Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-37/2021 08.07.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 2000-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Siyəzən rayonu Yenikənd kəndində daimi qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, onunla birlikdə “xxxx” ASC-də işləyən Qusar rayonu Avaranqışlaq kənd sakini Zərərçəkmiş şəxs iş yerindən ediləcək ödənişlər üçün nəzərdə tutulmuş plastik kartda olan 1.080 manat, eləcə də həmin karta növbəti ayda yenidən əmək haqqı kimi ödəniləcək 670 manat və digər ödəniş kimi 300 manat pulu vahid qəsdlə sonuncuya məxsus özgə əmlakı gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə 26 oktyabr tarixdə 2020-ci il saat 07 radələrində işlədiyi “xxxx” ASC-nin Quba rayonu Vəlvələ kəndində yerləşən daş karxanasında karxanın istirahət otağında divardan asılmış bel çantasının içərisindəki pul qabından Zərərçəkmiş şəxs məxsus “Azərbaycan xxxxı” tərəfindən verilmiş **********648256201 nömrəli plastik kartı götürüb, həmin kartı və kartın üzərində sahibi tərəfindən yapışdırılmış kağız parçasında yazılan “6778” pin kodu müxtəlif vaxtlarda müxtəlif bankomatlara, yəni 26.10.2020-ci il tarixdə saat 10:12 və 10:14-də Siyəzən şəhəri ərazisində quraşdırılmış ABB-yə məxsus bankomata daxil edərək müvafiq olaraq 50 və 500 manat, 27.10.2020-ci il tarixdə saat 02:54-də Siyəzən şəhəri ərazisində quraşdırılmış ABB-yə məxsus bankomata daxil edərək 530 manat, 20.11.2020-ci il tarixdə 04 dəfə - saat 06:43, 06:44, 06:45 və 07:15-də Quba şəhəri ərazisində quraşdırılmış “Kapitalbank”a məxsus bankomata daxil edərək cəmi 385 manat, 23 noyabr 2020-ci il tarixdə saat 04:32-də Siyəzən şəhəri ərazisində quraşdırılmış ABB-yə məxsus bankomata daxil edərək 270 manat, 16 dekabr 2020-ci il tarixdə saat 07:38-də Şabran şəhəri, H.Əliyev prospektində RPŞ-nin inzibati binasının yaxınlığında quraşdırılmış ABB-yə məxsus bankomata daxil edərək 272 manat pulu çıxarıb öz şəxsi məqsədləri üçün xərcləməklə, eləcə də 16 dekabr 2020-ci il tarixdə saat 07:26-da Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində aldığı yanacağın dəyəri olan 30 manatı posterminal vasitəsi ödəməklə, ümumilikdə 14 manat kommissia haqqı ilə yanaşı 2037 manat məbləğində ziyan vurmuş, bununla da informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Siyəzən rayonu Yenikənd kəndində ailəsi ilə birlikdə yaşayır. Kəndlərinə gedən yol Şabran rayonu Ağbaş kəndindən keçir. 2021-ci ilin mart ayından “xxxx” ASC-nin Quba rayonu Vəl-vələ kəndində yerləşən qum-çınqıl karxanasında fəhlə kimi işləmişdir. Aylıq olaraq 670 manat məvacibini özünə məxsus olan “xxxx” ASC tərəfindən verilmiş plastik kart vasitəsi ilə almışdır. Ancaq istirahət günlərində karxana ərazisini tərk etmiş və digər vaxtlarda həmin karxanada işçilərin yaşaması üçün tikilmiş otaqda qalmışdır. Onunla birlikdə həmin otaqda həmkəndlisi Firuz, digər rayonlardan olan Sərxan, Qasım, Nazim və Xalıq adlı şəxslər qalmışdır. Əslən Qusar rayonundan olan Zərərçəkmiş şəxs ilə işlədiyi şirkətdə tanış olmuş və onunla arasında heç bir düşmənçiliyi, ədavəti və ya qohumluq əlaqəsi olmamışdır. 25 oktyabr 2020-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxsla birlikdə Quba rayonu Vəl-vələ kəndində yerəşən kafeyə gedərək orada pivə içmişdir. Həmin hesabı Zərərçəkmiş şəxs ödəyən zaman sonuncuya məxsus pul qabının içərisində maaş kartının olmasını görmüş və həmçinin Sərxanın söhbətlərindən bilmişdir ki, kartında təxminən 1080 manata yaxın pul var. Həmin vaxt qərarlaşdırmışdır ki, imkan tapan kimi həmin kartı götürsün və işərisindəki pulları nəğdləşdirərək oğurlasın. Karxanaya qayıtdıqdan sonra Sərxanın qaldıqları otaqda özünə məxsus pul qabını bel çantasının içərisinə qoyub yatdığını görmüşdür. Ertəsi gün yarı iş günü olduğundan yuxudan saat 07 radələrində oyanmış və yuxudan oyandıqdan sonra özündən başqa otaqda heç kimin olmadığını görərək iş yoldaşlarının işə getmələrini başa düşmüşdür. Sərxanın yatdığı çarpayının üzərindəki bel çantasını götürüb və onun içini açaraq içindəki pul qabını götürmüşdür. Pul qabının içərisindən Sərxana məxsus “xxxx” ASC tərəfindən verilmiş plastik kartı götürərək cibinə qoymuşdur. Bundan sonra iş yoldaşı Sərxanın kartının oğurlanmasından şübhələnməməsi üçün pul qabını çantanın içinə və həmin çantanı da çarpayının üzərinə olduğu yerə qoymuşdur. Sərxana məxsus maaş kartı “xxxx” ASC-yə məxsus olmuş və həmin kartın pin kodu, 6778 nömrəsi kağıza yazılmaqla kartın üzərinə yapışdırılmışdır. Kartı oğurladıqdan sonra içərisindəki pulları çıxarıb və xərcləmək üçün iş yerindən çıxaraq yaşadığı Siyəzən rayonuna, daha doğrusu Siyəzən şəhərinə getmişdir. Tanımadığı taksi avtomobili ilə saat 10 radələrində Siyəzən şəhərinə gəldikdən sonra şəhərin bayraq meydanının yaxınlığında yerləşən “xxxx”a məxsus ATM-dən 50 və 500 manat manat pul çıxartmışdır. Bundan başqa 27 oktyabr 2020-ci il tarixdə gecə saat 02 radələrində yenə həmin bankomata gəlib və bu dəfə 530 manat pul çıxardaraq ertəsi gün saat 12 radələrində Xaçmaz şəhərinə gedib və orada kartdan çıxardığı cəmisi 1080 manat pulu kafelərdə yeyib-içmək məclislərində xərcləmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, o, Sərxana məxsus kartı oğurlayanda qərara almışdır ki, həm kartın içərisində olan pulu, həmdə ki, növbəti ay həmin karta otuzdurlacaq Sərxanın əmək haqqını və digər ödənişləri də kartdan çıxaracaq. Odur ki, 19 noyabr 2020-ci il tarixdə Sərxanın kartına oturan 670 manat məbləğində əmək haqqını bankomatdan çıxarmaq üçün 20 noyabr 2020-ci il tarixdə səhər saatlarında Quba şəhərinə gedərək orada yerləşən dəqiq yeri yadında qalmadığı “Kapitalbank”a aid bankomata daxil edib əvvəl 385 manat pul çıxarmış və Xaçmaz şəhərinə gedərək orada yerləşən kafelərdə pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Yerdə qalan pulu çıxarmaq üçün isə o, 23 noyabr 2020-ci il tarixdə gecə saat 04 radələrində Siyəzən şəhərində yerləşən ATM-ə yaxınlaşmış və kartı həmin bankomata daxil edərək oradan yerdə qalan 270 manat pulu çıxarmışdır. Bundan sonra da kartı Sərxana qaytarmamış, çünki hələ kartı Sərxandan oğurlayanda bilmişdir ki, Sərxanın kartına həmçinin 300 manat da pul oturmalıdır. Odur ki, 16 dekabr 2020-ci il tarixdə yaşadığı Siyəzən şəhərinə qayıtmaq üçün həmkəndlisi, taksi fəaliyyəti ilə məşğul olan Şahid1 zəng edib və onu yaşadığı Siyəzən rayonu Yenikənd kəndinə aparmaq üçün Xaçmaz şəhərinə gəlməsini ondan xahiş etmişdir. Şahid1 idarə etdiyi “Vaz-21099” markalı **-CX-*** qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərinə gəldikdən sonra ona məxsus avtomobillə yaşadığı kənd istiqamətinə doğru yola düşmüşlər. Pulu olmadığından Şahid1 maaş kartı vasitəsilə onun idarə etdiyi avtomobilə benzin vurmağı təklif etdikdə sonuncu, onun təklifini qəbul etmişdir. Bu məqsədlə Şahid1 idarə etdiyi avtomobilini Şabran şəhərinin içərisində yerləşən “Azpetrol” YDM-nə sürmüşdür. YDM-də onun idarə etdiyi avtomobilə Sərxana məxsus plastik kart vasitəsilə ödəniş etməklə 30 manat dəyərində benzin vurmuşdur. Bundan sonra Şahid1 idarə etdiyi avtomobili Şabran şəhəri, H.Əliyev prospektində yerləşən Şabran rayon PŞ-nin inzibati binasının yanına sürməsini xahiş etmişdir. Şabran rayon PŞ-nin inzibati binasının yaxınlığında yerləşən “Azərbaycan xxxxı»na məxsus bankomatdan Sərxana məxsus kartdan 272 manatı pul çıxartmış və bundan sonra Şahid1 idarə etdiyi avtomobillə yaşadığı evə çıxıb getmişdir. Bu hadisədən təxminən bir ay sonra Şabran şəhərində RPŞnin inzibati binasının yaxınlığında yerləşən “Azərbaycan xxxxı”na məxsus ATM-ə Sərxana məxsus plastik kartı daxil etdikdə ATM kartı geri qaytarmayaraq əvəzində ATM-dən çek çıxmışdır. Bir neçə dəqiqə ATM-in qarşısında gözlədikdən sonra nə baş verməsini başa düşməmiş və bankomatdan çıxan çeki küçəyə tullayaraq çıxıb getmişdir. 11 fevral 2021-ci il tarixdən əvvəlki iş yeri bağlandığından sonra şirkətin rəhbərliyi onu işləmək üçün “xxxx” ASC-nin Oğuz rayonunda yerləşən tikintisinə göndərmişdir. 16 fevral 2020-ci il tarixdə polis əməkdaşları onu işlədiyi yerdən götürərək Quba RPŞ-nə gətirmişlər. Orada iş yoldaşı Sərxana məxsus plastik kartdan ümumilikdə 2037 manat məbləğində pul çıxardığını və pulların bir qismini digər banka məxsus bankomatdan çıxardığından 14 manat komissia haqqı tutulduğunu etiraf etmişdir. Sərxana vurmuş olduğu maddi ziyan onun tərəfindən tam olaraq Sərxana ödənilmişdir. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilsiyindən və barışıq əldə etdiyindən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xshiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Qusar rayonu Avaranqışlaq kəndində ayiləsi ilə birlikdə yaşayır və 2020-ci ilin mart ayından Quba rayonu Vəl-vələ kəndi ərazisində yerləşən “xxxx” ASC-yə məxsus daş karxanasında fəhlə kimi işləyir. Şirkətdən aylıq olaraq 670 manat məvacib almış və digər işçilər kimi karxananın ərazisində yerləşən şirkətə məxsus yataqxanada yaşamışdır. Həmin yataqxanadakı otaqda onunla birlikdə eyni şirkətdə çalışan Siyəzən rayonu Yenikənd kənd sakinləri Firuz və Pərviz, Şabran rayon sakini Qasım, aran rayonlarında yaşayan Nazim və Xalıq adlı işçilər qalmışdır. İşə başladığı vaxtdan həmin şəxslərlə birlikdə eyni otaqda yaşamış və onlarla heç bir qohumluq əlaqəsi, eləcə də düşmənçiliyi və ədavəti olmamışdır. Aylıq məvacibi şirkət tərəfindən ona verilmiş “Azərbaycan xxxxı”na məxsus, rekvizitlərini dəqiq xatırlamadığı plastik karta köçürülmüşdür. Həmin kartı qara rəngli pul qabında və həmin pul qabını isə adətən işdə olan zaman zaman qara rəngli bel çantasının içində saxlamışdır. Həmin çantanı isə yatdığı çarpayının üzərində qoymuşdur. 11 noyabr 2020-ci il tarixdə saat 10 radələrində Quba şəhərinə getməyə hazırlaşarkən bel çantasının içərisində olan pul qabını çıxarıb içərisinə baxdıqda maaş kartının yerində olmadığını görmüşdür. Əvvəlcə bel çantasının içərisini axtarıb və ailə üvzləri ilə əlaqə saxlamasına baxmayaraq bankomat kartını tapa bilməmişdir. Kartı tapacağı ümidi ilə 2 gün məvacib aldığı kartı axtarmışdır. 11 noyabr 2020-ci il tarixdə “Azərbaycan xxxxı”nın Quba rayon filialında ona məxsus olan bank kartında çıxarış edən zaman 26 oktyabr 2020-ci il tarixdə əvvəlcə 50 manat, sonra 500 manat, 27 oktyabr 2020-ci il tarixdə 530 manat, ümumilikdə isə 1080 manat pulunun çıxarıldığını gördükdə özünə məxsus kartın oğurlanmasını başa düşmüşdür. Buna görə də “Azərbaycan xxxxı”nın əlaqə nömrəsinə zəng edərək ona məxsus kartın bloklanmasını tələb etmiş və bank əməkdaşları tərəfindən kartın bloklanacağını zənn etmişdir. Baş vermiş hadisə ilə bağlı Quba rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və RPŞ-nin Təhqiqat qrupunda araşdırma aparılmışdır. Kartdan çıxarılan məbləğlər barədə təfərrüatları müəyyən etmək üçün polis əməkdaşları yenidən özünə məxsus bank kartında çıxarış edilməsi tələb edildikdə 18 dekabr 2020-ci il tarixdə yenidən öz hesabından çıxarış edib və həmin çıxarışı araşdırmaya təqdim etmişdir. Həmin çıxarışı aldıqdan sonra “Azərbaycan xxxx”ı ilə telefon əlaqəsi saxlayan zaman bank əməkdaşlarının ona məxsus karta blok qoymaması və naməlum şəxs və ya şəxslərin ona məxsus kartdan 1080 manat puldan əlavə 20 noyabr 2020-ci il tarixdən 17 dekabr 2021-ci il tarixə qədər olan müddət ərzində ümumilikdə 971 manat pulun çıxarılması ona məlum olmuşdur. Ona məxsus bank kartında ümumilikdə 2051 manat pul çıxarılaraq oğurlanmasına görə təkrarən bank əməkdaşlarına müraciət etmiş və həmin kartı blok etdirmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Siyəzən rayonu Yenikənd kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 1993-cü ildə İ-ci Qarabağ müharibəsində iştirak etmişdir. Onun 3 oğlu vardır və Təqsirləndirilən şəxs onun ortancıl oğludur. Kiçik oğlu İİ-ci qarabağ müharibəsində iştirak etmiş və hal-hazırda Laçın rayonunda xidmət edir. Qarabağ müharibəsində iştirak etdiyi üçün onun 3 medalı vardır. Ortancıl oğlu Pərviz 2020-ci ilin təxminən mart ayından “xxxx” ASC-nin Quba rayonu Vəlvələ kəndində yerləşən daş karxanasında işləmişdir. 2020-ci ilin təxminən oktyabr ayında oğlu Pərviz işdə olarkən Qusar rayonu Avaranqışlaq kənd sakini Zərərçəkmiş şəxs oğlunun adına olan “Azərbaycan xxxx»ı tərəfindən ona verilmiş kartı oğurlaması və həmin bankomat kartından təxminən 2051 manat məbləğində pulu çıxardaraq xərcləməsi sonradan ona məlum olmuşdur. Oğlunun bu əməlləri sonradan ona məlum olmuş və ilkin araşıdırma Quba rayon PŞ-nin İstintaq bölməsində aparılmışdır. Qusar rayon sakini Zərərçəkmiş şəxs məxsus 2051 manat pulu notariat qaydasında onun özünə qaytarmış və hazırda onun heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Siyəzən rayonu, Yenikənd kəndində ailəsi ilə birlikdə yaşayır və özünə məxsus “Vaz-21099” markalı **-CX- *** dövlət qeydiyyat nişanlı “Jiquli” avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır və onunla münasibəti həmişə yaxşı olmuşdur. 2020-ci ilin təxminən dekabr ayının ortalarında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq maaş kartından pul çıxarmaq üçün onu Şabran şəhərinə aparıb-gətirməsini xahiş etdiyi üçün onunla razılaşmışdır. Pərviz onun idarə etdiyi avtomobilə oturduqdan sonra onunla birlikdə Şabran şəhərinə getmiş və RPŞ-nin inzibati binası yaxınlığında yerləşən “Azərbaycan xxxxı”na məxsus bakomatının yanında idarə etdiyi avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs avtomobildə yerə düşərək bankomata yaxınlaşmış və 3- 4 dəqiqə sonra geri qayıdaraq bankomatdan pul çıxara bilmədiyini ona bildirmişdir. İdarə etdiyi avtomobildə yanacaq az olduğundan benzin vurmalı olduğunu Pərvizə dedikdə sonuncu, avtomobili Şabran şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə sürməsini ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs “Azpetrol” yanacaqdoldurma məntəqəsində özündə olan “Azərbaycan xxxxı»na məxsus bankomat kartından istifadə edərək 30 manat məbləğində ona məxsus avtomobilə yanacaq vurduqdan sonra yaşadıqları Siyəzən rayonu Yenikənd kəndinə qayıdıb getmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 13 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Siyəzən RİH Başçısının Yenikənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli 301 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – atası Təqsirləndirilən şəxs Yasəf oğlu, anası X1, qardaşları – X3 və X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Siyəzən RİH Başçısının Yenikənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 2051 manat maddi ziyan tam ödənilmişdir. Odur ki, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan 16 fevral 2021-ci il tarixli tutma protokolundan, eləcə də 18 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 18 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin içtimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun və Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Siyəzən rayonu Yenikənd kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 fevral 2021-ci ildən 18 fevral 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Siyəzən rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Siyəzən rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun və Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Siyəzən rayonu Yenikənd kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Siyəzən rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Siyəzən rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-37/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-37/2021
08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver