Məhkəmə qərarları › İş №1(031)-35/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-35/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-35/2023 21.06.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlər ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1971-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şabran şəhəri, Z.Məmmədov küçəsi, ev 36 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Şabran rayon məhkəməsinin 19 yanvar 2023-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda, mənbədən və miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan marixuananın ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,32 qram, 0,39 qram, 0,41 qram, 0,19 qram, 0,45 qram, 0,19 qram, 0,29 qram, 0,18 qram, 0,46 qram və 0,15 qram olmaqla ümumi təmiz çəkisi isə 3,03 qram təşkil edən 10(on) bükümünü, 01 ədəd bükümdə təmiz çəkisi 1,099 qram psixotrop maddə metamfetamini, 01 ədəd sellofan torbada təmiz çəkisi 415 qram narkotik vasitə hesab olunan marixuananı və 01 ədəd elektron tərəzini yaşadığı Şabran şəhəri, Z.Məmmədov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağının məhəccərində, 01 ədəd kağız bükümdə təmiz çəkisi 14,45 qram narkotik vasitə hesab olunan marixuananı isə həmin otaqda olan stolun altında satış məqsədilə qanunsuz olaraq saxlamış, 17 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində o, yaşadığı evdə saxlanılmış, evinə keçirilmiş baxış zamanı ümumi təmiz çəkisi 432,48 qram narkotik vasitə hesab olunan marixuana, təmiz çəkisi 1,099 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda tək yaşayır. Subaydır və heç bir yerdə işləmir. 2-ci qrup əlildir və 7 yaşından etibarən ayağının biri yoxdur. Özü artıq 7 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən də əsasən istifadə etdiyi marixuanadır. 2022-ci ilin mart ayında Şabran şəhərində yerləşən avtovağzalda gəzən zaman 1 ədəd ağ paketin içərisində 5-6 ədəd toxum tapmışdır. Toxumlara baxan zaman onların çətənə bitkisinin toxumları olduğunu bilmişdir. Özü də narkotik vasitələrdən istehlak etdiyinə görə onları həyətində əkmək qərarına gəlmiş, beləcə 2022-ci ilin mart ayında həmin toxumları yaşadığı evin həyətində əkərək onları kultivasiya etmişdir. 2022-ci ilin noyabr ayında isə həmin çətənə bitkilərinin yarpaqlarını toplayaraq evində saxlamışdır. 17 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən evindən aşkar edilən marixuanalar da məhz həmin bitkilərdən əldə etdiyi marixuanalardır. Evindən aşkar edilən elektron tərəzini təxminən 10 gün əvvəl Şabran rayonunda tapdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bundan əlavə evindən aşkar edilən psixotrop maddə metamfetaminin əslində psixotrop maddə deyil, duz olduğunu bildirmişdir. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Şabran RPŞ-nin CAB-nin rəisi vəzifəsində, polis mayoru rütbəsində çalışır. Şabran şəhəri, Z.Məmmədov küçəsi, ev 36 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi və onların satışı ilə məşğul olması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan onu saxlamaq qərarına gəlmişlər. Buna görə də 17 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Hafiz Məmiyev və Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evdə tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman sonuncu yaşadığı Şabran şəhəri, Z.Məmmədov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evində narkotik vasitə marixuana olduğunu səmimi olaraq etiraf etmişdir. Ardınca isə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi və sonuncunun şəxsi axtarışının aparılması məqsədilə RPŞ-nin müstəntiqi və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil hadisə yerinə dəvət olunmuşdur. Müstəntiq və vəkil də hadisə yerinə gəldikdən sonra Təqsirləndirilən şəxs könüllü razılığı ilə sonuncunun evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqdakı məhəccərin qarşısından ümumilikdə 11 ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə, 1 ədəd elektron tərəzi, 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və yenə həmin otaqdakı stolun altından 1 ədəd sellofan torbada narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş bükümlərin nə olduğu soruşulduqda, sonuncu cavabında evindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlənin limon duzu olduğunu, digər bükümlərin isə narkotik vasitə marixuana olduğunu, bundan əlavə elektron tərəzinin də özünə məxsus olduğunu səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/311 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə keçirilmiş baxış zamanı aşkar olunaraq götürülmüş və 1 ədəd möhürlü zərfdə qablaşdırılaraq tədqiqata təqdim olunmuş 1 (bir) ədəd büküm təmiz çəkisi 1,099 qram (tədqiqata sərf edildi-0.05 qram, qalıq-1.049 qram) olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə keçirilmiş baxış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddəyə məxsus izlər yoxdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 7/64 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə keçirilmiş baxış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd selofan torbada təmiz çəkisi 415 qram, 10 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0.32 qram, 0,39 qram, 0,41 qram, 0,19 qram, 0,45 qram, 0,19 qram, 0,29 qram, 0,18 qram, 0,46 qram, 0,15 qram və bir ədəd kağız bükümdə təmiz çəkisi 14.45 qram olan, ümumi çəkisi 432, 48 qram tədqiqata istifadə olunduqdan sonra qalıq 431.73 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli 899 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Aslılıq sindiromu aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 24 yanvar 2023-cü il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Mərkəzi sinir sisteminin üzvü xəstəliyi” diaqnozu ilə psixnevroloji kabinetdə dispanser qeydiyyatındadır, ancaq narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Məhkəmə-Psixiatrik Ekspertizasının 18 mart 2023-cü il tarixli 1056 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs “üzvi şəxsiyyət pozuntusu” müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu cinayət törətdiyi zaman o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməllərini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tətbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Bundan əlavə yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz psixi durumuna görə araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək iqtidarındadır və psixi durumu ona araşdırma üçün zəruri olan hərəkətlərdə iştirak etməyə imkan verir. İşə əlavə edilmiş DİN-nin BƏSİİ-nin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli 04/19 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəzası başa çatdığı üçün 30 noyabr 2021-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Hal-hazırda məhkum Təqsirləndirilən şəxs çəkilməmiş cəzası qalmamışdır. Məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli 145 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında tək yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli 748 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində küçədə özünü normal aparmışdır. Ailə üzvlərinə qarşı hər hansı kobudluq göstərməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 4(031)-2/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesab edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Elektoron İnformasiya Sistemindən çıxarılan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən 2-ci qrup əlildir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, İİ-ci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halların mövcudluğunu və cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 158 manat 82 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalan 431,73 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 1 (bir) ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 1,049 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, eləcə də sonuncunun evinə baxış və üzərinə keçrilmiş şəxsi axtarış istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd “CD” formatlı diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 158 manat 82 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalan 431,73 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 1 (bir) ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 1,049 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, eləcə də sonuncunun evinə baxış və üzərinə keçrilmiş şəxsi axtarış istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd “CD” formatlı diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 158 manat 82 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar