Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-41/2021 10.08.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkillər – Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə 15 avqust 1991-ci il tarixdə Quba rayonu, Yerfi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, "xxxx" MMCdə muhafizəçi işləyən, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, xx xxxxxxx 1995-ci il tarixdə Şabran rayonu, Ağalıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 20 fevral 2021-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan Şabran rayonu Ağalıq kəndində yerləşən ikimərtəbəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində Şahid2 məxsus mənzildə Şamaxı rayon sakini Zərərçəkmiş şəxs, yəni mənzil sahibi ilə qohumluq əlaqəsi olmayan kənar bir kişinin kirayəşin kimi yaşamasını vicdanının qəbul edə bilməməsi bəhanəsi ilə həmin ünvana gəlib binada yaşayan sakinlərin rahatlığını kobud şəkildə pozaraq mənzil sahibi Şahid2 ünvanına nalayiq ifadələr, Zərərçəkmiş şəxs ünvanına isə hədə-qorxu ilə dolu ifadələr səsləndirərək kobud formada mənzilin qapısını döyməyə başlamış, bunu görən Zərərçəkmiş şəxs evin pəncərəsindən küçəyə çıxıb oradan uzaqlaşmaq istəyərkən Təqsirləndirilən şəxs2la birlikdə onun qarşısını kəsərək buna imkan verməmiş, barəsində nalayiq ifadələr işlətməklə ona qarşı zor tətbiq etmiş, üz nahiyəsinə yumruqla endirdikləri zərbələrlə onu yerə yıxaraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə qəsdən sağlamlığına yüngül zərər vuran “sol gicgah nahiyəsinin hematoması və sol yuxarı göz qapağının göz almasına qansızması”, eləcə də sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “alının yumşaq toxumalarının əziyi” kimi bədən xəsarətləri yetirmiş, dartıb cırmaqla 40 manat dəyərində gödəkçəsini, vurub sındırmaqla 230 manat dəyərində “REDMİ-6” markalı mobil telefonunu və 15 manat dəyərində qol saatını yararsız hala salmış, bununla da içtimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 20 fevral 2021-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan Şabran rayonu Ağalıq kəndində yerləşən ikimərtəbəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində Şahid2 məxsus mənzildə Şamaxı rayon sakini Zərərçəkmiş şəxs, yəni mənzil sahibi ilə qohumluq əlaqəsi olmayan kənar bir kişinin kirayəşin kimi yaşamasını vicdanının qəbul edə bilməməsi bəhanəsi ilə həmin ünvana gəlib binada yaşayan sakinlərin rahatlığını kobud şəkildə pozaraq mənzil sahibi Şahid2 ünvanına nalayiq ifadələr, Zərərçəkmiş şəxs ünvanına isə hədə-qorxu ilə dolu ifadələr səsləndirmiş, Təqsirləndirilən şəxs1 kobud formada mənzilin qapısını döyərkən mənzildə olan Zərərçəkmiş şəxs pəncərədən çıxıb oradan uzaqlaşmasının qarşısını almaq məqsədilə onu küçədə gözləmiş, sonuncu, pəncərədən küçəyə çıxıb oradan uzaqlaşmaq istəyərkən Təqsirləndirilən şəxs1la birlikdə onun qarşısını kəsərək buna imkan verməmiş, ünvanına nalayiq ifadələr işlətməklə ona qarşı zor tətbiq etmiş, üz nahiyəsinə yumruqla endirdikləri zərbələrlə onu yerə yıxaraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə qəsdən sağlamlığına yüngül zərər vuran “sol gicgah nahiyəsinin hematomasın və sol yuxarı göz qapağının göz almasına qansızması”, eləcə də sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “alının yumşaq toxumalarının əziyi” kimi bədən xəsarətləri yetirmiş, dartıb cırmaqla 40 manat dəyərində gödəkçəsini, vurub sındırmaqla 230 manat dəyərində “REDMİ-6” markalı mobil telefonunu və 15 manat dəyərində qol saatını yararsız hala salmış, bununla da, içtimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Şabran rayonu Ağalıq kəndində yaşayır, "xxxx" MMC-də müqavilə əsasında mühafizəçi işləyir, aylıq qazancı 250 manatdır. O, barəsində şikayət etmiş Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Ənvər onların yaşadığı Şabran rayonu Ağalıq kəndində təxminən 2 ay Gülpəri adlı qadının evində kirayədə yaşamışdır. Buna baxmayaraq Ənvər onun yaşadığı ikimərtəbəli evin birinci mərtəbəsində yaşayan Zəminə adlı qadınla münasibət qurub və hadisədən 10 gün əvvəl mütəmadi olaraq gecələr Zəminənin yaşadığı evə gəlib-getmişdir. Ənvərin həmin Zəminə adlı qadının evinə gəlib-getməsi qonşular arasında narazılığa səbəb olmuş və onun da əsəbinə təsir etmişdir. 20.02.2021-ci il tarixdə saat 21 radələrində dostları Şahid1 və Təqsirləndirilən şəxs2la birlikdə həmkəndlisi Xəyyamın evində çay içmişdir. Xəyyamın evində olduğu zaman sonuncunun oğlu Xəyal gəlib onlara, məhəllələrində səs-küy olmasını demişdir. Onlar dərhal stoldan qalxaraq öz məhəllələrinə getmişlər. Yusifin ayağında qəlpə yarası olduğu üçün geridə qalmışdır. O və Azad isə birlikdə yaşadıqları bina evinin giriş qapısına getmişlər və orada o, Zəminəyə məxsus evin giriş qapısını döymək istəyəndə, qapı açılmış və bu zaman Ənvərin evin pəncərəsindən küçəyə tullandığını görmüşdür. Həmin vaxt o və Azad pəncərənin qarşısına gedib Ənvərə yaxınlaşmışlar. Azad Ənvəri tutub bir dəfə sağ əli ilə üz nahiyəsinə yumruq vurmuş və o, Ənvərin əynində olan gödəkcəsindən tutub özünə dartaraq yumruqla bir dəfə üz nahiyəsinə vuran zaman Ənvərin əynindəki gödəkcə cırılmışdır. Bundan sonra, həmkəndlisi Samir dostu Yusiflə birlikdə anası Südabə, Azadın anası Fəridə və qonşuları Məleykə Ənvəri onların əlindən alıb dava-dalaş olan yerdən getməsinə şərait yaratmışlar. Zəminə isə bir az həmin yerdə hay-küy salaraq qışqırmışdır. Ənvər isə onlara küçə söyüşləri söyəndən sonra Ənvərin söyüşlərini özünə qaytarmışlar. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərdi ki, hadisə yerində anası Südabə, həmkəndliləri – Fəridə, Məleykə, Yusif, Azad, Samir olmuşdur. Ənvər adlı şəxsin Zəminə adlı qonşularının evinə onların yaşadığı binanın arxa tərəfindəki həyətdən keçmiş və Zəminə ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. O, Ənvərin gödəkcəsindən tutub üzünə bir dəfə yumruqla vurduqda gödəkcəsi cırılmış, Azad isə Ənvərin üzünə bir dəfə yumruqla vurmuş, Ənvərin yerə nə vaxt yıxıldığını görməmiş, saat və “REDMİ-6” markalı mobil telefonun necə zədələndiyini bilməmişdir. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Zərərçəkmiş şəxslə barışmışdır, Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, barəsində şikayət etmiş Zərərçəkmiş şəxs əvvəllər tanımamış, heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ənvər onların yaşadığı Şabran rayonu, Ağalıq kəndində təxminən 2 ay Gülpəri adlı qadının evində kirayədə yaşamışdır. Ənvər onların yaşadığı ikimərtəbəli və çoxmənzilli evin birinci mərtəbəsində yaşayan Zəminə adlı qadınla münasibət qurub və hadisədən 10 gün əvvəl mütəmadi olaraq gecələr Zəminənin yaşadığı evə gəlib-getmişdir. Ənvərin həmin Zəminə adlı qadının evinə gəlib-getməsi qonşular arasında narazılığa və onların əsəbinə səbəb olmuşdur. 20.02.2021-ci il tarixdə saat 21 radələrində dostları Şahid1 və Təqsirləndirilən şəxs1la birlikdə həmkəndlisi Xəyyamın evində çay içmişdir. Xəyyamın evində olduqları zaman sonuncunun oğlu Xəyal gəlib onlara məhəllələrində səs-küy olmasını bildirmişdir. Onlar dərhal stoldan qalxaraq öz məhəllələrinə getmişlər. Yusifin ayağında qəlpə yarası olduğu üçün onlardan geridə qalmışdır. O və Ramil isə birlikdə yaşadıqları bina evinin giriş qapısına getmiş, orada Ramil Zəminəyə məxsus evin giriş qapısını döymək istəyəndə qapı açılmışdır. Bu zaman Ramil ona Ənvərin evin pəncərəsindən küçəyə tullandığını demişdir. O və Ramil həmin pəncərənin qarşısına çatıb Ənvərə yaxınlaşmışlar. O, Ənvəri tutub bir dəfə sağ əli ilə üz nahiyəsinə yumruq vurmuş, Ramil isə Ənvərin əynində olan gödəkcəsindən tutub özünə dartaraq yumruqla vurmuşdur. Sonra Samir və Yusiflə birlikdə anası Fəridə, Ramilin anası Südabə, qonşuları Məleykə xala Ənvəri onların əlindən alıb, hadisə yerindən getməsinə şərait yaratmışlar. Zəminə isə bir az həmin yerdə hay-küy salaraq qışqırmışdır. Ənvər isə onlara küçə söyüşləri söyəndən sonra söyüşləri özünə qaytarmışdır. Hadisə yerində Ramilin anası Südabə, Fəridə, Məleykə, Yusif, Azad və Samir olmuşdur. Hadisəyə səbəb Ənvər adlı şəxsin Zəminə adlı qonşularının evinə onların yaşadığı binanın arxa tərəfindəki həyətindən keçməsi və Zəminə ilə qeyri-rəsmi ər-arvad münasibəti qurması olmuşdur. O, Ənvər adlı şəxsi tutub üzünə bir dəfə yumruqla vurduqdan sonra, Ramil də, Ənvərin gödəkçəsindən dartaraq bir dəfə üzünə yumruq vuran zaman Ənvərin gödəkcəsi cırılmış və Ənvərin yerə nə vaxt yıxıldığın görməmiş, saat və “REDMİ-6” markalı mobil telefonun necə zədələndiyini bilməmişdir. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, o, Şabran rayonu ərazisində fəaliyyət göstərən “ANGEL” şirkətində “HOVA” markalı yük avtomobili idarə edərək sürücü işləmişdir. Şabran rayonunda işləyən vaxtlarda gördüyü işdən asılı olaraq müxtəlif ünvanlarda kirayədə yaşamışdır. 2021-ci ilin fevral ayında ünvan 2ğında iş gördüyü üçün həmin ətrafda kirayə ev axtaran zaman Ağalıq kəndində Zəminə adlı qadının evinin 1 otağını kirayə vermək istədiyini öyrənmişdir. 02.02.2021-ci il tarixdə Şabran rayonu Ağalıq kəndinə gedərək Zəminə adlı qadının evinə baxıb, bəyənərək evin bir otağını ayı 50 manata kirayələmişdir. Səhər saat 07 radələrində işə, axşam saat 20-21 radələrində isə işdən evə qayıtmışdır. 20.02.2021-ci il tarixdə saat 20 radələrində kirayə qaldığı ev sahibi Zəminə ilə birlikdə yaşadıqları evə daxil olduqdan təxminən 1 saat sonra evin qapısı Ramil tərəfindən döyüldüyünü eşitmiş, bu zaman Zəminə qapını açmışdır. Ramil söyüşlə Zəminədən Ənvəri bayıra çağırmasını istəmişdir. Zəminə Ramili sakitləşdirərək onlardan nə istədiyini soruşmuşdur. O, Zəminəyə zərər gəlməsin deyə evdən çıxmaq istədiyini bildirən zaman Zəminə bir neçə nəfərin hələ də küçə qapısının yanında dayandığını deyib, onun evin pəncərəsindən çıxmasını təklif etmişdir. O, pəncərədən çölə çıxıb getmək istədikdə qarşısını Şakirin oğlu Azad kəsib ona bir dəfə yumruqla zərbə vurduqdan sonra, Kamilin oğlu Ramil əynində olan gödəkcədən tutaraq yumruqla üz nahiyəsinə vurmuş və əynində olan gödəkcəsi cırılmışdır. Həmin vaxt küçədə olan adını sonradan bildiyi Samir adlı şəxs onu Azad və Ramilin əlindən almışdır. Bu zaman bir nəfər qadının özündən getdiyi üçün Samir ona dava-dalaş olan yerdən uzaqlaşmasını demişdir. O, Samirin sözünə qulaq asıb həmin yerdən uzaqlaşıb idarə etdiyi yük avtomobilini saxladığı Bakı-Xaçmaz yoluna çıxmış, oradan isə avtomobilinə əyləşərək getmişdir. Ramil və Azadın onu, Zəminənin evində kirayəşin kimi qalmasından xoşları gəlmədiyi səbəbindən, kənddə olan ikimərtəbəli yaşayış evinin qarşısında kənd sakinlərinin toplaşdığı yerdə döymüşlər. Döyülən zaman 40 manat dəyərində olan gödəkcəsi cırılmış, 15 manata aldığı qol saatı sındırılmış və 230 manat dəyərində olan “Redmi-6” markalı mobil telefonu sındırılaraq yararsız hala salınmışdır. Telefon və qol saatının kim tərəfindən yararsız hala salındığını görməsə də əynində olan gödəkcənin Ramil tərəfindən yararsız hala salındığını bildirmişdir. Ramil və Azadın bu hərəkətləri ilə ona həm maddi, həm də fiziki zərər yetirilmişdir. O, hadisədən sonra təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə o, ərizə yazıb məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, dörd ildir ki, ailəsindən boşanmış, iki övladı ilə birlikdə yaşayır. Yaşadığı mənzil üç otaqdan ibarətdir. Heç yerdə işləmədiyindən maddi imkanı olmadığı üçün evinin bir otağını kirayə vermək qərarına gəlmişdir. 05.02.2021-ci il tarixdə əslən Şamaxı rayonundan olan əvvəllər tanımadığı Ənvər adlı şəxs yaşadığı ünvana gələrək kirayə üçün otaq axtardığını ona bildirmişdir. O, kirayə vermək istədiyi otağı Ənvərə göstərmiş və aylığı 50 manata razılaşmışdır. Həmin gündən axşam saat 20-21 radələrində Ənvər işdən sonra kirayə verdiyi otağa gəlib, səhər saatlarında işə getmişdir. İdarə etdiyi “HOVA” markalı yük avtomobilini isə avtomobil yolunun kənarında saxlamışdır. Ənvər evə gələndə yolda qonşuları Fəzailin onun qarşını kəsərək hədə-qorxu gəldiyini bildirmişdir. O, Fəzaili küçədə axtarsa da tapa bilməmişdir. Həmin gündən o, Ənvərə işdən gələndə ona telefon vasitəsilə xəbər etməsini və qarşısına çıxıb birlikdə evə gəlməyi və qarşısını kimlər nə məqsədlə kəsdiyini öyrənməsini demişdir. 20.02.2021-ci il tarixdə saat 20 radələrində Ənvər onun mobil telefonuna zəng edərək kəndin içərisində olduğunu bildirmişdir. O, Ənvərin qarşısına gedərək bir yerdə kənddə olan bağcanın arxa tərəfi ilə evə tərəf gəlməyə başlamışlar. Bu zaman bağçanın yanında yerləşən Xəyyamın evinin yanında qonşusu Şakirin oğlu Azadın dayandığını görmüşdür. Azad Ənvərə zərər yetirməsin deyə başqa yol ilə Ənvəri evinə aparmışdır. Bir müddət sonra evinin qapısı Ramil tərəfindən döyüldüyünü görüb qapını açmış, Ramil söyüşlə ona Ənvəri bayıra çağırmasını demişdir. O, Ramili sakitləşdirərək “sən nə istəyirsən bizdən” deyə soruşmudur. Qapını örtüb evə keçmiş və Ənvər ona “icazə ver mən çıxım gedim” sözlərini dedikdə o, qapının ağzında Ramilin dayandığını görüb Ənvərə qapıdan çıxmağa icazə verməmişdir. Ənvər yenidən ona “icazə ver evin pəncərəsindən cıxım gedim” sözlərini deyərək pəncərədən çıxıb getmək istədikdə, küçədə onun qarşısını Şakirin oğlu Azad və Kamilin oğlu Ramil kəsmişlər. O, yaşadığı evdən küçəyə çıxanda Samir ona küçəyə çıxmağa icazə verməmiş və o, dava-dalaşı görməmişdir. O, yaşadığı evə girib DİN-nin “102 xidmətinə” zəng edərək dava-dalaş olması barədə məlumat vermişdir. O, Zərərçəkmiş şəxs hadisədən 2 ay əvvəl tanımış və yaşadığı evdə az müddətdə kirayə qalmış, münasibətləri yaxın olmuşdur. O, Ənvərin kimlər tərəfindən döyülməsini dəqiq görməmiş, hadisədən sonra, Azad və Ramil tərəfindən döyüldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, Şahid2 yaşadığı ikimərtəbəli və çoxmənzilli evin birinci mərtəbəsində yaşayır. Zəminə ilə əvvəllər aralarında heç bir mübahisə və ya dava-dalaş olmamışdır. 20.02.2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evin pəncərəsindən həyətdə olan bağına nəzarət edən zaman bir nəfər orta yaşlı kişinin bağdan keçib Zəminənin yaşadığı evə girməsini görmüşdür. O, həmin vaxt ev qapısından çıxıb Zəminənin yaşadığı evin qapısını döymüş, qapını döyən zaman oğlu Ramil və qonşusu Fəridənin oğlu Azad birlikdə yanına gəlmişlər. Ramil Zəminənin ev qapısını döymüş və qapını açmasını istəmişdir. Bu zaman Ramil Azada evdə olan Ənvərin pəncərədən qaçmasını demişdir. Azad küçəyə qaçmış və Ramil isə onun ardınca birlikdə getmişlər. Yaşadığı evin qarşısında Azad Ənvər adlı şəxsə çatan kimi bir dəfə yumruqla üz nahiyəsinə vurmuş və oğlu Ramil isə Ənvərin əynində olan gödəkcədən tutaraq bir dəfə üz nahiyəsinə yumruqla vurmuşdur. Ənvər həmin vaxt yerə yıxılmış və başı yerə dəymişdir. O, oğlu Ramili tutub kənara çəkmiş və Fəridə isə öz oğlu Azadı kənara çəkmişdir. Sonra Fəridə özünü itirmiş və bu zaman həmkəndlisi Yusif və Samir Ənvəri yerdən ayağa qaldırıb qaçmasına köməklik etmişlər. Şahid3 ifadəsində həmçinin bildirdi ki, əri Kamil 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Ona şəhidlik statusu verilmiş, hətta Quba rayonunun Yerfi kənd orta məktəbi onun adını daşıyır. Oğlu Ramil ailənin yeganə qazanc gətirənidir. O da oğlunun cinayət etdiyini başa düşür. Lakin ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 və Şahid5 iş üzrə Şahid3 ifadəsində göstərdiklərini təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, Şabran rayon Ağalıq kənd sakini Şahid2 tanıyır, onunla münasibəti qonşu kimi yaxşı olmuşdur. Lakin Şamaxı rayonu, Muğanlı kənd sakini Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. 20 fevral 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman küçədə səs-küy gəldiyini eşitmiş və küçəyə çıxmış, bu zaman Zəminənin yaşadığı evin pəncərəsindən Ənvərin küçəyə tullandığını görmüşdür. Zəminə isə yaşadığı evdən küçəyə çıxanda Zəminənin evə qayıtmasını tələb etmiş və Zəminə yaşadığı evə qayıtmışdır. Həmin vaxt qonşuları Azad Ənvəri pəncərədən tullananda tutub bir dəfə üz nahiyəsinə yumruqla vurmuş və orada olan Ramil isə Ənvərin əynində olan gödəkcədən tutub özünə dartmaqla bir dəfə üz nahiyəsinə yumruqla vurmuş, Ənvər yerə yıxılmış və yerdə olan zaman qonşusu Yusiflə birlikdə Ənvəri yerdən qaldırıb dava-dalaş böyüməsin deyə qaçmasına kömək etmişdir. Dava-dalaş zamanı hadisə yerində Azadın anası Fəridənin halı pisləşmiş və özünü itirib yerə yıxılmışdır. Ramili isə anası Südabə tutub saxlamış, dava-dalaş olan yerə toplanmış kənd sakinləri bir qədər sonra hadisə yerindən çəkilib öz evlərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 göstərdi ki, o, Şahid2 yaşadığı ikimərtəbəli çoxmənzilli evin birinci mərtəbəsində yaşayır. 20.02.2021-ci il tarixdə saat 21 radəlrində o, ikimərtəbəli yaşayış evinin qarşısından gəlininin anası Şahid10 ilə birlikdə həmin ikimərtəbəli yaşayış evinin qarşısından keçən zaman, dava-dalaş olmasını görmüşdür. Həmin vaxt səs-küy cox olmuş və dava-dalaş edənlər bir-birini söyüşlə təhqir etmişdir. O, binanın qarşısına çıxan zaman adını sonradan bildiyi Ənvər adlı şəxsin, qonşusu Zəminənin yaşadığı evindən çıxanda həmkəndliləri Azad və Ramil tərəfindən döyüldüyünü görmüşdür. Azadın Ənvər adlı şəxsin üz nahiyəsinə bir dəfə yumruq vurduğunu, Ramilin isə Ənvərə bir dəfə yumruq vurub, əynində olan gödəkcəni dartıb cırdığı anı görmüşdür. Dava-dalaş olan yerdə əxlaqsız söyüşlər eşitdiyi üçün tez Nahidə ilə birlikdə oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 göstərdi ki, o, Şahid2 onun yaşadığı evdən bir az kənarda yerləşən ikimərtəbəli və çoxmənzilli evin birinci mərtəbəsində yaşayır. 20.02.2021-ci il tarixdə saat 21 radəlrində yaşadığı evdə olan zaman kənddə səs-küy eşitmiş və küçəyə çıxıb iki mərtəbəli binanın qarşısına çatmışdır. Həmin vaxt Zəminənin yaşadığı evin pəncərəsindən bir nəfər adını sonradan bildiyi Ənvər adlı şəxs qaçanda Fəridənin oğlu Azad Ənvəri tutub üz nahiyəsinə bir dəfə yumruqla vurmuş, həmçinin Ramil də Ənvərin əynində olan gödəkcəni dartıb cırmaqla üzünə bir dəfə yumruqla vurmuşdur. Ənvər yerə yıxılmış və orada olan həmkəndlisi Samir və Yusif Ənvəri yerdən qaldırıb qaçmasına köməklik etmişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gicgah nahiyəsinin hematoması, alın nahiyəsində yumşaq toxumaların əziyi, sol yuxarı göz qapağının göz almasına qansızma ilə müşayiət olunan qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, göstərilən vaxtda və şəraitdə, yəni 20.02.2021-ci il tarixdə döyülmə zamanı təpiklə, yumruqla vurulan çoxsaylı zərbələr nəticəsində alına bilərdi, aşkar olunmuş xəsarətlərdən alının yumşaq toxumalarının əziyi sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin olunmayan, qalan xəsarətlər səhhətinin qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışlar. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 aprel 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonu Ağalıq kəndində ailə üzvləri – anası X3, arvadı X1, eləcə də uşaqları – 2013-cü il təvəllüdlü X4 və 2014-cü il təvəllüdlü X7 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 aprel 2020-ci il tarixli 284 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 aprel 2020-ci il tarixli 276 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayonu Ağalıq kəndində ailə üzvləri – anası Şahid4, arvadı X9 və 2020-ci il təvəllüdlü qızı X8 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 aprel 2020-ci il tarixli 277 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Quba RİH Başçısının Yerfi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli 27 saylı arayışdan görünür ki, mərhum X5 1994-cü ildə birinci Qarabağ döyüşlərində şəhid olub, Yerfi kənd ümumi ota məktəbi şəhid X2 adını daşıyır. İş materiallarına əlavə edilmiş İİ-JQ seriyalı 414589 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 30 yanvar 1994-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Elektron sorğu məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 ilə X15 arasında əmək müqaviləsi bağlanmış, ona 250 manat aylıq əmək haqqı hesablanmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların ifadələr ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onların əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olması, habelə zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, atasının respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Ramil Əlpənahovun əməlində cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilənərək qazancından 15 (on beş) faiz dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını iş yerində çəksin və cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilənərək qazancından 15 (on beş) faiz dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını iş yerində çəksin və cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-41/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-41/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver