Məhkəmə qərarları › İş №1(031)-38/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-38/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-38/2021 01.07.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Şabran rayonu, Pirəbədil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, İ qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Şabran rayonu, Pirəbədil kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs ilə yaşadığları evdə şəxsi münasibətləri zamanı aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruq və daşla vuraraq sonuncuya sol təpə nahiyyəsinin dərialtı qansızmasından (hematomasından), xarici burun nahiyəsində yumşaq toxumaların əziyindən, sol gözaltı nahiyəsinin qançırından ibarət olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 2009-cu il tarixdə Şabran rayon Zöhramı kənd sakini Vəsxanım adlı qadınla ailə həyatı qurmuş, həmin nikahdan 11 və 02 yaşında iki oğlu var. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. 2014-cü ildə böyrəklərində ciddi problem olduğuna görə anasının böyrəyinin birini ona köçürülmüşdür. Bununla əlaqədar uzun müddət xəstə yatmış və hazırda İ-ci qrup əlildir. Hadisədən 02 ay öncə sərhəd qoşunlarında xidmət edən qardaşı müəmmalı şəkildə suya düşərək vəfat etdiyindən stres keçirmişdir. 23 may 2021-ci il tarixdə səhər saatlarında o, ot biçmək üçün getmiş və təxminən saat 09 radələrində evə dönmüşdür. Həmin vaxt arvadına bildirmişdir ki, rayona gedib mərhum qardaşıyla bağlı teleqramlar vurmalıdır. Bu zaman arvadı narazılıq bildirərək “niyə sən gedirsən, səndən başqa qardaşın və atan var, onlar getsinlər” sözlərini demiş, bu məzmunda arvadıyla mübahisələri olmuşdur. Bundan sonra o, çıxıb Şabran şəhərinə getmiş, işlərini görüb təxminən saat 18 radələrində evə qayıtmışdır. Həmin vaxt uşaqlarıyla görüşüb arvadına salam verəndə Vəsxanım ona sərt cavab vermiş və ona “sən bir də həmin işin ardınca getsən sənin paltarlarını ütüləməyəcəm və çıxıb evimizə gedəcəyəm” sözlərini demişdir. Buna görə mübahisələri yaranmış, Vəsxanım ona cavab qaytardığı üçün sonuncuya bir sillə vurmuş, nəticədə sonuncunun burnu qanamışdır. Bir xeyli mübahisələri olmuş, o, hirslənərək bayıra çıxmış və siqaret çəkəndə qaynına zəng edərək bildirmişdir ki, onlara gəlsin, arvadı isə onun atasına zəng edərək evə çağırmışdır. Vəsxanımın onun atasına zəng etməsi onu daha da əsəbləşdirmiş, ona görə də Vəsxanımı nalayiq ifadələrlə təhqir etmişdir. Bir xeyli keçəndən sonra qayını deyil, arvadının əmisi, qayınanası və bibisi onların yaşadığları evə gəlmişlər. Arvadı Vəsxanım həmin şəxslərin qarşısına ağlayaağlaya çıxaraq “məni Çingiz vurub” sözlərini deməsini eşitsə də başqa nə dediyini eşitməmiş, bu zaman arvadı Vəsxanımın əmisi pis formada “qələt eləyib səni vurub, paltarlarını götür gəl otur maşına” sözlərini demişdir. O da buna cavab olaraq Vəsxanımın əmisinə “adam bir öyrənər nə baş verib, sonra o sözü deyər” sözlərini demişdir. Onun bu sözündən sonra onu ünvanına nalayiq ifadələr işlədilidyindən o, əlinə ağac alaraq “hamınız həyətimdən çıxın bayıra” sözlərini deyib evdən qovmuşdur. Bu zaman qardaşı həyətə gəlmiş və onları sakitləşdirmək istəmiş, onlar sakitləşməsələr də həyətindən çıxıb getmişlər. Sonra qardaşıyla əyləşib söhbət edib özü də sakitləşmiş, qayınanasıgilin onların həyətinə gələrkən əlində bıçaq deyil, palçıqlı mala olmuş, həmin malanın üzərində olan qurumuş palçıqları təmizləmiş. Vəsxanımın qohumları onun mərhum qardaşı barədə ifadə işlədərkən o, əlində olan malanı onlara tullamış, ola bilsin ki, həmin mala qayınanasının sifətinə dəyib xəsarət yetirmiş, sonra isə qaranlıqda daş atmış, daşın kimə dəydiyini bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 23 may 2021-ci il tarixdə səhər saatlarında o, evi yığışdıran zaman Çingizin yastığının altında bıçaq olduğunu görmüş və Çingiz evə gələrkən ondan “bu bıçaq nədir, məni öldürməkmi istəyirsən” deyə soruşmuşdur. Çingiz isə ona mən düşmənliyəm, ona görə də bıçaq yastığımın altında olur” deyə cavab vermişdir. Çingiz evdən çıxıb getmiş və saat 19 radələrində evə sərxoş vəziyyətdə gəlmişdir. O, Çingizə “sərxoşsan, çəkil o tərəfə” deyəndə Çingiz ona “mən düz bilirəm, sənin bibioğlu ilə əlaqən var” sözlərini demiş, ona görə də Çingizin bu sözlərinə təəccüb etmişdir. Çingiz danışmağa başlamış, hətta azyaşlı uşaqlarına “ananız pis yola gedir, bunu tanıyın” sözlərini deyib onun anasını və atasını nalayiq ifadələrlə təhqir etmişdir. Çingiz daha sonra həyətdə telefonu qulağına tutaraq guya onun qardaşına zəng edib nalayiq əməllərini bildirərək gəlib onu aparmasını tapşırmışdır. O, Çingizin bu hərəkətlərinə görə evə gəlmiş və öz ***-***-**-** saylı nömrəsiylə əmisi Tahirə zəng edərək Çingizin etdiyi hərəkətləri bildirmiş və tez onlara gəlməsini demişdir. Çingiz evdən bıçağı götürüb bayıra çıxaraq daşla bıçağı sürtəndə o, Çingizin atasına zəng edərək onun hərəkətlərini bildirmiş və tez onlara gəlməsini xahiş etmişdir. Biraz keçəndən sonra Çingizin atası zəng edərək Çingizlə danışmış, lakin gəlməmişdir. Çingiz, onun atasına zəng etdiyini biləndə bıçağ əlində onun üzərinə gələrək “niyə atama zəng etmisən” deyə soruşmuşdur. Bu zaman uşaqlar qışqıraraq ağlamışlar, Çingiz digər əli ilə onun burnuna yumruqla vurmuş, burnu qanamış, burnunun qanını saxlaya bilməmişdir, Çingiz onun telefonunu əlindən alıb qardaşına zəng etmiş və guya onun əxlaqsızlıq etdiyini bildirib, “gəlin bunu aparın” sözlərini demiş, sonra isə ona “mən səni yaşamağa qoymayacam, sən ölməlisən” sözlərini demişdir. Daha sonra Çingiz onun telefonunu götürüb içərisini yoxlamağa başlamış, telefonda olan Xəyalə adlı şəxsin guya kişi olduğunu və qəsdən o şəkildə yazdığını bildirmişdir. Bundan sonra əmisi Tahir, anasi və bibisiylə birlikdə onlara gəlmişlər, bu zaman Çingiz onlara bildirmişdir ki, guya o bu yaxınlarda rəhmətə gedən qardaşının goruna söyüb. Lakin o and içərək Çingizin qardaşını söymədiyini bildirmişdir. Çingiz hətta həmin vaxt onlara bildirmişdir ki, guya onun kiminləsə əlaqəsi var, daha sonra bıçağı əlinə alaraq evə gələnləri evdən qovmağa başlamışdır. Bu zaman Çingizin qardaşı Vüqar ora gəlmiş, o Vüqara iradını bildirərək “atan niyə gəlmədi” deyə soruşmuş, Vüqar isə ona bildirmişdir ki, guya özünün heç nədən xəbəri yoxdur, təsadüfən gəlibdir. Çingizin bu hərəkətlərini görən anası ona “paltarını yığışdır, səni evə aparacam” sözlərini demiş, azyaşlı uşaqları maşına minmək istəyəndə Çingiz əlinə daş alaraq uşaqlara “düşün maşından yoxsa sındıracağam” sözlərini demişdir. Uşaqlar da qorxudan düşmüşlər. Çingiz daşı ona atanda daş onun kürəyinə dəymiş və anasının sol sifət nahiyəsinə dəyərək xəsarət yetirmişdir. Çingizin bu hərəkətinə görə zorla maşına minərək oradan kənarlaşmışlar. Sonra o, Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda oğlu Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 23 may 2021-ci il tarixdə saat 21 radələrində Siyəzən rayonunda yaşayan qaynı Tahir öz avtomobili ilə onların evinə gəlib Vəsxanımgildə söz-söhbət olduğunu bildirərək birlikdə ora getməyi bildirmişdir. O, Tahirlə razılaşmış və onlar birlikdə Pirəbədil kəndinə qızının evinə getmişlər. Onlar həmin evə gedəndə Çingizin əlində bıçaq evdə oturduğunu görmüşdür. Çingiz onu görən kimi ayağa qalxaraq onlarla mübahisə edib əlində olan bıçaqla onları hədələməyə başlamışdır. O, qızına paltarlarını yığmağı və onlarla getməyi bildirmişdir. Bu anda Çingizin qardaşı Vüqar da oraya gəlmiş, həmin vaxt Vüqar yalnız qardaşının qarşısını kəsərək söz-söhbət salmamağı bildirmişdir. Onlar Çingizin bu hərəkətini görüb evdən çıxaraq qızını və nəvələrini evlərinə aparmaq istədikdə Çingiz uşaqların üzərinə çığıraraq uşaqların onlarla getmələrinə maneçilik törətmişdir. Uşaqlar avtomobilə tərəf gedəndə Çingiz onlara yaxınlaşıb qaranlıqda süpürləşəndə onun sol yanağını nə isə cızmışdır, bundan sonra Çingiz daş atmış, daş qızının kürəyinə dəymiş, sonra da onun burnundan dəymişdir. Bundan sonra onlar zorla maşına minərək ordan kənarlaşmışlar, sonra isə qızı Vəsxanım Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 23 may 2021-ci il tarixdə saat 20 radələrində qardaşı qızı Vəsxanım ona zəng edərək bildirmişdir ki, əri ilə evdə söz-söhbətləri düşüb, onu hər hansı bir işdə nahaqdan günahlandırır. Vəsxanım ona təcili gəlmələrini xahiş etdiyi üçün o, öncə Zöhramı kəndində yaşayan qardaşı evinə dönmüş və qardaşı arvadını götürtüb Prəbədil kəndində yaşayan Vəsxanımgilə getmişlər. Vəsxanımgilə çatan zaman evdə söz-söhbət olduğunu, bir-biri ilə mübahisə etdiklərini və qardaşı qızı Vəsxanımın ərinin əlində bıçaq olduğunu görmüşlər. Çingiz onu görən kimi daha da coşaraq onunla mübahisə etməyə başlamışdır. Bunun belə hərəkətini görüb qardaşı arvadı öz qızı Vəsxanıma bildirmişdir ki, sonuncu hazırlaşsın onlarla birlikdə evlərinə getsin. Bu zaman Çingizin qardaşı Vüqar da oraya gəlmiş və Çingizin qarşısını kəsmiş, onlara isə maşına oturub çıxıb getmələrini tapşırmışdır. Bu zaman Çingiz arvadı Vəsxanıma daş atarkən daş sonuncunun kürəyinə dəymiş və daha sonra həmin daş qardaşı arvadı Seyranın burnundan dəymişdir, onlar maşına minib ordan kənarlaşandan sonra görmüşlər ki, Seyranın sol yanağı da xəsarət alıb, onun hansı şəkildə xəsarət almasını bilməmişlər, qarşıdurmada ola bilsin Çingizin əlində olan bıçaq toxunsun və yaxud da digər hər hansı bir dəmir cızsın. Bundan sonra qardaşı qızı Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng edərək məlumat hadisə barədə məlumat vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin 24 may 2021-ci il tarixli 91 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol təpə nahiyəsinin dərialtı qansızması (hematoması), xarici burun nahiyəsində yumşaq toxumalarının əziyi, sol gözaltı nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda göstərdiyi vaxtda və şəraitdə, yəni 23 may 2021-ci il tarixdə döyülmə zamanı yumruqla, daşla vurulan çox saylı zərbələr nəticəsində alına bilərdi, özü-özünə yetirilməsinə xarakterik deyil, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Şabran rayon İHB-nın Pirəbədil İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli 97 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Pirəbədil kəndində ailə üzvləri – Zərərçəkmiş şəxs və uşaqları – 17 may 2010-cu il təvəllüdlü X2 və 06 noyabr 2018-ci il təvəllüdlü X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Pirəbədil İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli 98 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 14 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 406577 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz ümumi xəstəlikdən birinci qrup əlildir. İş materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. İş materialına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və bu səbəbdən işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığından və ondan hər hansı bir tələbi olmadığından, eləcə də MSİ materialı üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar