Məhkəmə qərarları › İş №1(031)-30/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-30/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-30/2022 01.06.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1955-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, təqaüdçü, məhkumluğu olmayan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə saat 10 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Şabran dəmir yolu stansiyası ərazisində 2536-cı km 7-ci piketindən 01 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinə məxsus 44 metr uzunluğunda “SPBU” markalı “19x1” tipli 343 manat 20 qəpik dəyərində olan rabitə kabelini oğurlamış, bununla da o, dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmir, təqaüdçüdür. Metal qəbulu məntəqəsinə sataraq pul əldə etmək məqsədi ilə 12 avqust 2021-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanda yaşadığı evin qarşısından keçən dəmir yolu xətlərində təmir-tikinti işləri aparılması iə əlaqədar yerin üstünə çıxan mis kabellərdən sökmək qərarına gəlmiş, buna görə də həmin kabellərdən sökməyə başlamış, sökdükcə kabelləri 10 metr məsafədə olan yerə yığmışdır. Bundan bir qədər sonra o, gizli yığdığı kabelləri aparıb 40-50 metr məsafədə olan kol-kosluq yerdə sonradan gəlib aparması üçün gizlətmiş və evinə getmişdir. Təxminən 2 saat sonra onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, telefona cavab verdikdə özünü polis əməkdaşı kimi təqdim edən şəxs onu Şabran st. XPM-nə dəvət etmiş, o da Şabran dəmir yolu stansiyasına yerləşən polis məntəqəsinə getmiş, orada polis əməkdaşlarına hər şeyi olduğu kimi etiraf etmişdir. Bundan sonra o, kabelləri sökdüyü ərazini təqdim edərək bir qədər məsafədə kabelləri gizlətdiyi yeri polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis tərəfindən protokol tərtib edilmiş, kabellər maddi sübut kimi götürülmüşdür. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndə qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-nin 1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsində böyük elektromexanik vəzifəsində işləyir. "xxxx" QSC-nin İnfrastruktur Departamentinin verdiyi etibarnaməyə əsasən ona ********* saylı cinayət işində zərərçəkmiş hüquqi şəxsin, yəni "xxxx" QSC-nin müvəkkil etdiiyi nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. 12 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Şabran stansiyasının qorunmayan dəmir yolu keçidindən 30 metr məsafədən, dəmir yolu xətlərindən H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinə məxsus 44 metr uzunluğunda olan kabelin oğurlanması nəticəsində maddi ziyanın ümumilikdə 240 manat dəyərində hesablanması ilə tanış olsa da Xaçmaz yol sahəsinə dəymiş ziyanın 343.2 manat olmasını və həmin dəyərdə olan kabelin qaytarılmasını tələb etmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalar "xxxx" QSC-nə qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir iddiaları, tələbləri və şikayətləri yoxdur, cəzanın təyin edilməsi hissəsini məhkəmənin mülahizəsinə buraxır. Eyni zamanda, işə iştirakları olmadan baxılmasını və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin PPXM-nın komandiri, polis baş serjantı Şahid göstərdi ki, 12 avqust 2021-ci il tarixdə Xaçmaz st. XPŞ-nə Şabran stansiyası ərazisində yerləşən qorunmayan keçiddən təqribən 30 metr məsafədə yerləşən dəmir yolu xətlərindən 40-50 metr uzunluğunda rabitə kabelinin oğurlanması, həmin kabelin Tapdıq adlı şəxs tərəfindən gizli olaraq götürülərək gizlədilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs müəyyən edilərək Şabran stansiya xətt polis məntəqəsinə dəvət olunmuş, Təqsirləndirilən şəxs kabeli götürdüyünü və bir qədər məsafədə dəmir yolu xətlərindən aralı yerdə kol-kosluq yerə ataraq gizlətdiyini etiraf etmiş, həmin məlumatla əlaqədar o, rəhbərliyə məlumat verdikdən sonra hadisə yerinə Xaçmaz st. XPŞ-nin İstintaq və TQ-nun baş təhqiqatçısı Nadir Məmmədov gəlmiş, Təqsirləndirilən şəxs kabeli gizlətdiyi yeri təqdim edərək hər şeyi olduğu kimi etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs izahatı alınması üçün Xaçmaz st. XPŞ-nə dəvət edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur Departamentində 1 №-li H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinin 268 saylı 13 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Şabran dəmir yolu stansiyası ərazisindən dəmir yolu xətlərindən oğurlanmış 44 metr uzunluğunda “SPBU 19x1” markalı kabelin bir metrəsinin qiyməti 7.8 manat təşkil edir. Sahəyə dəymiş ziyan (44 x 7.8) 343.2 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli 5113 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda ailə üzvləri – arvadı X2 və 2002-ci il təvəllüdlü oğlu X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli 5114 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə heç bir qayda pozuntularına yol verməmişdir. Sakinlərə qarşı hörmətsizliklər etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-2-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqaüdçü olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş, Xaçmaz st. XPŞ-də saxlanılan 44 metr uzunluğunda “SPBU 19x1 markalı” kabel sahibinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilmiş Xaçmaz st. XPŞ-də saxlanılan 44 metr uzunluğunda “SPBU 19x1” markalı kabel sahibinə təhvil verilsin. Təqsirləndirilən şəxs məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar