Məhkəmə qərarları › İş №1(031)-37/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-37/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-37/2025 08.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1992-ci il tarixdə Dəvəçi rayonunun Xəlfələr kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "Şabran" Yaradıcılıq- İstirahət Kompleksində mütəxəssis vəzifəsində çalışan, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Xəlfələr kəndində qeydiyyatda olan, faktiki olaraq həmin kənddə yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində Şabran rayonunun Dağbilici kəndində yerləşən əkin sahəsində Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun onun sahəsinə mal qarasını salmasına görə yaranmış mübahisə zamanı dalaşarkən sonuncunun baş nahiyəsindən əvvəl yumruqla sonra isə ağac parçası ilə vuraraq Zərərçəkmiş şəxs “başın təpə-ənsə nahiyəsinin yumşaq toxumlarının əziyi ilə yanaşı baş beyin silkələnməsi” ibarət səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, günorta saat 14:00 radələrində valideynləri ilə birlikdə özlərinə məxsus Şabran rayonunun Xəlfələr kəndinin ərazisində yerləşən əkin sahəsinə, kartof əkdikləri yerə baxmaq üçün getmişdirlər. Həmin yerdən bir qədər məsafədə 0,80 hektar torpaq ərazilərində taxıl əkdikləri yer yerləşir. Buna görə də o, anası və atası ilə birlikdə əkdikləri kartof ərazisinə baxarkən həmin yerdən bir qədər məsafədə olan taxıl əkdikləri yerə tərəf uzaqdan baxmışdır. Uzaqdan tanımadığı şəxslərə aid mal-qaranın onlara məxsus əkin ərazilərində görmüşdür. Buna görə də o, həmin yerə getmiş və mal-qaranı həmin yerdən uzaqlaşdırmışdır. Bu vaxt bir nəfər şəxsin, sərxoş halda onun olduğu yerə nalayiq ifadələr səsləndirərək gəldiyini görmüşdür. O, həmin şəxsdən, niyə belə dediyini soruşmuş, həmin şəxs mal-qarasını, niyə həmin yerdən qovduğunu ona deyərək üstünə hücum çəkmişdir. O da ona cavab olaraq mal-qarasının əkin sahələrinə girdiyini və buna görə də mal-qaranı həmin ərazidən qovduğunu demişdir. Buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onun yaxasından tutub dartmış, əynində olan köynəyini cırmışdır. O, Zərərçəkmiş şəxs xəbərdarlıq etmiş, onu buraxmasını tələb etmişdir. Bu vaxt Zərərçəkmiş şəxs ona yumruq zərbəsi atmış, sifətinin sol tərəfindən, sol gözünün altından yumruqla vuraraq onu tutub boğmağa başlamışdır. Buna görə də, aralarında əlbəyaxa dava yaranmış, bu vaxt Zərərçəkmiş şəxs tanışı da onlara yaxınlaşmış, aralarına girmişdir. Həmin şəxs Zərərçəkmiş şəxs kömək edən kimi onu arxaya itələməyə çalışmışdır. Bu vaxt onun valideynləri onlara yaxınlaşmış və onları aralamağa çalışmışdır. Bundan sonra o, birtəhər kənara çəkilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışıq əldə edib və Zərərçəkmiş şəxs ondan hər hansı bir şikayət və ya tələbi yoxdur. Bu halları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, günorta saat 14:00 radələrində həmkəndlisi Naiblə özlərinə məxsus mal-qaranı kənddə yerləşən örüş yerinə aparmışdırlar. Mal-qaranı örüş yerinə çatdırdıqdan sonra Naiblə həmin yerdə süfrə açaraq çörək yeməyə başlamışdır. Özləri ilə gətirdikləri bir şüşə 500 qramlıq spirtli içkidən bir qədərini içmişdirlər. Sonra o, ayağa qalxaraq mal-qaranı bir yerə cəmləməyə getmişdir. Bu vaxt uzaqdan sonradan adı ona Sənan kimi məlum olan şəxsin nalayiq ifadələr səsləndirərək ona tərəf gəldiyini görmüşdür. O, Sənandan niyə görə belə dediyini soruşduqda, Sənan ona cavab olaraq güya onun mal-qarasının Sənanın taxıl sahəsinə girdiyini demişdir. Bu vaxt o, Sənana yalan danışmamasını demiş, həmin anda qəfildən Sənan onun sinə nahiyəsindən yumruqla vuraraq onu yerə yıxmışdır. O, ayağa qalxıb özünü birtəhər müdafiə etmək istəyərkən Sənan əlinə aldığı ağac parçası ilə onun baş nahiyəsindən və sonra bədəninin müxtəlif yerlərindən zərbələrlə vuraraq onu yenə də yerə yıxmışdır. Bu vaxt o, sol çiyin və sol kürək nahiyəsindən zərbələr almışdır. Hadisə vaxtı onun həmkəndlisi Naib olduqları yerə gələrək münaqişəyə müdaxilə etmiş və onu həmin yerdən uzaqlaşdırmışdır. Bir qədər sonra o, əvvəl yaşadığı evə getmiş, lakin ağrı hissinə görə evdən çıxıb taksi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra o, birtəhər özünə gəlib Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Sənan əlinə aldığı ağac parçası ilə onun baş nahiyəsindən zərbə ilə vuraraq ona "başın təpə-ənsə nahiyəsinin yumşaq toxumlarının əziyi ilə yanaşı baş beyin silkələnməsi” xəsarətlərini yetirmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmişdir və onun Təqsirləndirilən şəxs qarşı hər-hansı bir şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında həmkəndlisi Umudşahla birlikdə iribuynuzlu heyvanları kəndin örüş yerinə aparmışdır. Ora hündürlükdə olduğu üçün yorulduqlarına görə bir qədər sonra oturub dincələrək çörək yeməyə başlamışdırlar. Umudşahla ikisinə bir ədəd 500 qramlıq spirtli içkinin bir qismindən qəbul etmişdirlər. Bu vaxt Umudşah malqaranın yola tərəf getdiyini görmüş, buna görə ayağa qalxaraq heyvanları olan tərəfə getmişdir. Təxminən beş dəqiqə sonra bir qədər məsafədə Umudşahı bir nəfər şəxsin əlində ağac parçası ilə yerə yıxıb döydüyünü və yanına iki nəfərin, qadın və kişinin yaxınlaşmasını görmüşdür. Buna görə də o, dərhal özünü həmin yerə çatdırmış, Umudşahın Sənan tərəfindən döyüldüyünü görmüşdür. Sənan, əlində olan ağac parçası ilə Umudşahın baş nahiyəsindən vurmuşdur. Buna görə də o, birtəhər münaqişəyə müdaxilə etmiş, Umudşahı həmin yerdən kənarlaşdırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ailəlidir, dörd övladı var. Sənan onun oğludur. Ailəsi əkinçiliklə məşğuldur. Şabran rayonunun Xəlfələr kəndi ərazisində ona məxsus 80 sot əkin sahəsi var. Həmin yerdə o, ailəsi ilə buğda əkmiş, bir qədər məsafədə isə kartof əkmişdir. xx.xx.2025-ci il tarixdə, günorta saat 14:00 radələrində o, arvadı Mətanət və oğlu Sənanla əkin sahəsinə getmiş, arvadı Mətanətlə əkdikləri kartof sahəsinə baxarkən oğlu Sənan buğda əkdikləri yerə baxmağa getmişdir. Orada o, mal-qaranın sahələrinə girdiyini görüb çayın digər tərəfinə keçmiş, mal-qaranı qovmağa başlamışdır. Bu vaxt bir qədər məsafədə olan və sonradan adı ona məlum olmuş Umudşah uzaqdan oğlu barəsində nalayiq ifadələr səsləndirərək oğlunun üstünə gəlmiş, həmin torpaqların ona məxsus olmasını demişdir. Oğlu Sənan onun sifət nahiyəsindən yumruqla vurmuş, onunla dalaşmağa başlamışdır. Buna görə də o, arvadı Mətanətlə tez həmin yerə getmiş, mübahisəni sakitləşdirməyə çalışmışdır. Hadisə yerinə çatdıqda onun ürəyi xəstə olduğu üçün halı pisləşmiş, orada olan sonradan adı ona Naib kimi məlum olan şəxsdən Umudşahı sakitləşdirməsini xahiş etmişdir. Umudşah bir qədər sonra sakitləşmiş və onların yanından kənarlaşmışdırlar. Bundan sonra Sənan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, dörd övladı var. Oğlu Sənan ailəsi ilə birlikdə onlarla bir evdə yaşayır. Onlar ailəlikcə əkinçiliklə məşğuldurlar. Onların Şabran rayonunun Xəlfələr kəndi ərazisində 80 sot əkin sahələri var. Həmin yerdə buğda və bir qədər məsafədə kartof əkmişdirlər. xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində o, əri Əlifağa və oğlu Sənanla birlikdə əkin sahələrinə getmişdirlər. O, Əlifağa ilə əkdikləri kartof sahəsinə baxarkən Sənan bir qədər məsafədə olan buğda sahəsinə baxmağa və ora girən mal qaranı qovmağa getmişdir. Bir qədər sonra həmin yerdən qışqırıq və mübahisə səsləri gəlmiş, buna görə də o, əri ilə birlikdə həmin yerə özlərini çatdırmışdır. Həmin yerə çatanda oğlu Sənanla sonradan adı onlara Umudşah kimi məlum olan şəxsin dalaşdıqlarını görmüşdürlər. Sənan sifət nahiyəsindən xəsarət almış, buna görə də o, Umudşaha niyə oğlunun sifətini bu günə saldığını demiş, Umudşah buna cavab olaraq onun barəsində nalayiq ifadələr səsləndirməyə başlamış, oğlu ilə dalaşmağa davam etmişdir. Buna görə də o, yerdə onların yanında olan ağac parçasını götürmüş, bir-iki dəfə Umudşah istiqamətində atmış, lakin zərbələrin ona dəydiyini görməmişdir. İş materiallarından olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cinayət işinin İ cildinin 1-2-ci vərəqi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1nin xx.xx.2025-ci il tarixli, 75 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın təpə-ənsə nahiyəsinin yumşaq toxumalarının əziyi, baş beyin silkələnməsi, sol çiyin qurşağı, sol kürək və sağ bazu nahiyələrinin çpoxsaylı qançırları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların təsirindən törənmiş, törənmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (cinayət işinin İ cildinin 26-27-ci vərəqləri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1nin xx.xx.2025-ci il tarixli, 74 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol gözaltı nahiyəsinin yumşaq toxumlarının əziyi və dəri yarası, sol kürəkaltı nahiyənin sıyrığı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir (cinayət işinin İ cildinin 28-29-cu vərəqləri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cinayət işinin İ cildinin 60-cı vərəqi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş 135 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın təpə-ənsə nahiyəsinin yumşaq toxumlarının əziyi, baş beyin silkələnməsi, sol çiyin qurşağı, sol kürək və sağ bazu nahiyələrinin çoxsaylı qançırlarından ibarət xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Başın təpə-ənsə nahiyəsinin yumşaq toxumlarının əziyi ilə yanaşı baş beyin silkələnməsi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Sol çiyin qurşağı, sol kürək və sağ bazu nahiyələrinin çoxsaylı qançırları həm ayrıayrı həm də hamısı birlikdə sağlamlığına zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş sol çiyin qurşağı və sol kürək nahiyyələrinin çoxsaylı qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də həmin xəsarətlərin ağac parçasının təsirindən yarana bilməsi inkar olunmur (cinayət işinin İ cildinin 66-68-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 70-ci vərəqi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 81-ci vərəqi). - Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ondan heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Şabran Rayon Məhkəməsinin 3(031)-373/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Şabran Rayon Məhkəməsinin 3(031)-372/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və tərəflərin cinayət işi üzrə icraata xitam verilməsi barədə müraciətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməli, habelə hazırki cinayət işi üzrə dövlət hesabına müdafiəçi təyin edilmiş Müdafiəçi iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saat yardıma görə Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ona 110 manat ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Cinayət-Prosessual Məcəlləsinin 39.1.8, 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına 110 (yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsi hissəsinin icrası üçün qərar Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar