Məhkəmə qərarları › İş №1(031)-39/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-39/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-39/2023 27.07.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi X3, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evi, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şabran rayonu, Qorğan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına məxsus dövlət neft şirkəti “Socar”ın tabeliyindəki “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinə məxsus Şabran rayonu, Zağlı kəndi istiqamətindəki elektrik dirəklərini və HEVX elektrik hava xətlərini oğurlamaq barədə əvvəlcədən plan qurmuş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2023-cü ilin fevral ayının 6-da səhər saatlarında sözügedən əraziyə gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra özü ilə birlikdə gətirdiyi balta və bel ilə torpağı qazaraq hər birinin ayrı-ayrılıqda dəyəri 100 manat, ümumi dəyəri isə 400 manat olan 4 elektirik dirəklərini yerindən çıxartmış, daha sonra isə həmin elektrik dirəklərində olan bir metrəsinin dəyəri 1,24 manat olmaqla ümumi dəyəri 595,20 manat olan ümumi uzunluğu 480 metr HEVX elektrik hava xəttini(aliminium) oğurlamaqla zərərçəkmiş şəxs “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinə məxsus ümumilikdə 995,20 (doqquz yüz doxsan beş, iyirmi) manat məbləğində özgə əmlakı hesab edilən dövlət əhəmiyyətli olan elektrik xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu, Qorğan kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və 3 övladı var. Özü heç bir yerdə işləmir. 1985-ci ildən 2010-cu ilə kimi “Siyəzənneft” Neft və Qazçıxarma idarəsində fəhlə kimi işləmişdir. Buna görə də “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinə məxsus məbədlərin olduğu yerləri çox yaxşı tanıyır. Artıq uzun müddətdir ki, işsizdir. Buna görə də pula ehtiyacı olmuşdur. “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinə məxsus məbədlərin yerləşdiyi ərazilərdə elektrik dirəklərinin və elektrik xətlərinin olduğunu bilmişdir. Ancaq həmin avadanlıqların köhnə və yararsız olduğunu düşünmüşdür. Buna görə də həmin ərazidən oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etdiyi ərazi onun evinə yaxındır. Beləliklə, xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən özünə məxsus at arabası ilə çıxaraq Şabran rayonu, Zağlı kəndi istiqamətinə getmiş, elektrik dirəklərinin yanına çatdıqda əvvəl ətrafa nəzər salmış, elektrik dirəklərinin olduğu yerə çatdıqda özü ilə birlikdə evdən gətirdiyi bel və balta ilə yerə bərkidilmiş 4 ədəd elektrik dirəyini yerindən çıxartmış, bu zaman elektrik dirəklərinin üzərində olan elektrik kabellərini də balta ilə kəsmişdir. Beləcə 2 dəfəyə hissə-hissə olmaqla, əldə etdiyi elektrik xətlərini və dirəklərini at arabasının köməkliyi ilə evinə gətirmişdir. Həmin gündən təxminən 15 gün sonra isə əldə etdiyi avadanlıqları yaşadığı kəndə gələn tanımadığı səyyar metal qəbul edən şəxsə ümumilikdə 120 manata satmış, əldə etdiyi pula ev üçün ərzaq almışdır. Hazırda törətdiyi əməlinə görə peşmançılıq çəkir. “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinin müdriyyətindən üzr istəmiş, idarəyə vurduğu ziyanı ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən X8 göstərdi ki, Xırdalan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 3 övladı var. Təxminən 3 ilə yaxındır ki, “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinin 1 nömrəli NQÇİ-nin rəisi vəzifəsində çalşır. “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinin 2 ərazisi var. Onlardan birincisinə o, ikincisinə isə Gündüz Həsənov rəhbərlik edir. Onun rəhbərlik etdiyi ərazi Şürabad kəndindən Qazbabalı kəndinə kimi ərazini əhatə edir. Baş vermiş oğurluq hadisəsi isə Şabran rayonu Zağlı kəndi istiqamətində baş vermişdir. Rəhbərlik etdiyi idarənin işçiləri hər gün ərazini gəzərək xidmət aparır və hər hansısa bir qeyri-qanuni hal ilə rastlaşdıqda dərhal ona məlumat verirlər. O, isə aidiyyəti üzrə dərhal rəhbərliyə məlumat verir. Adətən əraziyə baxış keçirən işçilər hər gün saat 16 - 17 radələri arasında onunla telefon əlaqəsi saxlayaraq ya hər şeyin qaydasında olduğunu, yada ki, hər hansısa bir qeyri-qanuni hal ilə rastlaşdıqda bu haqda ona məlumat verirlər. Eynilə, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində, oğurluğun baş verdiyi ərazidə xidmət aparan Şahid onunla telefon əlaqəsi saxlayaraq hər şeyin qaydasında olduğunu məruzə etmişdir. Həmin günün səhərisi İbad Hüseynov saat 16 radələrində onunla telefon əlaqəsi saxlayaraq Şabran rayonu, Zağlı kəndi istiqamətində olan ərazidən 4 elektrik dirəyi ilə 5 elektrik dirəyi arasındakı elektrik xətlərinin oğurlandığını söyləmişdir. O, da artıq gec olduğu üçün həmin günü yox, səhərisi günü baş vermiş hadisə haqqında rəhbərliyə yazılı şəkildə məlumat vermiş, rəhbərlik də aidiyyəti üzrə Şabran RPŞ-nə məlumat vermişdir. RPŞ-nə məlumat verildikdən sonra RPŞ-dən onlara məlumat vermişlər ki, qeyd olunan ərazidən oğurluq edən şəxs Şabran rayon sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir tələbləri və şikayətləri yoxdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi X8 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinə vurduğu ziyanı tam ödəmişdir, ona qarşı şikayət və iddia tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Siyəzən rayonu, Qalaaltı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 3 övladı var. 1995-ci ildən etibarən “Siyəzənneft” Neft və Qazçıxarma idarəsində operator vəzifəsində çalşır. Baş vermiş oğurluq hadisəsi Şabran rayonu Zağlı kəndi istiqamətində baş vermişdir. İşlədiyi idarənin işçiləri hər gün ərazini gəzərək xidmət aparır və hər hansısa bir qeyri-qanuni hal ilə rastlaşdıqda dərhal rəhbərliyə məlumat verirlər. O, işlədiyi əraziyə yaxın yerdə işlədiyinə görə demək olar ki, hər gün işə çıxır. Hər gün əraziyə baxış keçirən zaman saat 16 ilə 17 radələri arasında rəisi İkramla telefon əlaqəsi saxlayaraq ya hər şeyin qaydasında olduğunu, yada ki, hər hansısa bir qeyri-qanuni hal ilə rastlaşdıqda bu haqda ona məlumat verir. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində, oğurluğun baş verdiyi ərazidə xidmət aparan zaman 4 elektrik dirəyi ilə 5 elektrik dirəyi arasındakı 0.4 kv-lıq HEVX elektrik xətlərinin oğurlandığını aşkar etmiş, buna görə də dərhal rəisi İkramla telefon əlaqəsi saxlayaraq baş vermiş hadisəni ona söyləmişdir. Daha sonra isə rəhbərlik də aidiyyəti üzrə Şabran RPŞ-nə məlumat vermişdir. RPŞ-nə məlumat verildikdən sonra RPŞ-dən onlara məlumat vermişlər ki, qeyd olunan ərazidən oğurluq edən şəxs Şabran rayon sakini Təqsirləndirilən şəxsdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 may 2023-ci il tarixli 9/2816 saylı rəyindən göründüyü kimi uzunluğu 10 metr, diametri isə 73mm. olan 2000-ci il istehsalı yararlı vəziyyətdə olan dirəyin dəyəri 100 manat kimi müəyyən edilmiş, ancaq 480 metr uzunluğunda olan 0.4 kv-lıq HEVX hava xətlərinin(aliminium) dəyəri müəyyən edilə bilməmişdir. Cinayət işinə əlavə edilmiş Şabran rayon X2 İdarə Heyətinin xx.xx.2023-cü il tarixli 9 nömrəli məktubuna əsasən 0.4 kv-lıq HEVX hava xəttinin bir metrəsinin dəyəri 1,24 manat olmaqla 480 metrəsinin ümumi dəyəri 595,20 manat, uzunluğu 10 metr, diametri isə 73mm. olan 2000-ci il istehsalı yararlı vəziyyətdə olan 1 ədəd metal elektrik dirəyinin qiyməti 100 manat olmaqla 4 ədəd dirəyin ümumi dəyəri 400 manat olmaqla yuxarıda göstərilən avadanlıqların ümumi dəyəri 995,20 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş 29 mart 2023-cü il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Qorğan İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli 66 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Qorğan kəndində yaşayır, ailə tərkibi– yoldaşı-X6, uşaqları 1990-cı il təvəllüdlü X4, 1992-ci il təvəllüdlü Həcəmov Hicran Fəxrəddin oğlu və 1995-ci il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan Şabran RİH Başçısının Qorğan İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 55 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Qorğan kəndində yaşadığı müddət ərzində kəndin ictimai həyatında fəal olmuşdur. Qonşular və digər kənd sakinləri arasında hər hansı bir münaqişə ilə bağlı Qorğan İƏD-nə yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadəsi, zərərçəkmişin, şahidlərin ifadələri və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Qorğan kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Qorğan kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X5, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar