Məhkəmə qərarları › İş №1(031)-42/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-42/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-42/2021 22.07.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1970-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci il 28 mart tarixdə Şabran rayon Mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid 19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 29 mart 2021-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə 11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmsının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, qanunun sözügedən tələblərini pozaraq 03 aprel 2021-ci il tarixdə saat 12 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı ünvan 1 ünvandakı evini özbaşına tərk edib, Şabran şəhər H.Əliyev prospektində yerləşən Şabran rayon mərkəzi xəstəxanasının birinci mərtəbəsində olan rentgen otağının qarşısında növbə gözləyən çoxsaylı insanlar arasında gəzib yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 28 mart 2021-ci il tarixdə səhətində yaranmış narahatlığa görə dünyada və Azərbaycan Respublikasıda yayılmış “COVİD 19” yeni növ koronavirus xəstəliyindən test vermək üçün Şabran rayon mərkəzi xəstəxanasına getmişdir. Həmin gün xəstəxanada onun burun nahiyəsindən yaxma yolu ilə test götürülmüş və testin cavabı 29 mart 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “İTS.GOV.AZ” email ünvanından mesaj gəlmiş, həmin mesajda analizinin cavabı “pozitiv” və həmin tarixdə Şabran rayon mərkəzi xəstəxanasından telefonla ona məlumat verilərək, xəstəliyinin cavabı pozitiv olması bildirilmişdir. Həmçinin 14 gün ev şəraitində müalicə olunmağı və evi tərk etməyinin ətrafda yaşayan insanlara təhlükə olması izah edilmişdir. Xəstəliyə olması ilə bağlı iş yerinə məlumat vermiş və 14 gün ərzində ev şəraitində müalicə olunmağı ila əlaqədar işə çıxa bilməcəyini bildirmişdir. İşlədiyi yerə də “COVİD-19” yeni növ koronavirus xəstəsi 14 gün ərzində işə çıxmaması, 14 gündən sonra sağalarsa həkimdən sağlamlıq haqqında arayış aldıqdan sonra işə buraxılacağı ona bildirilmişdir. O, xəstə olmasına baxmayaraq 03 aprel 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 3 ünvanda yerləşən evdən çıxıb idarə etdiyi avtomobillə Şabran rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxananın həyətində idarə etdiyi avtomobili saxlayıb yerə düşmüş və xəstəxananın giriş qapısından birinci mərtəbəsinə daxil olmuşdur. Birinci mərtəbənin girişində olan gözləmə otağındakı insanların arasından keçib rentgen otağına yaxınlaşmışdır. Həmin otağın qarşısında axırıncı özü olmaqla yanaşı ümumilikdə 10 nəfərdən yuxarı üzdən tanımadığı insanlar olmuşdur. O, bir-iki dəqiqə həmin yerdə gözləyib sonradan insanların çox olduğuna görə gözləməyə səhhətinin dözə bilmədiyi üçün xəstəxanadan çıxıb və idarə etdiyi avtomobillə yaşadığı evə qayıdan zaman Şabran şəhəri, Z.Əliyeva küçəsində içərisində polis əməkdaşları olan post patrul avtomobili onun idarə etdiyi avtomobilinin arxasınca gəldiklərini görmüşdür. Avtomobili kənara çəkib polis əməkdaşlarına nə üçün onu təqib etdiklərini soruşan zaman polis əməkdaşları ona yaşadığı evi tərk etməyinin qanunsuz olduğunu və bununla cinayət məsuliyyəti yaradan hərəkətə yol verdiyini izah etmişlər. O, polis əməkdaşlarına xəstəxanaya yoxlanmaq üçün getdiyini bildirmişdir. Polis əməkdaşları ona yaşadığı evi tərk etməklə pandemiya qaydalarını pozduğunu demişlər. Bundan sonra, onun fotoşəkili çəkilmiş və protokol tərtib olunmuş, tərtib olunmuş protokol onun və polis əməkdaşlarının imzaları ilə təsdiq edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin PPXT-nın manqa komandiri Şahid1 Yasər oğlu göstərdi ki, o, dünyada və Azərbaycan Respublikasında yayılmış “COVİD 19” yeni növ koronovirus xəstəliyi ilə əlaqədar olaraq əhali arasında hava və damcı yolu vasitəsi ilə birindən digərinə keçməsinin qarşısının alınması üçün hər gün “COVİD 19” yeni növ koronovirus testləri pozitiv çıxmış şəxslər yoxlanılır. Yoxlamanın səbəbi isə test cavabları pozitiv çıxmış şəxslərin yaşayış yeri üzrə evində müalicə almasının və yaşadığı evi tərk etməməsinin təmin edilməsi ilə bağlı olmuşdur. Bu məqsədlə 03 aprel 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş xəstələrin siyahısını götürüb Şabran RPŞ-nin əməkdaşları – Şahid3, Şahid4, Şahid2, Şahid6 və Şahid5la birlikdə Şabran şəhər ərazisində yoxlama aparmaq üçün xidmətə başlamışdır. Xidmət zamanı test cavabı pozitiv çıxmış, ev şəraitində müalicə alması və evi tərk etməməsi izah olunan Şabran şəhər sakini Təqsirləndirilən şəxs evdə olmaması məlum olmuşdur. O, yuxarıda adları göstərilən polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi Şabran şəhəri, Z.Əliyeva küçəsi ilə xidməti avtomobillə hərəkət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Şabran şəhəri, Z.Əliyeva küçəsində idarə etdiyi avtomobillə hərəkət etməsi müəyyən edilmişdir. Xidməti avtomobillə Şahların idarə etdiyi avtomobili təqib etmişlər və Şahlar yaşadığı evə çatan zaman ona yaxınlaşaraq özlərini təqdim edib, yaşadığı evi tərk etməsinin qanun pozuntusu olduğunu bildirdikdən sonra Şabran RPŞ-nə məlumat vermişlər. Sonra Təqsirləndirilən şəxs “COVİD 19” yeni növ koronovirus testinin nəticəsi pozitiv ola-ola yaşadığı evi tərk etməsi və xəstəliyin insanlar arasında daha da artmasına imkan yaratdığından bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçıların və polis əməkdaşlarının imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs səhhətinin pisləşməsi ilə əlaqədar olaraq Şabran rayon mərkəzi xəstəxanasının birinci mərtəbəsində yerləşən rentgen otağının qarşısında insanların çox olduğu yerdə olmasını və növbə gözləyə bilməyib evinə qayıtdığını onlara demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin PPXT-nın əməkdaşları – polis baş serjantı Şahid3, polis serjantı Şahid4, polis serjantı Şahid5, polis serjantı Şahid6 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək analoji ifadə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsinin 22.04.2021-ci il tarixli 02-4793-1221 saylı məktubunda göstərilmişdir ki, 28.03.2021-ci il saat 18:36:04-dən 11.04.2021-ci il saat 18:36:04-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyi Tibbi Ərazi X1 (TƏBİB) informasiya sistemi tərəfindən 29.03.2021-ci il saat 17:17:56-da Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə X8 Şəxsi Şabran rayon mərkəzi xəstəxanasına verilmiş sorğuya alınmış 20.06.2021-ci il tarixli 359 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs 28.03.2021-ci il tarixdə COVİD 19 pandemiyası ilə əlaqədar analiz vermiş və analizin nəticəsi 29.03.2021-ci il tarixdə COVİD 19 pozitiv olaraq gəlmiş, ona bu haqda məlumat verilmiş və o, 14 gün müddətində ev nəzarətinə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli 1748 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, O.Bəşirov küçəsində arvadı X3, oğlu 01.12.2001-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli 1749 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması, onun özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal aşkar olunmamışdır. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, ali təhsilli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iş şəraitini, şəxsiyyətini, barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şabran rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar