Məhkəmə qərarları › İş №1(031)-32/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-32/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-32/2022 01.06.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlər ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1983-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Şabran şəhəri Babək küçəsində nömrəsiz evdə yaşayan, barəsində Şabran rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış psixtrop maddə - metamfetaminin ayrı-ayrılıqda çəkiləri 0,235 qr, 0,271 qr, 0,243 qr, 0,047 qr, 0,076 qr, 0,052 qr, 0,050 qr, 0,031, 0,018 qr, 0,015 qr, 0,400 qr, 0,452 qr, ümumi təmiz çəkisi 1,890 qr təşkil edən 12 bükümünü əynindəki cins şalvarın və gödəkçənin sol yan ciblərinə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin ayrı-ayrılıqda çəkiləri 0,231 qr, 0,323 qr, 0,302 qr, 0,055 qr, 0,067 qr, 0,053 qr, ümumi təmiz çəkisi 1,013 qr təşkil edən 6 bükümünü isə başındakı papağın içərisinə yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış, 23 fevral 2022-ci il tarixdə saat 14 radələrində Şabran şəhəri M.Nəzirov parkında RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılmış, RPŞ-də üzərində keçirilmiş şəxsi axtarış zamanı sözügedən narkotik vasitə – heroin və sözügedən psixotrop maddə – metamfetamin ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, əvvəllər məhkum olunmamışdır, ailəli olub sonra boşanmış və 2 övladı vardır. Taksi qismində fəaliyyət göstərərək pul qazanır. 17 fevral 2022-ci il tarixdə Şabran rayonu “5 sotlar” yaşayış massivi kimi tanınan ərazidə olan zaman yerdə bir ədəd “Kent-4” markalı siqaret qutusunun olduğunu görmüşdür. O, həmin siqaret qutusunu yerdən götürərək onun içərisinə baxan zaman qutuda bir neçə bükümün olduğunu görmüşdür. Həmin vaxt o, bükümləri açaraq içərisinə baxmamışdır. Ətrafda heç kəsin onu görmədiyinə əmin olduqdan sonra həmin siqaret qutusunu cibinə qoyaraq oradan uzaqlaşıb yaşadığı evə gəlmiş və həmin bükümlərin içərisinə baxan zaman qutuda 06 ədəd büküm heroinin, 12 ədəd büküm metamfetaminin olduğunu görüb qutunu evin arxa hissəsindəki taxta qalaqlarının altında gizlətmişdir. 23 fevral 2022-ci il tarixdə isə həmin siqaret qutusunu cibinə qoyaraq tanışı Azərlə rayon mərkəzinə çay içməyə yollanmışdır. Təxminən bir neçə dəqiqə sonra isə polis əməkdaşları onu M.Nəzərov parkında saxlayaraq RPŞ-nə gətirmişlər. RPŞ-də onun üzərində şəxsi axtarış aparılan zaman 17 fevral 2022-ci il tarixdə Şabran rayon “5 sotlar” yaşayış massivində yerdən tapdığı ümumilikdə 18 ədəd bükümdə olan narkotik vasitələr onun üzərindən aşkar edilərək götürülmüş və o, həmin bükümlərin ona məxsus olmasını və satış məqsədilə üzərində saxlamasını səmimi olaraq etiraf etmişdir. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, ünvan 3 ünvanda yaşayır və 2 ildir ki, Şabran rayonu Yaşıllıq və Təmizlik idarəsində fəhlə kimi çalışır. Özü narkotik vasitə istifadəçisi deyil. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır və münasibətləri normaldır. 23 fevral 2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq görüşüb çay içməyi təklif etmiş və asudə vaxtı olduğundan Təqsirləndirilən şəxs təklifini qəbul etmişdir. Təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxsla Şabran şəhəri M.Nəzirov parkında bir yerdə əyləşərək söhbət edib çay içməyə başlamışlar. Təxminən 30-40 dəqiqə sonra çayxandan çıxaraq park ilə gedən zaman polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb onun narkotik vasitə satışında şübhəli olduğunu bildirərək onun RPŞ-nə getməli olduğunu bildirmiş və onlar birlikdə RPŞnə gəlmişlər. RPŞ-də onun da üstündə axtarış aparılmış, lakin heç nə aşkar edilməmiş, bundan sonra o, sərbəst evə buraxılmışdır. Təqsirləndirilən şəxs isə PŞ-də saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Bünyamin oğlu göstərdi ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Şabran şəhəri Babək küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması və satışı ilə məşğul olması ilə bağlı Şabran RPŞ-nin CAB-nə etibarlı mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat əsasında 23 fevral 2022-ci il tarixdə saat 14 radələrində Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3, Şahid4, PPXB-nün əməkdaşları – Şahid5 və Şahid6 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsidə Təqsirləndirilən şəxs Şabran şəhəri M.Nəzirov parkında saxlanılaraq RPŞ-nə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın və gödəkçənin sol yan ciblərindən ümumilikdə 12 ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamin və başına geyindiyi papağın içərisindən isə 06 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sözügedən psixotrop maddə və narkotik vasitələrin kimə məxsus olması soruşulduqda o, həmin bükümlərin onun özünə məxsus olmasını və satış məqsədilə üzərində saxladığını könüllü olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı X11, CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid4, RPŞnin PPXB-nün inspektoru, polis serjantı Şahid5 eyni məzmunlu ifadə verərək iş üzrə Şahid2 göstərdiyi halları təsdiq etmişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2022-ci il tarixli 6/1155 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,400 qr, 0,235 qr, 0,271 qr,0,452 qr, 0,243 qr,0,047 qr, 0,076 qr, 0,052 qr, 0,050 qr, 0,031 qr, 0,018 qr, 0,015 qr, ümumi təmiz çəkisi 1,890 qram (tədqiqata sərf edildi – 0,120 qram, qalıq – 1,770 qram) olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qr, 0,323 qr, 0,302 qr, 0,055 qr, 0,067 qr, 0,053 qr ümumi təmiz çəkisi 1,013 qram (tədqiqata sərf edildi – 0,060 qram, qalıq – 0,953 qram) olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2022-ci il tarixli 1797 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsp psixostimulyatorların qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi üzrə dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli 1085 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlu ünvan 6 ünvanda ailə üzvləri – atası X1, anası X2, bacısı X4 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2022-ci il tarixli 1103 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış, sakinlərə qarşı hörmətsizlik etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən, cavbadeh Təqsirləndirilən şəxs 29.10.2019-cu il tarixdən başlayaraq hər uşaq üçün ayda 110 manat sabit pul məbəlğində aliment tutulub 31.01.2012-ci il təvəllüdlü X5 və 17.08.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli 4(031)-9/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, 02 yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün aliment ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərində cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 1,770 qram olan psixotrop maddə metamfetamin və 0,953 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şabran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götrülmüş tədqiqatdan sonra qalıq qalan 1,770 qram olan psixotrop maddə metamfetamin və 0,953 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar