Məhkəmə qərarları › İş №1(031)-4/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-4/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-4/2023 15.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə indiki Xızı rayonu Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Xızı rayonu Giləzi qəsəbəsində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdə saat 11 radələrində tamah niyyəti ilə ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin hasarından keçib həyətə, oradan isə evin plastik materialdan hazırlanmış pəncərəsini əli ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla yataq otağındakı şkafdan ümumi dəyəri 1600 manat təşkil edən 01 ədəd qızıl boyunbağını, 01 ədəd qızıl qolbağı, 01 güt qızıl sırğanı, 05 ədəd qızıl üzükləri və 500 manat nağd pulu, ümumilikdə isə 2100 (iki min yüz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 04 iyul 2022-ci il tarixdə saat 12 radələrində tamah niyyəti ilə Siyəzən şəhəri B.Bayramov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin hasarından keçib həyətə, oradan isə evin plastik materialdan hazırlanmış pəncərəsini əli ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla yataq otağında dolabdakı rəfdə olan dəsmalların arasından 340 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 04 qram çəkidə 01 ədəd kişi boyunbağısını, 510 manat dəyərində 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış 06 qram çəkidə 01 ədəd üzük və 01 cüt sırğanı, 500 manat nağd pulu və masanın üzərində olan 70 manat dəyərində “Samsunq-J2” markalı mobil telefonu, ümumilikdə isə 1420 (min dörd yüz iyirmi) manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 13 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi “Xəzri” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evin darvazasından keçib həyətə, oradan isə evin plastik materialdan hazırlanmış pəncərəsi üzərindəki dəmir barmaqlığın alt hissəsini əyib, pəncərəni əli ilə itələyib açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla yataq otağında kamodun üzərində olan ətir qabının içərisindən 1400 (min dörd yüz) manat nağd pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 21 iyul 2022-ci il tarixdə saat 15 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin darvazasından keçib həyətə, oradan isə evin plastik materialdan hazırlanmış pəncərə şüşəsini həyətdən tapdığı dırmığın dəmir hissəsi ilə sındıraraq pəncərədə quraşdırılmış həşəratların evə girməməsi üçün nəzərdə tutulmuş tor çərçivəsini yerindən çıxarıb, oradan yaşayış sahəsinə qanunsuz daxil olmaqla yataq otağındakı şifonerdə olan portmanatın içərisindən 80 manat nəğd pulu, oradan keçib mətbəxdəki mebelin rəfində olan çaynikin içərisindən 165 manat nəğd pulu, 595 manat dəyərində 583 əyarı qızıldan hazırlanmış üzərində bir ədəd brilliant qaşı olan 07 qram çəkidə bir ədəd kişi nişan üzüyünü, 680 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış üzərində üç ədəd sadə qaşları olan 08 qram çəkidə bir ədəd kişi nişan üzüyünü, 340 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 04 qram çəkidə bir ədəd qaşsız qadın nişan üzüyünü, 340 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 04 qram çəkidə bir ədəd qaşsız qadın nişan üzüyünü, 425 manat dəyərində 583 əyarlı qızıldan gül formasında hazırlanmış 05 qram çəkidə üzərində bir ədəd qırmızı qaşı olan bir ədəd qadın üzüyünü və 295 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 3,5 qram çəkidə hərəsinin üzərində bir ədəd sadə ağ qaşı olan bir cüt uşaq sırğısını, ümumilikdə 2675 (iki min altı yüz yetmiş beş) manat dəyərində qızıl-zinyət əşyalarını və ümumilikdə 245 manat nağd pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Xızı rayonu Giləzi qəsəbəsində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Əvəllər etmiş olduğu oğurluq cinayətlərinə görə məhkum olunmuşdur. Qayınatasının yaşadığı ev Siyəzən şəhərində yerləşdiyinə və azyaşlı uşaqları orada olduqlarına görə 15 mart 2022-ci il tarxdə uşaqlarını görmək üçün həmin evə getmişdir. 17 mart 2022-ci tarixdə saat 11 radələrində Siyəzən şəhəri 28 may küçəsində Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığından keçidiyi zaman evin qapısının bağlı olduğunu görüb və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Evin arxa hissəsinə keçib evin pəncərəsinə əlinin çatması üçün ayaqlarının altına mişar daşları qoyub və üstünə çıxaraq pəncərəni itələyərək açmışdır. Pəncərədən içəriyə daxil olub evin otaqlarını axtararaq evin yataq otağına keçib və şkafda olan çamadanı götürmüşdür. Çamadanın ağzını açdıqdan sonra içərisini axtararkən onun içərisində yaylığa bükülü vəziyyətdə 01 ədəd qızıl qolbaq, 01 güt qızıl sırğa, 5-6 ədəd qızıl üzüyü görərək onları götürmüşdür. Bundan başqa çamadanın içərisindəki şüşə pul qabından 500 manat nağd pulu da oğurlayaraq cibinə qoymuşdur. Bundan sonra şkafın içərisindəki palpaltarı və digər əşyaları da axtardıqdan sonra başqa heç bir şey tapmayaraq evdən küçəyə çıxaraq oradan uzaqlaşmşdır. Həmin gün Siyəzən şəhərindən çıxaraq Bakı-Quba avtomobil yoluna gedib və tanımadığı taksi ilə yaşadığı Giləzi qəsəbəsində yerləşən evinə getmişdir. Təxminən 30 dəqiqə sonra evindən çıxaraq tanımadığı taksi avtomobili ilə Bakı şəhərinə 3-cü mikrorayon dairəsinə getmişdir. Orada Siyəzən şəhərindəki evdən oğurladığı qızıl-zinyət əşyalarını yadında qalmadağı qızıl alış-satışı ilə məşğul olan mağazada sataraq əldə etdiyi təxminən 1500 manat pulu öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa 04 iyul 2022-ci il tarixdə səhər saatlarında yenə də azyaşlı uşaqlarını görmək üçün Siyəzən şəhərinə getmişdir. Orada qayınatasının evində uşaqları ilə görüşdükdən sonra saat 12 radələrində evdən çıxıb və Siyəzən şəhəri B.Bayramov küçəsi ilə getməyə başlamışdır. Həmin küçədə yerləşən adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs2 ad-soyadlı şəxsə məxsus evin qapısı üzərində qıfılın olmasını görüb və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Evin hasarından keçərək içəriyə daxil olub, evin pəncərəsini əli ilə itələyib açaraq oradan evin içərisinə daxil olmuşdur. Pəncərəsini açdığı otağı axtardığı zaman şkafın içərisində rəfdə olan dəsmalların arasından 500 manat pul taparaq götürmüşdür. Həmin rəfin altındakı qutunun içərisindən 01 ədəd boyunbağı, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl üzük və həmin otaqdakı masanın üzərindən 01 ədəd “Samsunq” markalı mobil telefonu da oğurlayaraq evə daxil olduğu pəncərədən həyətə çıxmışdır. Həyətdə daxil olduğu daş hasarı aşaraq küçəyə çıxdıqdan sonra Bakı-Quba avtomobil yoluna gedib və oradan tanımadığı taksi avtomobili ilə yaşadığı Giləzi qəsəbəsinə getmişdir. Gecəni evdə qaldıqdan sonra ertəsi gün evdən çıxaraq tanımadığı taksi avtomobili ilə Bakı şəhəri 3-cü mikrorayon dairəsinə getmişdir. Orada Siyəzən şəhərindəki evdən oğurladığı qızıl-zinyət əşyalarını dəqiq yadında qalmadağı qızıl alış-satışı ilə məşğul olan mağazada satıb və əldə etdiyi təxminən 800 manat pulu öz ehtiyacı üçün xərcləmişdir. Oğurladığı 01 ədəd “Samsunq” markalı mobil telefonu isə Abşeron rayonu Corat qəsəbəsində tanımadığı şəxsə 20 manat pula sataraq əldə etdiyi pulu da xərcləmişdir. Bundan başqa 13 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri H.Z.Tağıeyv qəsəbəsi “Xəzri” yaşayış massivinə getmişdir. Orada gəzişərkən yolun kənarında yerləşən adı sonradan ona məlum olan Vüsalə adlı qadının azyaşlı uşaqları ilə birlikdə evdən çıxıb və darvazanı bağladıqdan sonra avtomobilə əyləşərək dəniz istiqamətində getdiklərini görmüşdür. Maddi vəziyyəti yaxşı olmadığına görə həmin evə daxil olub və oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə əvvəlcə darvazanın üzərindən aşaraq həyətə daxil olub və həyətdəki birmərtəbəli evə daxil olmaq üçün evin sağ hissəsində olan pəncərəyə yaxınlaşmışdır. Pəncərənin dəmir barmaqlıqlarının alt hissəsini həyətdə olan bel ilə əymişdir. Lakin əlini dəmir barmaqlıqdan çəkərkən barmaqlıq əvvəlki vəziyyətinə qayıtdığına görə onun açıq qalmasından ötrü həyətdəki paltar ipinin bir tərəfini dəmir barmaqlığa və digər tərəfini isə dəmir dirəyə bağlayaraq sıxmışdır. Barmaqlıq açıq vəziyyətdə qaldıqdan sonra pəncərəni əli ilə itələyib açaraq oradan evə daxil olub və otaqlarda qızıl-zinyət əşyaları və ya pul axtarmağa başlamışdır. Evin yataq otağını axtararkən oradakı kamodun üzərindəki ətir qabının içərisindən 1400 manat pul taparaq götürmüş və cibinə qoyaraq evə daxil olduğu pəncərədən həyətə çıxmışdır. Bundan sonra evin həyətindən küçəyə çıxaraq yadında qalmadığı avtomobil ilə Bakı şəhərinə gedib və oğurladığı pulları 10-15 gün ərzində öz ehtiyacları üçün xərcləmişdir. 21 iyul 2022-ci il tarixdə səhər saatlarında Şabran rayonu Qazbabalı kəndində yaşayan qohumu Asimi görmək üçün Giləzi qəsəbəsindən Şabran şəhərinə getmişdir. Şabran şəhərində yerləşən “Gilavar” kafesinə gedərək orada çay içdikdən sonra Şabran şəhərindən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də saat 15 radələrində “Gilavar” kafesindən çıxaraq Şabran şəhəri N.Tusi küçəsi istiqamətinə piyada getmişdir. N.Tusi küçəsində yerləşən ad-soyadı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs1 yaşadığı birmərtəbəli evin darvazası üzərində qıfılın asıldığını görüb həmin evdə heç kimin olmadığını başa düşmüşdür. Evin darvazası üzərindən aşaraq həyətə daxil olub və həyətdə sol tərəfdə yerləşən evdə həmin zaman heç kimin olmadığına əmin olduqdan sonra evdən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra evin arxa hissəsinə keçib və oradakı plastik pəncərə şüşəsini əvvəlcə yumruqla sındırmaq istəsə də bacarmamışdır. Həyətdə dəstəyi taxtadan və ucu isə dəmirdən olan bir ədəd dırmıq tapmışdır. Həmin dırmıqla pəncərə şüşəsini sındırıb onun üzərindəki toru çıxararaq evin zalına daxil olmuşdur. Evin zalından keçib yataq otağına daxil olaraq və oradakı paltar şifonerini axtardıqdan sonra onun içərisindən 01 ədəd portmanat tapmışdır. Portmanatın içərisini açıb baxdıqda orada təxminən 80 manat pulu görüb götürərək həmin portmanatı paltarların üstünə, yəni yerə tullamışdır. Bundan sonra yataq otağından keçərək evin mətbəxinə daxil olub və oradakı mətbəx mebelini axtarmağa başlamışdır. Mebelin rəfində olan çaynikin içərisindən təxminən 4-5 ədəd qızıl üzüklər, 01 cüt sırğa və 150-160 manat pul tapıb cibinə qoyaraq evə daxil olduğu pəncərədən həyətə çıxmışdır. Həyətdən küçəyə çıxdıqdan sonra Şabran şəhərində yerləşən “Sara” şadlıq sarayının qarşısına gedərək tanımadığı taksi avtomobili ilə Sumqayıt şəhərinə getmiş, 02 ədəd qızıl üzükləri Sumqayıt şəhərində Mərkəzi univermaqda yerləşən qızıl-zinyət əşyalarının alış-satışı ilə məşğul olan mağazaya 620 manat pula satıb və həmin pulları xərcləmişdir. Təxminən 2 gün sonra yerdə qalan qızılları da özü ilə götürüb Bakı şəhərinə getmiş və orada M.Əcəmi metrostansiyasının yaxınlığında yerləşən yadında qalmadığı mağazada Zərərçəkmiş şəxs1 evindən oğurladığı qalan qızıl-zinyət əşyalarını 550 manat pula sataraq həmin pulları da öz ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməlinə görə peşmandır. Söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İki azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, ünvan 3 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 4 ailə üzvləri ilə birlikdə yaşayır və “Siyəzən broyler” şirkətində fəhlə işləyir. 16 mart 2022-ci il tarixdə günorta saatlarında arvadı Gülnar Nemətova ilə birlikdə anasının evinə qonaq getmişdir. Ertəsi gün, yəni 16 mart 2022-ci il tarixdə saat 08 radələrində evdən çıxıb işə getmiş və həmin gün saat 19 radələrində qayıdıb yaşadığı evə gəlmişdir. Yaşadığı evə daxil olduqdan sonra evdəki əşyaların dağınıq vəziyyətdə olmasını görüb evinə oğru və ya oğruların daxil olduğunu başa düşmüşdür. Evin yataq otağındakı çamadanın yataq otağında çarpayının üzərində olmasını və içərisindəki əşyaların dağınıq olmasını görüb arvadına zəng edərək evə çağırmışdır. Çamadanın içərisindən 01 ədəd qızıl boyunbağının, 01 ədəd qızıl qolbağın, 01 cüt qızıl sırğanın, 05 ədəd qızıl üzüklərin və 500 manat pulun oğurlanması ona məlum olmuşdur. Evindən baş vermiş oğurluq nəticəsində ümumilikdə ona 2500 manat məbləğində maddi ziyan dəydiyinə görə Siyəzən RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, onun evindən oğurluq edən Ruslan adlı şəxsdir. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 21 iyul 2022-ci il tarixdə saat 14 radələrində oğlu Elvin Məmmədovla birlikdə evdən çıxaraq Şabran şəhəri “Qala” restoranında keçirilən yaxın qohumunun nişan mərasiminə getmişdir. “Qala” restoranında keçirilən nişan mərasimindən sonra həmin gün saat 16 radələrində oğlu ilə birlikdə Şabran şəhəri Nəsrəddin Tusi küçəsində yerləşən evlərinə qayıdıb gəldikləri zaman evin zal otağının plastik pəncərəsinin sındırıldığını və evdəki əşyaların dağınıq olmasını görüb, evinə oğruların daxil olduğunu başa düşmüşdür. Evdəki otaqlara baxdıqda evin yataq otağında şifonerindəki portmanatının içərisindən 80 manat pulun oğurlandığını görmüşdür. Buna görə də oğlu Elvin Məmmədov öz telefonu ilə Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng edərək yaşadıqları evdən oğrluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Şabran RPŞ-nin əməkdaşları yaşadığı evə gələrək evinə baxış keçirib və sənədləşdirmə işləri apardıqları zaman ərizə ilə RPŞ-nə müraciət etmişdir. Sonradan yaşadığı evin mətbəxindəki mebelin rəfində olan çaynikə baxdıqda onun içərisində qoyduğu 600 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış üzərində bir ədəd brilliant qaşı olan 07 qram çəkidə bir ədəd kişi nişan üzüyünün, 650 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış üzərində üç ədəd sadə qaşı olan 08 qram çəkidə kişi nişan üzüyünün, 300 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 04 qram çəkidə qaşsız qadın nişan üzüyünün, 300 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 04 qram çəkidə qaşsız qadın nişan üzüyünün, 500 manat dəyərində 583 əyarlı qızıldan gül formasında hazırlanmış 05 qram çəkidə üzərində bir ədəd qırmızı qaşı olan qadın üzüyünün və 400 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 3,5 qram çəkidə hərəsinin üzərində bir ədəd sadə ağ qaşı olan bir cüt uşaq sırğısının və 165 manat pulun oğurlanması ona məlum olmuşdur. 31 iyul 2022-ci il tarixdə əri Şahid1 işdən evinə qayıdıb gəldikdən sonra evinə oğruların daxil olaraq evdən oğurluq etmələri barədə ona məlumat vermiş və əri Şahid1 da RPŞ-nə gələrək 80 manat puldan başqa evlərindən 05 ədəd qızıl üzüklərin, 01 cüt qızıl sırğanın və 165 manat pulun da oğurlanması barədə təkrar ərizə ilə müraciət etmişdir. Evindən təxminən 2750 manat məbləğində qızıl-zinyət əşyaları və 245 manat pulu oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən Xızı rayon sakini Təqsirləndirilən şəxs ad-soyadlı şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 arvadı – iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək analoji ifadə vermişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi “Xəzri” yaşayış massivində nömrəsiz evdə yaşayır və heç bir yerdə işləmir. 13 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində azyaşlı uşaqları ilə birlikdə H.Z.Tağıyev qəsəbəsi “Xəzri” yaşayış massivində yerləşən evindən çıxıb evin qapısını, daha sonra isə həyət darvazasını bağlayıb Xəzər dənizinin qəsəbə sahilindəki çimərliyinə getmişdir. Həmin gün saat 20:30 radələrində yaşadığı evə qayıdıb gəldiyi zaman evin pəncərəsi üzərindəki dəmir barmaqlığın əyildiyini, həmçinin pəncərənin açıq vəziyyətdə olduğunu görüb və evinə oğru və ya oğruların daxil olduğunu başa düşmüşdür. Buna görə də bu barədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə məlumat verdikdən bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər. Evindən hansı əşyaların oğurlanmasını dəqiqləşdirmək üçün evindəki əşyalara baxdığı zaman yataq otağındakı kamodun üzərində olan ətir qabının içərisində saxladığı 1400 manat pulunun oğurlanması ona məlum olmuşdur. Evindən 1400 manat nağd pulun oğurlanması ilə əlaqədar Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ünvan 6 ünvanda qeydiyyatda olmağına baxmayaraq Siyəzən şəhəri B.Bayramov küçəsində yerləşən nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. 04 iyul 2022-ci il tarixdə saat 08:30 radələrində arvadı Qızlar Rəsulova ilə evdən çıxıb getmişlər. Oğlu Viday isə evdə qalmışdır. Həmin gün oğlunu həkimə aparacığı üçün saat 11 radələrində oğlu Viday onun yanına, yəni iş yerinə gəlmişdir. Oğlunu həkimə apardıqdan sonra iş yerinə qayıtmış və saat 16:30 radələrində yaşadığı evə qayıdıb gəldikdən sonra evindəki əşyaların dağınıq vəziyyətdə olmasını görmüşdür. Vidaya zəng edib evinin dağınıq vəziyyətdə olması barədə ona məlumat verdikdə oğlu evə gəlmədiyini və əşyaları dağıtmadığını ona bildirmişdir. Evinin pəncərəsinin açıq vəziyyətdə olmasını görüb və evinə oğru daxil olduğunu başa düşmüşdür. Evin yataq otağına baxdıqda oradan 400 manat dəyərində 01 ədəd 04 qram çəkidə qızıl boyunbağının, 500 manat dəyərində 06 qram çəkidə 01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzüyün, 100 manat dəyərində 01 ədəd “Samsunq J2” markalı mobil telefonun və 500 manat pulun oğurlanması ona məlum olmuşdur. Evindən baş vermiş oğurluq nəticəsində ümumilikdə ona 1500 manat məbləğində maddi ziyan dəydiyi üçün Siyəzən RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində araşdırma zamanı müəyyən olunmuşdur ki, onun evindən oğurluq edən Xızı rayon sakini Təqsirləndirilən şəxs ad-soyadlı şəxsdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, ünvan 8 ünvanda yaşayır və Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Mərkəzi univermaqdakı qızıl məmulatlarının qəbulu mağazasını işlədir. 21 iyul 2022-ci il tarixdə saat 19 radələrində mağazada işdə olduğu zaman ad-soyadı sonradan ona məlum olmuş Təqsirləndirilən şəxs mağazaya girib ona yaxınlaşaraq ehtiyacı olduğuna görə öz evinin qızıl-zinyət əyşyalarını satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi 02 ədəd nişan üzüklərini elektron tərəzidə çəkib və həmin qızıl üzüklərə görə ona 615 manat pul verə biləcəyini demişdir. Ruslan da onunla razılaşdıqdan sonra onun şəxsiyyət vəsiqəsini alıb və mağazadakı dəftərdə üzüklərin çəkisini və alınma tarixini qeyd etdikdən sonra həmin qızıl üzüklərin pulunu ona verərək üzükləri ondan almışdır. Ruslan da 615 manat pulu ondan alaraq çıxıb getmiş və bir daha onu görməmişdir. Həmin qızıl üzüklərin Ruslan tərəfindən oğurluq yolu ilə əldə olunmasından heç bir məlumatı olmamışdır. Ruslan həmin üzüklərin ona məxsus olduğunu və pula ehtiyacı olduğuna görə satdığını ona bildirdiyi üçün inanmışdır. Ruslan adlı şəxsin ona satdığı qızıl üzükləri ondan aldıqdan bir gün sonra Bakı şəhərindən mağazaya gəlmiş qızıl-zinyət əşyaları alan tanmadığı bir nəfər şəxsə təhvil verərək satmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, ünvan 10 ünvanda yaşayır və ünvan 11an qızıl məmulatlarının alış-satış mağazasında işləyir. 17 mart 2022-ci il tarixdə axşam saatlarında şəxsiyyət vəsiqəsini ona təqdim etdikdən sonra adı ona məlum olmuş Təqsirləndirilən şəxs ailə üzvlərinə məxsus olan ümumi çəkisi təxminən 10 qram olan 03 ədəd qadın qızıl üzüyünü satmaq istədiyini ona bildirmişdir. Həmin qızıl üzüklərə baxdıqdan sonra ona 620 manat pul verə biləcəyini demişdir. Ruslan onun təklifi ilə razılaşdıqdan sonra sonuncunun şəxsiyyət vəsiqəsini kitabda qeyd edərək 620 manat pulu ona vermiş və Ruslan pulu ondan alaraq çıxıb getmişdir. Təqsirləndirilən şəxs ona satdığı qızıl üzüklərin ailə üzvlərinə məxsus olmasını ona dediyi üçün onların oğurluq yolu ilə əldə olunması barədə heç bir məlumatı olmamışdır. Azərbaycan Respublikası DİN-nin Kriminalistik tədqiqatlar İdarəsindən daxil olmuş arayışdan görünür ki, müqayisəli tədqiqat üçün idarəyə göndərilmiş 06 ədəd əl barmaq izləri DİN-nin KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Yararlı olan əl barmaq izlərindən 05 ədədi Abşeron rayonunda doğulmuş Təqsirləndirilən şəxs sol əlinin orta (02) dəfə adsız və sağ əlin orta barmağının əksləri ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/500R nömrəli ekspertiza rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Siyəzən şəhəri B.Bayramov küçəsində yaşayan vətəndaş Zərərçəkmiş şəxs2 Xanbala oğluna məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş A4 formalı kağız üzərinə yapışdırılmış 13 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 03 ədəd əl-barmaq 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 04 ədədi xx.xx.1990-cı il tarixdə Abşeron rayonunda doğulmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və orta barmaqları, sağ əlinin ovuc və sol əlinin ovuc əksləri ilə eynilik müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 avqust 2022-ci il tarixli 9/5575 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 evdən oğurlanmış 583 əyarlı qızıldan hazırlanmış üzərində üç ədəd sadə qaşları olan 08 qram çəkidə bir ədəd kişi nişan üzüyünün dəyəri 680 manat, 583 əyarlı qızıldan hazırlanmış 04 qram çəkidə bir ədəd qaşsız qadın nişan üzüyünün dəyəri 340 manat, 583 əyarlı qızıldan hazırlanmış 04 qram çəkidə bir ədəd qaşsız qadın nişan üzüyünün dəyəri 340 manat, 583 əyarlı qızıldan gül formasında hazırlanmış 05 qram çəkidə üzərində bir ədəd qırmızı qaşı olan bir ədəd qadın üzüyünün dəyəri 425 manat və 583 əyarlı qızıldan hazırlanmış 3,5 qram çəkidə hərəsinin üzərində bir ədəd sadə ağ qaşı olan bir cüt uşaq sırğısının dəyəri 295 manatdır. Qeyd edilən qızılzinyət əşyalarının 2022-ci il avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2675,0 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 aprel 2022-ci il tarixli 9/2119 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 evindən oğurlanmış 20 qram Rusiya istehsalı olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbaq, 01 cüt qızıl sırğa, 05 ədəd qızıl üzüyün 2022-ci il mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1600,0 (20x80m) müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 9/6195 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 evindən oğurlanmış qeyd edilən malların 2022-ci ilin iyul ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 920,00 manat müəyyən edilir. O cümlədən 01 ədəd 04 qram çəkidə 583 əyarlı boyunbağı 340 manat, 06 qram çəkidə 583 əyarlı 01 ədəd qızıl üzüyü və 01 cüt qızıl sırğası olan dəst 510,00 manat, analoji malların texniki göstəricilərinə müvafiq olaraq 01 ədəd ağ rəngli “Samsunq J2” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 70,00 manatdır. Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişlər ki, onlara dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətləri yoxdur. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın ödənilmədiyini, iştirakı olmadan işə baxılıb təqsirləndirilən şəxsə lazımi cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli tələbnamədən və bununla bağlı toplanmış sənədlərdən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə olduğu 02 gün cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq 02 il 07 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanlmış və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli 2893 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 12 ünvanda yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli 2893 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmiş, onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarından müyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır. İş materiallarında olan Siyəzən rayon məhkəməsinin 01 avqust 2022-ci il tarixli 4(059)-29/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 30 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən Təqsirləndirilən şəxs Siyəzən rayon məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 1(059)-51/2020 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, eləcə də iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi əvvəllər az ağır cinayət törətməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətmişdir, əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəzanın növü və həddini müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İş üzrə maddi sübut hesab edilən zərərçəkmiş Zərərçəkmiş şəxs1 evinə keçirilmiş baxış zamanı götürülmüş təqsirləndirilən şəxsin videogörüntüsü olan 01 ədəd DVD diskin və 02 ədəd zərflərdə 09 ədəd hadisə yerlərindən götürülmüş Təqsirləndirilən şəxs məxsus əl barmaq izlərinin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən zərərçəkmiş Zərərçəkmiş şəxs1 evinə keçirilmiş baxış zamanı götürülmüş təqsirləndirilən şəxsin videogörüntüsü olan 01 ədəd DVD diskin və 02 ədəd zərflərdə 09 ədəd hadisə yerlərindən götürülmüş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar