Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-44/2022 06.07.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə xx xxxx 1978-ci il tarixdə Şabran rayonu, Ağalıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, Şabran rayonu, Ağalıq kəndində daimi qeydiyyatda olan və faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyun 2022-ci il tarixdə saat 17 radələrində aralarında şəxsi münasibətlər zamanı yaranmış mübahisə zamanı X1 yaşadığı evin həyətində kapron süpürgə ilə qəsdən vuraraq ona sol əlin yumşaq toxumalarının əziyindən və əzilmiş yarasından ibarət olan dərəcəsinə görə yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o evdə anasıyla oturduğu zaman darvaza qapısının döyüldüyünü eşitmiş, anasına “kimsə səni çağırır” demişdir. Buna görə anası darvazaya çıxmış və bir neçə dəqiqədən sonra səs-küy gəldiyindən o da bayıra çıxmış və görmüşdür ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxsdur, Elvinin sərxoş olduğunu başa düşmüş və Elvinə yaxınlaşaraq bayıra çıxmağı xahiş edərək sonuncuya “səhv olub, çıx get, sonra danışarıq” sözlərini demişdir. Bu zaman Elvin ona bir yumruq, sonra isə təpik atmışdır, Elvin həmin an “mən reketəm” demişdir, o da özünü müdafiə etmək üçün kapron süpürgəni götürüb Elvini vurarkən Elvin əl atıb onun onu vurduğu süpürgəni sol əli ilə tutmuşdur, o süpürgəni çəkərkən süpürgənin digər tərəfi Elvinin əlinin içərisini zədələmişdir, bu zaman qan axmağa başlamışdır. Bundan sonra Elvin onları nalayiq ifadələrlə söyməyə başlamışdır. O anasıyla birlikdə Elvini darvazadan zorla bayıra çıxartmışlar. Darvazanın çölündə də Elvin əl atıb xırda şebenləri üstünə səpələmişdir və ona bir yumruq və bir təpik vurmuşdur. O, Elvinə şikayət edəcəyini bildirmiş, Elvin təkrar onu nalayiq ifadələrlə onu söymüşdür. Bundan sonra “102 xidməti”nə zəng edərək şikayət etmişdir, sonra polis əməkdaşları gələrək ərizəsini almışlar. Etdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o evlərinin qonşuluğunda qardaşı üçün yeni ev inşa etdirir. Onlarla qonşuluqda yaşayan Eyub adlı şəxs hər dəfə onların evin qarşısından keçib gedərkən ona sataşır, qardaşı üçün tikilmiş ev üçün yola tökülmüş mişar daşlarını bəhanə gətirir, küçəni söyərək keçib gedir, sonuncu dəfə 05 iyun 2022-ci il tarixdə yenə də qonşu Eyub evlərinin yanından keçərkən nalayiq ifadə işlədərək keçib getdiyi üçün o, Eyubun anasına öz etirazını bildirmək üçün onların darvazasına getmişdir, çağırmışdır, Eyubun anası çıxmışdır, o Eyubun anasına Eyubun etdikləri hərəkətləri danışmışdır, Eyubun anası Xeyrənsə isə ona “mənim həyətimə niyə gəlmisən” deyə ona cavab verdikdə o, Xeyrənsəyə oğlunun etdikləri hərəkətləri ona demək üçün gəldiyini bildirmişdir. Bu zaman Eyub bayıra həyətə çıxmışdır, ondan niyə gəldiyini xəbər almışdır, o, isə Eyuba “evimizin yanından keçərkən niyə yola daş tökənin ünvanına nalayiq ifadələr işlədirsən ətrafda qadınlar sənin nalayiq ifadələrini eşitməlidirlər?!” sözlərini demiş, Eyub isə ona əcəb elədiyini bildirərək həmin nalayiq ifadələrini yenə də işlətmişdir, O, Eyubun qolundan tutub arxaya itələyərək “get söyüş söymə, camaat eşidir” sözlərini demişdir. Bu zaman Eyub içəri evə daxil olmuş və evdən kapron süpürgəni götürərək onun üzərinə gəlmişdir. Həmin kapron süpürgə ilə onun başına vurmaq istəyəndə o, əlini süpürgənin qarşısına vermiş, sol əlinin içərisindən xəsarət almışdır. O xəsarət alandan sonra “102 xidməti”nə zəng edərək bu barədə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, 05 iyun 2022-ci il tarixdə saat 17 radələrində o, oğlu Eyubla evin həyətində oturduqları zaman darvazanın döyüldüyü üçün darvazaya getmiş, qapını açanda qonşuluqda yaşayan Elvinin olduğunu görmüşdür. Elvin ona “səsiniz bizim qapıya gəlir və ailəm narahat olur” sözlərini demişdir. O isə Elvinə “sənin atan çığır-bağır salanda, nalayiq söyüşlər söyəndə heç bizim acığımız gəlmirdi” deyə cavab vermişdir. Eyub onların səsinə qapıya gəlib Elvinlə mübahisə etməyə başlamışdır. Eyub Elvinə “məndə sənin böyük qardaşın, sən içkilisən, get səhər danışarıq” demişdir. Elvin bu zaman Eyuba bir şillə vurmuş və Elvinlə Eyub yaxalaşmışlar. Eyub yerdən sapı dəmirdən süpürgəni götürmüşdür ki, Elvin bayıra çıxsın. Elvin süpürgənin dəmir hissəsinə əl atanda Elvinin əli qanamışdır. Bundan sonra Elvin Eyuba təpik yumruq atmış və həyətdən çıxıb getmişdir. Hazırda oğlu Eyub Elvinlə barışmışdır, nəzərə alınmasını xahiş edir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin Şabran rayon şöbəsinin 06 iyun 2022-ci il tarixli 103 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol əlin yumuşaq toxumalarının əziyi və əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda göstərdiyi vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli 148 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Ağalıq kəndində ailə üzvləri – 2006-cı il təvəllüdlü oğlu X4, 2007-cı il təvəllüdlü oğlu X5 və 2013-cü il təvəllüdlü oğlu X6 ilə birlikdə yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli 146 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Ağalıq kəndində yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgəyaşayış qaydalarına riayət etməklə öz yoldaşları, qonşuları, ümumilikdə kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Onun barəsində Ağalıq kəndində yaşadığı dövr ərzində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən hər hansı bir tələbi olmadığından, eləcə də hadisə ilə bağlı cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-44/2022
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-44/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver