Məhkəmə qərarları › İş №1(031)-41/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-41/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-41/2022 07.07.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 Şabran rayon məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Cəmaləddin oğlu istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış psixatrop maddə-metamfetaminin təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla 0,745 qram təşkil edən hissəsini 01 ədəd kağız bükümünə qablaşdırılmış vəziyyətdə 06 aprel 2022-ci il tarixdə əynindəki qara rəngli gödəkçəsinin sol yan cibinə yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış, həmin gün saat 19 radələrində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Şabran şəhəri Ağalar Mirzə küçəsində yaşadığı evin yaxınlığında saxlanılmış və keçirilmiş şəxsi axtarış zamanı sözügedən psixotrop maddə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Cəmaləddin oğlu özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 4 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 3 ilə yaxındır ki, narkotik vasitə heroin və psixotrop maddə-metamfetamindən istifadə edir. Təxminən 01 ay əvvəl axşam saatlarında Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən avtovağzalda tək gəzdiyi zaman yerdən bir ədəd qara rəngli sellofan torba tapıb və onun içərisinə baxdıqda orada 01 ədəd kibrit qutusunun olduğunu görmüşdür. Həmin kibrit qutusunun içərisinə baxarkən orada bir ədəd bükümdə metamfetaminə bənzər psixotrop maddə olmasını görüb və həmin sellofan torbanı kənara tullayaraq tapdığı həmin maddəni sonradan istifadə etmək üçün gödəkçəsinin sol yan cibinə qoymuşdur. Bundan sonra oradan uzaqlaşaraq çıxıb yaşadığı evə getmişdir. 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Şabran şəhəri, A.Mirzə küçəsində olduğu zaman 2-3 nəfər şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını ona bildirib və onu Şabran RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Şabran rayon PŞ-nə getmişdir. RPŞ-nin növbətçi hissəsində hüquq və vəzifələri ona izah edilərək vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi ona izah edilmişdir. Şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşları həmin maddənin nə olmasını və haradan əldə etməsini ondan soruşduqda həmin maddənin metamfetamin olduğunu və onu küçədən tapdıqdan sonra istifadə etmək üçün üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmış və şəxsi axtarış barədə protokol tərtib edildikdən sonra həmin protokol imzaları ilə təsdiq edilmişdir. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərdi ki, Şabran şəhər sakini Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun narkotik vasitələri əldə etməsi və gəzdirməsi barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onu saxlamaq qərarına gəlmişlər. 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Rövşən Məmmədəliyevlə birlikdə Şabran şəhəri A.Mirzə küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə RPŞ-nə getmişdir. Şabran rayon PŞnin növbətçi hissəsində müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra dəvət edilmiş vəkil Müdafiəçi iştirakı ilə vidoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin maddənin nə olmasını və haradan əldə etməsini ondan soruşduqda o, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu və onu təxminən bir ay əvvəl Şabran şəhər avtovağzalından tapdıqdan sonra istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdəki psixotrop maddəyə bənzər ağ rəngli kütlə ekspertizaya göndərilməsi üçün götürülüb, bir ədəd zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edildikdən sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin polis əməkdaşı Şahid2 polis əməkdaşı Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli 6/1916 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,745 qram, ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,745 qram, tədqiqatda sərf edildi 0,05 qram, 0,695 qramının qalıq qalması nəzərə alınmalıdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 19 may 2022-ci il tarixli 2626 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli tələbnamədən və Şabran rayon məhkəməsinin 06 dekabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ailəlidir, onun X6 birgə nikahlarından 15 dekabr 2020-ci ildə Səid adlı uşaqları olmuşdur İş materiallarında olan Şabran rayon İcra və probasiya şöbəsinin 05 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş 02 (iki) il 15 (on beş) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli1772 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda ailə üzvləri – atası X2, anası X8 və qardaşı X1 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli 1766 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə heç bir qayda pozuntularına yol verməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 671265 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 birgə nikahlarından 15 dekabr 2020-ci il tarixdə Səid adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin 08 aprel 2022-ci il tarixli 4(031)-15/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesab edilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğluunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü madəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Cəmaləddin oğluna cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 15 (on beş) gün müddətində çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır və o, cəzasını çəkib qurtarmamış yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göründüyü kimi Təqsirləndirilən şəxs Cəmaləddin oğluna hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,695 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 66 manat 46 qəpik Təqsirləndirilən şəxs Cəmaləddin oğlundan tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Cəmaləddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Cəmaləddin oğluna təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Şabran rayon məhkəməsinin 06 dekabr 2021-ci tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 15 (on beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən birləşdirilərək üzərində qəti cəza olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,695 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin, eləcə də Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Cəmaləddin oğlundan məhkəmə məsrəfi hesab olunan 66 manat 46 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs Cəmaləddin oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar