Məhkəmə qərarları › İş №1(031)-34/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-34/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-34/2021 25.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda “Kent” markalı siqaret qutusunda dörd ədəd bükümdə müvafiq olaraq çəkiləri 0,140 qram, 0,049 qram, 0,063 qram və 0,047 qram olmaqla ümumi təmiz çəkisi 0,299 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini və üç ədəd bükümdə müvafiq olaraq çəkiləri 0,059 qram, 0,073 qram və 0,073 qram olmaqla ümumi təmiz çəkisi 0,205 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əyinindəki qara rəngli gödəkçənin sol yan cibinə yerləşdirməklə qanunsuz olaraq saxlamış, 17 fevral 2021-ci il tarixdə saat 20 radələrində Şabran şəhəri H.Əliyev prospektində yerləşən “Rauf Şabran” adlanan aptekin qarşısında Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı saxlanılmış və sözügedən narkotik vasitə və psixotrop maddə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda yaşayır və heç bir yerdə işləmir. Təxminən 2 ildir ki, əldə etdikdə narkotik vasitələrdən istifadə edir. 17 fevral 2021-ci il tarixdə saat 20 radələrində tanışı Şahid1 ilə birlikdə Şabran şəhəri H.Əliyev prospektində yerləşən “Rauf Şabran” adlanan aptekə dərman almaq məqsədilə ilə getmişdir. Aptekə çatdıqda Şahid1 dərman almaq üçün aptekə daxil olmuş, o isə küçədə dayanaraq sonuncunu gözləmişdir. İnarı gözləyən zaman yerdə bir ədəd “Kent” markalı siqaret qutusunu görmüş və həmin siqaret qutusunu yerdən götürərək içərisində siqaret və narkotik vasitə olduğunu görüb həmin qutunu əyinindəki qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Bundan təxminən 1-2 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşaraq onu Şabran rayon polis şöbəsinə dəvət etmişlər. Aptekdən çıxan tanışı İnarla birlikdə polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Şabran rayon polis şöbəsinə getmişlər. Şabran rayon PŞ-də olan iş otaqlarının birində hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkil Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əyinində olan qara rəndli gödəkçəsinin sol yan cibindən “KENT” markalı siqaret qutusunun içərisindən 05 ədəd siqaret, 02 ədəd qara rəngli siqaretin kağızına bükülmüş bükülü, 01 ədəd 20 manatlıq pul əskinazı və 01 ədəd üzərində qara rəngli maye olan falqa aşkar olunmuşdur. Aşkar olunmuş 02 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülünü açdıqda içərisində 03 ədəd qara rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə və digər bükülü açıldıqda isə içərisində 04 ədəd bükümdə siqaretin sarı rəngli kağızına bükülmüş narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni yerdən tapmış və istifadəsi üçün cibinə qoymuşdur. Aşkar edilmiş həmin narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr bir ədəd zərfə qoyulmuş və bu barədə protkol tərtib edildikdən sonra imzalarla təsdiq edilmişdir. Tapdığı narkotik maddələri cibinə qoyub gəzdirdiyinə görə etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Şabran şəhər sakini Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır və onunla münasibəti həmişə yaxşı olmuşdur. 17 fevral 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxaraq tanışı Təqsirləndirilən şəxsla görüşüb və onunla birlikdə Şabran şəhəri H.Əliyev propektində yerləşən “Rauf Şabran” adlanan aptekə dərman almaq üçün getmişdir. Özü dərman almaq üçün içəri daxil olmuş, Əzəmət isə aptekin qarşısında küçədə onu gözləməyə başlamışdır. Aptekə daxil olduqdan 1-2 dəqiqə sonra küçədən səs gəlməsini eşidib və buna görə də aptekdən küçəyə çıxmışdır. Aptekin qarşısında polis əməkdaşlarının Əzəmətə yaxınlaşaraq onu polis şöbəsinə dəvət etdiklərini görüb onlara yaxınlaşmışdır. Polis əməkdaşlarına Əzəmətlə bağlı sual vermək istəyərkən polislər onu da Əzəmətlə birlikdə Şabran rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etməyərək birlikdə Şabran rayon polis şöbəsinə getmişdir. RPŞ-nin iş otaqlarının birində onun üzərinə keçrilmiş baxış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır ki, bu barədə də müvafiq protokol tərtib edilmişdir. Onunla birlikdə polis şöbəsinə gəlmiş tanışı Təqsirləndirilən şəxs üzərindən isə narkotik vasitə və psixotrop maddə aşkar olunmuş, lakin həmin predmetlərdən onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin PPXT-nın manqa komandiri işləyən, polis baş serjantı Şahid2 göstərdi ki, 17 fevral 2021-ci il tarixdə saat 20 radələrində RPŞ-nin PPXT-nın polis nəfərləri, polis serjantları – Namiq Ağayev, İsmayıl Əlicanov və Savalan Məhərrəmovla birlikdə Şabran şəhəri H.Əliyev prospektində xidmətdə olduqları zaman “Rauf Şabran” adlanan aptekinin qarşısında iki nəfər şəxsin özlərini şübhəli aparmaları onların diqqətini cəlb etdiyinə görə həmin şəxsləri saxlayaraq Şabran rayon PŞ-nə gətrilmişlər. RPŞ-də həmin şəxslərin Şabran şəhər sakini 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və 1992-ci il təvəllüdlü Şahid1 olması məlum olmuşdur. RPŞ-nin İstintaq bölməsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə vidoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməyərək razılıq verdikdən sonra onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əyinindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir qutu “Kent” markalı siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusu açıldıqda onun içərisində 05 ədəd siqaret, bir ədəd 20 manatlıq pul əskinazı, eləcə də 07 ədəd bükülünün olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin bükümlər açıldıqda onların dördünün içərisində qəhvəyi rəngli tozşəkilli kütlələrin, üçünün içərisində isə ağ rəngli tozşəkilli kütlələrin olması müəyyən edilmişdir. Həmin nakotik vasitəyə bənzər kütlələrin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda o, həmin siqaret qutusunu Şabran şəhəri H.Əliyev prospektində yerləşən “Rauf Şabran” adlanan aptekinin qarşısında bir neçə dəqiqə əvvəl təsadüfən tapdığını və sonra cibinə qoyduğunu bildirmişdir. Həmin 07 ədəd siqaret kağızlarına bükülmüş bükümlər müdafəçinin və digər şəxslərin iştirakları ilə ayrı-ayırıqda zərflərə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edildikdən sonra müvafiq şəxslərin imzaları ilə təsdiq edilmişdir. Şahid1 üzərinə keçirilmiş baxış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşı X2 iş üzrə Şahid2 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2021-ci il tarixli 6/721 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 nömrəli zərfin içərisində dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,140 qram, 0,049 qram, 0,047 qram və 0,063 qram olmaqla ümumi təmiz çəkisi 0,299 qram (tədqiqata sərf edildi – 0.080 qram, qalıq – 0.219 qram) olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 02 nömrəli zərfin içərisində üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,073 qram və 0,073 qram olmaqla ümumi təmiz çəkisi 0,205 qram (tədqiqata sərf edildi – 0.060 qram, qalıq – 0.145 qram) olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixiatrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən ambulator məhkəmə-narkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli 763 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərikbində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli 1275 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qardaşı X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli 1280 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli tutma protokolundan, eləcə də 19 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2021-ci ildən 19 fevral 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 0.219 qram narkotik vasitə olan heroin və tədqiqatdan sonra qalıq qalan 0,145 qram psixotrop maddə olan metamfetamin, bir qutu “Kent” markalı siqaret məhv edilməli, 20 manatlıq pul əskinazı isə Respublika büdcəsinə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81 manat 82 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 0.219 qram narkotik vasitə olan heroin və tədqiqatdan sonra qalıq qalan 0,145 qram olan psixotrop maddə olan metamfetamin və bir qutu “Kent” markalı siqaret məhv edilsin, 20 manatlıq pul əskinazı isə Respublika büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 manat 82 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar