Məhkəmə qərarları › İş №1(031)-30/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-30/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-30/2023 22.05.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən uzun müddət yaşayış olmaması səbəbindən nəzarətsiz qalan Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək barədə əvvəlcədən plan qurmuş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2023-cü ilin yanvar ayının 8-də gecə saat 02 radələrində, sözügedən əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olub həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə daxil olduqdan sonra həyətdən tapdığı nazik dəmir parçası ilə evin plastik pəncərəsini açmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olaraq evin qonaq otağındakı televizorun üzərindən dəyəri 20 manat olan 1 ədəd “Euromax 777 HD” markalı peyk aparatını, divardan asılmış dəyəri 10 manat olan 1 ədəd divar saatını, yataq otağındakı dolabdan ümumi dəyəri 25 manat olan 2 cüt kişi idman ayaqqabısını, birinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 100 manat olan 10 ədəd “Tech-Com” markalı kompyuter kameralarını, ümumi dəyəri 53 manat olan qadın bijuteriyalarını, dəyəri 25 manat olan bəzək əşyasını(dini aksesuarı), dəyəri 60 manat olan 1 ədəd yataq dəstini, dəyəri 15 manat olan 1 ədəd “Nokia 1110” markalı mobil telefonu, dəyəri 30 manat olan 1 ədəd saç qurudan aparatı, yenə həmin otaqda olan sandıqçanın içərisindən isə ümumi dəyəri 217 manat olan uşaq paltarlarını, ümumi dəyəri 105 manat olan qadın paltarlarını və ümumi dəyəri 90 manat olan kişi paltarları olmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 750(yeddi yüz əlli) manat məbləğində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 2 övladı var. Heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş, həmin cinayət işinə görə 03 ay 15 gün həbsdə olmuş, sonra məhkəmənin hökmü ilə ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Özünə iş yeri tapa bilməmiş, buna görə də maddi sıxıntıları olmuşdur. 2023-cü ilin yanvar ayının əvvəllərində Şabran şəhəri, Ürfan Orucov küçəsində tək başına gəzən zaman orada darvazası aliminium rəngdə olan bir qapının qıfıllı olduğunu görmüş, buna görə də fikirləşmişdir ki, yəqin sahibsizdir. Həmin gündən sonra bir neçə gün ərzində həmin qapının yanından keçmiş, hər dəfə keçəndə qapının qıfıllı olduğunu görmüş, buna görə də başa düşmüşdür ki, ev sahibsizdir və nəticədə evə daxil olmaq qərarına gəlmişdir. Buna görə də 08.01,2023-cü il tarixdə gecə saatlarında yaşadığı evdən çıxaraq həmin ünvana tək başına getmiş, əvvəl ətrafda heç kimin olmamasına əmin olduqdan sonra daş hasarı tullanaraq həyətə daxil olmuşdur. Ardınca isə plastik pəncərəni elə həmin evin həyətindən tapdığı yoğun məftillə açmış, pəncərəni açaraq evə daxil olduqdan sonra bir-bir evi axtarmağa başlamışdır. Əvvəl qonaq otağındakı televizorun üzərindən 1 ədəd peyk aparatını və həmin otaqdakı divar saatını götürmüş, daha sonra isə yataq otağına daxil olmuşdur. Otağa daxil olduqda otaqdan 2 ədəd kompyuter kameralarını, 2 ədəd kişi idman ayaqqabasını, 1 ədəd saç qurudan aparatı və 01 ədəd dəmirdən düzəldilmiş dini aksesuarı oğurlayaraq çölə çıxmışdır. Həmin əşyaları evdən tapdığı 01 ədəd sellofan torbaya qoyaraq gəldiyi kimi də oranı tərk etmişdir. Oradan çıxdıqdan sonra isə birbaşa yaşadığı evə yollanmış və oğurladığı əşyaları evində gizlətmişdir. Ancaq saç qurudan aparatı evə gələrkən yolda itirmişdir. xx.xx.2023-cü il tarixdə isə RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını və RPŞ-nə gəldikdən sonrada törətdiyi əməli səmimi olaraq etiraf etdiyini, ancaq zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi 8 ədəd “Tech- Com” markalı kompyuter kameralarını, uşaq, qadın və kişi paltarlarını, qadın bijuteriyalarını, 1 ədəd yataq dəstini və 1 ədəd “Nokia 1110” markalı mobil telefonu oğurlamadığını bildirmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5əsi ilə birlikdə yaşayır. Ailəlidir və heç bir yerdə işləmir. Onun ailəsinə məxsus ev ünvan 6 ünvanında yerləşir. Həmin ev onun ata evidir, ailə həyatı qurduqdan sonra Sumqayıt şəhərinə köçmüş, hal-hazırda atası, anası, qardaşları və bacısı Rusiya Federasiyasında yaşayır. Təxminən 10 ilə yaxındır ki, ata evlərində daimi yaşayış yoxdur. Ancaq buna baxmayaraq istər o, istərsə də ailə üzvləri müəyyən vaxtdan bir gəlib evə baş çəkmiş və hər dəfəsində də müəyyən müddətdə evdə qalmışlar. Evdə daimi yaşayış olmadığına görə Şabran rayonunda yaşayan əmisi Şahid arada-bir gəlib evə baş çəkmişdir. xx.xx.2023-cü il tarixdə əmisi evə baş çəkən zaman evin pəncərəsinin açıq olduğunu gördükdən dərhal sonra onunla telefon əlaqəsi saxlamış, o da evdən oğurluq olduğunu düşündüyünə görə dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ancaq Sumqayıt şəhərində yaşadığına və həmin günü də hava əlverişsiz olduğuna görə Şabran rayonuna gələ bilməmişdir. 09.01,2023-cü il tarixdə isə hava şəraiti düzəldiyinə görə Şabran rayonundakı ata evinə gəlmiş, evə gəlib içəri baxdıqda evdəki əşyaların dağınıq olduğunu müəyyən etmişdir. Ardınca yenidən DİN-nin 102 xidmətinə müraciət etmiş, müraciətindən sonra polis əməkdaşları həmin evə gələrək baxış keçirtmişlər. Polis əməkdaşları evə baxış keçirən zaman ilkin olaraq evdən 1 ədəd divar saatı və bir ədəd peyk aparatının oğurlandığını polis əməkdaşlarına bildirmiş və bu haqda da məlumat vermişdir. Ancaq ev dağınıq olduğuna görə həmin vaxt evdə nəyin oğurlandığını tam müəyyən edə bilməmişdir. Polis əməkdaşları evi tərk etdikdən sonra o, ardınca evdən nəyin oğurlandığını müəyyən etmək üçün evdəki dağınıq əşyaları düzətməyə başlamış, evi yığışdıran zaman ona məlum olmuşdur ki, yuxarıda qeyd olunan avadanlıqlardan başqa qonaq otağında olan sandığın içərisindən təzə aldığı ümumi dəyəri 280 manat uşaq paltarları, ümumi dəyəri 90 manat olan kişi paltarları, ümumi dəyəri 130 manat olan qadın paltarları, bundan əlavə yenə həmin otaqdakı şkafın içərisindən və özünə məxsus ümumi qiyməti 70 manat olan bijuteriyalar oğurlanmışdır və bu haqda da aidiyyəti üzrə RPŞ-nə məlumat vermişdir. RPŞ-nə izahat verən zaman izahatında bir daha göstərmişdir ki, həmin ev onun ata evidir və o evdə onun şəxsi əşyaları ilə yanaşı həm də, ailə üzvlərinə məxsus əşyalar da vardır. Ailə üzvləri isə Rusiya Federasiyasında yaşayır. Rusiya Federasiyasında yaşayan ailə üzvləri Azərbaycana qayıtdıqdan sonra evə baş çəkərək onlar da özlərinə məxsus oğurlanmış avadanlıqlar varsa, aidiyyəti üzrə istintaq orqanına məlumat verəcəyini bildirmişdir. Beləliklə, Rusiya Federasiyasında yaşayan atası Məzahir Azərbaycana qayıtdıqdan sonra onunla birlikdə evlərinə yenidən baxış keçirən zaman ona məlum olmuşdur ki, evdən ilkin izahatında göstərdiyi avadanlıqlarla yanaşı ümumi dəyəri 100 manat olan 2 cüt kişi idman ayaqqabısı, dəyəri 250 manat olan 1 ədəd dini aksesuarı, dəyəri 100 manat olan 10 ədəd “Tech-Com” kameraları, dəyəri 80 manat olan 1 ədəd komplekt yataq dəsti, dəyəri 40 manat olan 1 ədəd saç qurudan aparatı və dəyəri 100 manat olan “Nokia 1110” markalı mobil telefonu oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1310 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq barəsində RPŞ-nə məlumat verdikdən bir müddət sonra RPŞ-dən ona məlumat vermişdilər ki, evindən oğurluq edən şəxs Şabran rayon sakini Təqsirləndirilən şəxsdur. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, ünvan 8 ünvanda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun bacısı qızıdır. Sevil ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Bundan əlavə qardaşı Məzahir isə ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Buna görə də onların Şabran şəhəri. Babək küçəsində yerləşən fərdi yaşayış evində daimi yaşayış yoxdur Buna görə də o, demək olar ki, hər gün onların evinə gedib baş çəkir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs məxsus Şabran şəhəri, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə baş çəkməyə getmişdir. Evə baxan zaman hər şey qaydasında olmuşdur. Həmin günün səhərisi günü xx.xx.2023-cü il tarixdə səhər saatlarında evə baş çəkməyə gələn zaman evin sol tərəfindəki pəncərəsinin açıq olduğunu görmüş, buna görə də anlamışdır ki, kimsə evə girərək oğurluq etmişdir. Buna görə də dərhal bacısı qızı Sevillə telefon əlaqəsi saxlamış, o da sonradan DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Ancaq həmin vaxtı evin açarları onda olmamış, onda ancaq evin həyətinin darvazasının açarı olmuşdur. Bundan əlavə həmin gün Sevil yaşadığı Sumqayıt şəhərində olmuşdur. Nəticədə Sevil də həmin günü Şabran rayonuna gələ bilmədiyinə görə polis əməkdaşları həmin gün evə baxış keçirdə bilməmişlər. Həmin günün səhərisi Sevil rayona gəlmiş və polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirtmişlər. Baxış zamanı məlum olmuşdur ki, evdən bir sıra avadanlıqlar oğurlanmışdır. Həmin gündən bir neçə gün sonra isə bizə polis şöbəsindən onlara məlumat vermişlər ki, evdən oğurluq edən şəxs Şabran rayon sakini Təqsirləndirilən şəxsdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəməəmtəəşünaslıq ekspertizasının 13 mart 2023-cü il tarixli 9/1120 nömrəli rəyinə əsasən üzərində “Almaz” yazısı olan bir ədəd divar saatının dəyəri 10 manat, üzərində “Euromax 777 HD” yazıları olan 1 ədəd peyk aparatının dəyəri 20 manat, 1 ədəd ağ rəngli kişi idman ayaqqabısının dəyəri 10 manat, üzərində “Nike” yazısı olan 1 ədəd kişi idman ayaqqabısının dəyəri 15 manat, 1 ədəd dini aksesuarın dəyəri 25 manat, 1 ədəd “Nokia 1110” markalı mobil telefonun dəyəri 15 manat olmaqla yuxarıda göstərilən avadanlıqların ümumi dəyəri 95(doxsan beş) manat təşkil etmişdir. Bundan əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən 10 ədəd “Tech-Com” kameralarının dəyəri müəyyən edilə bilməmişdir. Cinayət işinə əlavə edilmiş Şabran rayon X1 İdarə Heyətinin xx.xx.2023-cü il tarixli 49 nömrəli məktubuna əsasən birinin qiyməti 10 manat olmaqla 10 ədəd “Tech-Com” markalı kompyuter kameralarının ümumi dəyəri 100 manat, birinin qiyməti 30 manat olmaqla 3 dəst uşaq paltarının ümumi dəyəri 90 manat, birinin qiyməti 5 manat olmaqla 8 ədəd uşaq kalqotkasının ümumi dəyəri 40 manat, birinin qiyməti 5 manat olmaqla 5 dəst uşaq alt paltarının ümumi dəyəri 25 manat, birinin qiyməti 2 manat olmaqla 10 ədəd uşaq corabının ümumi dəyəri 20 manat, birinin qiyməti 5 manat olmaqla 6 ədəd uşaq papağının ümumi dəyəri 30 manat, birinin qiyməti 3 manat olmaqla 4 cüt uşaq əlcəyinin ümumi dəyəri 12 manat, birinin qiyməti 15 manat olmaqla 7 dəst qadın alt paltarının ümumi dəyəri 105 manat, birinin qiyməti 9 manat olmaqla 10 dəst kişi alt paltarının ümumi dəyəri 90 manat, birinin qiyməti 5 manat olmaqla 3 cüt sırğanın ümumi dəyəri 15 manat, birinin qiyməti 5 manat olmaqla 4 ədəd boyunbağının ümumi dəyəri 20 manat, birinin qiyməti 6 manat olmaqla 3 ədəd qolbağın ümumi dəyəri 18 manat, 1 ədəd yataq dəstənin qiyməti 60 manat və 1 ədəd saç qurudan aparatın dəyəri 30 manat olmaqla Zərərçəkmiş şəxs məxsus ünvan 10 ünvanında yerləşən evdən oğurlanmış yuxarıda göstərilən avadanlıqların ümumi dəyəri 655 (altı yüz əlli beş) manat təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş 02 mart 2023-cü il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdanda görsəndiyi kimi Təqsirləndirilən şəxs psixrıevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli tələbnamədən və Şabran rayon məhkəməsinin 25 may 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.3-cü maddələri ilə təqsirli bilinib Şabran rayon məhkəməsinin 1(031)-24/2021 saylı 25 may 2022-ci il tarixli hökmü ilə 01 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs çəkilməmiş 01 il 05 ay 25 gün cəzası qalmışdır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2023-cü il tarixli 1200 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında ailə üzvləri həyat yoldaşı – X4, uşaqları – 2015-ci il təvəllüdlü X6 və 2016-cı il təvəllüdlü X7 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə heç bir qayda pozuntularına yol verməmişdir. Sakinlərə qarşı hörmətsizliklər etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli tutma protokolundan, eləcə də 05 fevral 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 05 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müstəntiqin qətimkan tədbirinin ləğv edilməsi haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək sonuncunun barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Şabran rayon prokuroruna təqdimat ilə müraciət edilməsi nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(031)- 4/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 06 fevral 2023-cü il tarixdən hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, lakin onun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahid ifadəsi ilə və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü madəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər də oğurluq cinayəti törətməsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 05 ay 25 (iyirmi beş) gün müddətində çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır və o, cəzasını çəkib qurtarmamış yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göründüyü kimi Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş üzrə təqsirləndirilən şəxsin X2 evindən oğurladığı 2 ədəd kişi idman ayaqqabısı, 1 ədəd dini aksesuar, 1 ədəd divar saatı, 1 ədəd peyk aparatı və 2 ədəd “Tech-Com” markalı kompyuter kameraları cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək məsul saxlanc üçün zərərçəkmiş şəxsə saxlanması üçün təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 fevral 2023-cü ildən 05 fevral 2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq cəzadan çıxmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Şabran rayon məhkəməsinin 25 may 2022-ci tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən birləşdirilərək ona 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə təqsirləndirilən şəxsin X2 evindən oğurladığı 2 ədəd kişi idman ayaqqabısı, 1 ədəd dini aksesuar, 1 ədəd divar saatı, 1 ədəd peyk aparatı və 2 ədəd “Tech-Com” markalı kompyuter kameraları cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək məsul saxlanc üçün zərərçəkmiş şəxsə saxlanması üçün təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar