Məhkəmə qərarları › İş №1(031)-35/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-35/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-35/2021 05.08.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respeublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunan və məhkumluğu ödənilməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki yaşayan, barəsində Şabran rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 17-20 dekabr 2020-ci il tarixlərin birində saat 18 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin həyətində tikilmiş iki otaqdan ibarət yardımçı tikiliyə - saxlanc yerinə dəmir qapının üzərində olan kilidi sındırmaqla qanunsuz daxil olaraq oradan 01 ədəd 40 manat dəyərində “CANDAN” markalı ütü dəstini (santexnik), 01 ədəd 25 manat dəyərində “ROYCE” markalı dreli, 08 ədəd hər biri 0,40 manat dəyərində müxtəlif ölçülü drelə aid burğu acanı, 01 ədəd 12 manat dəyərində plastmas yapışdıran ütü və şamları, 01 qutu 05 manat dəyərində 16-lıq skobu, 01 ədəd 50 manat dəyərində laqondanı, 04 ədəd – 01 ədədi 01 manat olmaqla cəmi 04 manat dəyərində laqondaya aid olan mişarları, 01 ədəd 07 manat dəyərində eynəyi, 01 ədəd 35 manat dəyərində dreli, 01 dəst 20 manat dəyərində dəmir açarı, 01 ədəd 12 manat dəyərində qaz açarını, 02 ədəd – 01 ədədinin qiyməti 07 manat olmaqla cəmi 14 manat dəyərində patron açarlarını, 01 ədəd 08 manat dəyərində dəmirkəsən mişarı, 01 ədəd 10 manat dəyərində dəmirkəsən qayçını, 01 ədəd 3 manat dəyərində çəkici, 01 dəst 08 manat dəyərində kəlbətini, 02 ədəd – 01 ədədi 02 manat olmaqla cəmi 04 manat dəyərində elektrik ölçən vintacanı, 01 ədəd 20 manat dəyərində 25 metr uzunluqda naqili olan elektrik ötürücüsünü, 30 metr uzunluğunda – 01 metrin qiyməti 0,20 manat olmaqla cəmi 06 manat dəyərində 2,5-lik elektrik naqilini və 01 ədəd 04 manat dəyərində kəsici alət və onun 10 ədəd kəsici dəmiri, ümumilikdə 287 (iki yüz səksən yeddi) manat 40 (qırx) qəpik dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 fevral 2021-ci il tarixdə saat 04 radələrində Şabran şəhər “3 sotlar” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 Əsgər oğluna məxsus nömrəsiz yaşayış evinin plastik pəncərəsini sındırmaqla qanunsuz daxil olaraq qonaq otağında olan 01 ədəd BEKO markalı 82 diaqonallı 250 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin fevrl ayının 15-dən 16-na keçən gecə saat 01 radələrində Şabran şəhəri, Şabran küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz yaşayış evinin plastik pəncərəsini sındırmaqla evə qanunsuz daxil olub qonaq otağında olan 01 ədəd “LG” markalı 120 diaqonallı 1000 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluq həyatı yaşamışdır. Azadlığa çıxdıqdan sonra heç bir cinayət əməli törətməmiş, lakin 2020-ci ilin dekabr ayında pula ehtiyacı olduğu üçün o, oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, Şabran şəhər ərazisində gəzib uyğun yer axtarmışdır ki, oğurluq etsin. 2020-ci ilin dekabr ayının 17-dən 20-dək olan tarixlərdə saat 18 radələrində hava qaralan zaman Şabran şəhəri, N.Nərimanov küçəsi kimi tanıdığı, sonradan ona Mirvari Dilbazi küçəsi olduğu məlum olan və həmin küçədə yerləşən yaşayış evinə yaxınlaşmış, evdə heç kimin yaşamadığını işıqların yanmamasından bilib evin həyətinə daş hasarı aşıb keçmişdir. O, həmin evin həyətində gəzib yaşayışın olmamasına tam əmin olduqdan sonra həyətdə olan tikiliyə yaxınlaşmış və tikilinin qarşısında çardağ olduğunu və çardağın yanında isə üzərində kilid olan dəmir qapını görmüş və dəmir qapının üzərindəki kilidi həyətdə olan dəmir parçası ilə qırıb içəri daxil olmuşdur. Daxil olduğu yer iki otaqdan ibarət olmuş və birinci otaqda divara bərkidilmiş taxta üzərində asılı vəziyyətdə olan 01 ədəd “CANDAN” markalı ütü dəstini, 01 ədəd “ROYCE” markalı dreli, 08 ədəd müxtəlif ölçülü drelə aid burğu acanı, 01 ədəd plastmas yapışdıran ütü və şamları, 01 qutu 16-lıq skobu, 01 ədəd laqondanı, 04 ədəd laqondaya aid olan mişarları, 01 ədəd eynəyi, 01 ədəd dreli, 01 dəst dəmir açarı, 01 ədəd qaz açarını, 02 ədəd patron açarlarını, 01 ədəd dəmirkəsən mişarı, 01 ədəd dəmirkəsən qayçını, 01 ədəd çəkici, 01 dəst kəlbətini, 02 ədəd elektrik ölçən vintacanı, 01 ədəd 25 metr uzunluğunda naqili olan elektrik ötürücüsünü, 30 metr uzunluğunda 2,5-lik elektrik naqilini, 01 ədəd kəsici alət (rezak) və onun 10 ədəd kəsici dəmirini un kisəsinə yığıb otaqdan həyətə çıxartmışdır. Həyətdə olan daş hasara yaxınlaşıb küçədə heç kimin olmamasına əmin olduqdan sonra oğurladığı təmir-tikinti alətlərini daş hasarın üzərinə yığmışdır. Daha sonra, daş hasarı keçib küçəyə çıxmış və alətləri əlinə götürüb piyada yol kənarı ilə Şabran şəhəri, Z.Əliyeva küçəsində yerləşən köhnə tikiliyə getmiş və ora çatan zaman oğurladığı əşyaları ayırıb lazım olan bir ədəd dreli və bir ədəd santexnik ütüsünü əlində götürüb, Şabran şəhəri Z.Əliyeva küçəsində yerləşən İstirahət parkına getmişdir. Parkda olan üzdən tanıdığı, lakin adlarını bilmədiyi rayon sakinlərinə yaxınlaşmış və bir ədəd santexnik ütüsü, bir ədəd drel satdığını bildirmişdir. Parkda ondan həmin laqonda və dreli haradan aldığını soruşanlara cavabında laqonda və drelin özünə məxsus olduğunu bildirmişdir. Parkda bir nəfər adını sonradan bildiyi Etibar adlı şəxs gəlib ondan həmin təmir alətlərinin oğurluq olub-olmamasını soruşmuş və o, Etibarı əmin etmişdir ki, bir ədəd drel və bir ədəd santexnik ütüsü oğurluq deyil və 60 manata satır. Etibar adlı şəxs isə onunla 45 manata razılığa gəlmiş və həmin təmir-tikinti alətlərini alıb aparmışdır. O, 45 manat pulu cibinə qoyub getmiş, bir gün sonra oğurladığı digər əşyaları yığdığı Şabran şəhəri, Z.Əliyeva küçəsində olan köhnə tikiliyə getmiş və təmir-tikinti alətlərini sata bilməyəçəyini fikirləşib yadında qalmayan zibilxanaya aparıb atmışdır. Hazırda da, həmin yer onun yadında qalmamışdır. Bundan başqa, 10 fevral 2021-ci il tarixdə gecə saat 03 radələrində piyada gəzərək Şabran şəhəri “3 sotlar” yaşayış massivindən keçəndə həmin yerdə yerləşən birmərtəbəli evdə yaşayış olmadığına əmin olub, evin daşdan hasara alınmış çəpərini keçərək evin qarşısına yaxınlaşmış və evin qarşısında olan pilləkəni keçib yenidən evə nəzər yetirmişdir. Evin pəncərəsindən baxıb yaşayış olmadığına yenidən əmin olduqdan sonra giriş qapısının sol tərəfində yerləşən palıd rəngli plastik pəncərəni üzərində gəzdirdiyi vintacanla acıb evə daxil olmuşdur. Evi gəzən zaman qonaq otağında “BEKO” markalı televizoru görmüşdür. O, həmin televizoru götürüb evə daxil olduğu pəncərədən çıxartmış, evin həyətindən daş hasara yaxınlaşaraq hasardan küçəyə baxmış və küçədə heç kimin olmadığını görüb əlində daşıdığı televizoru daş hasarın üzərinə qoymuşdur. Daş hasardan küçəyə keçib televizoru əlində daşıyaraq həmin yerdə yerləşən məscidin yanında dayanmışdır. Həmin vaxt üzərində olan atasına məxsus telefonla tanışı Şaiqə zəng etmiş və Şaiq telefonuna cavab verən zaman olduğu yeri bildirib, həmin yerə taksi göndərməsini xahiş etmişdir. Aradan bir necə dəqiqə keçdikdən sonra Şabran şəhər sakini əvvəllər tanıdığı İlham adlı taksi sürücüsü idarə etdiyi “VAZ-21099” markalı avtomobillə gəlmiş və o, əlində olan oğurladığı “BEKO” markalı televizoru avtomobilin arxa sərnişin hissəsinə yerləşdirib, özü də avtomobilə əyləşib Şabran şəhərində yerləşən “Bayraq meydanı” deyilən parkda çay evi işlədən Şaiqin çayxanasına getmişdir. 24 saat fəaliyyət göstərən çayxanaya daxil olub Şaiqə bildirmişdir ki, taksidə televizor var və həmin televizorun özünə məxsus olduğunu bildirib pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Şaiq isə ona üzərində pul olmadığını bildirib televizoru necə manata satmaq istədyini öyrənmişdir. O, televizoru 80 manata satmaq istədiyini deyəndə Şaiq ona 80 manat pulu 20 manat olmaqla 4 dəfəyə ödəyəcəyini bildirmişdir. O, Şaiqlə razılaşıb və taksidə olan “BEKO” markalı televizoru onun çayxanasına gətirib təhvil vermişdir. Bundan əlavə, o, 2021-ci ilin fevral ayının təxminən 15-dən 16-na keçən gecə saat 01 radələrində Şabran şəhəri Şabran küçəsindən piyada keçərkən həmin küçədə yerləşən evdə işığın yanmadığını görərək orada heç kimin yaşamadığını başa düşmüş və pula ehtiyacı olduğuna görə oradan oğurluq etmək qərarına gəlmişdir. Evin daş hasarından keçərək həyətə daxil olub və evin eyvanına pilləkanla qalxmışdır. Özündə olan əlcəkləri əlinə geyinərək evin eyvanında olan birinci plastik pəncərəni üzərində gəzdirdiyi vintacanla açaraq evə daxil olmuşdur. Evin otaqlarını axtarmağa başlamış, evin otaqlarındakı əşyaları axtarmağına baxmayaraq evdən hər hansı bir qiymətli əşya və ya pul tapa bilməmişdir. Sonra evin qonaq otağında divardan asılmış “LG” markalı televizoru sökərək çıxardıb yerə qoymuşdur. Evin digər otağından açarlar tapmış, həmin açarlarla evin giriş qapısını açmaq istəsə də aça bilməmiş və televizoru evə girdiyi pəncərədən çıxarıb darvazaya yaxınlaşmışdır. Evdən götürdüyü açarlarla həyət darvazasının əl qapısını açaraq oradan küçəyə çıxmış və sonra evin açarlarını küçədə tullamışdır. O, həmin televizoru əlində götürərək piyada Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən çayxanaya getmişdir. Çayxananı işlədən Şaiq adlı şəxslə görüşərək həmin televizorun da özünə məxsus olduğunu deyərək və təcili olaraq pul lazım olduğu üçün televizoru 150 manata satdığını demişdir. Şaiq onunla razılaşdıqdan sonra 150 manat pul alıb televizoru satmışdır. O, hər iki televizoru Şaiq adlı şəxsə satan zaman televizorların özünə məxsus olduğunu inandırmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəqs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, Şabran şəhəri, M.Dilbazi küçəsində yerləşən 5 sot torpaqda özünə 3 otaqlı ev tikmiş, evin ətrafını daş hasara almış və evin həyətində tikinti malları və digər məişət əşyaları yerləşdirmək üçün iki otaqdan ibarət saxlanc yer tikib, üstünü dəmir şiferlə bağlayıb və dəmir qapı qoydurub həmin qapını kilidlə bağlamışdır. Həyətində olan yardımçı tikilinin giriş qapısından içəridə olan otağa 2020-ci ilin yay aylarında hissə-hissə aldığı tikinti üçün nəzərdə tutulmuş elektrik malları və əl ilə istifadə olunan alətləri otağın divarına bərkidilmiş taxtanın üzərinə və yerə yığmışdır. Yeni tikdiyi evdə yaşamasa da, iki-üç gündən bir baxmaq üçün həmin evə getmişdir. 17 dekabr 2020-ci il tarixdə evə getmiş, evin həyətində olan meyvə ağaçlarından meyvə dərib valideynləri ilə yaşadığı evə gətirmişdir. 20 dekabr 2020-ci il tarixdə yenidən həmin evə getmiş, həyət qapısını açarla acıb həyətə girmiş, sonra yardımçı tikiliyə baxanda görmüşdür ki, qapını kilidlədiyi kilid qırılıb, qapı isə acıqdır. Qapıdan otağa daxil olmuş və otağa yığdığı əşyaların bir çoxunun yerində olmadığını görən zaman başa düşmüşdür ki, həmin yardımçı tikiliyə oğru giribdir. O, yardımçı tikiliyə baxanda orada olmuş 01 komplekt 60 manat dəyərində santexnik ütüsü, 01 ədəd 12 manat dəyərində plastmas yapışdıran ütü və şamları, 01 qutu 05 manat dəyərində 16-lıq skob, 01 ədəd 55 manat dəyərində laqonda, laqondaya aid olan 04 ədəd dəmir mişar və eynəyi cəmi 12 manat dəyərində, 01 ədəd 35 manat dəyərində drel, 01 komplekt 27 manat dəmir acar, 01 ədəd 12 manat dəyərində qaz acarı, 02 ədəd hər biri 07 manat olan cəmi 14 manat dəyərində patron acar, 01 ədəd 08 manat dəyərində dəmirkəsən mişar, 01 ədəd 10 manat dəyərində dəmirkəsən qayçı, 01 ədəd 03 manat dəyərində çəkic, 01 dəstdə 03 ədəd 08 manat dəyərində kəlbətin, 02 ədəd hər biri 02 manat olmaqla cəmi 04 manat dəyərində elektrik ölçən vintacanı (indikator), 01 ədəd 20 manat dəyərində 25 metr uzunluğunda naqili olan elektrik ötürücüsü (troynik), 24 manat dəyərində 30 metr uzunluğunda olan 2,5-lik elektrik naqili, 01 ədəd 04 manat dəyərində kəsici alət və onun 10 ədəd kəsici dəmir (rezak) oğurlanmışdır. Yeni evinin həyətində olan yardımçı tikilidən oğurlanmış əşyalarla bağlı ona dəyən maddi ziyan cəmi 313 manat təşkil edir. Ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olsa da, Şabran şəhəri 3 sotlar massivində yerləşən bir mərtəbədən ibarət yaşayış evi vardır. Həmin evdə gündəlik yaşayış yoxdur, lakin o, 4-5 gündən bir evə baş çəkməklə nəzarət etdiyini bildirmişdir. 07 fevral 2021-ci il tarixdə Şabran şəhəri 3 sotlar massivində yerləşən yaşayış evinə baxmaq üçün getmiş, həmin vaxt evdə hər bir əşya yerində olmuş və bir az həyətdə təmizlik işləri görüb qeydiyyatda olduğu evə qayıtmışdır. 13 fevral 2021-ci il tarixdə yenidən həmin evə gedib həyətə daxil olmuş, yaşayış evinin qapısını acıb içəri daxil olan zaman, qonaq otağının pəncərəsinin acıq olduğun görüb, evdəki məişət əşyalarına nəzər salan zaman bir ədəd BEKO markalı 82 diaqonallı plazma ekranı olan 250 manat dəyərində televizorunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Daha sonra ətrafa yenidən nəzər salmış və başqa məişət əşyalarının, qiymətli əşyaların oğurlanmadığını görüb yenidən qapı və pəncərəni bağlayaraq yaşadığı evə getmişdir. Həmin gündən bir necə dəfə Şabran şəhəri “3 sotlar” massivində yerləşən evə təkrar gedib baxmışdır. Bundan əlavə Şabran şəhərində yerləşən bazar və dükanlara nəzər yetirmiş, oğurlanmış televizorunu tapa bilməmiş və 23 fevral 2021-ci il tarixdə Şabran rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılarkən məlum olmuşdur ki, onun evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Ona məxsus televizor qaytarıldığı üçün təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, ünvan 4 ünvanda qeydiyyatda olmağına baxmayaraq ünvan 5rlikdə yaşayır, bəzən isə ailəsi ilə birlikdə Bakı şəhərinə gedərək orada qalır. 07 dekabr 2020-ci il tarixdə səhər saatlarında əri Şahid4 və iki uşağı ilə birlikdə Şabran şəhərində yerləşən evlərindən çıxaraq Bakı şəhərində olan evlərinə getmişlər və həmin vaxtdan Bakı şəhərində yerləşən evlərində yaşamışdır. 2021-ci ilin fevral ayının 26-da günorta saatlarında əri ilə birlikdə Bakı şəhərindən çıxaraq Şabran şəhəri, Şabran küçəsində yerləşən evlərinə gəlmişdir. Darvazanın qapısını açaraq içəri daxil olduqda evin həyət darvazasının qapısının açıq olduğunu görmüşdür. Həyətə nəzər saldıqda evin eyvanında olan plastik materialdan hazırlanmış pəncərənin açıq olmasını görüb və evlərinə oğru və ya oğruların daxil olmasını başa düşərək, DİN-nin “102 xidməti”nə zəng edib bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Şabran rayon PŞ-nin əməkdaşları həmin evə gəlmişlər və o, polis əməkdaşları ilə birlikdə evə daxil olub, evin otaqlarına diqqətlə baxdıqda evin əşyalarının ətrafa dağıdılaraq axtarıldığını və qonaq otağında divardan asılmış bir ədəd 1000 dəyərində “LG” markalı televizorun olmadığını görüb televizorun oğurlandığını başa düşmüşdür. Onun yaşadığı evdən həmin televizordan başqa heç bir pul və ya əşya oğurlanmamışdır. Polis şöbəsində olarkən məlum olmuşdur ki, onların evindən oğurluq edən şəxs qohumu Təqsirləndirilən şəxs olmuşdur. Ona məxsus əmlak qaytarılmışdır. Qohumluğuna və Kainatın anasının göz yaşlarına görə onu bağışlayır. Təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Ağaseyd oğlu göstərdi ki, o, ünvan 6ünvanda qeydiyyatda olmağına baxmayaraq ünvan 7irlikdə yaşayır. Arvadı Zərərçəkmiş şəxs1 və 2 uşağı ilə birlikdə ünvan 8 ünvanda yerləşən evləri vardır. 07 dekabr 2020-ci il tarixdə səhər saatlarında arvadı Zərərçəkmiş şəxs1 və iki uşağı ilə birlikdə Şabran şəhərində yerləşən evlərindən çıxaraq Bakı şəhərində olan evlərinə getmişlər və həmin vaxtdan Bakı şəhərində yerləşən evlərində yaşamışlar. 2021-ci ilin fevral ayının 26-da günorta saatlarında arvadı ilə birlikdə Bakı şəhərindən çıxaraq Şabran şəhəri Şabran küçəsində yerləşən evlərinə gəlmişlər. Həyət darvazanı açaraq qapıdan içəri daxil olmuş və həyət darvazasının əl qapısının açıq olmasını gördükdə şübhlənmişlər. Onlar evin eyvanında olan plastik materialdan hazırlanmış pəncərənin açıq olmasını görüb evlərinə oğru və ya oğruların daxil olmasını başa düşüb DİN-nin “102 xidməti”nə zəng edərək məlumat vermişlər. Bir neçə dəqiqə sonra Şabran rayon PŞ-nin əməkdaşları onların evə gəlmişlər. Onlar polis əməkdaşları ilə birlikdə evə daxil olaraq evin otaqlarına baxdıqda evin əşyalarının ətrafa dağıdıldığını və ümumiyyətlə evin axtarıldığını görmüşdür. Evin qonaq otağında divardan asılmış bir ədəd 1000 dəyərində “LG” markalı televizorun olmadığını bilmişlər. Sonradan məlum olmuşdur ki, onların evindən oğurluq edən qohumu olan Kainat adlı şəxsdir. Hazırda Kainata qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, 22 ildir ki, ev ustası işləyir. 2020-ci ilin dekabr ayının axırlarında saat 17 radələrində bir nəfər şəxsin bir ədəd santexnik ütüsü və bir ədəd drel satmasını Şabran şəhərində yerləşən avtovağzalın qarşısında eşitmişdir. Həmin gün Şabran şəhəri, Z.Əliyeva küçəsində yerləşən istirahət parkına getmiş və istirahət parkında olan zaman üzdən tanıdığı adlarını bilmədiyi rayon sakinləri orada olmuşdur. Bir nəfər şəxsin əlində torba paket dayanıb santexnik ütüsü və bir ədəd dreli 60 manata satması barədə söhbət etdiyini eşitmişdir. Adını sonradan bildiyi Kainat adlı şəxsin kim olmasını bilmir. Parkda olan rayon sakinləri Kainatın Şabran şəhərində yaşadığını, pis adam olmadığını və Kainatın satdığı əmlakı tərifləyərək almağı məsləhət gördüklərin bildirmişdir. O, usta işlədiyi üçün həmin təmir-tikinti alətləri onun diqqətini cəlb etmiş və Kainatın satdığı bir ədəd santexnik ütüsü və bir ədəd dreli nə üçün satdığını soruşduqda Kainat ona, evində xəstə olduğunu, pula ehtiyacı olduğu üçün satdığını və oğurluq yolu ilə əldə etmədiyini bildirmişdir. Satdığı elektrik əşyalarını aşağı qiymətə almaq istəmişdir. Kainat ondan 45 manat pul istəmiş və daha aşağı qiymətə sata bilməyəcəyini bildirmişdir. Həmin anda onun üzərində 45 manat pul olmuşdur. Kainata 45 manat pulu verib bir ədəd dəmir çantada olan santexnik ütüsü, bir ədəd drel və drelə aid olan alətləri almışdır. O, həmin bir ədəd santexnik ütüsünü və bir ədəd dreli yaşadığı evə aparmış, yoxlayan zaman işlədiyini görüb yaşadığı evdə saxlamışdır ki, işə gedən zaman aparıb işlətsin. Ona Kainatın satdığı təmir-tikinti alətlərinin oğurluq yolu ilə əldə olunmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, taksi sürücüsü işləməklə gündəlik pul qazanır. Onun taksi sürücüsü kimi fəaliyyət göstərdiyini rayon sakinləri bilir və mobil telefon nömrəsi bir çox rayon sakinlərində vardır. Şabran şəhəri, M.Ə.Rəsuılzadə küçəsində yerləşən Heydər Əliyev adına istirahət parkındakı çayxananı işlədən əvvəllər tanıdığı Şaiq adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 2021-ci ilin fevral ayının ortalarında gecə saat 04 radələrində zəng edərək, bir nəfər müştərinin Şabran şəhər “3 sotlar” yaşayış massivində yerləşən məscidin yanında gözlədiyini demiş və həmin şəxsi onun işlədiyi çayxanaya aparmağını xahiş etmişdir. O, həmin vaxt idarə etdiyi “VAZ-21099” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şaiqin dediyi yerə getmiş və əvvəllər tanımadığı, adını sonradan bildiyi Kainat adlı şəxs əlində bir ədəd televizoru avtomobilin arxa sərnişin hissəsinə yerləşdirib, özü də televizor olan yerə əyləşərək ona Şaiq işləyən çayxanaya sürməyi bildirmişdir. O, Kainatı Şaiqin işlədiyi çayxana yerləşən istirahət parkında düşürtmüş və Kainat televizoru götürüb ona 2 manat yol haqqı vermişdir. Həmin vaxtdan sonra o, Kainatı görməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 yanvar 2021-ci il tarixli 9/5927nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus yaşayış evindən oğurlanmış əşyaların hal-hazırda orta bazar qiyməti aşağıdakı kimi olmuşdur: 01 ədəd “CANDAN” markalı ütü dəstinin (santexnik) dəyəri 40 manat, 01 ədəd “ROYCE” markalı drelin dəyəri 25 manat, 08 ədəd müxtəlif ölçülü drelə aid burğu acanın dəyəri 0,40 manat, 01 ədəd plastmas yapışdıran ütü və şamların dəyəri 12 manat, 01 qutu 16-lıq skobun dəyəri 05 manat, 01 ədəd laqondanın dəyəri 50 manat, 04 ədəd laqondaya aid olan mişarlar olmaqla hər mişarın dəyəri 01 manat cəmi 04 manat, 01 ədəd eynəyin dəyəri 07 manat, 01 ədəd drelin dəyəri 35 manat, 01 dəst təmir açarının dəyəri 20 manat, 01 ədəd qaz açarının dəyəri 12 manat, 02 ədəd patron açarların dəyəri 14 manat, 01 ədəd dəmirkəsənin dəyəri 08 manat, 01 ədəd dəmirkəsən qayçının dəyəri 10 manat, 01 ədəd çəkicin dəyəri 03 manat, 01 dəst kəlbətinin dəyəri 08 manat, 02 ədəd elektrik ölçən vintacanın dəyəri cəmi 04 manat, 01 ədəd 25 metr uzunluğunda naqili olan elektrik ötürücüsünün dəyəri 20 manat, 30 metr uzunluğunda 25,5-lik elektrik naqilinin dəyəri 06 və 01 ədəd kəsici alət və onun 10 ədəd kəsici dəmirin dəyəri 04 manat olmaqla cəmi 287,40 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2021-ci il tarixli 9/1035 nömrəli rəyinə əsasən “Beko” markalı televizorun hal-hazırda orta bazar qiyməti 250 manat müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi X3 X1 02 may 2021-ci il tarixli 29 saylı məktubunda “LG” markalı 120 diaqonallı televizorun hazırda bazarda pərakəndə satış qiyməti 1000 manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 05 may 2021-ci il tarixli tələbnamədən və Şabran rayon məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmiş, odur ki, onun əməlində cinayətləırin residivi vardır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli 4(031)- 8/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 05 mart 2021-ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli 1014 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanda ailə üzvləri – atası X7, anası X4 və qardaşı – X5 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli 1015 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən tərtib olunmuş ərizələrdən görünür ki, dəymiş zərər onlara tam şəkildə ödənildiyinə görə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.3 -cü maddələri ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.3 -cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını həmçinin onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “LG” markalı və 01 ədəd “BEKO” markalı televizorlar, 01 ədəd “Candan” markalı ütü dəsti və 01 ədəd “ROYCE” markalı drelin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05 mart 2021-c il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd “LG” markalı və 01 ədəd “BEKO” markalı televizorlar, 01 ədəd “Candan” markalı ütü dəsti və 01 ədəd “ROYCE” markalı drelin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar