Məhkəmə qərarları › İş №1(031)-32/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-32/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-32/2023 21.06.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.2005-ci il tarixdə Şabran rayonunda anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən uzun müddət yaşayışın olmaması səbəbindən nəzarətsiz qalan Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək barədə əvvəlcədən plan qurmuş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə vahid niyyətlə 2022-ci il dekabr ayının axırlarında, saat 22 radələrində, sözügedən əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olub, evin həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə daxil olduqdan sonra evin giriş qapısının qarşısında olan dəmir materialından düzəldilmiş çəkisi təxminən 30 kiloqram ağırlığında 25 manat dəyərində olan 1 ədəd ayaqaltını və evin qapısını itələyərək açdıqdan sonra evin mətbəxinə qanunsuz olaraq daxil olmaqla mətbəxdə olan 10 manat dəyərində 1 ədəd “Meçta” markalı elektrikli(spiral) plitəni gizli olaraq talayıb oğurlamış, daha sonra həmin gündən 2-3 gün sonra, yəni 2022-ci ilin dekabr ayının axırlarında, saat təxminən 21 radələrində, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin olduğu əraziyə yenidən gəlmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin, həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə qanunsuz olaraq daxil olduqdan sonra həyətdə yerləşən hamama daxil olmaqla divardan asılmış dəyəri 80 manat olan 01 ədəd tutumu 24 litr olan ‘ Yağmur” markalı su qızdırıcısını, yenə həmin həyətdə olan 40 manat dəyərində “Stargaz” markalı stol üstü 01 ədəd 04 gözlü qaz plitəsini və 02 ədəd hər birinin tutumu 10 litr ümumi dəyəri isə 10 manat olan alüminium qazanları götürdükdən sonra evin qapısını itələyərək açmaqla qanunsuz olaraq içəri daxil olmuş, evin mətbəxindən 80 manat dəyərində "Ezer markaiı stoi üstü 01 ədəd 03 gözlü qaz plitəsini, evin qonaq otağından 01 ədəd dəyəri 20 manat olan “Eurolux” markalı ütünü və evin yataq otağından dəyəri 50 manat olan 01 ədəd “Orvica” markalı tozsoran olmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus 315 (üç yüz on beş) manat məbləğində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Özü heç bir yerdə işləmir. 2022-ci ilin dekabr ayının sonlarına yaxın Şabran şəhəri, N.Rəfibəyli küçəsində tək başına gəzirmiş. Bu zaman darvazasının rəngi metal rəngdə olan bir qapının qıfıllı olduğunu görmüşdür. Həmin gündən 3-4 gün sonra təxminən saat 22 radələrində yenidən həmin evin qapısının yanından keçəndə qapının yenə də bağlı olduğunu görmüş, buna görə də həmin evdə yaşayışın olmamasını fikirləşmişdir. Beləliklə, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Elə həmin günü, yəni 2022-ci ilin dekabr ayının sonlarında saat 22 radələrində əvvəl evin arxa tərəfinə keçmiş və ətrafda heç kimin olmamasına əmin olduqdan sonra hasardan tullanaraq evin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqda ilk əvvəl evin qarşısındakı dəmir ayaqaltı gözünə dəymiş, onu götürdükdən sonra isə evin giriş qapısına yaxınlaşmışdır. Evin qapısı taxta qapı olduğuna görə onu itələyərək açmış, evə daxil olduqda evin mətbəxində olan 01 gözlü elektrikli plitə götürərək çölə çıxmışdır. Ardınca isə elektrikli plitə ilə evin giriş qapısının qarşısındakı dəmir ayaqaltını götürərək gəldiyi kimi evin hasarını aşaraq oradan uzaqlaşmışdır. Oğurladığı avadanlıqları Şabran rayonu, Sincanboyad kəndində yol qırağındakı metal qəbul etmə sexinə 15 manata satmışdır. Həmin gündən təxminən 3 gün sonra yenidən həmin evdən oğurluq etmək qərarına gəlmiş, buna görə də yenidən 2022-ci ilin dekabr ayının sonlarında təkbaşına axşam saat 21 radələrində həmin əraziyə gəlmiş, bu səfər yenə də əvvəl daxil olduğu kimi hasardan tullanaraq həyətə daxil olmuş, həyətə daxil olduqda ilk əvvəl həyətdəki hamama daxil olaraq oradan 1 ədəd su qızdırıcısını açaraq götürmüş, daha sonra isə yenə həyətdə olan 02 ədəd alüminium qazanı və 01 ədəd 04 gözlü stol üstü qaz plitəsini götürərək evə daxil olmuşdur. Evə daxil olduqdan sonra otaqlara bir-bir baxmış, bu zaman isə evin qonaq otağından 01 ədəd ütünü, mətbəxdən 01 ədəd 3 gözlü qaz pilitəsini və 01 ədəd tozsoranı götürərək həyətə çıxmışdır. Oğurladığı avadanlıqlar çox olduğuna və o da tək olduğuna görə məcbur olub onları bir-bir çölə çıxartmışdır. Oğurladığı avadanlıqlardan əvvəl su qızdırıcı ilə pilitəni. daha sonra isə ütü, tozsoran və qazanları bir-bir yaşadığı evə aparmışdır. Həmin günün səhərisi günü isə su qızdırıcı ilə plitələri yenə də Şabran rayonu, Sincanboyad kəndində yol qırağındakı metal qəbul etmə- sexinə 15 manata satmış, ütü, tozsoran və qazanları isə həmin günü günorta saatlarında Şabran şəhərində yerləşən avtovağzalın qarşısında dayanmış dövlət qeydiyyat nişanını bilmədiyi “Qazel” markalı səyyar metal qəbul edənə 30 manata satmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır, özü heç bir yerdə işləmir. Ailəlidir və dörd övladı var. Artıq 10 ilə yaxındır ki, Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Bununla belə ailəsinə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evləri var. Həmin evdə də təxminən 10 ilə yaxındır ki, yaşayış yoxdur. Bununla belə arada-bir vaxtı olanda o və ya ailəsini digər üzvləri evə gələrək baş çəkirlər. Axırıncı dəfə Şabran rayonundakı evində 2022-ci ilin noyabr ayının əvvəllərində olmuşdur. 17 fevral 2023-cü il tarixdə qızı Aytac Atakişiyeva ilə birlikdə səhər saatlarında rayondakı evlərinə baş çəkməyə gəlmiş, darvazadan içəri daxil olduqda əvvəl hamama daxil olmuş, hamama girdikdə divardan asılmış tutumu 24 litr olan “Yağmur” markalı su qızdırtcısının yerində olmadığını görmüşdür. Daha sonra isə həyətə baxdıqda həyətdə stol üstü 1 ədəd 04 gözlü elektrikli qaz plitəsinin, evin qapısının qarşısındakı ağırlığı 30 kiloqram olan 01 ədəd ayaqaltı dəmirin və hər birinin tutumu 10 litr olan 2 ədəd alüminium qazanın yerində olmadığını görmüşdür. Ardınca isə evə daxil olduqda evin qonaq otağında olan 01 ədəd “Eurolux” markalı ütünün, yataq otağında olan 01 ədəd “Orvica” markalı tozsoranın, mətbəxdə isə üç gözlü elektrikli qaz plitəsinin və 1 ədəd 01 gözlü elektrik plitəsinin oğurlandığını aşkar etmişdir. Ardınca da baş vermiş oğurluqla bağlı DİN-nin 102 xidmətinə müraciət etmiş, müraciətindən sonra da polis əməkdaşları yaşadığı evə gələrək baxış keçirtmişdir. Polis şöbəsinə baş vermiş oğurluqla bağlı məlumat verdikdən bir müddət sonra polis şöbəsindən ona evindən oğurluq edən şəxsin Şabran şəhər sakini Təqsirləndirilən şəxs olmasını bildirmişlər. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Şabran rayonu. Dəvəçi kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və iki övladı var. 5 ilə yaxındır ki, Şabran rayonu, Sincanboyad kəndində yerləşən metai qəbul etmə sexində fəhlə kimi çalışır. Təqsirləndirilən şəxs Şabran rayon sakini kimi tanıyır, ancaq onunla heç bir münasibəti yoxdur. Bir neçə dəfə Elməddin sexə gələrək metal satmışdır. Elməddini də məhz bunun sayəsində tanımışdır. Elrnəddindən hər dəfə metal alanda ondan bu metalların oğurluq olub- olmadığını soruşmuşdur. Eynilə 2022-ci ilin dekabr ayının sonlarında Elmədin iki dəfə oimaqia sexə metai gətirmiş, birinci dəfə dəmir ayaqaltı ilə plitə olmuş, onları təxminən 15 manata almışdır. Bundan 2-3 gün sonra, 2 ədəd plitə ilə 1 ədəd köhnə su qızdırıcısını gətirmiş, onları da 10-15 manat aralığında almışdır. Hadisənin üzərindən xeyli müddət keçdiyinə görə metalların çəkisi və onları aldığı qiymət tam dəqiq yadında qalmır. Hər dəfə Elməddindən metal alan zaman ondan bunların oğurluq olubolmadığını soruşmuş, Elməddin də hər dəfə gətirdiyi metalların oğurluq olmadığını, onların özünə məxsus olduğunu söyləmişdir. O da Elməddinin Şabran rayon sakini olduğunu bildiyinə görə ona yalan danışacağını düşünməmiş və ondan qeyd edilən avadanlıqları almışdır. Cinayət işinə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. Şabran rayon məhkəməsinin xx.xx.2022- ci il tarixli 7(031 )-18/2022 saylı qərarına əsasən isə sonuncu barəsində “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə, ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilmiş, azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06(altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 il 06 ay sınaq müddətinə təyin olunmuş şərti cəzasını çəkib qurtarmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan 17 mart 2023-cü il tarixli 9/1387 nömrəli məhkəmə- əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən tutumu 24 litr olan “Yağmur” markalı su qızdırıcısının dəyəri 80 manat. 04 gözlü “Stargaz” markalı elektrikli qaz plitəsinin dəyəri 40 manat, hər birinin tutumu 10 litr olan alimınum qazanın biri 5 manat olmaqla 2 ədəd aliminium qazanların ümumi dəyəri 10 manat, “Eurolux" markalı ütünün dəyəri 20 manat, “Orvica” markalı tozsoranın dəyəri 50 manat. “Ezel” markalı üç gözlü elektrikli qaz plitəsinin dəyəri 80 manat, “Meçta” markalı 01 gözlü elektrikli pitənin dəyəri 10 manat olmaqla olmaqla yuxarıda göstərilən avadanlıqların ümumi dəyəri 290(iki yüz doxsan) manat təşkil etmişdir. Bundan əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən 1 ədəd çəkisi 30 kiloqram olan dəmir ayaqaltının dəyəri müəyyən edilə bilməmişdir. Cinayət işinə əlavə edilmiş 02 mart 2023-cü il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan da görürdüyü kimi Təqsirləndirilən şəxs psixnevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 1026 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 1027 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə heç bir qayda pozuntularına yol verməmişdir. Sakinlərə qarşı hörmətsizliklər etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(031)- 5/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 18 fevral 2023-cü il tarixdən hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahid ifadəsi ilə və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən 18 yaşı tamam olmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.13-cü maddələrinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, şərti məhkum edilmiş Təqsirləndirilən şəxs sınaq müddətində yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2 və 18.4.4-cü madələrinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li Qərarının 17-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökm çıxarıldığı gündən hesablanır. Məhkəmə cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəcinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halları və eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəzanı real çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən etməklə şərti tədbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 ay 03 gün müddəti ona təyin olunmuş azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq cəzadan çıxılmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədəmüvafiq hesab edir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Şabran rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Şabran rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 03 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 01 (bir) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tədbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar