Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-40/2024 10.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunun Əmirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 240390011 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokola əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Şabran rayonunun Əmirxanlı kəndi ərazisində zərər çəkmiş şəxs ögey anası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəmnində yaranmış mübahisə zamanı əlində olan dəmir əsası ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs başına və sol qoluna vuraraq sonuncuya başın təpə və ənsə nahiyəsinin hərəsinin bir ədəd əzilmiş yarası və sol saidin yumşaq toxumalarının hematoma halında əziyindən ibarət bədən xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, özünü ona elan edilmiş ittihamda təqsirli bilir. Belə ki, 2005-ci ildə anası, X1 xəstəlikdən vəfat edib və atası keçən il öz həmkəndliləri olan, X5 ilə ikinci dəfə ailə qurub. O, Şabran rayonunun Əmirxanlı kəndi ərazisində yerləşən atasına məxsus köhnə evdə tək qalır. 2023-cü ilin mart ayında Şabran rayonunun Əmirxanlı kəndi ərazisində mağazaya gedərkən yolda öz ehtiyatsızlığından yıxılaraq sağ baldır nahiyəsindən sınıq xəsarəti alıb və bu səbəbdən də müəyyən müddət iş qabiliyyəti olmayıb, əsa ilə gəzib, özü-özünə qulluq edə bilməyib və atası da həmin müddətdə ona kömək göstərməyib. xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində o, ata evinin qarşısında oturub vaxtını keçirdiyi zaman atasının evdən bayıra çıxdığını görüb. Atasına yaxınlaşıb “gedib kənddə mağazalarda arxamca danışmısan, məndə sənin oğlunam, məni evdən çıxarıb atdın bayıra yenədə əl çəkmirsən” sözlərini demiş, bunun üstündə atası ilə aralarında mübahisə yaranıb, birbirləri ilə yaxalaşıblar, sonradan səs-küyə ögey anası, Nərgilə darvazadan bayıra çıxıb ona tərəf gələrək ona “nə olub, yenədə nə gəzirsən burda” deyib üstünə hücum çəkib, o, Nərgiləyə “özümüz bilərik sənlik deyil çıx get burdan” deyib, Nərgilə evə qaçıb darvazanın arxasından ağac götürüb onun üstünə hücum çəkib, Nərgilə əlindəki ağacla onun başına vurmaq istədikdə əlindəki əsa ilə özünü müdafiə etmək istəyib, lakin əlindəki əsa Nərgilənin başına dəyib. Bundan sonra Nərgilənin başını tutub evə qacıb, o da hadisə yerindən uzaqlaşıb evə gedib. Sonradan səs-küy gəldiyini görüb, yenidən ora qayıdanda Nərgilənin anasının da orda olduğunu, təcili yardım maşını gəldiyini görüb. Həmin hadisə zamanı orada yaxın qonşulardan Qadir və bacısı orada olub. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmaq istəsə də, sonuncu onunla barışmaq istəmir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq, xx.xx.2024-cü il tarixdə alkoqollu içki qəbul etmədiyini və sözü gedən hadisə zamanı da sərxoş vəziyyətdə olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, o, 01 (bir) il bundan əvvəl Şabran rayonunun Əmirxanlı kənd sakini Şahid ilə rəsmi nikahla ailə qurub və 03 (üç) ay olar ki, əkiz övladları anadan olmuşdur. Əvvəllər də tüfeyli həyat sürən ögey oğlu Cəmil ilə aralarında söz söhbət olmuş, hətta bu barədə Şabran Rayon Polis Şöbəsinə şikayət ərizəsi də yazmış, müraciəti əsasında araşdırma aparılmış, buna baxmayaraq Cəmil onunla ədavət aparmağa davam etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində evdə olduğu zaman həyətdə səs-küy eşidib bayıra çıxanda Cəmilin atası Şamil ilə mübahisə etdiyini görüb və onun ünvanına nalayiq söyüşlər söyərək, atasına “sən evi arvadının adına keçirəcəksən” dediyini eşidib. O, Cəmilə yaxınlaşaraq ona öz iradımı bildirərək, Şamili niyə söyüb təhqir etdiyini soruşduqda, Cəmil cavabında ona “yaxşı edirəm” deyib onun ünvanına təkrar nalayiq ifadələr işlədərək əlindəki əsa ilə başına və sol qoluna vurub və Cəmilin onu vurması nəticəsində başından qan axmağa başlayıb. O, özünü pis hiss etdiyim üçün huşunu itirib, əri Şamil bunu görüb Cəmili ondan uzaqlaşdıraraq təcili yardıma zəng edib və təcili tibbi yardım əməkdaşları onun ünvanına gələrək onu Şabran Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada onun baş nahiyəmdə yarılmış yerə tikiş, sol qoluna isə gips qoymuşlar. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs ilə aralarında dəfələrlə münaqişələrin yarandığını, sonuncunun onu mütəmadi olaraq söyüb təhqir etdiyini və Təqsirləndirilən şəxs ilə barışmaq niyyətində olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirmişdir ki, 2005-ci ildə həyat yoldaşı X1 uzun sürən xəstəlikdən vəfat etmiş və o, xx.xx.2022-ci ildə ikinci dəfə, Şabran rayonunun Əmirxanlı kənd sakini Zərərçəkmiş şəxs ilə rəsmi nikah kəsdirib ailə qurub. Təqsirləndirilən şəxs birinci nigahdan olan oğludur. Cəmil tüfeyli həyat sürməklə mütəmadi olaraq spirtli içki qəbul edir, sonra isə onların yaşadıqları ünvana gələrək onunla və həyat yoldaşı Nərgilə ilə mübahisə edərək onları rahat yaşamağa qoymur. xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində yaşadığı evin həyətində olduğu zaman Cəmil sərxoş vəziyyətdə gələrək səbəbsiz olaraq onunla söz mübahisəsi etməyə başlamış, mübahisə zamanı Cəmil onun və həyat yoldaşı Nərgilənin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman həyat yoldaşı Nərgilə evdən bayıra çıxaraq Cəmilə yaxınlaşıb ona iradını bildirərək nə səbəbdən onun ünvanına nalayiq ifadə işlətdiyini soruşmuş, Cəmil isə buna cavab olaraq Nərgilənin ünvanına təkrar nalayiq ifadə işlədərək əlindəki əsa ilə Nərgilənin başına və sol qoluna vurmuşdur. Bundan sonra o, Cəmili həyətindən kənarlaşdırmış, daha sonra Nərgilənin başından qan axdığını görüb təcili tibbi yardıma müraciət etmişdir. Təcili tibbi yardım əməkdaşları gələrək Nərgiləni həkim müayinəsindən keçmək üçün Şabran Rayon Mərkəzi Xəstəxanasına aparmışlar və xəstəxanada Nərgiləyə tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, sözü gedən hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əlində taxta parçasının olmadığını və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üstünə hücum cəkmədiyini, sadəcə ona yaxınlaşaraq öz iradını bildirdiyini göstərmişdir. İş materiallarından olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Əmirxanlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-226 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq qeydiyyatda olduğu Şabran rayonu, Baş Əmirxanlı kəndində yaşayır. - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Əmirxanlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-225/2024 nömrəli xasiyyətnamədən görünür ki, Şabran rayonu, Baş Əmirxanlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakretizə olunur. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş 126 nömrəli, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında bədəni üzərində başın təpə və ənsə nahiyəsinin hərəsinin bir ədəd əzilmiş yarası və sol saidin yumşaq toxumalarının hematoma halında əziyi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti bir-iki günə qədər olub xx.xx.2024-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunun Əmirxanlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. - Şabran Rayon Məhkəməsinin 1(031)-40/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. - Şabran Rayon Məhkəməsinin 3(031)-245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:00 radələrində, Şabran rayonunun Əmirxanlı kəndi ərazisində uca səslə zərər çəkmiş şəxs X2 ünvanına nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud şəkildə pozması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Şabran Rayon Məhkəməsinin 3(031)-222/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində, Şabran rayonunun Əmirxanlı kəndi ərazisində zərər çəkmiş şəxs Kərimova (Abbasova) Gülbadam Həsən qızı ilə mübahisə etdiyi zaman uca səslə zərər çəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib Kərimova (Abbasova) Gülbadam Həsən qızını təhqir etməsi üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində, Şabran rayonunun Əmirxanlı kəndi ərazisində alkoqollu içkilərin təsiri altında sərxoş vəziyyət olduğu zaman zərər çəkmiş şəxs X5 ilə mübahisə etdiyi zaman uca səslə zərər çəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib X3 təhqir etməsi üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda təyin edilmiş 05 (beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbirləri toplanılmaqla onun barəsində qəti olaraq 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri edilmişdir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun üzərinə ağac parçası ilə hücum etdiyi vaxt özünü müdafiə etməyə cəhd etdiyi zaman əlindəki əsanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs başına dəydiyini göstərməsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu hal özünü müdafiə xarakteri daşıyır və həqiqəti əks etdirmir. Belə ki, iş üzrə şahid qismində dindirilən Şahid məhkəmə iclasında verdiyi ifadədə sözü gedən hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əlində ağac parçasının olmadığını və Təqsirləndirilən şəxs üzərinə hücum çəkmədiyini bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadədə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində, Şabran rayonunu Əmirxanlı kəndi ərazisində onunla mübahisə etdiyi zaman spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə olmasını bildirməsinə gəldikdə isə, iş materiallarında bu halı təsdiq edən hər-hansı bir mötəbər sübut aşkar edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid məhkəmə baxışı zamanı verdiyi ifadələr və məhkəməyədək sadələşdirilmiş icraat materiallarının digər materialları ilə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması tamamilə sübuta yetirildi. Bu səbəbdən də məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və onun barələrində həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət MMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakretizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında 05 (beş) növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, zərər çəkmiş şəxslə aralarında barışığın əldə edilməməsini, həmçinin zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın tərəfindən ödənilməməsini, əvvəllər dəfələrlə inzibati qaydada cəzalandırılmasına baxmayaraq davamlı olaraq eyni xarakterli əməllər törətməsini, o cümlədən onun dəfələrlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə etdiyi mübahisələr ilə bağlı inzibati qaydada cəzalandırılmasını, habelə tüfeyli həyat tərzi sürməklə yenidən eyni xarakterli cinayət əməli törətməsi ehtimalının böyük olmasını nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzanın ona təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən barəsində təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin:344-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-40/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-40/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver