28 iyul 2022-ci il tarixlərində olmuşdur. Həmçinin telefon danışıqları məlumatlarından göründüyü kimi onlar arasında müvafiq dövr ərzində mütəmadi danışıqlar həyata keçirilmiş, daha sonra danışıqlar tamamilə kəsilmişdir. “Antenna-2021.xlsx” adlı fayla daxil olduqda içərisində müvafiq danışıqlar üzrə anten əhatə dairəsi məlumatlarının olması müşahidə olunur. Həmin məlumatların içində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin 2021-ci il tarixi üzrə Şahid2 Mahmudoviçin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aralarında olan danışıqlara əsasən Şabran rayonu ərazisinin anten dairəsinin əhatəsinə düşdüyü danışıqları müəyyən edilmişdir. Qeyd olunan anten dairələrinin təhlili nəticəsində 16 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və Şahid2 Mahmudoviçin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinin eyni anten dairəsinin (Shabran r-nu Rehimli kendi) əhatəsinə düşmələri müəyyən edildi. “Antenna-2022.xlsx” adlı fayla daxil olduqda içərisində müvafiq danışıqlar üzrə anten əhatə dairəsi məlumatlarının olması müşahidə olunur. Həmin məlumatların içində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin 2022-ci il tarixi üzrə Şabran rayonu, Rəhimli kəndi ərazisinin anten dairəsinin əhatəsinə düşdüyü danışıqları müəyyən edilmişdir. Qeyd olunan anten dairələrinin təhlili nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi 24 fevral 2022-ci il və 08 mart 2022-ci il tarixlərində “Shabran r-nu, Rehimli kendi” anten dairəsinin əhatəsinə düşmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 15 fevral 2022-ci il tarixli **********0465 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatı və Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs arasında 15 fevral 2022-ci il tarixdə bağlanmış, həmin Təşkilat 18 ay müddətinə 2.000 (iki min) manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti vaxtında kredit verənə geri ödəməyi öz öhdəsinə götürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 15 fevral 2022-ci il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatı və Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olan Şahid2 Mahmudoviç arasında 15 fevral 2022-ci il tarixdə bağlanmış, **********0465 saylı kredit müqaviləsi üzrə kredit alan Zərərçəkmiş şəxs tərəfindən müqavilə öhdəlikləri hər hansı səbəbdən icra edilməkdikdə Şahid2 Mahmudoviç dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 22 fevral 2023cü il tarixli, 3-17-1/2-34820/2023 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd ödənişi təyin edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 30 yanvar 2023cü il tarixli, 1162 nömrəli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji publik hüquqi şəxsindən daxil olmuş 02 fevral 2023-cü il tarixli, xx/xx- 1280 nömrəli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamənin, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(005)-149/2021 saylı hökmünün və Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 1(103)-928/2021 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. 17 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Nərimanov rayon məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü ləğv edilərək sonuncu bəraətverici əsaslar olmadan, AR CM 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayonu İHB-nın Saray qəsəbə İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli 399 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Saray qəsəbəsi S.Vurğun küçəsi 10№-li evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Abşeron rayonu İHB-nın Saray qəsəbə İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli 400 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində istər qəsəbə əhalisi tərəfindən, istərsə də qonşuları tərəfindən heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü İsgəndərli İsgəndər adlı övladı vardır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apelyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarxli qərardadında şərh edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza teyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Təqsirkarın əməlinin dələduzluq ve rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi Cinayət Məcəlləsinin 178 və 32.4, 312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair göstərilməlidir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma ve ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Nəzəriyyədə vədinə əməl etmək niyyəti olmadan səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Hüquq ədəbiyyatında o da qeyd olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin ve 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2022-ci ii 14 iyul tarixli Qərarında göstərilmişdir ki, rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən 2022-ci il 14 iyul tarixli Qərarında ifadə olunmuş bu hüquqi mövqelərindən çıxış edərək, qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul ve sair maddi nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Məhkəmə qeyd olunanları nəzərə alaraq və Təqsirləndirilən şəxs CM-nin 178.1. və 32.4, 312.1–ci maddələri ilə təqsirli bilinməsinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 178.1-ci maddəsi ilə əhatə olunduğundan Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən Cinayət Məcəlləsinin 32.4, 312.1–ci maddəsi ona elan edilmiş ittihamdan xaric edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs əvvəllər də CM-nin 73-1.1-ci maddəsinə əsasən artıq, əvvələr bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən, hazırki iş üzrə o, cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1. və 310-cu maddələri ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 178.1. və 310-cu maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının əks olunduğu 01 ədəd “CD” disk, “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatı və Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs arasında bağlanılmış 15 fevral 2022-ci il tarixli **********0465 saylı kredit müqaviləsinin, “FİNCA Azerbaijan” X1- Bank Kredit Təşkilatı və Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olan Şahid2 Mahmudoviç arasında bağlanılmış 15 fevral 2022-ci il tarixli **********0***-******* saylı zaminlik müqaviləsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 22 fevral 2023-cü il tarixli, 3-17- 1/2-34820/2023 saylı məktubunun cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2. və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yerində çəksin və cəzanın əvvəli onun işlədiyi və qazancından tutmaların aparıldığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin İş üzrə maddi sübut kimi tanınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının əks olunduğu 01 ədəd “CD” disk, “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatı və Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs arasında bağlanılmış 15 fevral 2022-ci il tarixli **********0465 saylı kredit müqaviləsinin, “FİNCA Azerbaijan” X1- Bank Kredit Təşkilatı və Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olan Şahid2 Mahmudoviç arasında bağlanılmış 15 fevral 2022-ci il tarixli **********0***-******* saylı zaminlik müqaviləsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 22 fevral 2023-cü il tarixli, 3-17- 1/2-34820/2023 saylı məktubunun cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar