Məhkəmə qərarları › İş №1(031)-42/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-42/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-42/2022 20.07.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda satış məqsədi olmadan qanusuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin ayrı-ayrılıqda çəkiləri 0,095 qram, 0,107 qram, ümumi təmiz çəkisi 0,202 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda 02 bükümünü və kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetaminin ümumi təmiz çəkisi 1,235 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümünü əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış, 29 mart 2021-ci il tarixdə saat 10:30 radələrində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı Şabran şəhəri T.İsmayılov küçəsində saxlanılmış, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən sözügedən narkotik vasitə və psixotrop maddə aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 28 mart 2022-ci il tarixdə Bakı şəhərinə getmişdir. Saat 15 radələrində Bakı şəhərindən qayıdarkən “Şemaxinka” adlanan ərazidə yerdən bir ədəd “Kent” markalı siqaret qutusu tapmışdır. Həmin siqaret qutusunu açdıqda onun içərisində 05 ədəd büküm və bükümlərin içərisində narkotik vasitələrin olmasını görərək onları istifadə etmək məqsədilə əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 29 mart 2022-ci il tarixdə saat 10:30 radələrində Şabran şəhəri T.İsmayılov küçəsi ev 3 ünvanda yerləşən yaşadığı evin yaxınlığından keçən “Şabran” çayında olan zaman Şabran rayon PŞ-nin əməkdaşlarının ona yaxınlaşdıqlarını görüb qaçmağa cəhd göstərmişdir. Lakin polis əməkdaşları onu saxlayıb Şabran RPŞ-yə gətirmişlər. Şabran RPŞ-nin növbətçi hissəsində hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş və o da buna etiraz etmədikdən sonra Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd bükümlər aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümlərin içərisində nə olmasını ondan soruşduqda o, həmin kütlələrin narkotik vasitə hesab edilən heroin və psixotrop maddə olan metamfetamin olduğunu və onları öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə həmin bükümlər qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Törətmiş olduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyən Şahid1 göstərdi ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq üzərində saxlaması və istifadə etməsilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumata əsasən 29 mart 2022-ci il tarixdə saat 10:30 radələrində RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, PPXB-nün tağım komandiri, polis leytenantı Şahid4, PPXB-nün əməkdaşları – Şahid6, Şahid5 və Şahid3la birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından keçən çayın kənarında saxlanılan zaman sonuncu, polis əməkdaşlarının əlindən qaçaraq cibindən mətbəx bıçağını çıxarıb özünün qarın nahiyəsinə xəsarətlər yetirməyə, polis əməkdaşları ona yaxınlaşacağı təqdirdə həmin bıçaqla özünə daha da ağır xəsarətlər yetirəcəyini bildirərək qışqırmağa başlamışdır. Adıçəkilən polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs əlindən bıçağı almağa çalışan zaman sonuncu, əlindəki bıçağı çayın içərisinə ataraq qaçmağa başlamışdır. Bir qədər qaçdıqdan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra adıçəkilən polis əməkdaşları ilə birgə həmin bıçağı nə qədər axtarsalar da axan çayın içərisindən tapa bilməmişlər. Daha sonra RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 01 büküm psixotrop maddə hesab edilən metamfetaminin, 02 ədəd bükümdə narkotik vasitə hesab edilən heroinin olması, digər 02 ədəd bükümdəki kütlələrin isə psixotrop maddə və yaxud narkotik vasitə olmadığı ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşları – Şahid4, X7 və X2 iş üzrə Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi halları təsdiq etmişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2022-ci il tarixli 6/1693 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 1,235 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,095 qram və 0,107 qram olmaqla ümumi təmiz çəkisi 0,202 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,157 qram və 0,335 qram olmaqla ümumi çəkisi 0,492 qram ağ rəngli kristalşəkilli maddələr narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotrik vasitələrin siyahısına (Siyahı 1), Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahsına (Siyahı 1) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 19 may 2022-ci il tarixli 2627 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən və Şabran rayon məhkəməsinin 29 aprel 2022-ci il tarixli hökmünun surətindən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayon məhkməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli 2113 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda anası X6, qardaşları – X4 və X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli 2115 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə heç bir qayda pozuntusuna yol veməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 31 mart 2022-ci il tarixli 4(031)- 13/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 29 mart 2022-ci il tarixdən hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətmişdir. Əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən əməlində cinayətin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəzanın növü və həddini müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, Təqsirləndirilən şəxs narkomaniyadan məcbur müalicəyə cəlb edilməli və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 88 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,1 qram tədqiqata sərf edilməklə təmiz çəkisi 0,102 qram olan narkotik vasitə hesab edilən heroin, 0,05 qram tədqiqata sərf edilməklə təmiz çəkisi 1,185 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 29 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,1 qram tədqiqata sərf edilməklə təmiz çəkisi 0,102 qram olan narkotik vasitə hesab edilən heroin, 0,05 qram tədqiqata sərf edilməklə təmiz çəkisi 1,185 qr olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar