Məhkəmə qərarları › İş №1(031)-34/2022

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-34/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-34/2022 25.05.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 14 avqust 1982-ci il tarixdə Şabran rayonu, Uzunboyad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-də maşinist işləyən, Şabran rayonu, Uzunboyad kəndində daimi qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə saat 16 radələrində arvadı Zərərçəkmiş şəxs ilə yaşadığları evdə aralarında şəxsi münasibətlər zamanı yaranmış mübahisə zamanı sonuncunu armatur, ağac və yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq üzün sağ yarısının xətti sıyrığından, sağ kürək, sağ kürəkaltı, sağ said, sol bud nahiyəsinin yumşaq toxumalarının əziyindən ibarət olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 16 aprel 2022-ci il tarixdə o, həyətdə iş görərkən anası öz evlərindən onu çağırmış, o, anasının yanına getmiş, anası ona 20 manat pul çıxardıb vermişdir ki, siqaret pulu edər, o, pulu cibinə qoyub evə gəlmişdir, arvadı Esmira da həyətdə yemək yediyindən sonuncudan nə yediyini soruşmuş, arvadı ona “mən səndən soruşuram ki, hardan gəlirsən” deyə cavab vermişdir. O, Esmiraya “bir kəlmə söz idi soruşdum” deyərək əsəbindən Esmiranın qarşısında olan digər yemək boşqabını götürüb stolun üstünə çırpmışdır, kənarda yerdə olan çubuğu əlinə alaraq kürəyindən Esmiranın bir dəfə vurmuşdur, arvadı Esmira evə getmişdir, o, həyətdə iş görüb qurtarandan sonra baxmışdır ki, arvadı evdə yoxdur, bu zaman bibisi oğlu ona zəng edərək “Esmira bizdədir, gətirirəm” demişdir. Biraz keçəndən sonra bibisi oğlu ona Esmiranı darvazada düşürdüyünü demişdir. Esmira darvazadan içəri girməyərək çıxıb atası evinə getmişdir. O, ata və anasına zəng etmişdir, valideynləri də ona “biz gəlib özümüzü biyabır edə bilmərik” sözlərini demişlər. Sonra o, Esmiraya aid olan əşyaların hamısını yığıb aparıb Şabran şəhərində həyətlərinə boşaldıb qayıtmışdır. O, Esmiranı çubuqla döyməmişdir. Etdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, 2007-ci il tarixdə Şabran rayon Uzunboyad kənd sakini Təqsirləndirilən şəxs ad-soyadlı şəxslə ailə qurmuş, hazırda 02 uşağları var. Ağacanla ara-sıra aralarında söz-söhbətləri yaranırmış, o, ailəsinin dağılmaması üçün əhəmiyyət verməmiş, təxminən bir ay bundan öncə onun əri Ağacanla söz-söhbəti yenə yaranmışdır. Həmin vaxt qaynı Tural barəsində nalayiq ifadə işlətdiyi üçün o, polis şöbəsinə müraciət etmişdir. Ona görə də uşaqları ilə birlikdə xalası evinə getmiş, Ağacan həmin vaxt atasının yanına gələrək bir daha belə hadisənin baş verməyəcəyini vəd edib atasından xahiş etmişdir ki, onu evə qaytarsın. Həmin vaxt Ağacanın qohumu gəlib onu xalasının evindən Uzunboyad kəndinə aparmışdır. Həmin vaxtdan sonra yenə də Ağacan sakit qalmamış, hər zaman onu təhqir etmiş, sonuncu dəfə 16.04.2022-ci il tarixdə saat 16 radələrində o, öz yaşadığı həyətdə evin qarşısında çörək yeyən zaman eşitmişdir ki, Ağacanı atası çağırmışdır, Ağacan getmişdir, təxminən 20 dəqiqədən sonra geri dönmüşdür, ona yaxın gəlib nə yediyini xəbər almışdır, o isə Ağacana “görmürsən nə yeyirəm” demişdir, onun bu sözündən sonra Ağacan stolun üzərində olan boş bankanı götürüb ona atmışdır, o, bankanın qarşısından yayınmış, banka divara dəyərək parçalanmışdır, həmin şüşə qırıntılarından bir parçası onun sifətinin sağ hissəsinə dəyərək cızmışdır, sonra Ağacan onun yemək yediyi boşqabı götürüb onun başına çırpmışdır, Ağacan yerdən çubuq götürərək arxadan kürəyinə və ayaqlarına bir neçəsini vurmuşdur, sonra Ağacan yerdən təxminən 1 metr uzunluğunda dəmir armaturu götürüb onunla da onun kürəyinə və arxadan ayaqlarına vurmuşdur, o, Ağacana müqavimət göstərə bilməmişdir, həmin vaxt azyaşlı uşağı da evdə olmuş, uşaq çığıranda Ağacan ona sonda bir yumruq vuraraq kənarlaşıb ona sınmış şüşələri həyətdən yığışdırmasını demişdir. Ağacan kənarlaşanda o, Ağacandan xəlvət həyətdən çıxaraq qonşuya getmişdir, orda təxminən 5 saatdan artıq qalmış, sonra Şabran şəhərində yaşayan atası evinə gələndə görmüşdür ki, qaynatası ona aid olan əşyalarını gətirib atasının həyətinə tökmüşdür. Səhəri gün bədəni ağrıdığından o, Şabran rayon xəsatəxanasına müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə də təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, ailəlidir, 03 uşaq anasıdır, hazırda sosial təqaüd alır. Böyük oğlu ailəlidir, Bakı şəhərində yaşayır, ortancıl oğlu Ağacan ailə qurmuş, həyətin bir hissəsində özünə ev tikib yaşayır, kiçik oğlu isə ailə qurub onunla birlikdə yaşayır. Ağacan 15 ildən artıqdır ki, Şabran şəhər sakini Esmira adlı qadınla ailə qurub 02 uşaqları vardır. Gəlini onlara gələn gündən demək olar ki, hər vaxt söz-söhbətləri, narazılığları yaranmışdır, dözürmüşlər, 2017-ci il tarixdə oğlu Ağacan artıq dözə bilməyib Esmiradan rəsmi olaraq boşanmışdır, lakin boşansalar da yenə də bir yerdə yaşamışlar. Ancaq yenə də söz-söhbətləri hər vaxt olmuşdur. 16.04.2022-ci il tarixdə o, həyətdə olarkən yavaşca oğlu Ağacanı çağıraraq onun imkanının olmamasını nəzərə alıb xəlvəti ona 20 manat pul vermiş, oğlu gedəndən sonra həyətdə görmüşdür ki, onların arasında yenə də söz-söhbətləri yaranmışdır, baxmışdır ki, oğlu Ağacan Esmiraya iki çubuq vurmuşdur, gəlin qaçaraq həyətdən çıxmışdır, hara getdiyindən məlumatları olmamışdır. Sonradan eşitmişlər ki, Esmira Ağacandan şikayət edib. O, dəfələrlə Esmiranın valideyinlərinə qızları barədə müraciət etsə də Esmiranın valideyinləri onlara “qızımız Esmiranın öhdəsindən gələ bilmirik” sözlərini demişlər. Hazırda oğlu Ağacanla gəlini barışmış, onlar bir yerdə yaşayırlar. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin 27.04.2022-ci il tarixli 65 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – üzün sağ yarısının xətti sıyrığı, sağ kürək, sağ kürəkaltı, sağ said, sol bud nahiyəsinin yumşaq toxumalarının əziyi bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda göstərdiyi vaxtda və şəraitdə, yəni 16.04.2022-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 04 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Şabran RİH Başçısının Uzunboyad İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli 152 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Uzunboyad kəndində ailə üzvləri – atası X1, anası Şahid və qardaşı X2 ilə birlikdə yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Şabran RİH Başçısının Uzunboyad İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci ildən "xxxx" Açıq səhmdar cəmiyyətinin Şabran Su-Kanal idarəsində çilingər vəzifəsində işləyir. O, iş vaxtlarından sonra kənd içərisində kimə kömək lazımdı, kimin nə işi var bir insan kimi hamının təsərrüfat işlərində köməkçi olmuşdur. Həmişə fərqlənmiş, yaşıdları arasında hörməti vardır. Hal-hazırda Şabran Su kanal idarəsində işləyir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, MSİ materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən hər hansı bir tələbi olmadığından, eləcə də hazırki MSİ materialı üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və MSİ materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar