Məhkəmə qərarları › İş №1(031)-35/2020

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-35/2020

29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-35/2020 29.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə indiki Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 4 (dörd) ədəd çətənə (kannabis) bitkisinin toxumlarını Şabran şəhəri Nizami küçəsində yerləşən evinin həyətyanı sahəsində evin giriş qapısından 3 metr aralı, göyəm ağacının altında, əvvəlcədən hazırladığı təxminən 20 m2 torpaq sahəsində 2020-ci ilin may və iyul aylarının əvvəllərində qanunsuz olaraq əkmiş, bu toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan 4 ədəd çətənə (kannabis) bitkisinin şitillərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, xx xxxxxx 2020-ci il tarixdə Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı ümumi çəkisi 95 qram təşkil edən tərkibində narkotik maddələr olan həmin çətənə (kannabis) bitkiləri aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda həyat yoldaşı Aygün Babayeva, anası Böyükxanım Babayeva və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olub öz ailəsini dolandırır. Təxminən 6 aydır ki, narkotik vasitə olan nəşədən istifadə edir. Təxminən 2020-ci ilin aprel ayının axırlarında Şabran şəhəri, Nizami küçəsində yerləşən avtomobillərin yuyulması məntəqəsinin qarşısı ilə yaşadığı evə gedən zaman yolun kənarından sellofan paketin içərisindən 4 ədəd nəşə toxumu tapıb onları əkib becərmək məqsədilə özündə saxlamışdır. 2020-ci ilin may ayının əvvəllərində tapdığı həmin çətənə bitkisinin toxumlarından 1 (bir) ədədini, digər 3 (üç) ədədini isə iyul ayının əvəllərində özü istifadə etmək üçün yaşadığı evin həyətində yerləşən torpaq sahəsində göyəm ağacının altında əkib onlara mütamadi olaraq qulluq etmişdir. O, həmin toxumdan əmələ gələn nəşə kollarına qulluq edərək onları mütamadi olaraq suvarmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində ona məxsus torpaq sahəsindəki evində olan zaman Şabran rayon PŞ-nin əməkdaşları oraya gələrək həyətyani torpaq sahəsinə baxış keçirmək istədiklərini ona bildirmişlər. O, buna etiraz etməyərək öz razılığı ilə polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət etmişdir. 2 nəfər hal şahidi, aqronom və polis əməkdaşlarının iştirakları ilə keçirilən baxış zamanı həmin torpaq sahəsində giriş qapısından 3 metr aralıda göyəm ağacının altında əkdiyi 4 ədəd narkotik tərkibli bitki kolları aşkar edilərək götürülmüşdür. Bundan sonra baxışda iştirak edən şəxslərin iştirakı ilə əkdiyi 4 ədəd bitki kollarının hər birinin uzunluğu ölçülmüş və uzunluqları 28, 44, 45 və 149 sm olmaqla onların ümumi çəkisi elektron tərəzidə çəkilərkən 350 qram olması müəyyən olunmuşdur. Həmin narkotik tərkibli bitki kolları onun, hal şahidlərinin, aqronomun və digər şəxslərin iştirakları ilə qablaşdırılaraq paketə qoyulmuş, sonra bu barədə müvafiq protokol tərtib olunmuş və protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Hazırda etdiyi əməldən peşmandır. Xahiş edir ki, onun ailə vəziyyəti, himayəsində iki nəfər uşağının olması nəzərə alınsın və ona yüngül cəza verilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, Şabran şəhəri, Nizami küçəsində öz ailəsilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub öz ailəsini dolandırır. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində o, Şabran şəhəri, Nizami küçəsində yerləşən çayxanadan çıxıb yaşadığı evə gedən zaman yolda mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirərək keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ondan xahiş etmişlər. O, buna etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şabran şəhəri, Nizami küçəsində yaşayan, qonşusu Təqsirləndirilən şəxs məxsus evin torpaq sahəsinə gəlmişdir. Bundan sonra həmin yerə başqa bir şəxs də hal şahidi qismində dəvət olunmuş və orada ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı meyvə ağaclarının arasına Bəhruzun və orada olan digər şəxslərin iştirakı ilə baxış keçirəcəklərini onlara bildirmişdir. Bundan sonra baxışda iştirak edən polis işçilərinin, digər hal şahidinin, aqronomun və başqa şəxslərin iştirakları ilə onun yaşadığı evin torpaq sahəsinə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısından təxminən 3-4 metr aralı, göyəm ağacının altında əvvəlcədən hazırladığı torpaq sahəsindən 4 ədəd narkotik vasitəyə bənzər bitki kolları aşkar edilərək götürülmüşdür. Həmin bitki kollarının hər birinin uzunluğu iştirakçıların gözləri önündə ölçülmüş və uzunluqları 28, 44, 45 və 149 sm olmaqla onların ümumi çəkisi elektron tərəzidə çəkilərkən 350 qram olması müəyyən olunmuşdur. Bundan sonra X7 Mərkəzinin rəis əvəzi Rəşid Hacıyev də həmin bitkilərə baxış keçirdikdən sonra onların narkotik tərkibli bitkilər olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin bitki kolları baxışda iştirak edən şəxslərin iştirakları ilə qablaşdırılaraq paketə qoyulmuş, bu barədə müvafiq protokol tərtib olunmuş və protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərilənləri təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran rayon RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Şabran şəhəri, Nizami küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə kollarını əkib-becərməsi barədə etibarlı və qərəzli mənbədən daxil olmuş məlumata əsasən polis əməkdaşları – polis baş leytenantı Şahid2, polis baş leytenantı Rəşad Məhərrəmov və polis baş serjantı Əmralı Rzayevlə birlikdə məlumata əsasən həmin ünvana getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin evdə olduğunu müəyyən edib ona yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirdikdə sonuncu, buna heç bir etiraz etməyərək onları evin həyətinə dəvət etmişdir. Həmin evin həyətyanı sahəsinə baxış keçirilməzdən əvvəl oraya 2 nəfər hal şahidləri dəvət olunmuş, həmin hal şahidlərinə hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra hal şahidləri, aqronom və digər şəxslərin iştirakları ilə Təqsirləndirilən şəxs məxsus evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Bəhruzun yaşadığı evin giriş qapısından təxminən 3-4 metr aralı, göyəm ağacının altında əvvəlcədən hazırladığı torpaq sahəsində 4 ədəd narkotik tərkibli bitkilərə bənzər kollar aşkar edilmişdir. Ev sahibi Təqsirləndirilən şəxs həmin kolların narkotik tərkibli bitkilər olduğunu deyərək onları təxminən 2 ay əvvəl öz istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində əkdiyini bildirmişdir. Sonra həmin aşkar olunmuş narkotik tərkibli bitkilərə bənzər kolların uzunluğu ölçülmüş və hər birinin ayrı-ayrılıqda uzunluğu 28, 44, 45 və 149 sm olması müəyyən olunmuşdur. X7 Mərkəzinin rəis əvəzi Rəşid Hacıyev də həmin bitkilərə baxış keçirdikdən sonra onların narkotik tərkibli bitkilər olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 4 ədəd narkotik vasitəyə bənzər bitki kolları iştirakçıların və hal şahidlərinin iştirakı ilə götürülüb elektron tərəzidə çəkilərkən onların çəkisinin təxminən 350 qram olması müəyyən olunmuşdur. Həmin bitki kolları hal şahidlərinin və digər şəxslərin iştirakları ilə qablaşdırılaraq paketə qoyulmuş, bu barədə müvafiq protokol tərtib olunmuş və protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş RPŞ-nin polis əməkdaşları – Şahid2 Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/484 saylı rəyilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş ümumi sayı 04 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 95 qram olan (tədqiqata sərf edildi 0.08 qram, qalıq 94,92 qram) bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2200 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 3517 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailə üzvləri – anası Babayeva Böyükxanım Comərd qızı, arvadı X5 və uşaqları – 2010-cu il təvəllüdlü X1 və 2008-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 3519 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ seriyalı 088846 saylı ölüm haqqında şəhadətnamənin surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon Bölməsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 395 saylı arayışdan görünür ki, 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qardaşı xx.xx.1973-cü il təvəllüdlü X2 xx xxxxxx 1993-cü il tarixdə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan, eləcə də xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün etirafedici ifadəsilə yanaşı şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, eləcə də şəhid ailəsi olmasını da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 2 saylı ünvanda yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin Narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 82 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqlərindən sonra istintaqa qaytarılmış ümumi sayı 04 ədəd təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq 94.92 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı Şabran şəhəri Nizami küçısi 3 saylı ünvanda yerləşən yaşayış evini axşam saat 23:00-dən səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin Narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə məsrəfi hesab olunan – aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69,82 manat (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş – Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış ümumi sayı 04 ədəd, təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq 94.92 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar