Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-30/2025 06.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1985-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: 250394010 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokola əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 11:00 radələrində, Şabran rayonunun ərazisində “Səba” Quşçuluq Fabrikinin yaxınlığında yerləşən otlaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ağac ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya sağ əlin 5-ci barmağının əsas falanqasının yerini dəyişən qapalı qəlpəli sınığı, sol dirsəyin sıyrığı və sol baldırın qançırından ibarət bədən xəsarətləri yetirməklə qəsdən onun sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, özünü ona elan edilmiş ittihamda təqsirli bilir. Şabran rayonunda fəaliyyət göstərən “Səba” quşçuluq fabrikinin yanında Ağalar adlı şəxsdən 07 (yeddi) hektar torpaq sahəsini 05 (beş) illik müqavilə ilə icarəyə alaraq həmin torpaq sahəsində yonca otu əkmişdir. Şabran şəhərinin Sülh küçəsində yaşayan və əvvəllər tanıdığı Zərərçəkmiş şəxs isə mütəmadi olaraq onun otlaq sahəsində xırda buynuzlu heyvanlarını otarmış, Hicrana bununla bağlı irad bildirdikdə isə Hicranın ona “nə olar ki, yonca otudur, sulayacaqsan yenidən bitəcək” sözlərini demişdir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 11:00 radələrində yonca otu əkdiyi torpaq sahəsinə nəzarət etmək üçün getdiyi zaman Hicranın qarşısında otardığı təxminən 9-10 baş xırda buynuzlu (qoyun və keçi) heyvanlarını yonca sahəsinə buraxdığını və heyvanların yoncalıq sahəni yararsız hala saldığını aşkar etmişdir. O, Hicrana yaxınlaşaraq əsəbi halda ona nə üçün heyvanlarını otlaq sahəsində otardığını soruşduqda, Hicran, ona kobud cavab verərək əlində olan çomağı üzərinə atmış, o, həmin çomağı yerdən götürərək Hicranın kürək və ayaq nahiyələrinə bir neçə dəfə vuraraq onu döymüş, bundan sonra Hicran heyvanlarını otlaq sahəsindən çıxartmış və həmin ərazidən uzaqlaşaraq yaşadığı evə doğru getmişdir. Bununla yanaşı o, Hicranı döydüyü zaman onu yerə yıxmadığını, Hicran onun qarşısından qaçmaq istədiyi zaman ayağı su arxına ilişərək yerə yıxıldığını, xx.xx.2025-ci il tarixdə çomaq ilə Hicranı vurması nəticəsində Hicranın xəsarət aldığını görmədiyini, lakin Hicranın aldığı xəsarətləri Hicrana onun yetirdiyini və hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirmiş və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, o, 2-ci qrup əlildir və şəxsi təsərrüfatında 05 baş xırda buynuzlu (qoyun) heyvanin var. Həmin heyvanları gündüz vaxtları Səba quşçuluq fabrikinin ətrafında otarır. xx.xx.2025-ci il tarixdə, təxminən saat 11:00 radələrində heyvanlarını Səba quşçuluq fabrikinin yaxınlığında olan biçilmiş əkin sahələrində otardığı zaman heyvanları orda olan Nurlan adlı şəxsin yonca otu sahəsinə girmişlər. O, heyvanlarını Nurlanın yonca otu əkdiyi torpaq sahəsindən çıxarmaq istədikdə Nurlan onun yanına gələrək heyvanları nə üçün onun otlaq sahəsinə buraxdığını soruşub onun əlində olan çomağı ondan alaraq onu yerə yıxıb çomaq ilə bədən nahiyəsinə vurmağa başlamışdır. Nurlan onu çomağ ilə baş nahiyəsinə vurmaq istədiyini görüb hər iki əli ilə baş və sifət nahiyəni qorumaq istədikdə Nurlanın çomaq ilə onun əllərinin üstündən vurmuş, Nurlan onun hər iki əllərinin üstündən vurandan sonra əlindəki, çomaq ilə onun sol ayaq nahiyəsinə də vuraraq ona xəsarət yetirmişdir. Nurlan onu çomaq ilə vurandan sonra o, heyvanlarını sürüb yaşadığı evə getmiş, yolda qardaşı Zabitin onun qarşısına çıxaraq onu kimin döydüyünü soruşduqda qardaşına Nurlan tərəfindən döyüldüyünü demişdir. Lakin Nurlan onu döyən zaman yanlarında heç kim olmamış, onun əl nahiyələri ağrıdığına görə qardaşı Zabitin onu Şabran Rayon Mərkəzi Xəstəxanasına aparmış, Şabran Rayon Mərkəzi Xəstəxanasında müayinə zamanı sağ əlinin sındığı müəyyən olunmuş, Nurlan onu çomaq ilə döyməsi nəticəsində sağ əli sınmaqla yanaşı, sol dirsək nahiyəsi və sol ayaq nahiyəsindən də xəsarət almışdır. Xahiş edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni cəza verilsin. İş materiallarından olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli şifahi ərizə protokolundan görünür ki, Zərərçəkmiş şəxs həmin ərizədə Nurlan adlı şəxsin onu döyərək xəsarət yetirdiyini bildirmiş və Nurlan barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (məhkəməyədək sadələşdirilmiş icraat materialının İ cildinin 2-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 16:48-də Şabran Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı X6 Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə telefonla zəng edərək, ünvan 3 ünvanında yaşayan xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ əlin 5-ci barmağının yerinin dəyişən sınığı diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına daxil olması və Zərərçəkmiş şəxs dediyinə görə tanışı tərəfindən döyülməsi barədə məlumat vermişdir (məhkəməyədək sadələşdirilmiş icraat materialının İ cildinin 3-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli baxış keçirilmə protokolundan və foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:00 radələrində, Şabran rayonunun ərazisində “Səba” Quşçuluq Fabrikinin yaxınlığında yerləşən otlaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ağac ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurarduğu yeri əyani olaraq təqdim etmişdir (məhkəməyədək sadələşdirilmiş icraat materialının İ cildinin 35-38-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (məhkəməyədək sadələşdirilmiş icraat materialının İ cildinin 39-cu vərəqəsi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-74-1/2-2095/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhərində həyat yoldaşı xx.xx.1985-ci il təvəllüdlü X3 və oğlu xx.xx.2020-ci il təvəllüdlü X1 ibarət ailə tərkibi ilə birlikdə yaşayır (məhkəməyədək sadələşdirilmiş icraat materialının İ cildinin 40-cı vərəqəsi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-1/2-2095/2025 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (məhkəməyədək sadələşdirilmiş icraat materialının İ cildinin 41-ci vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 106 nömrəli, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında bədəni üzərində sağ əlin 5-ci barmağının əsas falanqasının yerini dəyişən qapalı qəlpəli sınığı, sol dirsəyin sıyrığı və sol baldırın qançırı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (məhkəməyədək sadələşdirilmiş icraat materialının İ cildinin 42-43-cü vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 1(031)-30/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələr və məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını (xx.xx.2020-ci il təvəllüdlü X4) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və həmin Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma — iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında 03 (üç) növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür və ona görə də, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzanın icrası müddətinin başlanğıcı Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddətinin başlanğıcı Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-30/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-30/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver