Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-43/2021 10.08.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlər ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla ünvan 2sində Şabran rayon məhkəməsinin 18 aprel 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə 02 (iki) ədəd kibrit qutusunda qanunsuz olaraq əldə edib özündə saxladığı təxminən ümumi təmiz çəkisi 4,595 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuananın 0,85 qram təşkil edən hissəsini şəxsi tələbatının təmini məqsədi ilə istehlak etmiş, 16 aprel 2021-ci il tarixdə saat 18 radələrində Şabran şəhəri H.Əliyev prospektində yerləşən “Classic” marketin yaxınlığındakı qeyri-yaşayış sahəsi olan yeni inşa edilmiş mağazanın qarşısında qurudulmuş marixuananın 3,013 qram təşkil edən bir qutusunu 70 manata Quba şəhər sakini Şahid1 qanunsuz olaraq satmış, həmin gün şəhərin H.Əliyev prospektində RPŞ-nin qarşısında Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı sonuncu saxlanılmış və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əyinindəki qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda 3,013 qram çəkidə narkotik vasitə hesab olunan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərindən 70 manat nəğd pul, eləcə də işlədiyi yeni inşa edilmiş mağazadan çay içmək üçün nəzərdə tutulmuş taxtanın üzərindəki “Beta tea” markalı atma çay paketinin içərisinə yerləşdirmiş 0,732 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda qeydiyyatda olmasına baxmayaraq Şabran şəhəri V.Adıgözəlov küçəsinəki nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Kafel ustası işləməklə gündəlik pul qazanaraq ailəsini dolandırır. Bəzən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 13 aprel 2021-ci il tarixdə kartof almaq üçün Şabran şəhər sakini olan tanışı Azərlə birlikdə Cəlilabad rayonuna getmiş və orada Şabran rayonuna 5 ton kartof gətirmək üçün yük avtomobili danışmışdır. Cəlilabad rayonunda olan zaman adını bilmədiyi bir nəfər şəxsdən 02 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı hər birini 30 manat pula almışdır. 14 aprel 2021-ci il tarixdə yaşadığı Şabran şəhərinə qayıdıb gəldikdən sonra həmin kibrit qutularında olan nəşənin təxminən 0,85 qramını istifadə edib və qalan nəşəni atma çay paketinin içinə qoymuşdur. Digər kibrit qutusunu isə bütöv olaraq özündə saxlamışdır. 16 aprel 2021-ci il tarixdə Şabran şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış obyektində iş görən zaman bir nəfər şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng edib və nömrəsini Quba rayon sakini Saleh adlı şəxsdən aldığını bildirərək ondan nəşə almaq istədiyini bildirmişdir. Adı sonradan ona məlum olmuş Şahid1 01 kibrit qutusunda olan marixuananı 70 manat pula sata biləcəyini demişdir. Şabran şəhəri H.Əliyev prospektində olan dükanında işləyən zaman Rafiq idarə etdiyi “VAZ-2107” markalı **-ZF-*** dövlət nömrə nişanlı avtomobillə onun yanına gələrək onunla görüşmüş və Şahid1 70 manat pul alaraq cibində olan bir ədəd kibrit qutusundakı narkotik vasitəni ona vermişdir. Şahid1 01 kibrit qutusundakı qurudulmuş marixuananı ondan aldıqdan sonra idarə etdiyi “VAZ-2107” markalı **-ZF-*** dövlət nömrə nişanlı avtomobilə əyləşib və avtomobili işə salaraq çıxıb getmişdir. Bir necə dəqiqə keçdikdən sonra polis əməkdaşları onu saxlayaraq Şahid1 narkotik vasitə satmaqda şübhəli olduğunu ona deyərək onu polis şöbəsinə dəvət etmişlər. Şabran rayon polis şöbəsində olan zaman iş otaqlarının birində üzərinə keçirilmiş baxış zamanı üzərində hər hansı əşya aşkar edilməmiş və o, Rafiqdən aldığı 70 manat pulu təqdim etmişdir. Bundan sonra yaşadığı Şabran şəhəri V.Adıgözəlov küçəsində yerləşən evinə keçirilmiş baxış zamanı evindən qanunla qadağan olunmuş narkotik vasitə və ya predmet aşkar olunmamışdır. Evə baxış sona çatdıqdan sonra işlədiyi qeyri-yaşayış obyektinə baxış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə həmin obyektin yerləşdiyi Şabran şəhəri H.Əliyev prospektinə getmişlər. Həmin obyektə baxış zamanı çay içmək üçün nəzərdə tutulmuş taxta masanın üstündə bir ədəd “Beta tea” markalı ədəd lə olan atma çayın qara rəngli sellofanın içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən götürülərək baxış keçirildikdən sonra bir ədəd zərfə qoyulmuş və ekspertizaya təqdim olunacağı barədə məlumat verilmişdir. Ümumiyyətlə, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamış, yalnız həmin gün, yəni tutulan gün tanımadığı şəxs ondan nəşə istəyəndə etiraz edə biməmişdir və narkotik vasitəni həmin şəxsə satmışdır. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır və təxminən 6-7 aydır ki, "xxxx" MMC şirkətində satış təmsilçisi işləyir. İşlədiyi "xxxx" MMC firmasının mallarının satışı ilə əlaqədar bəzən Şabran şəhərinə gəlib gedir. Təxminən iki aydır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 15 gün əvvəl Quba rayonunda yaşayan tanışı Saleh Şabran şəhərində yaşayan Ramin adlı şəxsin nəşə satışı ilə məşğul olmasını ona deyərək və Raminin mobil telefon nömrəsini ona vermişdir. 16 aprel 2021-ci il tarixdə günorta saatlarında iş yoldaşı Şahid2la birlikdə Siyəzən şəhəri ərazisinə firmanın işləri ilə əlaqədar idarə etdiyi “VAZ- 2107” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Saat 18 radələrində Şahid2la birlikdə idarə etdiyi avtomobillə Siyəzən şəhərindən qayıdarkən Şabran şəhərinə daxil olub və Ramin adlı şəxsin istifadəsində olan mobil telefon nömrəsinə zəng etmişdir. Onun nömrəsini tanışı Quba rayon sakini Saleh adlı şəxsdən aldığını ona deyərək onunla görüşmək istədiyini bildirmişdir. Ramin, Şabran şəhəri H.Əliyev prospektində işlədiyini və onu həmin prospektdə yerləşən “Classic” marketin yaxınlığına görüşə çağırmışdır. İdarə etdiyi avtomobillə həmin yerə gələrək Raminlə görüşüb və satlıq narkotik vasitə olan nəşəsi olub-olmamasını ondan soruşmuşdur. Ramin 01 kibrit qutu narkotik vasitə olan nəşəni 70 manat pula ona sata biləcəyini bildirdikdən sonra cibində bir ədəd 50 və bir ədəd 20 manatlıq pul əskinazı olmaqla ümumilikdə 70 manat pul çıxardaraq ona vermişdir. Ramin isə əlində olan bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı ona verdikdən sonra idarə etdiyi “VAZ-2107” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonuna getmək üçün yola düşmüşdür. Həmin vaxt yanında olan iş yoldaşı Şahid2 onunla birlikdə olmasına baxmayaraq, onun narkotik vasitə olan nəşə almasından heç bir məlumatı olmamışdır. İdarə etdiyi “VAZ-2107” markalı **-ZF- *** dövlət qeydiyyat nişanlı avtomobillə Şabran şəhəri H.Əliyev prospektində hərəkət edən zaman polis əməkdaşları Şabran RPŞ-nin qarşısında avtomobilini saxlayıb və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu ona deyərək onu və yanında olan Şahid2 RPŞ-nə dəvət etmişlər. Polislərə etiraz etməyərək onlarla birlikdə RPŞ-nə getmişlər. Polis şöbəsində olan zaman iş otaqlarının birində hüquq və vəzifələri ona izah olunmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə keçirilən şəxsi axtarış zamanı əyinində olan qara rəngli gödəkcənin sol yan yan cibindən bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunmuş 1 ədəd kibrit qutusu açıldıqda icərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni istifadə etmək məqsədilə bir neçə dəqiqə əvvəl Şabran şəhər sakini Ramin adlı şəxsdən 70 manat pula aldığını polis əməkdaşlarına bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Quba şəhər sakini Şahid2 Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 göstərdi ki, Quba şəhər sakini 1996-cı il təvəllüdlü Şahid1 narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə məlumat əldə etdiyi üçün 16 aprel 2021-ci il tarixdə saat 18:40 radələrində polis əməkdaşları – Şahid4, Elnur Ağayev və digərləri ilə birlikdə Şabran rayon PŞ-nin qarşısında “VAZ-2107” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şahid1 və onun yanında olan sərnişin 1995-ci il təvəllüdlü Şahid2 saxlayaraq onları RPŞ-nə dəvət etmişlər. Şabran RPŞ-nin xidməti otaqlarının birində Şahid1 hüquq və vəzifələri izah edildikdən sonra vidoçəkiliş aparılmaqla vəkil Şahin Abbasovun iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zaman Şahid1 əyinində olan qara rəngli gödəkcənin sol yan yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Aşkar olunmuş həmin 01 ədəd kibrit qutusu açıldıqda onun icərisində narkotik vasitə olan yaşımtıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Həmin narkotik vasitəni haradan əldə etməsini Şahid1 soruşduqda o, üzərindən aşkar edilmiş narkotik vasitəni bir neçə dəqiqə əvvəl Şabran şəhəri H.Əliyev prospektində yerləşən “Classic” marketin yaxınlığındakı qeyri-yaşayış sahəsi olan yeni inşa edilmiş mağazanın qarşısında Şabran şəhər sakini Ramin adlı şəxsdən 70 manat pula özünün istifadəsi üçün aldığını bildirmişdir. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda yaşımtıl rəngli narkotik vasitəyə bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq zərflərə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Bundan sonra Şahid1 idarə etdiyi avtomobilə keçirilmiş baxış zamanı həmin avtomobildən cinayət xarakterli hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Atomobildə olan sərnişin Quba şəhər sakini Şahid2 üzərinə keçrilən baxış zamanı onun üzərindən hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Keçirdikləri əlavə əməliyyat-axtarış tədbirləri zamanı Şabran şəhərin H.Əliyev prospektində Şabran şəhər sakini Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edərək onu Şabran RPŞ-nə dəvət etmişlər. Şabran şəhər sakini Təqsirləndirilən şəxs etiraz etməyib və onlarla birlikdə RPŞ-nə getmişdir. RPŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı sonuncu, bir neçə dəqiqə əvvəl 70 manat pula Quba şəhər sakini Şahid1 01 kibrit qutusunda narkotik vasitə hesab edilən qurudulmuş marixuana satmasını etiraf etmiş və həmin 70 manat məbləğində pulu təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri V.Adıgözəlov küçəsində yerləşən yaşayış evinə keçirilmiş baxış zamanı onun evindən qanunla qadağan olunmuş narkotik vasitə və ya pretmet aşkar olunmamışdır. Evə baxışdan sonra Təqsirləndirilən şəxs işlədiyi Şabran şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış obyektinə keçirilmiş baxış zamanı çay içmək üçün nəzərdə tutulmuş taxta masanın üzərində bir ədəd “Beta tea” markalı ədədlə olan atma çayın qara rəngli sellofanın içərisində yaşımtıl rəngli narkotik vasitəyə bənzər kütlələr aşkar olunmuşdur. Həmin paketin içərisindəki kütlənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda o, həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotikin 01 kibrit qutusunu bir neçə dəqiqə əvvəl Şahid1 70 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edildikdən sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən RPŞ-nin əməkdaşı Şahid4 iş üzrə Şahid3 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-bioloji ekspertizasının 17 aprel 2021-ci il tarixli 7/363 saylı rəyindən görünür ki, Şahid1 üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,013 qram (tədqiqata sərf edildi 0.02 qram, qalıq-2.993 qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-bioloji ekspertizasının 17 aprel 2021-ci il tarixli 7/364 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi qeyri-yaşayış obyektindən aşkar olunmuş “Beta tea” markalı ədədlə olan atma çayın qara rəngli sellofanında təmiz çəkisi 0,732 qram (1№-li ob) (tədqiqata sərf edildi 0.02 qram, qalıq 0.712 qram) və 2,993 qram (2№-li ob) (tədqiqata sərf edildi 0.02 qram, qalıq 2.973 qram) olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şahid1 üzərindən götürülmüş bir ədəd kibrit qutusundakı və Təqsirləndirilən şəxs işlədiyi qeyri-yaşayış obyektindən götürülmüş bir ədəd “Beta tea” markalı ədədlə olan atma çayın qara rəngli sellofanında olan marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2021-ci il tarixli 1713 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli 3070 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, V.Adıgözəlov küçəsində ailə üzvləri – arvadı X1 və uşaqları – 2008-ci il təvəllüdlü X4, 2010-cu il təvəllüdlü X5 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli 3071 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon məhkəməsinin 18 aprel 2021-ci il tarixli 4(031)- 13/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 16 aprel 2021-ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1242/2016 saylı, 20 dekabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 02 il sınaq müddəti ilə şərti hesab edilmiş ünvan 5 ünvanda qeydiyyatda olan və Şabran şəhəri, V.Adıgözəlov küçəsindəki nömrəsiz evdə yaşayan xx.xx.1982-ci il təvəllüdlü məhkum Təqsirləndirilən şəxsnnu cəza müddəti başa çatdığı üçün 10.01.2019-cu il tarixdən Şabran rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halların mövcudluğunu və cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərində cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 132 manat 92 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs işlədiyi obyektdən aşkar edilmiş tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 0,712 qram qurudulmuş marixuana və Şahid1 üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 2.973 qram qurudulmuş marixuana məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs götürülmüş 70 manat məbləğində nəğd pul Respublika büdcəsinə ödənilməli, şəxsi axtarış və üzləşdirmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 03 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs işlədiyi obyektdən aşkar edilmiş tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 0,712 qram qurudulmuş marixuana və Şahid1 üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 2.973 qram qurudulmuş marixuana məhv edilsin. Həmçinin Təqsirləndirilən şəxs götürülmüş 70 manat məbləğində nəğd pul Respublika büdcəsinə ödənilsin, şəxsi axtarış və üzləşdirmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 03 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 132 manat 92 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-43/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-43/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver