Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-43/2025 10.12.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1994-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qəsdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,224 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 0,069 qram olan psixotrop maddə metamfetamini əldə etmiş, xx.xx.2025-ci il tarixdə səhər saatlarında tanışı Şahid1 məxsus “VAZ 21093” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək Siyəzən rayonundan Quba rayonu istiqamətində gedərək həmin vasitələri üzərində saxlamaqla daşımış, avtomobildə nasazlıq yaranması səbəbindən Şabran rayonunun Şahnəzərli kəndində “Şabrançay” adlanan ərazidə avtomobil durduğu zaman əvəzsiz olaraq üzərində daşıdığı narkotik və psixotrop maddələri istifadə etmək məqsədilə tanışı Ə.B. Əhmədzadəyə təklif etdikdən sonra həmin tarixdə, saat 12:00 radələrində narkotik vasitələrdən istifadə etməyə başlayarkən şübhə yaratdığından Şabran Rayon Polis X10 Xidməti Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarını görərək qeyd olunan vasitələri avtomobilin qabaq sağ oturacağına atmış, daha sonra avtomobilə baxış keçirilərkən iki ədəd bükümdə, yəni bir ədəd ağ kağız bükümdə 0,224 qram olan narkotik vasitə heroin və bir ədəd gümüşü kağız bükümdə 0,069 qram olan psixotrop maddə metamfetamin avtomobilin ön sərnişin oturacağının üzərində aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir ay bundan öncə “TikTok” sosial şəbəkə platformasında tanış olduğu şəxslə yazışma yolu ilə əlaqə saxlamağa başlamışdır. Həmin vaxtdan bir ay ərzində tanımadığını qeyd etdiyi şəxslə yazışaraq bir qramı 80 manatdan olmaqla Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeləşən “Böyük Həmyə körpüsü” adlanan körpünün altında siqaret qutusunun içərisində narkotik vasitələr əldə etmişdir. Belə ki, o, aralarında olan razılaşmaya əsasən narkotik vasitəni götürməmişdən bir gün əvvəl həmin körpünün altında boş siqaret qutusunun içərisinə götürəcəyi narkotikin qramına uyğun pul qoymuş, pulu qoyduğu vaxtdan bir gün sonra “TikTok” profildən gedib narkotik vasitəni götürə biləcəyi ilə bağlı mesaj gəldikdən sonra gedib götürmüşdür. Həmin danışıqlar sosial şəbəkədəki şəxslə günün saat 21:00 və 22:00 radələrində baş vermişdir. xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində o, qeyd etdiyi körpünün altına boş siqaret qutusunun içərisində yarım qram narkotik vasitə əldə etmək üçün 40 manat pul qoymuş və çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə, saat 07:00 radələrində ”TikTok” platformasındakı həmin profildən ona narkotik vasitənin yerində olması barədə mesaj gəlmişdir. Buna görə də o, həmin əraziyə getmiş, bükümləri oradan götürmüş, bükümləri götürdükdən sonra Siyəzən şəhərində yerləşən evinə gedərək yolda gizlin bir yerdə həmin narkotik vasitələrdən az miqdarda istifadə etmiş, qalanını cibinə qoymuşdur. Bundan bir gün öncə, xx.xx.2025-ci il tarixdə o, tanışı Siyəzən şəhər sakini Şahid1 ilə Siyəzəndə görüşərkən xx.xx.2025-ci il tarixdə Quba rayonuna istirahət etməyə getməkdən aralarında söhbət düşmüş, Əmirlə xx.xx.2025-ci il tarixdə Qubaya getməyə razılığa gəlmişdirlər. Buna görə də o, xx.xx.2025ci il tarixdə, səhər saatlarında Əmirlə görüşərək onun idarə etdiyi “VAZ 21093” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba rayonuna yola düşmüş, bir qədər yol ilə getdikdən sonra Əmirin avtomobili nasazlıqdan Şabran rayonunun Şahnəzərli kəndi ərazisində, “Şabrançay” deyilən yerdə xarab olaraq dayanmışdır. Buna görə də avtomobili “Şabrançay” adlanan ərazidən “Zeyvə” və “Çiçi” kəndlərinə gedən yolun kənarında, sərin bir yerdə saxlamışdırlar. Avtomobili saxladıqdan sonra o, Əmirə onda narkotik vasitə olduğunu demiş və həmin narkotikdən ona da istifadə etməsi üçün təklif etmiş, Əmir də buna etiraz etməyərək istifadə etməsi üçün ona yaxınlaşmışdır. Narkotikdən istifadə etmək üçün o, kağıza bükülmüş iki bükümü kağızdan çıxararaq digər əlində saxlamışdır. Bu vaxt ərazidə xidmətdə olan polis əməkdaşları onları uzaqdan görmüş, onlara tərəf hərəkətə keçərək yaxınlaşmağa başlamışdırlar. Polis əməkdaşlarını gördüyü zaman o, həyəcandan həmin bükümləri məhv etmək məqsədi ilə udmaq istəmiş, lakin səhvən içərisində narkotik vasitə olmayan və digər əlində saxladığı boş kağızı udmuşdur. Polis əməkdaşlarının artıq avtomobilə yaxınlaşdıqlarını görüb o, əlindəki bükümləri gizlətmək məqsədi ilə tez avtomobilin içərisində oturduğu yerə, qabaq sərnişin yerinə atmış, lakin polis bunu görmüş, ondan avtomobilə nə atdığını soruşmuş və onları olduqları yerdə saxlamışdır. O da hər şeyi olduğu kimi etiraf etmiş, bu vaxt polislər rəhbərliklərinə bu barədə məlumat vermişdirlər. Bir qədər sonra isə polis əməkdaşları tərəfindən “VAZ 21093” minik markalı avtomobilə baxış keçirilmiş, sərnişin yerindən onun atdığı 2 ədəd büküm aşkarlanmış, ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Sonra onun icazəsi ilə üzərinə şəxsi-axtarış keçirilmiş, lakin üzərindən qanuna zidd hər hansı bir əşya aşkar edilməmişdir. O, narkotik vasitə və psixotrop maddəni şəxsi istehlakı üçün almışdır və onların satışı ilə məşğul olmamışdır.Əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, tanışdır. xx.xx.2025-ci il tarixdə Cəmil ilə görüşərkən Cəmil ona Quba rayonuna dincəlməyə getmək istədiyini bildirmişdir. O da Cəmilə etiraz etmədən demişdir ki, nə vaxt istəsə Qubaya getmək olar. Buna görə də Cəmil ilə razılaşıb xx.xx.2025-ci il tarixdə Siyəzən şəhərindən ona məxsus “VAZ 21093” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba rayonunun Qəçrəş qəsəbəsinə yola düşmüş, Şabran rayonunun Şahnəzərli kəndində yerləşən “Şabrançay” ərazisinə çatanda avtomobili xarab olmuş, buna görə də o, avtomobilini həmin ərazidə, Şabran rayonunun Zeyvə kəndi yolunda, kölgəlikdə saxlamışdır. Avtomobildən düşəndə Cəmil onda narkotik vasitə olmasını, istəsə narkotikdən istifadə etməsini ona təklif etmişdir. O da etiraz etmədən Cəmilin yanına yaxınlaşmış, bu vaxt uzaqdan Şabran Rayon Polis X10 Xidməti Bölməsinin avtomobilinin onların istiqamətində gəldiyini görmüşdür. Həmin vaxt Cəmil əlində olan narkotik vasitə bükümlərini oturduğu yerə, avtomobilin qabaq sağ oturacağının üstünə atmış, polis əməkdaşları Cəmildən avtomobilə nə atdığını soruşmuş, onları olduqları yerdə saxlayaraq rəhbərliklərinə bu barədə məlumat vermişlər. Bir qədər sonra onun avtomobilinə baxış keçirilmiş, Cəmilin avtomobilə, qabaq sərnişin yerinə atdığı iki ədəd narkotik vasitə olan büküm aşkar edilərək götürülmüş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Baxış zamanı Cəmil hər şeyi olduğu kimi etiraf etmiş, narkotik vasitələrin özünə məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından əvvəldən məlumatı olmamış, idarə etdiyi avtomobil xarab olduğu üçün saxladıqdan sonra Cəmil onda narkotik vasitə olmasını, istəsə narkotikdən istifadə etməsini ona təklif etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3 və Şahid4la Şabran rayonunda “Şabrançay” adlanan ərazidə post-patrul avtomobili ilə xidmətdə olarkən Şabran-Quba avtomobil yolunun, Şabran rayonunun Zeyvə kəndi istiqamətinə dönən yerdə yerləşən, köhnə qastronomun arxasında iki nəfər şəxsin “VAZ 21093” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında durduqlarını, həmin şəxslərdən birinin onları gördükdə özünü çox narahat apardığını görmüş, buna görə onlar dərhal həmin avtomobil istiqamətinə getmişdirlər. Avtomobilə çatanda orada olan iki nəfər şəxsdən biri, yəni avtomobilin qabaq sağ qapısı tərəfdə duran şəxs əlində olan kağız parçasını ağzına atmış, sonra əlində olan digər kağıza oxşar predmetləri qapıdan avtomobilin içinə, yəni avtomobilin qabaq sağ oturacağının üstünə atmışdır. Buna görə də o, digər əməkdaşlarla birlikdə dərhal həmin şəxslərə yaxınlaşaraq onları saxlamışdır. Həmin şəxslərdən avtomobilə nə atıldığı soruşduqda, avtomobilin sağ qabaq qapısı tərəfdə duran Cəmil kimi özünü təqdim edən şəxs avtomobilə əlində olan narkotik vasitə olan bükümlərini atdığını etiraf etmişdir. Bu vaxt o, Şabran Rayon Polis Şöbəsinin rəhbərliyinə bu barədə məlumat vermiş, həmin yerə bir qədər sonra müstəntiq və saxlanılan şəxsə təyin olunmuş müdafiəçi gəlmişdir. Bundan sonra avtomobilə videoçəkilişlə digər iştirakçılarla birlikdə baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxs “VAZ 21093” minik markalı avtomobilin qabaq sərnişin yerinə atdığı iki ədəd kağız bükümü təqdim edərək bildirmişdir ki, həmin bükümlərdə olanlar narkotik vasitədir. Bu vaxt müstəntiq tərəfindən narkotik vasitələr olan bükümlər götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, aşkar olunmuş iki ədəd bükümdəki narkotik vasitələr onun özünə məxsusdur. Saxlanılan şəxslərin şəxsiyyəti yoxlanılarkən həmin şəxslərin Siyəzən şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin İ cildinin 1-ci vərəqi). - Şahid1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində ona məxsus “VAZ 21093” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cinayət işinin İ cildinin 18-ci vərəi). - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:11-dən 14:35-ə kimi olan müddət ərzində Şabran rayonunun Şahnəzərli kəndi ərazisində “Şabrançay” adlanan ərazidə Siyəzən şəhər sakinləri Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə “VAZ 21093” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Əvvəlcə iştirakçılar özlərini təqdim etmiş, bundan sonra əynində açıq rəngdə, qısa qol köynək olan Şahid1 “VAZ 21093” minik markalı avtomobilin sürücüsü olduğu üçün avtomobilin sürücü qapısı tərəfə dəvət edilərək avtomobilə baxış keçirtməyə başlanılmışdır. Həmin vaxt Şahid1 polis əməkdaşlarının onlara yaxınlaşmaları vaxt narkotik vasitələri hara atdıqlarını soruşduqda, o, əli ilə göstərərək avtomobilin qabaq sərnişin yerini təqdim edərək bükümlərin ön sərnişin oturacağının üzərində olduğunu bildirmişdir. Avtomobilin arxa sərnişin yerində heç bir qanuna zidd əşya olmadığı üçün avtomobilin qabaq sərnişin yerinə yaxınlaşmışdırlar. Həmin yerə baxılarkən sərnişin yerində, oturacağın üstündən bir ədəd “Android” markalı mobil telefon, iki ədəd qırmızı rəngdə alışqan, bir ədəd boş “X7” markalı siqaret qutusu, bir ədəd içərisində yeddi ədəd siqaret gilizi olan “X7” markalı siqaret qutusu, iki ədəd kağız bükümü aşkar edilmişdir. Bu vaxt avtomobilin sürücüsü Şahid1 yaxına dəvət edilmiş, yaxına dəvət edilərək bükümlərdə nə olduğunu soruşduqda, o, bir qədər fikirləşərək bükümlərdən nə olduğunu bilmədiyini, sonra ağ bükümü əli ilə göstərərək narkotik olduğunu, həmin bükümlərin Cəmilə aid olduğunu bildirmişdir. Cəmildən bükümlərin ona məxsus olub-olmaması barədə soruşulduqda, o, bükümlərin ona məxsus olmasını, narkotik vasitə olan bükümləri sosial şəbəkə vasitəsi ilə əldə etdiyini, lakin sosial şəbəkənin profilini xatırlamadığını, telefonundan profilin də silindiyini qeyd etmişdir. Sorğu zamanı o, narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını, bükümlərin birində kakos digərində isə şüşə, yəni metamfetamin olmasını, hər iki bükümün özünə məxsus olmasını etiraf etmişdir. Bu vaxt hər iki saxlanılan şəxsdən avtomobildə aşkar olunmuş narkotik vasitə bükümlərindən başqa narkotik və qanuna zidd nəsə olub-olmaması barədə soruşduqda hər iki şəxs avtomobildə qanuna zidd başqa hər hansı bir əşyanın olmamasını bildirmişdir. Sonra iştirakçıların yanında hər iki bükümə açılaraq baxılmışdır. Birinci bükümdə şabalıd rəngi tozdan ibarət heroinə oxşar maddənin olması, ikinci bükümdə kristallardan ibarət maddələrin olması müşahidə edilmişdir. Aşkar olunmuş maddələri necə istifadə olunması barədə soruşduqda, hər iki şəxs folqa ilə istifadə olunduğunu bildirmişdir. Bundan sonra avtomobilə baxış davam edilmiş, avtomobilin qabaq sərnişin yerinin sağ yan, alt hissəsindən bir ədəd gümüşü rəngdə folqanın olması müşahidə edilmişdir. Avtomobilin qabaq sərnişin yerinə, arxa sərnişin yerlərinə, sürücü yerinə, avtomobilin yük yerinə və mühərrikxanasına baxılmış, lakin qanuna zidd başqa hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş hər iki büküm ayrı ayrılıqda elektron tərəziyə avtomobilin qarşısında, mühərrikxananın üstündə qoyularaq çəkilmiş, birinci, ağ rəngli bükümdə 0,31 qram, ikinci gümüşü bükümdə 0,08 qram çəkisi olması müşahidə edilmişdir. Bundan sonra hər iki büküm, tozları ilə birlikdə zərfə qoyularaq (boşaldılaraq) qablaşdırılmışdır. Zərf möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır (cinayət işinin İ cildinin 19-22-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə haqqına protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə, saat 14:43-dən 14:47-yə kimi olan müddət ərzində Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Şahid1 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilsə də, hər-hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir (cinayət işinin İ cildinin 25-27-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:20-dən başlayaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 31-33-cü vərəqləri). - xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə haqqına protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə, saat 16:34-dən 16:40-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilsədə, hər-hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir (cinayət işinin İ cildinin 48-50-ci vərəqləri). - Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinə xx.xx.2025-ci il tarixli, 20/632 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: 0,069 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,224 qram olan qəhvəyi rəngli maddə isə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 60-62-ci vərəqləri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2025-ci il tarixli aktdan görünür ki, hazırki cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş ümumilikdə 0,069 qram çəkidə metamfetaminin 0,03 qram çəkidə hissəsi tədqiqata sərf edilmiş, 0,039 qram çəkidə hissəsi isə geri qaytarılmış, ümumilikdə 0,224 qram heroinin 0,05 qram çəkidə hissəsi tədqiqata sərf edilmiş, 0,174 qram çəkidə hissəsi isə geri qaytarılmışdır (cinayət işinin İ cildinin 63-cü vərəqi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 73-74-cü vərəqləri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şabran Rayon Polis X4 Yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 87-88-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən hazırki iş üzrə ekspertiza tədqiqatından geri qaytarılmış ümumilikdə 0,039 qram çəkidə metamfetamin və ümumilikdə 0,174 qram çəkidə heroin maddi sübut hesab edilmiş və saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, iş üzrə “VAZ 21093” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinnə baxış keçirilməsi və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd “DVD” disk də maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 90-91-ci vərəqləri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Eldarov X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının 1 ay 26 gün hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda onun üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 102-ci vərəqi). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə təqsirləndiri8lən şəxsin axtarışa verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cinayət işinin İ cildinin 108-ci vərəqi). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin İ cildinin 110-cu vərəqi). - xx.xx.2025-ci il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə könüllü olaraq Şabran Rayon Polis Şöbəsinə gəlmişdir (cinayət işinin İ cildinin 112-ci vərəqi). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin İ cildinin 113-cü vərəqi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X8 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4786 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 114-115-ci vərəqləri). - “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2025-ci il tarixli, 18-1-69/2- 857/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X8 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstə kimi qeydiyyata alınmamışdır (cinayət işinin İ cildinin 119-cu vərəqi). - Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Siyəzən Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 1630 saylı, xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı xx.xx.2002-ci il təvəllüdlü X2, oğlu xx.xx.2021-ci il təvəllüdlü X6 və qızı xx.xx.2025-ci il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 121- 122-ci vərəqləri). - Siyəzən Rayon Məhkəməsinin 1(059)-45/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cinayət işinin İ cildinin 125-135-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərara əsasən ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (cinayət işinin İ cildinin 136-cı vərəqi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 138-140-cı vərəqləri). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə bilavasitə məhkəmə istintaqı zamanı araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 1 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminin ona məxsus olması, satış məqsədilə üzərində saxlayaraq daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı sübutla təsdiqini tapmır. Belə ki, məhkəmə istintaqında tədqiq olunmuş sənədlərlə müəyyən olunur ki, təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs tanışı Şahid1 narkotik vasitələri və ya psixotrop maddələri əvəzsiz olaraq istifadə etməsi üçün vermiş və saxlanıldıqları tarixdə birlikdə onlardan istifadə etmələri nəticəsində Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz yayılmasına yönələn əməl törədilmiş və Şahid1 tərəfindən narkotik vasitələrin və ya psixotrop maddələrin əvəzsiz və qanunsuz olaraq əldə edilməsini təmin edən ictimai zərərli maraqla şərtlənən digər şəxsi maraq məqsədilə ittiham olunduğu cinayət əməlini törətmişdir. Bundan başqa cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş “DVD” diskdəki videogörüntüdən görünür ki, Şahid1 idarə etdiyi “VAZ 21093” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilir və görüntünün 4-cü dəqiqə 39-cu saniyəsində polis əməkdaşı saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar olunan bükümlərin tərkibində nə olduğu barədə ünvanladığı suala sonuncu “kakosdu, o birisi də metamfetamin” cavabını verir. Daha sonra polis əməkdaşı Şahid1 nəzərdə tutaraq Təqsirləndirilən şəxs “Yanınızdakı oğlan o bükümlərdən şəxsi istifadə edir?” soruşduqda, Şahid1 “Bəli, bəli istifadə edirəm” cavabını verir, polis əməkdaşı Şahid1 “Yəni onda bilirdiz bu var maşında, ikiniz də şəxsi istifadəniz üçün daşımısınız?” sualını verdikdə isə Şahid1 və Təqsirləndirilən şəxs “Bəli, bəli” cavabını verirlər. Bundan başqa həmin videogörüntünün 6-cı dəqiqə 39-cu saniyəsində polis əməkdaşı Təqsirləndirilən şəxs və Şahid1 “Bir kriminalist kimi soruşmaq istəyirəm, bunu hansı qaydada istifadə edirsiniz, necə istifadə edirsiniz, bu gün istifadə etmisiniz?” sualını ünvanladıqda, hər iki şəxs “falqanın üstündə” deyə cavab verirlər və bu gün istifadə etdiklərini bildirirlər. Həmçinin cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş videogörüntünün 2-ci dəqiqə 41-ci saniyəsində polis müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs “özünüz qeyd etmişdiniz ki, videoçəkilişlərdəki bükümlərdən birini qəbul etmisiz və udmusunuz, nə məqsədlə udmuşdunuz?” ünvalanan suala cavab olaraq Təqsirləndirilən şəxs bükümlərdən birini qəbul etdiyini, digərini udmadığını, udaraq bükümləri məhv etmək istəsə də, səhvən kağız parçasını udduğunu bildirir. Bundan başqa qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında saxlanılan tarixdə Şahid1 ilə birlikdə narkotikdən istifadə etdiklərini bildirmiş, daha sonra isə öz sözünü təkzib etməyə çalışmışdır. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokol və protokola əlavə edilmiş 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və protokola əlavə edilmiş 1 ədəd DVD disk, şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə, bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 8-ci bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya həmin Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. X9 9-cu bəndinə əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 27-ci bəndində həmçinin göstərilmişdir ki,....təqsirkarın əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı Azərbaycan Respublikası Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Cinayət-Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların aşkar edilməməsini, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının 1 ay 26 gün hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilmiəsi və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmasına, hazırda üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmasa da, yenidən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən barəsində təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən bir günə bir gün hesabı ilə çıxılaraq barəsində qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçiləcək həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut: Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi çəkisi 0,039 qram psixotrop maddə metamfetamin və 0,174 qram narkotik vasitə heroin hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə baxış, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməli və Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxsin dövlət hesabına müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etməsinə, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəkil Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına 220 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, barəsində təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə çıxılsın və onun üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanığıcı 10 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi çəkisi 0,039 qram psixotrop maddə metamfetamin və 0,174 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, iş üzrə baxış, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 (iki) ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-43/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-43/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver