Məhkəmə qərarları › İş №1(031)-39/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-39/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-39/2022 15.09.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1971-ci il tarixdə Şabran rayonu, Sarvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şabran rayonu, Uzunboyad kəndində qeydiyyatda olan və faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli yolla talama məqsədi ilə Şabran rayonu, Uzunboyad kəndində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sarvan dəmir yolu stansiyasından mişar daşından inşa edilmiş hasarın üzərindəki 1900 manat dəyərində 19 ədəd hər birinin uzunluğu 01 metr, eni 50 sm olan çuqun barmaqlıqları söküb aparmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Şabran rayonunun Uzunboyad kəndində qeydiyyatda olsa da, uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayır və orada fərdi əmək fəaliyyəti ilə məşğul olur. Hərdən bir Şabran rayonuna gəlir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində həmkəndlisi Eldənizin və öz həyətində olan metal qalıqlarını yığışdırıb Şabran rayonunda yerləşən metal qəbulu məntəqələrindən birinə aparıb təhvil vermişdir. Həmin metallardan əldə etdikləri pula dükandan araq, siqaret və ərzaq alaraq evinə qayıtmışlar. Onlar birlikdə bir qədər oturub yeyib-içdikdən sonra Eldəniz çıxıb evinə getmiş, o, isə həmin gün saat 19 radələrində çıxıb Sarvan dəmir yolu stansiyasında yerləşən çayçıya getmişdir. Həmin gün saat 23 radələrində o, çayçıdan çıxarkən dəmir yolu xətlərinin kənarında inşa edilmiş daş hasarın üstündən çəkilmiş dəmir barmaqlıqları görmüş, həmin barmaqlıqları çıxardıb metal qəbulu məntəqəsinə təhvil verməklə pul əldə etmək qərarına gəlmişdir. Evə gəldikdən sonra o, köhnə paltarlarını geyinmiş, Sarvan dəmir yolu stansiyası istiqamətində getmiş, həmin yerə gedəndə həmkəndlisi Eldəniz qarşısına çıxmış və ondan onunla birlikdə Sarvan dəmir yolu stansiyası ərazisinə gedərək orada dəmir yolu xətlərinə aid hasarın metal barmaqlıqlarının açılmasında ona köməklik etməsini xahiş etmişdir. Lakin Eldəniz buna razı olmamış, buna görə də o, həmin yerə tək getmişdir. Sarvan dəmir yolu stansiyası ərazisinə gəldikdə o, əvvəl ətrafa baxmış, onu hər hansı bir şəxsin görməməsindən əmin olmuş, sonra daş hasarın üztündə olan metal barmaqlıqları yerdən tapdığı metal parçası ilə sökərək açmağa başlamışdır. Sonra həmin barmaqlıqları yığaraq aparıb bir qədər məsafədə yerləşən kəndləri istiqamətdə gizlətmişdir. Barmaqlıqları açarkən istifadə etdiyi metal parçalarını stansiya ərazisindən çıxarkən yerə atmışdır. Bundan sonra o, saat 07 radələrində həmin barmaqlıqları aparmaq üçün yolun kənarında dayanmış, taksi axtararkən yoldan VAZ-2101 markalı, qeydiyyat nişanı ona məlum olmayan tanımadığı şəxsin avtomobili ilə keçdiyini görmüş və əl edərək avtomobili saxlatmışdır. Həmin avtomobillə metal barmaqlıqları evinə aparmaq üçün 10 manata razılığa gəlmiş, sonra hissə-hissə barmaqlıqları üç dəfəyə öz evinə aparmışdır. Bir qədər sonra 22 yanvar 2022-ci il tarixdə gündüz vaxtı polis əməkdaşları onun əməlindən xəbər tutmuş, yaşadığı ünvana gələrkən o, həyətinə baxış keçirilməsinə etiraz etməmiş, polis əməkdaşları baxış zamanı evin həyətində olan metal barmaqlıqları aşkar etmiş, o da hər şeyi olduğu kimi etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Hazırda da törətdiyi əməlinə görə peşmançılıq çəkir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi qismində dindirilmiş X6 göstərmişdir ki, o, "xxxx" QSC-nin 1 nömrəli X19 SƏTƏM (Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit) üzrə mütəxəssis vəzifəsində işləyir. "xxxx" QSC-nin verdiyi etibarnaməyə əsasən ona hazırki cinayət işində zərərçəkmiş hüquqi şəxsin, yəni "xxxx" QSC-nin nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. 22 yanvar 2022-ci il tarixdə X7 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sarvan dəmir yolu stansiyasının ərazisindən 19 ədəd hər birinin uzunluğu 01 metr, eni isə 50 sm olan metal barmaqlıqlarının oğurlanması nəticəsində maddi ziyanın 1330 manat dəyərində hesablanması ilə tanış olmuş, lakin o, ziyanın 1900 manat dəyərində olmasını və metal barmaqlıqların qaytarılmasını tələb etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid Məhəmməd oğlu göstərmişdir ki, həmkəndlisi Sadayla uzun müddətdir ki, tanışdır. 21 yanvar 2022-ci il tarixdə saat 13 radələrində o, Sadayla görüşərkən cib xərcləri olmadığı üçün həyətlərində olan köhnə metal qırıntılarını aparıb metal qəbulu məntəqələrindən birinə təhvil verib pul əldə etmək qərarına gəlmişlər. Buna görə də Sadayın və onun həyətindən metal qırıntıları və hissələrini yığaraq aparıb Şabran rayonu ərazisində yerləşən metal qəbulu məntəqələrindən birinə təhvil verib əldə etdikləri pulla spirtli içki və ərzaq alıb Sadayın evinə qayıtmışlar. Orada spirtli içki qəbul etdikdən sonra o, çıxıb evinə getmiş, saat 23 radələrində evində qonaq olan qardaşının arvadının həyətlərindən çıxıb evlərinə yola saldıqda qonşu Sadayı görmüş, Saday ona yaxınlaşmış, Sarvan dəmir yolu stansiyası ərazisindən dəmir barmaqlıqları sökməyə getmək istədiyini, onunla birlikdə getməsini xahiş etmişdir. Lakin o, buna etiraz etmiş, onunla getməkdən imtina etmiş, Sadaydan fikrindən dönməsini xahiş etmişdir. Növbəti gün, yəni 22 yanvar 2022-ci il tarixdə o, gündüz saatlarında Sadayın ünvanına polis əməkdaşlarının gəlməsini görmüş, orada evin qarşısında olduqda Sadayın Sarvan dəmir yolu stansiyası ərazisindən metal barmaqlıları gecə oğurlaması ona məlum olmuşdur. Cinayət işinin materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 04 fevral 2022-ci il tarixli 142394 №-li məktubundan görünür ki, Sarvan dəmir yolu stansiyası ərazisindən 1 metr uzunluğunda, eni 50 sm. olan 19 ədəd çuqun barmaqlıqlarının hər birinin qiyməti 100 manat təşkil edir. Sahəyə dəymiş ziyan 1900 manat təşkil edir. Cinayət işinin materiallarında olan "xxxx" QSC-nin müvəkkil etdiyi nümayəndənin 13 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyam tam şəkildə ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir iddiaları, tələbləri və şikayətləri yoxdur, cəzanın təyin edilməsi hissəsini isə məhkəmənin mülahizəsinə buraxılır. İstintaq zamanı Təqsirləndirilən şəxs narkoloji və psixiatrik qeydiyyatda olubolmamasının müəyyənləşdirilməsi məqsədilə “Şabran RMX” Publik hüquqi şəxsə sorğu edilmiş, xx.xx.2022-ci il tarixli 272 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Uzunboyad İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli 157 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Uzunboyad kəndində ailə üzvləri – X1, uşaqları – X8, X9, X10, X4, X5, nəvəsi X11 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Uzunboyad İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1991-1993-cü illərdə İ-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, 2017-ci ilə qədər Uzunboyad kəndində yaşamış, fərdi tikinti işləri ilə məşğul olmuşdur. Hal-hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. O, ara-sıra Uzunboyad kəndinə evlərinə gəlir. Ümumilikdə içki aludəçisidir. Hal-hazırda heç yerdə işləmir. Cinayət işinin materiallarında olan Şabran rayon məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədiyindən, onun barəsində axtarış elan edilmiş, haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilmişdir. Cinayət işinin materiallarında olan Şabran rayon polis şöbəsi tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yeri Bakı şəhərində müəyyən edilərək tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-2-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdən həbsdədir. Onun həbsdə olduğu 27 gün bir günə iki gün hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş, Xaçmaz st. XPŞ-də saxlanılan 19 ədəd çuqun barmaqlıqlar sahibinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 27 gün bir günə iki gün hesablanmaqla, 01 ay 24 gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 il 08 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri üzrə probasiya idarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri üzrə probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azadlığa buraxılsın, hökm qanuni qüvvəsini alanadək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut hesab edilmiş, Xaçmaz st. XPŞ-də saxlanılan 19 ədəd çuqun barmaqlıqlar sahibinə təhvil verilsin. Təqsirləndirilən şəxs məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar