Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-31/2021 27.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 04 avqust 1979-cu il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət etmələri üçün qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə ayrı-ayrı şəxslərə elektron icazələrin təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, qayınatası X2 adına rəsmiləşdirilmiş ********** nömrəli VÖEN-i əldə etdikdən sonra şəxsi avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Şahid1, Şahid2, Şahid3, X1 və qeyrilərini 11 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək olan müddət ərzində yaşadığı Şabran şəhəri, Sülh küçəsi, 32 nömrəli evdə internet qlobal şəbəkəsindən istifadə etməklə “icazə.e-gov.az” icazə portalında müxtəlif vəzifələrdə çalışan əməkdaşlar kimi pul müqabilində qeydiyyatdan keçirməklə həmin şəxslərə və onların idarə etdikləri nəqliyyat vasitələrinə ölkə ərazisi üzrə sərbəst hərəkətləri üçün elektron icazələrin qanunsuz verilməsinə nail olmuş, bununla da ********** nömrəli VÖEN üzrə özü də daxil olmaqla cəmi 15 nəfəri taksi sürücüsü və xidmət sahəsində çalışan əməkdaş kimi qeydiyyatdan keçirib elektron icazələr verməklə “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli 488 nömrəli Qərarına əsasən 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini qəsdən pozmaqla koronavirus (COVİD-19) pandemiyasının yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, “Mercedes” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə əsasən Şabran şəhərindən Bakı şəhərinə və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. 2020-ci ilin dekabr ayında pandemiya ilə əlaqədar ölkə ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunmuşdur. Sistemdə elektron xəta baş verdiyinə görə özünə məxsus olan VÖEN-lə “icazə-e.gov.az” portalında sərbəst hərəkət etməsi üçün icazə əldə edə bilməmişdir. Ailəsini dolandırmaq üçün başqa işi və taksi sürücülüyndən əlavə gəlir yeri olmamışdır. Buna görə də karantin dövründə sərbəst hərəkət etməsi üçün icazə əldə etmək ona hava və su kimi lazım olmuşdur. X4 qayınatasıdır və Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül” tikinti materialları bazarında fəhlə işləyir. Qayınatası G.Məmmədova məxsus VÖEN-i əldə etdikdən sonra 11.12.2020-ci il tarixdə həmin VÖEN vasitəsi ilə “icazə-e.gov.az” saytında qeydiyyatdan keçmiş və özünə ölkə üzrə sərbəst hərəkətinə icazə verən elektron icazə əldə etmişdir. Həmin icazə vasitəsi ilə o, rahat şəkildə Bakı şəhərinə gəlib-getmişdir. Karantin dövründə gəlirləri kəskin şəkildə azalmış, ailəsini dolandırmaqda, gündəlik tələbat mallarını almaqda çətinlik çəkmişdir. Buna görə də məcbur olub ayrı-ayrı şəxsləri “icazə-e.gov.az” saytında qeydiyyatdan keçirib onlara icazə verməklə pul qazanmaq fikrinə düşmüşdür. Belə ki, qayınatasına məxsus VÖEN-dən istifadə etməklə “icazə-e.gov.az” portalına daxil olmuş, sonra portala elektron icazələr verilməsi üçün ona müraciət edən şəxsin anket məlumatlarını daxil etmiş, sonra həmin şəxsin çalışdığı vəzifə bölməsinə sürücü və ya taksi sürücüsü vəzifəsində çalışması ilə bağlı həqiqətəuyğun olmayan məlumatı sistemə daxil etmişdir. Bu qeydiyyatdan sonra artıq “icazə-e.gov.az” portalında həmin şəxsin barəsində icazəsinin olması ilə bağlı məlumat yaranmışdır. Sistemdə qeydiyyat mövcud olduğuna görə həmin şəxslər yoxlama postlarından sərbəst şəkildə keçə bilərmişlər. İcazələrin verilməsi müqabilində ona müraciət edən şəxslərdən 100-130 manat arası pul almışdır. Ona müraciət edən şəxslərin şəxsiyyət vəsiqəsi və avtomobillərinin qeydiyyat şəhadətnaməsinin surətini götürmüş, sonra isə yaşadığı evdə internet vasitəsi ilə icazə saytına daxil olub həmin məlumatları icazə sisteminə işləmişdir. O, Şabran şəhərində yaşadığı evdə internet vasitəsi ilə “Acer” markalı notebukdan istifadə etməklə “icazəe.gov.az” saytına daxil olmuş və icazələrin verilməsini təmin etmiş. İcazələrin hazırlanması ilə bağlı bütün işləri tək görmüşdür. Sistemə də özü daxil olmuş, icazələri də özü almış, pulu da özü qəbul etmişdir. Bu işlərdə, hətta texniki işlərdə belə ona heç kim köməklik etməmişdir. İcazə müqabilində pulların hamısını Şabran şəhərində müraciət edən şəxslərdən şəxsən özü və nağd şəkildə almışdır. Ayrı-ayrı şəxslərə icazələri 14 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək olan müddət ərzində vermişdir. Əvvəlki dövrlərdə tətbiq olunmuş sərtləşdirilmiş karantin rejimində belə qanunsuz hərəkətlərə yol verməmişdir. VÖEN qayınatası G.Məmmədova məxsus olsa da sərtləşdirilmiş karantin dövrü üçün qanunsuz icazələr verilməsi ilə bağlı hadisəyə G.Məmmədovun heç bir aidiyyəti olmamışdır. Nə o, nə də qayınatası G.Məmmədov işə götürməklə bağlı hər hansı səlahiyyətə malik olmamışdır. İcazə sistemində icazə təşkil etdiyi şəxslər taksi sürücüsü kimi qeyd olunsalar da, onların heç biri rəsmi şəkildə işə götürülməmişdir. “icazə-e.gov.az” saytına barəsində məlumatları daxil etdiyi şəxslərin rəsmi işə götürülməsi ilə bağlı hər hansı sənədləşmə mövcud olmamışdır. Sadəcə icazə portalına internet vasitəsi ilə daxil olub guya onların sürücü kimi çalışmaları ilə bağlı məlumatları sistemə daxil etmişdir. Bu hərəkətləri ailəsini dolandırmağa görə imkansızlığından etmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, o, son vaxtlar ağ ciyərinin buzlaşması ilə bağlı müalicədə olmuş, hələ də, həmin xəstəlikdən əziyyət çəkir, taksi sürücüsü fəaliyyəti ilə məşğul ola bilmir. Bunların da nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 2020-ci ilin dekabr ayında ölkədə karantin rejimi tətbiq olunduqdan sonra taksi sürücüsü kimi fəaliyyət göstərib pul qazanmaq istəmiş və bu məqsədlə Təqsirləndirilən şəxs müraciət etmişdir. Amil də onun kimi əslən Şabran rayonundandır və Bakı şəhəri istiqamətində sərnişin daşımaqla məşğuldur. Amil söhbətlərində demişdir ki, karantin dövründə sərbəst hərəkət etmək üçün icazə düzəldə bilər. Amil həmin icazəni tam qanuni əsaslarla düzəltdiyini demişdir. Amilin bu sözünə inanıb ona 100 manat pul, şəxsiyyət vəsiqəsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsini vermişdir. Avtomaşını “BMW” markalı, **-VL-*** nömrəli olmaqla həmin avtomaşınla Qobu qəsəbəsindən Bakı Avtovağzalına və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Amilə 100 manat və sənədləri verdikdən sonra 18.12.2020-ci il tarixdə ona icazə alındığını demiş və icazə sənədinin elektron formada surətini “Whatsapp” proqramı vasitəsi ilə göndərmişdir. Həmin icazə sənədindən görünmüşdür ki, ona və idarə etdiyi avtomaşına respublika ərazisində sərbəst hərəkət üçün icazə verilmişdir. Onu nəzarət postlarında polis əməkdaşları yoxlayanda icazənin aktiv olması müəyyən olunmuşdur. Yəni növbəti günlərdə polis əməkdaşları onu postlarda yoxlayan zaman sistemdə icazənin olduğunu görüb sərbəst buraxırmışlar. Kompyüter və müasir texnologiya ilə bağlı biliklərə malik deyil, karantin dövründə icazələrin verilməsini təmin edən “icazə-e.gov.az” icazə portalının hansı şəkildə çalışması, onun barəsində olan məlumatların ora necə daxil edilməsi barədə anlayışı olmamışdır. Fikirləşmişdir ki, Amil tərəfindən verilmiş icazə qanunsuz olsaydı, sistemdə həmin icazənin aktiv olması görünməz və ya polis əməkdaşları onu dayandırıb cərimə yazarlar. Sadə şəkildə düşünmüşdür ki, icazə qanunsuz olsaydı sistemdə görsənməzdir. Təqsirləndirilən şəxs barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılan zaman ona məlum olmuşdur ki, Amilin hərəkətləri və verilmiş icazə qanunsuzdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 eyni məzmunlu ifadə verərək pul müqabilində Təqsirləndirilən şəxs vasitəsi ilə karantin dövründə sərbəst hərəkət etmələrindən ötrü elektron icazə əldə etdiklərini, icazənin qanunsuz əldə edilməsindən məlumatsız olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayında ölkədə karantin rejimi tətbiq olunduqdan sonra taksi sürücüsü kimi fəaliyyət göstərib pul qazanmaq istəmiş və bu məqsədlə Təqsirləndirilən şəxs müraciət etmişdir. Amil də onun kimi əslən Şabran rayonundandır və Bakı şəhəri istiqamətində sərnişin daşımaqla məşğuldur. Amil söhbətlərində demişdir ki, karantin dövründə sərbəst hərəkət etmək üçün icazə düzəldə bilər. Amil həmin icazəni tam qanuni əsaslarla düzəltdiyini demişdir. Amilin bu sözünə inanıb ona 100 manat pul, şəxsiyyət vəsiqəsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsini vermişdir. Avtomaşını “BMW” markalı, **-VL-*** nömrəli olmaqla həmin avtomaşınla Qobu qəsəbəsindən Bakı Avtovağzalına və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Amilə 100 manat və sənədləri verdikdən sonra 18.12.2020-ci il tarixdə ona icazə alındığını demiş və icazə sənədinin elektron formada surətini “Whatsapp” proqramı vasitəsi ilə göndərmişdir. Həmin icazə sənədindən görünmüşdür ki, ona və idarə etdiyi avtomaşına respublika ərazisində sərbəst hərəkət üçün icazə verilmişdir. Onu nəzarət postlarında polis əməkdaşları yoxlayanda icazənin aktiv olması müəyyən olunmuşdur. Yəni növbəti günlərdə polis əməkdaşları onu postlarda yoxlayan zaman sistemdə icazənin olduğunu görüb sərbəst buraxırmışlar. Kompyüter və müasir texnologiya ilə bağlı biliklərə malik deyil, karantin dövründə icazələrin verilməsini təmin edən “icazə-e.gov.az” icazə portalının hansı şəkildə çalışması, onun barəsində olan məlumatların ora necə daxil edilməsi barədə anlayışı olmamışdır. Fikirləşmişdir ki, Amil tərəfindən verilmiş icazə qanunsuz olsaydı, sistemdə həmin icazənin aktiv olması görünməz və ya polis əməkdaşları onu dayandırıb cərimə yazarlar. Sadə şəkildə düşünmüşdür ki, icazə qanunsuz olsaydı sistemdə görsənməzdir. Təqsirləndirilən şəxs barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılan zaman ona məlum olmuşdur ki, Amilin hərəkətləri və verilmiş icazə qanunsuzdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-tibbi ekspertizasının 01.02.2021-ci il tarixli 73/KEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2020-ci il tarixdən 14 yanvar 2021-ci il tarixədək “Covid-19” virus infeksiyasına yoluxması ilə əlaqədar laborator müayinənin cavabı olmadığından, həmin tarixlərdə onun qeyd olunan virusa yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs virusa yoluxduğu halda sanitariya-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya digər formada “Covid-19” virus infeksiyasını bir yerdən başqa yerə daşıması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş 26.02.2021-ci il tarixli məktubdan və Dövlət Vergi Xidmətində aid «www.e-taxes.gov.az» internet saytına baxışla bağlı tərtib edilmiş protokoldan görünür ki, elektron icazələr təşkil edilmiş ********** nömrəli VÖEN X2 adına qeydə alınmışdır. «icazə.e-gov.az» icazə portalına baxış keçirilməsi haqqında 16 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə «icazə.e-gov.az» icazə portalına Baş İdarənin kompyüter otağında xüsusi proqram təminatı vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X2 adına rəsmiləşdirilmiş ********** nömrəli VÖEN vasitəsi ilə Təqsirləndirilən şəxs da daxil olmaqla cəmi 15 nəfərdən 14-cü “sürücü” vəzifəsində, 1 nəfər isə “xidmət” vəzifəsində qeydiyyatdan keçirilməklə sərtləşdirilmiş karantin rejimi dövründə ölkə ərazisi üzrə onların sərbəst hərəkətlərinə icazə qeyri-qanuni şəkildə verilmişdir. Bundan əlavə 14 nəfər üzrə şəxslərin özlərindən əlavə idarə etdikləri nəqliyyat vasitələrinə də icazələrin verilməsinə dair sistemdə qeydiyyat mövcuddur. Həmin icazələr 11.12.2020-ci il tarixdən 26.12.2020-ci il tarixinədək olan müddət ərzində «icazə.e-gov.az» icazə portalında qeydiyyata alınmışdır. Sərtləşdirilmiş karantin dövründə sərbəst hərəkəti təmin etmək üçün X2 adına rəsmiləşdirilmiş ********** nömrəli VÖEN vasitəsi ilə verilmiş elektron icazələr siyahı şəklində A4 kağız formatında çap edilərək protokola əlavə edilmişdir. Siyahı qrafalara bölünmüş şəkildə olub, özündə sıra nömrəsi, icazə verən orqan, sənədin tarixi, VÖEN, anket məlumatları, vəzifə, nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi, icazə zona, pin bölmələrini əks etdirir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran rayonu İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli 969 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan Şabran rayonu İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 982 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZE seriyalı ********* saylı və AZE seriyalı 10584309 saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X3 12 fevral 2006-cı ildə və X5 12 fevral 2009-cu ildə anadan olmuşlar. İş materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanasından verilmiş 03.05.2021ci il tarixli rentgen müayinəsindən görünür ki, Təqsirləndirilən şəxs hər iki ağciyərinin orta aşağı sahələrində kəskin buzlaşma intensivliliyi vardır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması, onun özünün etiraf ifadəsi, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağlarının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşmançılıq çəkməçini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də xəstəliyini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların olmamasını, eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-31/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-31/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver