Məhkəmə qərarları › İş №1(031)-33/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-33/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-33/2025 20.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1998-ci il tarixdə Dəvəçi rayonunun Rəhimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "X2" Məhdud Məsuliyyətli Cəmiyyətində nümayəndə (satış/kommersiya) vəzifəsində çalışan, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində, Şabran rayonunun Rəhimli kəndində yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs şillə və təpiklə vuraraq ona üzün sol yarısının və burnun yumşaq toxumalarının hematoma halında əziyi və baş beyin silkələnməsindən ibarət sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs ilə tanış olmuş, Aytac xx.xx.2023-cü il tarixdə öz razılığı ilə ona qaçmışdır. xx.xx.2024-cü il tarixdə Şabran rayonunda olan “Yaşıl Tac” restoranında toy məclisləri olmuşdur. Aytaca 01 (bir) komplekt qızıl-zinət əşyası, yəni 01 (bir) ədəd qızıl üzük, 01 (bir) cüt qızıl sırğa, 01 (bir) ədəd qızıl sep almış, Aytacın qardaşı Nurlan isə ona toy zamanı qızıl sep hədiyyə etmişdir. İlk əvvəl münasibətləri normal olmuş, daha sonra Aytacın bacısı ilə yazışmasında Aytacın ona yuxu dərmanı verməsini oxumuş və buna görə aralarında söz-söhbət olmuşdur. Buna görə onun valideynləri gələrək Aytacı başa salmışlar. Sonradan yenidən Aytacın bacısı onların şəkillərin icazəsiz sosial şəbəkədə paylaşdığı üçün aralarında yenidən narazılıq olmuşdur. Ailə olaraq anasına və Aytaca məxsus qızılları girov qoyaraq kredit götürərək və ona işə lazım olduğu üçün avtomobil almaq qərarına gəlmişlər. Aytac da buna razılıq vermişdir. xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində o, evə gəlmiş və anası ona Aytacın qızılları vermədiyini bildirmişdir. Aytacdan bunun səbəbini soruşduqda o, qızılları vermək istəmədiyini bildirmiş, ona heç nə demədən digər otağa keçmiş, bundan 1-2 saat sonra onun telefonuna baxmaq istədikdə Aytac, heç bir səbəb olmadan telefonu gizlətmək istəmişdir. O, telefonu almaq istədikdə Aytac ona 02 (iki) dəfə təpik atmış, buna əsəbiləşərək Aytacın üz nahiyəsinə 01 (bir) şillə vurmuşdur. Daha sonra o, divanda əyləşmiş, bundan sonra anası və atası da ora gəlmişdir. Nə səs-küy olduğunu soruşduqda valideynlərinə olanları danışmışdır. Sonra digər otağa keçmiş, daha sonra Aytacın bibisi Məleykə ona zəng etmişdir. Bundan sonra atası Aytacın atası Yaşar ilə danışmışdır. xx.xx.2025-ci il tarixdə Aytacın atası Yaşar, anası Yetər və bibisi Məleykə yaşadıqları evə gəlmişlər, həmin zaman o, evdə olmamışdır. Mübahisəyə Zərərçəkmiş şəxs mobil telefonunun ondan gizlətməsi olmuş, Aytacı vurmaq fikri olmamış, Aytacın ona təpik atmağı ona pis təsir etdiyi üçün əsəbiləşmiş və onun üz nahiyəsinə şillə ilə vurmuşdur. Zərərçəkmiş şəxs ilə mübahisəsi mətbəxdə olmuş, anası həmin zaman digər otaqda olmuş, ona bir şillə vurmuş, Aytac yerə yıxılmamış, anası mübahisə qurtardıqdan sonra ora gəlmişdir. Aralarında mübahisə olduqdan sonra qızılları yataq otağında masanın üzərində görmüş, növbəti gün səhər saatlarında işə getmiş, günorta evə gəldikdə Aytacın qızılları və şəxsiyyət vəsiqəsini götürərək getdiyi ona məlum olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edilib və Zərərçəkmiş şəxs ondan hər-hansı bir şikayət və ya tələbi yoxdur. Xahiş edir ki, bu halları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilərək onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şabran rayonu, Rəhimli kənd sakini Təqsirləndirilən şəxs ilə 2023-cü ilin mart ayında sosial şəbəkədə tanış olaraq onunla münasibətləri yarandığı üçün 2023-cü ilin dekabr ayında onunla birlikdə öz razılığı ilə qaçaraq Şabran rayonuna gəlib ailə həyatı qurmuşdur. xx.xx.2024-cü il tarixdə Şabran rayonunda “Yaşıl Tac” restoranında toy məclisləri olmuş, toy məclisində qardaşı ona qızıl klonlu sep hədiyyə etmiş, Təqsirləndirilən şəxs ailəsi isə 01 (bir) cüt qızıl sırğa, 01 (bir) ədəd qızıl boyunbağı, 01 (bir) ədəd qızıl qolbaq, 01 (bir) ədəd üzük hədiyyə etmişdir. Bundan əlavə ona 01 (bir) ədəd də qızıl nişan üzüyü hədiyyə edilmişdir. Daha sonra atası 8 Mart zamanı ona 01 (bir) cüt qızıl sırğa hədiyyə etmişdir. Ailə həyatı qurduqdan sonra qaynanası Könül və baldızı Gültəkin onun ailəsinə müdaxilələr etmiş, buna görə də ailə daxilində söz-söhbət olmuşdur. Təqsirləndirilən şəxs ilə aralarında mübahisələr olmuş, onu əri ilə aralarında söz söhbət olan zaman qaynanası Könül onun qızıllarını ondan almış, sonradan geri qaytarmışdır. xx.xx.2025-ci ildə qaynanası Könül ona qızı Gültəkinin əri Mənsurla birlikdə evə gəldiyini, qızılları onlara verməyini, qızılları Mənsur və Gültəkinin lombarda qoyaraq kredit götürəcəklərini, Əliyə avtomobil alacaqlarını demiş, o, buna razılıq verməmiş, aralarında mübahisə olmuş, mübahisə zamanı onlar boğazındakı qızıl sepi ondan istəmiş, zorla sepi boğazından açmaq istədikləri üçün o, onlar açmasın deyə özü sepi açıb onlara vermişdir. Bundan sonra o, incik düşərək pal-paltar qoyduğu şkafda olan 02 (iki) ədəd qızıl üzüyü, 02 (iki) cüt qızıl sırğanı, 01 (bir) ədəd qızıl qolbağı, 01 (bir) ədəd qızıl boyunbağını masanın üzərinə qoymuşdur. Əliyə bu barədə zəng edib dedikdə o, “əcəb edib götürüblər” demiş, axşam vaxtı mətbəxdə yenidən narazılığını bildirdikdə Əli onun üz nahiyyəsinə şillə vurmuş, o yerə yıxılmış, yerdə olan zaman üz nahiyyəsinə yumruq vurmuş, Bundan sonra bədəninin müxtəlif nahiyyələrinə təpik və şillə vuraraq onu döymüşdür. Burnundan qan açılmışdır. Qayınatası Qurban ora gələrək oğlu Əlini sakitləşdirmiş, qaynanası Könül isə ora gələrək “hamı döyülür də, qızıldı pul lazımdı almışıq niyə evdə dava salırsan” deyərək onu günahlandırmışdır. Atasına zəng edərək olanlar barədə məlumat vermiş, burnundan qan açılmağı ilə bağlı şəkilləri ailə üzvlərinə atmışdır. xx.xx.2025-ci il tarixdə atası Yaşar, anası Yetər, bibisi Məleykə Şabran rayonunun Rəhimli kəndinə gəlmiş, onlar baş verənləri öyrənəndən sonra və onun orada olan vəziyyətini gördükdən sonra polisə müraciət etmişlər. Təqsirləndirilən şəxs onu qızılları istədikləri üçün etiraz etdiyinə görə yaranmış mübahisə zamanı döymüş, nəticədə göz nahiyyəsində, burnunda, başında və bədənində xəsarət izləri yaranmışdır. Aralarında olan mübahisə zamanı o, Əliyə təpik atmamış, ona hər hansı xəsarət və ağrı yetirməmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmişdir və ona qarşı hər-hansı bir şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Əli 2023-cü ilin dekabr ayının 10-da Aytac adlı qadını evlənmək məqsədi ilə Aytacın öz razılığı ilə “qaçırmış”, daha sonra xx.xx.2024-cü ildə onların Şabran rayonunda “Yaşıl Tac” restoranında toy məclisi olmuşdur. İlk əvvəl oğlu və gəlinin münasibəti normal olmuşdur. Oğlu Əliyə avtomobil almaq üçün kredit götürmək lazım olmuş və bu krediti yeznəsi Mənsur götürməliymiş. Buna görə də gəlini Aytac ilə söhbət edərək ona bu barədə dedikdə o, qızılları verməyə razılıq vermiş, xx.xx.2025-ci il tarixdə qızı Gültəkin və onun əri Mənsuru evə çağırmış, onlar gələnə yaxın Aytaca qızılları gətirməsini demiş, Aytac, ona yalandan Əlinin qızılları verməyə icazə vermədiyini demişdir. Oğlu Əliyə zəng etmək istədikdə isə, Aytac “zəng etmə mən vermək istəmirəm” demişdir. Ona görə öz qızıllarını pilləkəndə dayanan Mənsura və qızı Gültəkinə vermişdir. Aytac qızılları gətirsə də, götürməmiş, həmçinin həyətdə dayanan Mənsur ehtiyac olmadığını, onun özünə məxsus olan Mənsura verdiyi qızılların bəs edəcəyini demişdir. Həmin tarixdə axşam vaxtı evdə digər otaqda oturmuş, mətbəxdən səs-küy gəldiyini eşitmiş, mətbəxə getmiş, Əli və Aytacın divanda oturduğunu görmüşdür. Əlidən nə olduğunu soruşduqda Aytacın telefonuna baxmaq istədikdə ona təpik atdığını demiş, bundan sonra yoldaşı Qurban ora gəlmiş, Əli ona dediklərin Qubrana da demişdir. Zərərçəkmiş şəxs 01 (bir) cüt qızıl sırğa, 01 (bir) ədəd qızıl sep, 01 (bir) ədəd qızıl üzük hədiyyə etmiş, öz ailəsi isə ona 01 (bir) ədəd qızıl sep hədiyyə etmişdir. Zərərçəkmiş şəxs evdə qızıl taxmamış, onun boğazından sepi açmaq istəməmiş, qızı Gültəkin heç evə girməmiş, o, özünə məxsus qızılları Mənsur və Gültəkinə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmaqlarına baxmayaraq məhkəmə iclasında iştirak etməmələri və proses iştirakçılarının onların iştirakı olmadan məhkəməyədək icraat zamanı verdikləri ifadələr elan edilərək işə baxılmasına etiraz etməmələri səbəbi ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 329cu maddəsinə əsasən məhkəməyədək icraat zamanı verdikləri ifadələr elan edilmiş Şahid3 və Şahid4 da eyniməzmunlu ifadə verərək Təqsirləndirilən şəxs və Şahid1 ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, qızı Aytac Şabran rayon sakini Əli adlı şəxslə 2023-cü ilin dekabr ayında ailə qurmaq məqsədi ilə qaçmış, xx.xx.2024-cü il tarixdə Şabran rayonunda “Yaşıl Tac” restoranında onların toy məclisi olmuşdur. Toy məclisində qızına hər iki ailə tərəfindən qızıl-zinət əşyaları hədiyyə edilmiş, daha sonra o, 8 Mart zamanı qızma 01 (bir) cüt qızıl sırğa hədiyyə etmişdir. xx.xx.2025-ci ildə evdə ona qızı Aytacın Şabran rayonunda ər evində döyüldüyünü, xəsarətlər aldığını deyilmiş, ona “WhatsApp” sosial şəbəkəsində qızının burnu qanamış vəziyyətdə və digər üz xəsarətləri olan şəkilin atılmışdır. Bundan sonra o, qudası Qurbana zəng edərək nə olduğunu soruşmuş, Qurban ona heç nə olmadığını, ailə münaqişəsi olduğunu bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Yetər və bacısı Məleykə ilə birlikdə qızının yaşadığı Şabran rayonunun Rəhimli kəndinə getmiş və qızının üzündə xasərətlər olduğunu görmüşdür. Aytac ona burada qala bilmədiyini, incidildiyini, qızıllarının məcburi əlindən alındığını bildirmiş, bu barədə Qurbandan soruşduqda o, günahı qızı Aytacın üzərinə atmış, ona “sənin qızın kimdir ki, gəlib mənim qızımı incidir, onun qızıllarını götürür” dedikdə Qurban əsəbiləşərək əlini masaya çırparaq ondan onun qızının adını hallandırmamağı tələb etmiş, bundan sonra onlar polisə ərizə ilə müraciət etmişlər. Qızı Zərərçəkmiş şəxs göz nahiyyəsində, burnunda, başında və bədənində xəsarət olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid7 da Şahid5 ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarından olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş 07 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində üzün sol yarısının və burnun yumşaq toxumalarının hematoma halında əziyi və baş beyin silkələnməsi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (cinayət işinin İ cildinin 15-16-cı vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cinayət işinin İ cildinin 47-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 62-63-cü vərəqələri). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ondan heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. -Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, CMin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və tərəflərin cinayət işi üzrə icraata xitam verilməsi barədə müraciətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və CPM-in 39.1.8, 43.1.2, 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərar tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqaıyt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar