Məhkəmə qərarları › İş №1(031)-30/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-30/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-30/2021 29.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlər ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində Şabran rayon məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq bir bükümdə təmiz çəkisi 0,244 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib gəzdirməklə əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxlamış, 28 yanvar 2021-ci il tarixdə saat 05 radələrində Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran şəhəri H.Əliyev prospektində yerləşən Azərbaycan Beynəlxalq Bankının Şabran filialının yaxınlığında saxlanılaraq Şabran rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman kağız kəsiyinə bükülmüş bir bükümdə həmin narkotik vasitə olan heroin müvafiq qaydada ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, təxminən iki ildir ki, narkotik vasitə olan heroin istifadə edir. 27 yanvar 2021-ci il tarixdə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhər avtovağzalının yaxınlığındakı körpünün üzərində gəzişərkən bir ədəd kağız bükümü tapıb açdıqda, içindəki kütlənin narkotik vasitəyə bənzər heroin olduğunu görüb, həmin narkotik vasitəni istifadə etmək məqsədilə əynindəki cins şalvarının sağ yan cibinə yerləşdirib və üzərində saxlamışdır. Həmin gün istifadə edə bilmədiyindən bir gün sonra istifadə etmək qərarına gəlmişdir. 28 yanvar 2021-ci il tarixdə yuxusu gəlmədiyi üçün siqaret almaq məqsədilə saat 05 radələrində küçəyə çıxmış və Şabran şəhəri H.Əliyev prospekti ilə Şabran şəhər dəmiryol vağzalına yaxın olan marketə piyada getmişdir. O, həmin küçədə yerləşən Azərbaycan Beynəlxalq Bankının Şabran filialının yaxınlığından keçərkən mülki geyimli 2-3 nəfər şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək şübhəli olduğunu bildirib üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt üzərində narkotik olduğunu bildirib və polis əməkdaşları ilə birlikdə üzərinə şəxsi axtarış keçirilməsi üçün Şabran rayon PŞ-nə gəlmişdir. Şabran RPŞ-nin xidməti iş otaqlarının birində hüquq və vəzifələri ona izah edildikdən sonra şəxsi vəkili olmadığı üçün və imkanı zəif olduğundan dövlət hesabına müdafiəçi ilə təmin olunmaq üçün ona siyahı təqdim edilmişdir. Siyahıda adı göstərilən müdafiəçi X11 hüquqlarının müdafiə olunması üçün dəvət edilməsini istəmiş, 10-15 dəqiqə vaxtdan sonra vəkil Əfqan Orucov gəlmiş və bundan sonra onun üzərində videoçəklişlə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı onun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız kəsiyinə bükülmüş narkotik vasitə olan heroin aşkar olunmuş və elektron tərəzidə çəkilmişdir. Bundan başqa onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq bir ədəd zərfə qoyulmuş və bu barədə protokol tərtib olunmuşdur. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin ƏRQ-nın inspektoru X8 göstərdi ki, 28 yanvar 2021-ci il tarixdə ünvan 3 ünvanda yaşamaqla qeydiyyatda olan xx xxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitələri əldə etməsi, istifadə etməsi və saxlaması barədə RPŞ-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında RPŞ-də əməliyyat qrupu yaradılmış və Şabran rayon polis şöbəsinin Cinayət-axtarış bölməsində baş əməliyyat müvəkkili Şahid1, RPŞnin PPXT-nın polis nəfərləri – polis serjantı Şahid3, Şahid5 və Şahid4 iştirakları ilə 28 yanvar 2021-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi Şabran şəhər H.Əliyev prospektində yerləşən Azərbaycan Beynəlxalq Bankının Şabran filialının ətrafı müşahidəyə götürülmüşdür. Təxminən bir necə dəqiqədən sonra Təqsirləndirilən şəxs Şabran şəhər H.Əliyev prospektilə yolun kənarında olan piyadalar üçün nəzərdə tutulmuş səki ilə piyada hərəkət edərkən, ona yaxınlaşıb özlərini təqdim edib və üzərində qanunla qadağan olunmuş narkotik vasitə gəzdirməsində şübhəli olmasını izah edərək RPŞ-nə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında olan iş otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq şəxsi vəkili olmadığından Şabran rayon ərazisində fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan Vəkillər Kollegiyasının üzvü X14 dövlət hesabına və Təqsirləndirilən şəxs istəyi ilə iş üzrə müdafiəçi qismində dəvət olunmuşdur. Vəkil Əfqan Orucov təxminən 10-15 dəqiqəyə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını və istifadə etmək üçün üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana da baxış keçirilmiş və baxış zamanı yaşadığı evdən qanunla qadağan edilmiş narkotik vasitə və ya hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis nəfərləri – Şahid3 və Şahid5 şahid Əmiralı Rzayevin ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2021-ci il tarixli 6/389 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,244 qram (tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,194 qram) olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2021-ci il tarixli 935 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, o, 28 yanvar 2021-ci il tarixdən Şabran rayon mərkəzi xəstəxanasın X16 Narkoloji kabinetində “Narkomaniya” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli 1758 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda ailə üzvləri – anası X6, qardaşları – X4, X3 və X5 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli 1768 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 4(031)-6/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərində cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan təqsirləndirilən şəxs X1 aşkar olunmuş təmiz qalıq çəkisi 0,194 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş təmiz qalıq çəkisi 0,194 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar