Məhkəmə qərarları › İş №1(031)-42/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-42/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-42/2025 22.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1994-cü il tarixdə Dəvəçi rayonunun Aygünlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran rayonu, Gəndov ərazi dairəsi, Aygünlü kəndində qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, 2025-ci ilin aprel ayının sonlarında yaşadığı Şabran rayonunun Aygünlü kəndində yerləşən evinin həyətində istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi 5 ədəd çətənə (kannabis) toxumunu qanunsuz olaraq əkmiş, həmin toxumlardan tərkibində narkotik maddələr olan 3 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisinin şitillərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə, saat 13:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının təxirə salınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədə ümumi təmiz çəkisi 991,0 qram olan, yaş vəziyyətdə xeyli miqdarda - 3 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 8 ay qabaq narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamış və həmin vaxtdan təqribən 4 ay əvvəl marixuana istifadə etdiyi zaman onların arasından toxumları aşkar etmişdir. Ara-sıra marixuanadan istifadə etdiyi üçün həmin toxumları öz şəxsi istifadəsi üçün əkib yetişdirmək qərarına gəlmişdir. 2025-ci ilin aprel ayının sonlarında əldə olan 5 ədəd çətənə bitkisinin toxumunu ilk öncə Şabran rayonunun Aygünlü kəndində yerləşən evinin giriş darvazasının yanında, evinin hasarının dibində əkmişdir. Həmin toxumları əkdikdən sonra onlara qulluq etməyə başlamışdır. Əkdiyi 5 toxumdan 3-cü yetişməyə başladığı üçün həmin 3 ədəd çətənə bitkisini əkdiyi yerdən çıxardıb yaşadığı evin həyətində olan yarım tikilinin içərisində basdırmışdır. Həmin evdə anası ilə qaldığı üçün anasının xəbəri olmasın deyə əkdiyi çətənə bitkilərinə günün axşam radələrində qulluq etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlib yaşadığı evdə tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumatları olduğunu bildirərək yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşdurlar. O, polis əməkdaşlarına həmin evdə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra həyətində olan yarım tikilinin içərisindən 3 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisi aşkar edilmişdir. Həyətində aşkar edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkilərini öz şəxsi istifadəsi üçün əkmişdir. Həmin bitkilərdən əvəzli və ya əvəzsiz qaydada heç kimə verməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində yaşlı anası var, barəsində yüngül cəza təyin edilməsinixahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, o, Şabran Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə Şabran rayonunun Aygünlü kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şabran Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi Alış Səfərov tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Əməliyyat tədbirində o, və Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Sevindik Abdullayev, Şahid1 və Araz Həmidovun iştirak etmişlər, Şabran Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi Alış Səfərov isə qrupa rəhbərlik etmişdir. Elə həmin gün saat təxminən 14:00 radələrində Şabran Rayon Polis X3 müstəntiqi Fərid Nağıyevlə birlikdə Təqsirləndirilən şəxs Şabran rayonunun Aygünlü kəndində yerləşən yaşadığı evə getmişlər. Rövşəni səslədikdən sonra Rövşən evinin qarşısına çıxmış və onlar Rövşənə həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsində şübhəli olduğunu, evinə və həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Rövşənin evinə və həyətyanı sahəsinə baxış keçirmişlər və baxış zamanı evin həyətyanı sahəsində olan yarımtikilinin içərisindən 3 ədəd çətənə bitkisinə oxşar bitkilər aşkar etmişdirlər. Onlarla birlikdə həmin ünvana gələn aqronom Rəşid Hacıyev də çətənə bitkilərinə baxmış, həmin bitkilərə qulluq olunması barədə rəy vermişdir. Aşkar edilmiş 3 ədəd çətənə bitkisinə oxşar bitkilər qablaşdırılıb möhürlənərək tərəflərindən götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı onlara çətənə bitkilərini özünün istifadəsi üçün əkdiyini etiraf etmişdir. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun məhkəmə iclasında verdiyi ifadədə göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş X1 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası KTN yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X4 Rayon Mərkəzində aqronom vəzifəsində çalışır. 6 avqust 2025-ci il tarixdə, saat 13:00 radələrində polis əməkdaşları ona zəng edib Şabran rayonu, Aygünlü kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişdirlər. Polis əməkdaşları baxış keçirilən zaman onun da aqronom-mütəxəssis kimi iştirak etməsini xahiş etmişdirlər. O da buna razılıq vermişdir. O, polis əməkdaşları ilə birlikdə Şabran rayonu, Aygünlü kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Polis əməkdaşları baxış keçirilən zaman videoçəkilişdən istifadə olunacağı barədə əvvəlcədən ona məlumat vermişdirlər. Həmin ünvana çatdıqları zaman polis əməkdaşları Təqsirləndirilən şəxs səsləyərək çölə çağırmışdır. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs barəsində olan şübhə ilə bağlı məlumat vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs həyətinə, həyətindəki yarımtikililərə və yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, onun və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman həyətyanı sahədən 3 ədəd çətənə bitkisi aşkar edilmişdir. O, aşkar edilmiş çətənə bitkilərinə aqronom-mütəxəssis kimi baxış keçirib bitkiyə aqronotexniki qaydada qulluq olunmasını bildirmiş və bu barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş 3 ədəd çətənə bitkisi qablaşdırılıb möhürlənərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkilərini özü istifadəsi üçün əkdiyini etiraf etmişdir. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin İ cildinin 1-ci vərəqi). - Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə yaşadığı Şabran rayonunun Aygünlü kəndində yerləşən evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (cinayət işinin İ cildinin 16-cı vərəqi). - xx.xx.2025-ci il tarixli baxış və götürmə haqqında protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə saat 13:16-dan 13:33-ə kimi olan müddət ərzində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən yarımtikilinin 2-ci otağından 3 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 3 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisini təxminən 2-3 ay əvvəl qanunsuz olaraq əkdiyini, aqrotexniki qulluq etdiyini, çətənə toxumlarını əvvəl istehlak etmək üçün əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın içərisindən götürdüyünü bildirmişdir. Baxışın keçirilməsi “Samsung” markalı mobil telefonla videoqeydiyyata alınmış və həmin videoçəkiliş “DVD” diskə köçürülərək baxış protokoluna əlavə edilmişdir (cinayət işinin İ cildinin 17-19-cu vərəqləri). - xx.xx.2025-ci il tarixli aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonunun Aygünlü kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yarımtikilidən aşkar edilmiş 3 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisinə aqrotexniki quluq edilmişdir (cinayət işinin İ cildinin 20-ci vərəqi). - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:16-dan etibarən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 23-cü vərəqi). - xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən “Redmi” markalı mobil telefonu, sol cibindən siqaret və alışqanı təqdim etmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı başqa əşya aşkar edilməmişdir. “Redmi” markalı mobil telefon araşdırma zərurəti ilə bağlı götürülmüşdür. Siqaret və alışqan Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir (cinayət işinin İ cildinin 43-45-ci vərəqləri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/764 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş ...” sözləri yazılmış və imzalar olan kisəni açdıqda, içərisində 03 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 991,0 qram olan bitki nümunələri eyni növə aid olub əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun (mütəxəsissin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq edilmişdir. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 53-55-ci vərəqləri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2025-ci il tarixli aktdan görünür ki, hazırki cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş yaş vəziyyətdə ümumi çəkisi 991 qram olan çətənə bitkilərinin 0,06 qram hissəsi nümunə olaraq götürülmüş, 990,94 qram hissəsi isə geri qaytarılmışdır (cinayət işinin İ cildinin 56-cı vərəqi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 60-61-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00-da Şabran Rayon Polis X5 Yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 70-71-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunun Aygünlü kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 3 ədəd yaş vəziyyətdə, ekspertiza aparılmasından sonra ümumi çəkisi - 990,94 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi və baxış protokoluna əlavə edilmiş 1 ədəd “DVD” disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və 3 ədəd yaş vəziyyətdə, ekspertiza aparılmasından sonra ümumi çəkisi - 990,94 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi Şabran Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, baxış protokoluna əlavə edilmiş 1 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılmışdır (cinayət işinin İ cildinin 77-ci vərəqi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Gəndov İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Şabran rayonunun Aygünlü kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 83-cü vərəqi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cinayət işinin İ cildinin 90-cı vərəqi). - Şabran RMX-sı PHŞ-nin 18-1-34/2-730/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetlərdə dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 95-ci vərəqi). - Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5777 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı Müəyyən edilmiş, ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cinayət işinin İ cildinin 96-97-ci vərəqləri). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş tərkibində narkotik maddələr olan bitkilər siyahısının 1.2-ci bəndinə əsasən çətənə növlü bitkilərin xeyli miqdarının 3-15 ədəd (6-30 hissə) təşkil edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonunun Aygünlü kəndi ərazisində 3 ədəd çətənə bitkisini əkib onlara aqrotexniki qaydada qulluq etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 19-cu bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamını da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Bununla yanaşı cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:16-dan xx.xx.2025-ci il tarixdə, saat 20:00-a kimi olan müddət ərzində saxlanıldığı müddət 2 gün olaraq nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Aygünlü kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxsdə asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmasa da və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasa da, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından geri qaytarılmış 3 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə keçirilmiş baxışın videogörüntüsünü özündə əks etdirən 1 (bir) ədəd “DVD” disk isə cinayət işində saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 60 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 18 saat hüquqi yardıma görə iş üzrə dövlət hesabına müdafiəçi təyin edilmiş Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 198 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən, saat 13:16-dan xx.xx.2025-ci il tarixdə, saat 20:00-a kimi saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınsın və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə barəsində təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, faktiki yaşayış yeri olan Şabran rayonu, Aygünlü kəndi ünvanında yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsində saxlanılan 3 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 18 (on səkkiz) saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 198 (yüz doxsan səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar