Məhkəmə qərarları › İş №1(031)-33/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-33/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-33/2021 24.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkən şəxs Zərərçəkmiş şəxs Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1977-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç bir yerdə işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə saat 21:30 radələrində sərxoş vəziyyətdə yaşadığı ünvan 2 ünvanda yerləşən evə gələrək yataq xəstəsi olan atası Zərərçəkmiş şəxs pul tələb etmiş, sonuncu pul vermədikdə o, sonuncunun sinəsindən təpiklə, çiynindən yumruqla bir neçə dəfə zərbələr vuraraq sol bazunun, döş qəfəsinin hər iki yarısının, sağ çiyin qurşağının çoxsaylı qançırlarından, döş qəfəsinin hər iki yarısında yumşaq toxumaların əziyindən ibarət bədən xəsarətləri yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2019-cu ildə həyat yoldaşı ondan ayrılmışdır. Ailəsi dağılandan sonra spirtli içkiyə daha da çox qurşanmışdır. 26 aprel 2021-ci il tarixdə saat 19 radələrində dəmiryol stansiyasında yerləşən aptekdən aldığı 02 şüşə 95 % spirti 01 dənə şorqoğal və 01 alma alma ilə qəbul etmişdir. Saat 21:30 da evə gəlmiş, atası Qədir onun sərxoş halda olduğunu görüb “yenə də içmisən, rədd ol evdən” deyərək ona öz iradını bildirmişdir. Atası Qədir uzun müddətdir ki, yataq xəstəsidir onun ayağında şiş olduğu üçün gəzə bilmir. Bu vaxt atası ilə aralarında münaqişə baş vermiş, o, sərxoş olduğundan atasının yatdığı çarpayıda üzərinə yıxılmışdır. Atası ilə aralarında olan münaqişədən sonra atası DİN-in “102” xidmətinə zəng etmiş, ona görə də o, evdən qaçıb getmişdir. Həmin vaxt sərxoş halda olduğundan heç nə xatırlaya bilməmiş, etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, onun 4 övladı var, onlardan böyük oğlu Yadulla ailəsi ilə birlikdə ayrı yaşayır, digər oğlu Cavanşir və iki qızları – Misayə və Səmayə isə onunla bir evdə yaşayırlar. Oğlu Cavanşir 2013-cü ildə ailə qurmuş, lakin spirtli içki aludəçisi olduğu üçün ailəsi Cavanşirdən boşanmışdır. Cavanşir hər gün evə sərxoş halda gəlmiş, onu söymüş, ondan pul tələb edərək “mənə pul verməsən səni öldürəcəm” sözlərini demiş, hətta Cavanşir ondan pensiya kartını əlindən almaq da istəmişdir. O, uzun müddətdir ki, yataq xəstəsidir, ayaqlarında şiş olduğundan yeriyə bilmir. 26 aprel 2021-ci il tarixdə saat 21:30-da oğlu Təqsirləndirilən şəxs yenə də sərxoş vəziyyətdə evə gələrək onunla münaqişə etmiş, ondan pul tələb edərək “tez ol mənə pul ver araq alım içim” sözlərini demişdir. Hətta Cavanşir onun dünyasını dəyişmiş valideynlərinin goruna da söymüşdür. O, Cavanşirə pul vermədiyi üçün Cavanşir onun bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla vuraraq ona xəsarətlər yetirmişdir. Bu vaxt qızı Misayə səs-küyə gələrək Cavanşiri ondan güclə ayırmışdır. Belə olan halda o, DİN-nin “102” xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Oğlu Cavanşir onun DİN-nin “102” xidmətinə zəng etdiyini görüb evdən qaçıb getmişdir. Hazırda oğlu Cavanşirlə barışmaq fikiri yoxdur. Oğlu Cavanşir onun qoca və köməksiz vəziyyətindən istifadə edib onu döysüyündən Cavanşirə qanunla nəzərdə tutulmuş qaydada ciddi cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, qardaşı Cavanşir 2013cü ildə ailə qurmuş, lakin spirtli içki aludəçisi olduğu üçün ailəsi Cavanşirdən boşanmışdır. Cavanşir hər gün evə sərxoş halda gəlmiş, atasını söymüş, pul tələb edərək “mənə pul verməsən səni öldürəcəm” sözlərini demiş, hətta pensiya kartını da əlindən almaq istəmişdir. Atası Qədir uzun müddətdir ki, yataq xəstəsidir, ayaqlarında şiş olduğundan yeriyə bilmir. 26 aprel 2021-ci il tarixdə saat 21:30-da Cavanşir yenə də sərxoş vəziyyətdə evə gələrək münaqişə yaratmış, atasından pul tələb edərək “tez ol, mənə pul ver, araq alım içim” sözlərini demişdir. X8 pul vermədiyi üçün Cavanşir atasının qoca və köməksiz vəziyyətdə olmasına baxmayaraq, onun bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla vuraraq xəsarətlər yetirmişdir. Həmin vaxt o, öz otağından səs-küyə gələrək Cavanşiri güclə atasından ayırmışdır. Buna görə də atası DİN-nin “102” xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, Cavanşir isə evdən qaçıb getmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin 28 aprel 2021-ci il tarixli 66 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun, döş qəfəsinin hər iki yarısının, sağ çiyin qurşağının çoxsaylı qançırları, döş qəfəsinin hər iki yarısında yumşaq toxumaların əziyi bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda göstərdiyi vaxtda və şəraitdə, yəni 26 aprel 2021-ci il tarixdə döyülmə zamanı təpiklə, yumruqla vurulan çoxsaylı zərbələr nəticəsində alına bilərdi, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 08 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli 3062 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda ailə üzvləri – bacıları – X1 və X2, eləcə də valideynləri – atası Zərərçəkmiş şəxs və anası X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli 3063 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə ekspertizasının rəyi, eləcə də icraat materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasə Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, etdiyi əməldən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsini cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olduğunu nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar