Məhkəmə qərarları › İş №1(031)-31/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-31/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-31/2022 14.06.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1990-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, üzərində məhkumluğu olmayan, 3 № Yol İstismar İdarəsində fəhlə işləyən, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 fevral 2022-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasının həkimləri tərəfindən ondan götürülmüş “Covid-19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 07 fevral 2022-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlıq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşayış yerində müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariyagigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə 11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, Qanunun sözügedən tələblərini pozaraq 08 fevral 2022-ci il tarixdə saat 16 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşayış yerini özbaşına tərk edərək küçəyə çıxması və bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. 06 fevral 2022-ci il tarixdə anasının qızdırması qalxdığına görə Səhiyyə Nazirliyinin “103 xidməti”nə müraciət etmişdir. Müraciətindən təxminən 30 dəqiqə sonra Şabran RMX-dan həkimlər yaşadıqları evə gələrək ailə üzvlərindən “Covid-19” virusuna yoluxub-yoluxmamaqla bağlı analiz götürmüşlər. Həmin gün həkimlər yalnız anasından, qardaşından, arvadından və qızından analiz götürmüşlər, ondan isə analiz götürməmişlər, ondan analiz götürməmələrinin səbəbi də 2022-ci ilin fevral ayının 3-də “Covid-19” virusuna görə analiz verməsi və ayın 06-da həmin analizin cavabının telefona “neqatif” kimi gəlməsi olmuş, həmin cavab məktubunu analiz götürməyə gələn həkimə göstərdikdən sonra həkim həmin cavaba görə ondan analiz götürməyə ehtiyac olmadığını söyləmişdir. Növbəti gün, yəni 07 fevral 2022-ci il tarixdə isə həm anası, həm qardaşı, həm arvadı, həm də qızı ilə bağlı verdikləri analizə görə “Covid-19” analizinin cavabları telefonlara gəlmiş, qardaşından başqa hamısının analizinin cavabının “pozitiv” olması ona məlum olmuş, o, analiz vermədiyinə görə isə onun barəsində heç bir cavab gəlməmişdir. Bundan əlavə qızı Almaz İsbatovanın 03 fevral 2022-ci il tarixdə verdiyi “Covid-19” analizinin cavabının 04 fevral 2022-ci il tarixdə müsbət çıxsa da əgər bir evdə bir nəfər “Covid-19” virusuna yoluxmuşsa ailənin digər üzvlərinin də yaşadıqları yaşayış yerini tərk edə bilməməli olduğunu bilməmişdir. 08 fevral 2022-ci il tarixdə saat 16 radələrində isə yaşadığı R.Behbudov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq “Covid-19” virusuna yoluxduğu halda nə üçün yaşayış yerini tərk etdiyi ondan soruşulmuş, o da öz növbəsində “Covid-19” virusuna yoluxmadığını bildirmiş, bundan sonra isə RPŞ-dən əməkdaşlar həmin əraziyə gələrək etdiyi cinayət əməlini ona izah etmiş və müvafiq sənədləşmə işləri etdikdən sonra onu oradan uzaqlaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şabran RMX-nın təxirəsalınmaz X11 şöbəsində 2 ilə yaxındır ki, tibb qardaşı kimi fəaliyyət göstərir. 06 fevral 2022-ci il tarixdə Şabran RMX-nın təxirəsalınmaz X11 şöbəsində növbədə olmuş, həmin gün ona ünvan 2 ünvandan çağırış olmuş, o, da X11 maşını ilə birbaşa həmin ünvana yollanmış, ünvana çatdığı zaman evdə Fərmanı, qardaşını, anasını və azyaşlı qızını görmüş, hər bir getdiyi evdə olduğu kimi həmin ev sakinlərinin də sağlamlıq vəziyyətini soruşmuş, Fərmanın anası vəziyyətinin yaxşı olmadığını söylədiyinə görə ona ilkin tibbi yardım göstərmiş, bundan əlavə “Covid-19” virusuna yoluxub-yoluxmamalarını yoxlamaq məqsədilə Fərmandan və anasından analiz götürmüşdür. Onlara izah edilmişdir ki, cavab gəlməyincə evdən çölə çıxmasınlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXB-nin tağım komandiri vəzifəsində işləyən, polis leytenantı Şahid2 ifadəsində 08 fevral 2022-ci il tarixdə saat 16 radələrində Şabran RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 və Şabran RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4la birlikdə xidmətdə olduqlarını, xidmətdə olduqları vaxt evdə müalicə alan aktiv koronavirus xəstələrinin xüsusi karantin rejim qaydalarına riayət edib-etməmələrini yoxladıqlarını, bu zaman saat 16 radələrində aktiv koronavirus xəstəsi olan Şabran şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yerini özbaşına tərk edərək Şabran şəhərində yerləşən avtovağzalın yaxınlığında sərbəst hərəkət etdiyi tərəflərindən aşkar olunaraq saxlanıldığını və ardınca şöbədən əməliyyat-istintaq qrupu çağırılaraq qanunvericiliklə müəyyən olunmuş qaydada çəkiliş aparıldığını və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xüsusi karantin rejim qaydalarını kobud surətdə pozması faktı rəsmi olaraq sənədləşdirildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşı Şahid4 iş üzrə Şahid2 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. 17 aprel 2022-ci tarixdə həmin cinayət işi ilə əlaqədar Şabran rayonu mərkəzi xəstəxanasının X11 Şöbəsində qeydiyyatı aparılan “X11ın çağırış” jurnalına baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, “X11ın çağırış” jurnalı möhürlənmiş jurnal olub 109 (yüz doqquz) vərəqədən ibarətdir. Həmin jurnalın 95 (doxsan beşinci) vərəqəsinə baxış keçirən zaman müəyyən olunmuşdur ki, 06 fevral 2022-ci il tarixdə X11ın tibb qardaşı Şahid1 Şabran şəhəri, R.Behbudov küçəsi, ev 23 ünvanda çağırışda olmuş, həmin fərdi yaşayış evində olan zaman sonuncu tərəfindən Təqsirləndirilən şəxs və anası X1 “Covid-19” analizi götürülmüşdür. Təqsirləndirilən şəxs “Covid-19” analizinin götürülməsi haqqında qeyd “X11ın çağırış” jurnalının 95 (doxsan beşinci) vərəqəsində 670 (altı yüz yetmiş) sıra nömrəsi ilə qeyd olunmuşdur. Həmin vərəqin kserosurəti çıxarılaraq baxış protokoluna əlavə edilmişdir. Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi Ərazi Bölmələrini X6 rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya alınmış 31 mart 2022-ci il tarixli 185 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” infeksiyası ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə verdiyi analizin cavabı xx.xx.2022-ci il tarixdə “pozitiv” olaraq gəlmiş və sonuncu, 07 gün ev nəzarətinə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli tələbnamədən və işə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə isə Sumqayıt Apelyasiya Məhkəməsinin hökmünə əsasən sonuncunun cəzası dəyişdirilərək 500 manat cərimə ilə əvəz olunmuşdur. İşə əlavə edilmiş Şabran rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 500 manat cərimə cəzasını xx.xx.2018-ci ildə ödədiyi üçün şöbənin qeydiyyatından çıxarılmış, üzərində ödənilməmiş cərimə cəzası qalmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli 1203 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda ailə üzvləri – anası X9 aızı və qardaşı – X5 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli 1209 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış, sakinlərə qarşı hörmətsizlik etməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İşə əlavə edilmiş AZ-İİ seriyalı 383037 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 15 dekabr 2020-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ-İV seriyalı 671303 saylı doğum haqqında şəhadətnamənin və AA1628212 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Almaz və xx.xx.2021-ci il tarixdə Züheyir adlı uşaqları olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və bu barədə onun tərəfindən irəli sürülmüş dəlilləri iş üzrə toplanmış sübutlar məcmusu ilə müqayisəli şəkildə təhlil edərək belə bir nəticəyə gəlir ki, o, özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi 06 fevral 2022-ci il tarixdə yaşadığı Şabran şəhəri, R.Behbudov küçəsi, ev 23 ünvanda Təqsirləndirilən şəxs götürülmüş “Covid-19” yeni növ koronavirus test nümunəsinin cavabı “pozitiv” çıxmış, bundan əlavə Təqsirləndirilən şəxs qızı Almaz İsbatovanın da xx.xx.2022-ci il tarixdə verdiyi “Covid-19” analizinin cavabı xx.xx.2022-ci il tarixdə “pozitiv” çıxmışdır. Əgər bir evdə ailə üzvlərindən birinin “Covid-19” analizinin cavabı müsbət çıxarsa həmin ailənin digər üzvləri də bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərinə tabe olmaqla yaşadıqları yaşayış yerini tərk etməməlidirlər. Göründüyü kimi Təqsirləndirilən şəxs sanitariya-gigiyena və karantin rejim qaydalarını kobud surətdə pozaraq, 08 fevral 2022-ci il tarixdə saat 16 radələrində yaşayış yerini özbaşına tərk edib küçəyə çıxmış, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, R.Behbudov küçəsi, ev 23 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şabran şəhəri, R.Behbudov küçəsi, ev 23 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar