Məhkəmə qərarları › İş №1(031)-40/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-40/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-40/2022 29.06.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 20 avqust 1989-cu il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə saat 14 radələrində Şabran şəhəri, H.Əliyev prospektində beşmərtəbəli binanın yaxınlığındakı yarımtikilinin arxasında Şabran şəhər sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla sonuncunun sifət, yerə yıxıldıqdan sonra isə dizi ilə baş nahiyəsinə zərbələr endirərək ona sağlamlığının qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş baş-beyin silkələnməsi, sağ gözaltı nahiyənin qançırı, sağ üst göz qapağının səthi əzilmiş yarası, üzün sol yarısının yumşaq toxumalarının əziyi və üst dodağın sıyrıq-çatlağı kimi bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla valideynləri ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs əvvəllər şəxsən tanımamışdır. Son vaxtlar Şabran rayon sakini Azad və digər şəxslərdən Şabran şəhər sakini Anar adlı şəxsin yoldan keçən müxtəlif qadınlara əxlaqsız təkliflər etdiyini, onlardan telefon nömrələrini istədiyini və öz telefon nömrəsini qadınlara verdiyini eşitmişdir. 17 fevral 2022-ci il tarixdə saat 12 radələrində Şabran şəhərində yerləşən bazarın yaxınlığında olmuş, bu zaman tanışı Şabran rayon sakini Azadı görmüş, Azadın yanında başqa Şabran rayon sakinləri də olmuşdur, onlarla söhbət edən zaman onlardan tanımadığı bir şəxsin Anar adlı şəxsin “Hyundai” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilində bazarın qarşısında qadınlara öz nömrəsini verdiyini söyləmiş, o da bir anlıq əsəbləşib onunla rastlaşmaq üçün bazarın qarşısına özünə məxsus **-KN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobilinə əyləşərək həmin istiqamətə getmiş, bu zaman Anarın avtomobilinin bazarın qarşısında dayandığını görmüş və o da avtomobili düz onun avtomobilinin yanında saxlamış, avtomobilə yaxınlaşdıqda həmin avtomobilin sürücü qoltuğunda əyləşən Anardan nə üçün qız-gəlinə sataşdığını soruşmuşdur. Anar isə cavabında ona yaxşı elədiyini söyləmiş, Anarın belə cavab qaytarmasından sonra sonuncuya avtomobili sürüb arxasınca gəlməsini demiş, Anar isə cavabında “sən özün mənim arxamca gəl” söünü demiş, buna görə də o Anarın dediyi kimi etmiş, yəni avtomobili Anarın arxasınca sürməyə başlamış, Anar avtomobilini Şabran şəhəri, H.Əliyev prospektində Şabran rayon prokorurluğu ilə üzbəüz saxlamış, o da avtomobili Anarın avtomobilinin yanında saxlayaraq sonuncuya “gəl otur mənim maşınıma gedək oturaq bir çayçıda söhbət edək” sözlərini demiş, Anar isə cavabında ona avtomobildən “düş gəl bura” demişdir. O da avtomobildən düşərək Anarın yanına getmiş, daha sonra Anarla birlikdə yolun qırağındakı yarımtikilinin arxasına keçmiş, o, orada Anardan nə üçün xanımlara sataşdığını soruşmuş, Anar isə cavabında yaxşı eləmişəm deyərək söyüş söymüşdür. O, Anara “sən istəyirsən ki, mən səni vurum, sən də gedib məndən polisə şikayət edəsən” deyə soruşmuş, Anar isə cavabında polisə gedənin ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra isə o, Anarla dalaşmağa başlamış, Anar ona yumruqla sağ gicgahına zərbə endirmiş, o da Anara qarşılıq vermiş, daha sonra Anar onun köynəyindən yapışaraq onu yol qırağına çıxarmış, yol qırağına çıxandan sonra tanımadığı şəxslər onları ayırmış, həmin şəxslər onları ayırdıqdan sonra polisin hadisə yerinə gəlməkdən çəkindiyinə görə avtomobilinə minərək oradan uzaqlaşmışdır. Anar ilə dalaşan zaman onları ayıran insanları tanımamış, Anarın avtomobilinin ön buferini qırmamış, onda ümumiyyətlə “beşbarmaq” deyilən alət olmamış və Anarı vuran zaman “beşbarmaq” adlanan soyuq silahdan istifadə etməmişdir. Bundan əlavə Anar ilə dalaşan zaman sonuncu da onu vurmuş və onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmiş, ancaq Anardan şikayətçi olmadığına və baş vermiş hadisəni böyütmək istəmədiyinə görə məhkəmə-tibb ekspertizasından keçməmişdir. Hazırda Anarı vurub ona xəsarət yetirməsinə görə törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və bir azyaşlı övladı var. Hal-hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs bu vaxta kimi ümumiyyətlə tanımamış, 17 fevral 2022-ci il tarixdə saat 14 radələrində Şabran şəhərində yerləşən bazarın qarşısında idarə etdiyi **-VG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilini saxlamış və avtomobildə tək olmuş, avtomobili bazarın yaxınlığında saxlamaqda məqsədi bazara daxil olub ev üçün bir sıra ərzaq məhsulları almaq olmuşdur. Bazara daxil olub ərzaq məhsulları alaraq avtomobilə oturub mühərriki işə salan zaman dövlət qeydiyyat nişanını xatırlamadığı metal rəngdə olan “Mercedes-Benz” markalı avtomobil düz onun avtomobilinin yanında saxlamış, avtomobilin içərisində tanımadığı bir nəfər şəxs olmuşdur. Həmin avtomobildəki sürücü qoltuğunda əyləşən tanımadığı şəxs ona nə üçün avtomobili burada saxladığını soruşmuş, o, isə cavabında bazara gəldiyini, avtomobili düzgün yerdə saxladığını və elə indicə avtomobili işə salıb evə gedəcəyini söyləmişdir. Bunun qarşılığında isə həmin şəxsin ona “gedək dağa tərəf söhbətimizi orada eləyək” demiş, onun isə adını sonradan Hicran olaraq bildiyi şəxsə dağ tərəfə getməyəcəyini, birbaşa evə gedəcəyini söyləmiş, ardınca da avtomobili işə salıb oradan uzaqlaşmış, Şabran şəhəri, H.Əliyev prospektində yaşadığı ev istiqamətində gedən zaman Şabran rayon icra hakimiyyətinin yaxınlığında Hicranın idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillini onun idarə etdiyi avtomobilin yanına sürərək ona “gəl gedək icra hakimiyyətinin parkında söhbətimizi edək” söyləmişdir. O isə Hicrana cavabında evə gedəcəyini söyləmiş, elə Şabran rayon prokurorluğunun yanına çatan zaman bir anda Hicran idarə etdiyi avtomobillə onun avtomobilinin qarşısını kəsmiş və avtomobildən düşərək onu çağırmış, o da məcbur olub avtomobildən düşərək ona yaxınlaşmış, Hicran ona prokurorluq ilə üzbəüz yarım tikilini göstərərək onu oraya dəvət eləmiş, o da Hicrana cavabında oraya getməyəcəyini söyləmişdir. Ardınca Hicran ona yaxınlaşaraq qolundan tutmuş və söhbət etmək adı ilə onu yarım tikilinin arxasına çəkmiş, tikilinin arxasında olan zaman Hicranın yenidən ondan nəyə görə avtomobili bazarın yaxınlığında saxladığını soruşmuşdur. O isə cavabında bazarlıq etdiyini və avtomobildə düzgün yerdə saxladığını söyləmiş, ardınca isə Hicran onu nalayiq ifadə ilə təhqir etmiş və gözləmədiyi anda sol əli ilə sifətinin sağ nahiyəsinə yumruq zərbəsi vurmuş, Hicranın sol əlində “beşbarmaq” deyilən soyuq silah da olmuş, bundan əlavə həmin vaxt onun gözlərində eynək olmuş və zərbə nəticəsində həmin eynək də qırılaraq gözünə girmiş, yerə yıxılmış, yerə yıxılmağına baxmayaraq Hicran əlləri və dizi ilə onun sifət nahiyəsinə ardıcıl zərbələr endirməyə davam etmişdir. Hicran onu vuran zaman ətrafda heç kim olmamış, daha sonra isə gücünü toplayıb ətrafda heç kimin olmadığına görə onunla yaxalaşıb onu yol istiqamətinə gətirməyə çalışmış, onu yol istiqamətinə çəkməyinin səbəbi ətrafda onları kimsə görsün və onları ayırsın düşüncəsində olmuşdur. Həmin dava zamanı o, ümumiyyətlə Hicranı vurmamış, onu yol kənarına çəkdiyi zaman ilk növbədə tanımadığı bir nəfər cavan oğlan onları gördükdən sonra onlara yaxınlaşaraq onları ayırmağa çalışmış, Hicran həmin vaxtda onu vurmağa davam etmiş, ardınca isə iki nəfər tanımadığı cavan oğlan onları gördükdən sonra onlara yaxınlaşmış, həmin şəxslər yaxınlaşdıqdan sonra onları ayırmışlar, onları ayırdıqdan sonra Hicran onun avtomobilinə yaxınlaşaraq idarə etdiyi avtomobilin buferinə ayağı ilə zərbələr vurmuş və ardınca da idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili orada qoyaraq piyada şəkildə Şabran rayon icra hakimiyyəti istiqamətində getmiş, o da avtomobilinə minərək evinə getmişdir. Fevral ayının 18-də Hicranın ona yetirdiyi xəsarət nəticəsində yaranan ağrıları güclənmiş və buna görə də məcbur olub Şabran RMX-na müraciət etmiş, xəsarəti ağır olduğuna görə təxminən 21 günə yaxın Bakıda xəstəxanada müalicə almış, bundan əlavə fevral ayının 17-də Hicranın avtomobilinin qabaq buferinə yetirdiyi zərbələr nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, ona qanunla nəzərdə tutulmuş qaydada ciddi cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. Subaydır və təxminən 1 ilə yaxındır ki, bərbər işləyir. Təxminən 1 aya yaxındır ki, Şabran rayon camaatından rayonda Anar adlı şəxsin caamatın qızgəlininə söz atdığını və bu haqda rayonun cavan oğlanları arasında söz-söhbət getdiyini eşitmişdir. 17 fevral 2022-ci il tarixdə bazarın yaxınlığında olmuş, bu zaman yanında da 5- 6 nəfər Şabran rayon sakini olmuş və ümumi gündəlik həyatdan söhbət etmişlər, bu zaman Təqsirləndirilən şəxs də yanlarına gəlmiş, söhbət zamanı elə oradaca adını xatırlamadığı bir nəfərdən Anar adlı şəxsin bazarın qarşısında qız-gəlinə söz atdığını və onlara öz nömrəsini verdiyini eşitmişdir. Bu zaman Hicran həmin şəxslə söhbət etmək istəmiş, o da Hicranla getmək istəmiş, Hicranın ona “sən gəlmə, əgər o tək olarsa təkbətək söhbətimizi edək” demişdir. O da Hicranla razılaşmış və sonuncu ilə getməmiş, təxminən 30 dəqiqə sonra işi ilə əlaqədar Şabran RMX-nın yaxınlığında olmuş, bu zaman Hicran öz avtomobili ilə gəlib avtomobildən düşəndə onun pis vəziyyətdə olduğunu görmüş, Hicrana yaxınlaşıb ona nə olduğunu soruşanda Hicran ona Anarla dalaşdığını söyləmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-tibb ekspetizasının xx.xx.2022-ci il tarixli 27 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş-beyin silkələnməsi, sağ gözaltı nahiyəsinin qançırı, sağ üst göz qapağının səthi əzilmiş yarası, üzün sol yarısının yumşaq toxumalarının əziyi və üst dodağın sıyrıq-çatlağı bərk küt əşyanın təsirindən yaranmışdır, müayinə olunanın ilkin məlumatda, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə küt əşya ilə vurulan zərbələr nəticəsində alınması mümkündür, bütövlükdə aşkar olunmuş xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli 1773 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda ailə üzvləri – atası Rzayev İsmayıl Cavanşir oğlu və anası X1 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli 1768 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə heç bir qayda pozuntularına yol verməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. Məhkəmə, cinayət işi materialları üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, məhkəmə ekspertizasının rəyi, eləcə də icraat materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasə Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olduğunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar