Məhkəmə qərarları › İş №1(031)-38/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-38/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-38/2023 16.08.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkillər – Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxxx 2005-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3əsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1994-cü il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 istintaqa dəqiq məlum olmayan vaxtda, mənbədən və miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,277 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış 1 ədəd bükümdə narkotik vasitə hesab olunan heroini 28 mart 2023-cü il tarixdə saat 19 radələrində icarə əsasında işlətdiyi Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Dəvəçi Dönər” obyektinin qarşısında həmin obyektdə paketçi kimi işləyən Şabran şəhər sakini yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 gələcəkdə birlikdə istifadə etmək məqsədilə satmış, 1 ədəd 1 ml-lik şprisdə maye halında 0,24 ml, quru halda təmiz çəkisi 0,007 qram olan narkotik vasitə heroini isə əynində olan cins şalvarının sol arxa cibində yerləşdirib üstündə şəxsi istehlak məqsədilə daşımaqla qanunsuz olaraq saxlamış, həmin günü, saat 15 radələrində Şabran rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən avtovağzalın yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilmiş və RPŞ-də onun üzərinə şəxsi axtarış aparılan zaman 1 ədəd 1 ml-lik şprisdə maye halında 0,24 ml, quru halda isə təmiz çəkisi 0,007 qram olan narkotik vasitə heroin ondan aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 28 mart 2023-cü il tarixdə saat 19 radələrində paketçi kimi işlədiyi Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Dəvəçi Dönər” obyektinin qarşısında həmin obyektin icarədarı Təqsirləndirilən şəxs1 ona gələcəkdə birlikdə istifadə etmək məqsədilə satdığı təmiz çəkisi 0,277 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış 1 ədəd bükümdə narkotik vasitə hesab olunan heroini 29 mart 2023-cü il tarixdə, saat 11 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Qayalı” marketin qarşısında tanışı Şabran şəhər sakini Təqsirləndirilən şəxs3 8 manat 90 qəpiyə satmış, bundan əlavə istintaqa dəqiq məlum olmayan vaxtda, mənbədən və miqdarda qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 1,157 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış 1 ədəd bükümdə psixotrop maddə metamfetamini isə 29 mart 2023-cü il tarixdə Şabran şəhəri, M.Nəzirov küçəsində yerləşən alça ağacının altında gizlətmiş, həmin tarixdə Şabran rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq RPŞ-nə gətirilmiş və Şabran şəhəri, M.Nəzirov küçəsinə baxış keçirən zaman isə sözügedən psixotrop maddə metamfetamin aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 29 mart 2023-cü il tarixdə saat 11 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Qayalı” marketin qarşısında tanışı Şabran şəhər sakini yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 8 manat 90 qəpik qarşılığında satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,277 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış 1 ədəd bükümdə narkotik vasitə hesab olunan heroini üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış və həmin tarixdə saat 17 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şabran şəhəri, H.Əliyev prospektində yerləşən “X3” yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilmiş və RPŞ-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı sözügedən narkotik vasitə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək müvafiq qayda da götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla anası ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır və tutulmamışdan təxminən 2 ay əvvəl Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Dəvəçi” dönərxananı icarəyə götürüb işlədirmiş. Artıq bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Əsasən də istifadə etdiyi narkotik vasitə marixuanadır. 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 177 və 234.2-ci maddələri ilə məhkum olunub. xx.xx.2023-cü il tarixdə günorta saatlarında işlədiyi dönərxanadan çıxaraq Şabran şəhərində yerləşən avtovağzalda yerləşən ayaqyoluna gedib. Ayaqyoluna daxil olan zaman ayaqyolunun girişində yerdə içərisində qəhvəyi rəngli maye olan 1 ml-lik şpris görmüş, həmin şprisi götürdükdə onun içərisindəki mayenin heroin olduğunu anlamışdır. Elə təzəcə ayaqyoluna daxil olmuşdu ki, polis əməkdaşları ayaqyolunun içərisində ona yaxınlaşıb narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün onu RPŞnə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvəti ilə RPŞ-nə getmiş, Şabran RPŞ-də hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əyninə geyindiyi göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd 1 qramlıq şpirisdə narkotik vasitə olan heroini polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. O, bundan əlavə narkotik vasitələrin satışı ilə məşğul olmamış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaq üçün verməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri, Q.Qasımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Subaydır və 2 aya yaxın idi ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Dəvəçi” dönərxanada paketçi kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində, dönərxananın sahibi Təqsirləndirilən şəxs1 gümüşü rəngində siqaret kağızında bükülmüş narkotik vasitə olan heroini ona verərək “bunu özündə saxla, kim istəsə verərsən və ya özündə saxla gələcəkdə birlikdə istifadə edərik” söyləmişdir. O da həmin bükümü bir gün öz üzərində saxlamışdır. Həmin günün səhəri Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs3 ilə həmin küçədə yerləşən 777 nömrəli ərzaq mağazasının yaxınlığında təsadüfən görüşərək söhbət etmişlər. Söhbət zamanı Heydər ondan narkotik vasitə istəmiş və onda narkotik vasitə olub-olmadığını soruşmuşdur. O da Heydərə bildirmişdir ki, üzərində bir büküm narkotik vasitə heroin var, əgər istəyirsə ona 10 manata sata bilər. Heydər də cibində olan pulu çıxarıb ona vermiş, həmin pulu saydıqda orada 8 manat 90 qəpik pul olduğunu görmüşdür. Ardınca isə o Heydərlə razılaşaraq narkotik vasitə olan heroini sonuncuya satmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 polis tərəfindən tutulduğunu eşitmiş, buna görə də üzərində gəzdirdiyi 1 ədəd şpirisi, şüşə ampulanı və həmin ayın əvvəllərində rayonun dəmir yol vağzalında tapdığı psixotrop maddə metamfetamini Şabran şəhəri, M.Nəzirov küçəsində yerləşən alça ağacının altında gizlətmişdir. Həmin günü, günorta saatlarında Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Qayalı” marketin qarşısında olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün RPŞ-nə dəvət etmişlər, o da bu dəvət əsasında RPŞ-nə gəlmiş, RPŞ-də olan zaman anasının və vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman üzərində hər hansısa bir qanunsuz əşya aşkar edilməmiş, ancaq gizlətdiyi psixotrop maddəni və satdığı narkotik vasitəni səmimi olaraq polis əməkdaşlarına etiraf etmişdir. Etdiyi əməldən peşmançılıq çəkir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır və heç bir yerdə işləmir. Təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir, əsasən də istifadə etdiyi narkotik vasitə heroindir. Bir neçə dəfə müalicə olunsa da heç bir faydası olmayıb. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “777” nömrəli ərzaq mağazasının yaxınlığında təsadüfən rastlaşdığı tanışı Şabran rayon sakini Təqsirləndirilən şəxs2 ilə görüşərək söhbət etmişlər. Söhbət zamanı o, Cihandan narkotik vasitə istəmiş, sonuncu da ona bildirmişdir ki, üzərində bir büküm narkotik vasitə heroin var, əgər istəyirsə ona 10 manata sata bilər. O da cibində olan 8 manat 90 qəpik pulu çıxarıb ona vermiş, Cihan da bunun qarşılığında onunla razılaşaraq 1 büküm narkotik vasitə olan heroini sonuncuya satmışdır. O da əldə etdiyi narkotik vasitə heroini cibinə qoyaraq oradan uzaqlaşmış, həmin günün axşamı isə Şabran RPŞ-nin əməkdaşları tərəfindən Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq RPŞ-nə gətirilmişdi. RPŞ-də olan zaman hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 ona verdiyi 1 ədəd bükümdə narkotik vasitə heroini polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Etdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Şabran rayon polis şöbəsinin PPXB-də polis leytenantı rütbəsində tağım komandiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Şabran RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2, Şabran RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Savalan Məhərrəmov və Şabran RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Adil Kərimov ilə birlikdə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində xidmətdə olublar. Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən avtovağzalda olan zaman Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 hərəkətlərindən şübhələndiklərinə görə sonuncuya Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən avtovağzalda olan ayaqyolunun qarşısında yaxınlaşaraq onu Şabran RPŞ-nə dəvət ediblər. Təqsirləndirilən şəxs1 onlarla razılaşaraq RPŞ-nə gəlmişdir. RPŞ-nə gəldikdən sonra X4 təhvil vermiş, daha sonra isə RPŞ-nin təhqiqatçısı və vəkilinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən içərisində narkotik vasitə heroinə bənzər maye olan 1 ədəd şpris aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs1 Şabran şəhərində yerləşən avtovağzalda saxlayan zaman sonuncunun icarə əsasında işlətdiyi Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Dəvəçi Dönər” adlı ictimai iaşə obyektində paketçi kimi çalışan Təqsirləndirilən şəxs2 Mirhəsənin tutulmasından sonra etdiyi hərəkətlərdən şübhələnərək sonuncunu RPŞ-nin Növbətçi Hissəsinə təhvil verdikdən sonra Təqsirləndirilən şəxs2 də Şabran şəhərində yerləşən avtovağzalda saxlayaraq onu RPŞ-nə narkotik vasitələrin saxlanmasında və daşınmasında şübhəli olduğuna görə dəvət etmişlər. RPŞ-nə gəldikdən sonra Cihanı da RPŞ-nin Növbətçi Hissəsinə təhvil vermiş, daha sonra isə RPŞ-nin təhqiqatçısının, hüquqların müdafiə edilməsi üçün vəkilin və Cihan yetkinlik yaşına çatmadığına görə anası Könül Vəliyevanın iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Cihanın üzərindən hər hansısa bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 RPŞ-nə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şabran şəhərində yerləşən avtovağzalın yaxınlığında Şabran şəhər sakini Təqsirləndirilən şəxs3 1 bükümdə narkotik vasitə heroin satdığını qeyd etmiş, bundan əlavə Təqsirləndirilən şəxs1 tutulmasından sonra özünün də tutulacağından qorxaraq üzərində olan narkotik vasitə istifadə edilməsi üçün nəzərdə tutulmuş 1 ədəd şprisi, şüşə ampulasını və psixotrop maddə metamfetamini Şabran şəhəri, M.Nəzirov küçəsində olan alça ağacının altında gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 RPŞ-nə verdiyi izahat əsasında Şabran rayon sakini Təqsirləndirilən şəxs3 həmin günü axşam saatlarında Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində tərəflərindən saxlanılaraq RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, daha sonra isə RPŞ-nin təhqiqatçısı və vəkilinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən 1 ədəd narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 həmin narkotik vasitəni tutulduğu gün, səhər saatlarında Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 8 manat 90 qəpiyə aldığını səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclaısında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək analoji ifadə vermişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1816 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş və 1 ədəd möhürlü zərfdə qablaşdırılaraq tədqiqata təqdim olunmuş 1 ədəd 1 ml-lik şprisdə maye halında 0,24 ml, quru halında isə 0,007 qram (tədqiqata sərf edildi-0.12 ml, qalıq-0,12 ml.) olan narkotik vasitə heroindir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1815 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 gizlətdiyi Şabran şəhəri, M.Nəzirov küçəsində yerləşən alça ağacının altından aşkar edilərək götürülmüş və 1 ədəd möhürlü zərfdə qablaşdırılaraq tədqiqata təqdim olunmuş kütlə təmiz çəkisi 1,157 qram (tədqiqata sərf edildi-0.05 qram, qalıq-1.107 qram) olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bundan əlavə Şabran şəhəri, M.Nəzirov küçəsində yerləşən alça ağacının altından aşkar edilərək götürülmüş 1 ədəd 1 qramlıq boş şpirisin içərisindən narkotik vasitə və psixotrop maddələrə məxsus izlər aşkar edilməmiş, ancaq 1 ədəd sınıq şüşə ampulanın daxilində narkotik vasitə heroinin izləri aşkar edilmiş, buna baxmayaraq iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onun təmiz çəkisi müəyyən edilə bilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1817 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş və 1 ədəd möhürlü zərfdə qablaşdırılaraq tədqiqata təqdim olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,277 qram (tədqiqata sərf edildi-0.05 qram, qalıq-0,227 qram) olan narkotik vasitə heroindir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Məhkəmə Narkoloji Ekspertizasının 19 may 2023-cü il tarixli 3048 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu(narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Məhkəmə Narkoloji Ekspertizasının 04 may 2023-cü il tarixli 2652 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Məhkəmə Narkoloji Ekspertizasının 04 may 2023-cü il tarixli 2648 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu nəticəsində yaranan aslılıq sindiromu(narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 12 aprel 2023-cü il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 psixonevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs1 isə psixonevroloji kabinetdə dispanser qeydiyyatında olmasa da, narkoloji kabinetdə dispanser qeydiyyatındadır. Cinayət işinə əlavə edilmiş Şabran RİHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli məktubdan görünür ki, Rzayev X2 şəhəri, H.Əliyev prospekti, ev 65 ünvanında anası ilə birlikdə yaşayır. Cinayət işinə əlavə edilmiş Şabran RİHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı şikayət daxıl olmamışdır. Cinayət işinə əlavə edilmiş Şabran RİHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında anası və bacısı ilə birlikdə yaşayır. Cinayət işinə əlavə edilmiş Şabran RİHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı şikayət daxıl olmamışdır. Cinayət işinə əlavə edilmiş Şabran RİHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanında atası – X5 ilə birlikdə yaşayır. Cinayət işinə əlavə edilmiş Şabran RİHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı müddət ərzində sakinlərə hörmətlə yanaşmamış, yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmamışdır. Özündən böyüklərə hörmətlə yanaşmamışdır. Valideynlərinin öyüd və nəsihətlərinə əməl etməmişdir. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş 14 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş 14 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Rzayev X2 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq olunmaqla cəza çəkmə müddətinin əvvəli 06 avqust 2020-ci ildən hesablanaraq 03 il 26 gün müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 1477/2021 nömrəli, 28 dekabr 2021 -ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Şabran Rayon Məhkəməsinin 1(031)-20/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş qalan hissəsini çəkmək üçün X9 Müəssisəsinə keçirilmişdir. Cinayət işinə əlavə edilmiş Şabran rayon məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 7(031)-114/2022 saylı qərarından görünür ki, Rzayev X2 Rayon Məhkəməsinin 1(031)- 20/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 12 sentyabr 2022-ci il tarixə çəkilməmiş qalan 11 (on bir) ay 19 (on doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materialları ilə müəyyən olunur ki, cəzasının çəkilməmiş hissəsi ərzində məhkum Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətmişdir. İş materiallarında olan Şabran rayon məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində tutulmasının əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 29 mart 2023-cü il tarixli tutma protokolundan, eləcə də 31 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 31 mart 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 29 mart 2023-cü il tarixli tutma protokolundan, eləcə də 31 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs3 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 31 mart 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, məhkəmə onun ifadəsini özünü müdafiə etmək, cinayət məsuliyyətindən yayınmaq kimi qiymətləndirir və hesab edir ki, iş üzrə dindirilmiş şahid ifadələri, üzləşdirmə protokolu və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdılar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdılar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayətlərin residivi olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini etiraf edib peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlini etiraf edib peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərək, onlarınn törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 29 mart 2023-cü ildən 31 mart 2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yaşayış yeri üzrə mənfi xarakterizə olunmaqla şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 29 mart 2023-cü ildən 31 mart 2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 240 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərlərindən və Təqsirləndirilən şəxs2 Şabran şəhəri, M.Nəzirov küçəsində yerləşən alça ağacının altında gizlətdiyi ayrı-ayrılıqda çəkiləri tədqiqata sərf edildikdən sonra qalıq 0,12 ml və 0,227 qram olan narkotik vasitə heroin ilə 1,107 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, eləcə də, üzləşdirmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 5 (beş) ədəd “CD” formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Şabran rayon məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Şabran rayon məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 03 il 26 gün azadlıqdan məhrum etmə cəzasından çəkilməmiş qalan 11 (on bir) ay 19 (on doqquz) gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 240 (iki yüz qırx) AZN məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərlərindən və Təqsirləndirilən şəxs2 Şabran şəhəri, M.Nəzirov küçəsində yerləşən alça ağacının altında gizlətdiyi ayrı-ayrılıqda çəkiləri tədqiqata sərf edildikdən sonra qalıq 0,12 ml və 0,227 qram olan narkotik vasitə heroin ilə 1,107 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, eləcə də, üzləşdirmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 5 (beş) ədəd “CD” formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqdim olunan vaxtdan) 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar