Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-44/2023 02.08.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Şabran rayonunda anadan olmuş, azərbaycanlı, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, Şabran rayon Yaşıllaşdırma idarəsində fəhlə kimi çalışan, Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şabran rayonu, Rəhimli kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədən oğurluq etmək barədə əvvəlcədən plan qurmuş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 13 aprel 2023-cü il tarixdə gecə saat 24 radələrində sözügedən əraziyə gəlmiş, həyətdə heç kəsin olmadığına əmin olub, evin darvazasını itələyərək açmaqla həyətə qanunsuz olaraq daxil olduqdan sonra həyətdən diri halda çəkisi 32 kiloqram, dəyəri isə 230 manat olan bir baş qoyunu gizli olaraq talamaqla özgə əmlakını oğurlamışdır. Bundan başqa o, təkrarən özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaq niyyəti ilə Şabran rayonu, Şahnəzərli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədən oğurluq etmək barədə əvvəlcədən plan qurmuş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 14 aprel 2023-cü il tarixdə gecə saat 03 radələrində sözügedən əraziyə gəlmiş, həyətdə heç kəsin olmadığına əmin olub, evin darvazasını itələyərək açmaqla həyətə qanunsuz olaraq daxil olduqdan sonra həyətdən diri halda çəkisi 23 kiloqram, dəyəri isə 170 manat olan bir baş quzunu gizli olaraq talayıb aparmaq istəyərkən Cəfər Məmmədov və qardaşı Şahid2 tərəfindən saxlanıldığından oğurluq əməlini başa çatdıra bilməmiş, beləliklə öz iradəsindən asılı olmayan səbəblərə görə gizli olaraq talamaqla özgə əmlakını oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və 2 övladı var. Təxminən 3 ilə yaxındır ki, Şabran rayon Yaşıllaşdırma idarəsində fəhlə kimi çalışır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında təkbaşına yaşadığı kənddə Kamran adlı şəxsin işlətdiyi kafedə 2-3 bakal pivə, ardınca isə spirtli içki içmişdir. Saat təxminən 24 radələrində isə kafedən çıxmışdır. Həmin vaxtı spirtli içkinin təsirində olmuş, həmkəndlisi Zərərçəkmiş şəxs1 yaşadığı evin yanından keçən zaman birdən-birə onun həyətinə girmək ağlına gəlmişdir. Buna görə də həyətin giriş qapısına yaxınlaşmış, qapını itələdikdə qapının açıldığını görmüş və ardıncada həyətə daxil olmuşdur. Əvvəl ətrafda kiminsə olduğuna fikir vermiş, ancaq daha sonradan həyətdə heç kimin olmamasına əmin olduqdan sonra Ələkbərin həyətində ətrafı həsir tor ilə bağlanmış əraziyə daxil olaraq oradan 1 baş qoyunu oradan çıxartmış və elə həyətdə tapdığı iplə onun ayağını oradaca bağlamış və gəldiyi kimidə oradan uzaqlaşmışdır. Ardınca isə yaşadığı kənddə yerləşən, ancaq işləməyən “Bakı” kafesinin həyətinə getmiş, həmin heyvanı “Bakı” kafesinin həyətinə qoyduqdan sonra isə bu səfər gəzmək məqsədilə Şabran rayonu, Şahnəzərli kəndi istiqamətində getmişdir. Şabran rayon, Şahnəzərli kəndində olan zaman əvvəlcədən sahibini tanımadığı həyətin yanından keçəndə içəridən qoyun səsi gəlmiş, buna görə də yenədə həmin həyətdən quzu oğurlamağı fikirləşmişdir. Evin darvazasına yaxınlaşmış, bu zaman darvazanı itələyərək həyətə daxil olmuşdur. Ardıncada quzuların olduğu tövləyə yaxınlaşmış və qapını açaraq bir baş quzunu çölə çıxartmışdır. Quzunu tövlədən çıxartdıqdan sonrada elə həmin həyətdə tapdığı tay ipi ilə quzunun ayaqlarını bağlamışdır. Elə həyətdən çıxmaq istəyirdi ki, birdən ev sahibi Rizvan onu saxlamış, ardınca isə qardaşı Mahirdə gəlmişdir. Daha sonra isə Mahir baş vermiş hadisə haqqında DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Polis əməkdaşlarıda hadisə yerinə gəldikdən sonra onu RPŞ-nə dəvət etmişlər. RPŞ-nə gəldikdən sonrada törətdiyi əməlləri səmimi olaraq etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 bildirdi ki, Şabran rayonu, Şahnəzərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır. Subaydır və qardaşı Rizvan ilə birlikdə heyvandarlıqla məşğul olur. Yaşadıqları fərdi yaşayış evinin həyətində həm onun, həm də ki qardaşı Rizvana məxsus kiçik bir təsərrüfatları var. Hər ikisinin birlikdə təsərrüfatında 250 baş xırda buynuzlu və 8 baş isə iri buynuzlu heyvanları var. Təsərrüfatlarında heyvanların çoxluğu ilə əlaqədar oğurluq hadisəsi olmasın deyə bir gündən bir gecələr qardaşı ilə o, növbə çəkir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında qarşadı Rizvan tövlədə növbə çəkirmiş. O, isə həmin vaxtı evdə yatmışdır. Gecə saatlarında birdən-birə həyətdən səs-küyün gəldiyini eşitdiyinə görə oda dərhal həyətə çıxmışdır. Həyətə çıxdıqda qardaşı Rizvanın kiminləsə əlbəyaxa olduğunu görmüşdür. Oda tez qardaşı Rizvana yaxınlaşaraq ona kömək etmək məqsədilə həyətlərinə girən şəxsi tutaraq saxlamışdır. Həmin şəxsi tutan zaman onun Şabran rayon sakini Tural olduğunu görmüş, bundan əlavə həyətə baxış keçirən zaman darvazanın yanında ayaqları bağlanmış bir baş quzunun olduğunu aşkar etmişdir. Belə ki, Tural həmin quzunu tövlədən oğurlayaraq çıxartmış, ayaqlarını iplə bağlamış, çölə çıxartmaq istəyən zaman isə qardaşı Rizvan onu görmüş və çölə çıxmağa imkan verməmişdir. Turalıda tutduqdan sonra dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat vermiş, müraciətindən sonra polis əməkdaşları hadisə yerinə gələrək həyətə baxış keçirtmiş və polis əməkdaşları Turalı RPŞ-nə aparmışlar. Turalın hazırki əməlinə görə ona maddi ziyan dəyməmişdir. Lakin o, ehtimal edir ki, əvvəllər də onun həyətindən oğurlanmış 20 baş qoyunu Tural oğurlamışdır. Bununla bağlı ona dəymiş ziyanı Turaldan tələb edir. Ona görə də, ona ciddi cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 RPŞ-nə analoji ifadə verərək, ifadəsində qardaşı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 5 övladı var. Uzun müddətdir ki, heyvandarlıqla məşğul olur. Yaşadığı fərdi yaşayış evinin həyətində kiçik bir təsərrüfatı var. Həmin təsərrüfatda 80 baş xırdabuynuzlu və 7 baş isə iri buynuzlu heyvan saxlayır. xx.xx.2023-cü il tarixdə heyvanları örüş sahəsindən gəldikdən sonra onları bir-bir sayıb tövləyə salmış, bu zaman hər şey qaydasında olmuşdur. Həmin günün səhəri günü heyvanları yenidən otarmağa çıxartmaq istəyən zaman heyvanlarından bir baş qoyunun oğurlandığını aşkar etmişdir. Ancaq həmin vaxt işi çox olduğuna görə RPŞ-nə bu haqda məlumat verməmişdir. Həmin gündən bir neçə gün sonra günorta saatlarında Şabran RPŞ-dən onunla əlaqə saxlayaraq heyvanlarından əksik olub-olmadığını soruşmuşlar. Oda polis əməkdaşına xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinə keçən gecə tövləsindən 1 baş qoyununun oğurlandığını söyləmişdir. Ardıncada polis əməkdaşı onu RPŞ-nə dəvət etmişdir. RPŞ-də isə olan zaman ona bir baş qoyunu göstərmişlər. Qoyunu görən kimi onun heyvanı olduğunu tanımış və RPŞ-nin əməkdaşlarını həmin heyvanın ona məxsus olduğunu və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə keçən gecə heyvanın oğurlandığını bildirmişdir. Daha sonra isə RPŞ-dən ona məlumat vermişlər ki, onun heyvanını oğurlayan Şabran rayon sakini həmkəndlisi Təqsirləndirilən şəxsdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Turalla barışmışlar, odru ki, Turala yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və 1 övladı var. Təxminən 25 ilə yaxındır ki, Şabran rayonu, Rəhimli kəndində “Bakı” kafesini işlədir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq işlətdiyi “Bakı” kafesinə getmişdir. Belə ki, kafeni səhər saatlarında özü açır. Kafenin həyətinə elə təzəcə daxil olmuşdu ki, kafenin həyətində ayaqları bağlı bir baş qoyunun olduğunu görmüşdür. Qoyunun oğurluq qoyun olduğunu fikirləşdiyinə görə dərhal Şabran RPŞ-nə bu haqda məlumat vermişdir. Ardınca isə Şabran RPŞ-nin əməkdaşları kafeyə gələrək qoyunu götürmüşlər. Daha sonra isə RPŞ-dən ona məlumat vermişlər ki, həmin qoyunu həmkəndlisi Təqsirləndirilən şəxs digər həmkəndlisi olan Ələkbər adlı şəxsin həyətindən oğurlamışdır. 14 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan da görsəndiyi kimi, oğurluq hadisəsinin baş verdiyi ərazi, yəni Zərərçəkmiş şəxs2 fərdi yaşayış evi Şabran rayonu, Şahnəzərli kəndində yerləşir. Ev həyət evi olub, iki mərtəbəlidir. Evin dörd bir tərəfi daş ilə hasara alınmışdır. Evin darvazası dəmir materialından olub, rəngi açıq mavi rəngdədir. Fərdi yaşayış evinin həyətinə baxış keçirən zaman, darvazadan içəri girdikdə yerdə ayaqları iplə bağlanmış 1 baş quzunun olduğu müəyyən edilmişdir. Baxış zamanı müəyyən edildi ki, Şabran rayon sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus evin darvazasını açmaq yolu ilə həyətə daxil olmuş, daha sonra isə həyətdəki ətrafı həsir tor ilə bağlanmış 1 baş quzunu tövlədən çıxardaraq elə həmin həyətdən tapdığı iplə bağlamış, quzunu çölə çıxartmaq istəyən zaman isə evin sahibi Zərərçəkmiş şəxs2 və qardaşı Şahid2 tərəfindən saxlanmışdır. Təqsirləndirilən şəxs oğurlamaq istədiyi quzunu əyani olaraq göstərmişdir. 17 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan da görsəndiyi kimi, oğurluq hadisəsinin baş verdiyi ərazi, yəni Zərərçəkmiş şəxs1 fərdi yaşayış evi Şabran rayonu, Rəhimli kəndində yerləşir. Ev həyət evi olub, bir mərtəbəlidir. Evin dörd bir tərəfi daş ilə hasara alınmışdır. Evin darvazası dəmir materialından olub, rəngi mavi rəngdədir. Fərdi yaşayış evinin həyətində iri və xırda buynuzlu heyvanların saxlanması üçün iki ədəd tövlə vardır. Tövləyə giriş həm çöldən, həm evin həyətindən mümkündür. Çöldən tövlənin girişi evin darvazasından təxminən 5 metr irəlidədir. Tövlənin çöldən giriş qapısı taxta materialındandır. Həyətdə tövlə darvazadan içəri girdikdə sol tərəfdə yerləşir. Zərərçəkmiş şəxs1 qoyunun oğurlandığı yeri əyani olaraq göstərmişdir. İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsini bir daha təsdiq edərək törətmiş olduğu cinayətlərin detallarını əyani olaraq göstərmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 may 2023-ci il tarixli 9/2815 saylı rəyindən görünür ki, bir baş diri halda çəkisi 23 kiloqram olan dişi quzunun dəyəri 170 manatdır. Cinayət işinə əlavə edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2023-ci il tarixli 9/3115 saylı rəyindən görünür ki, bir baş diri halda çəkisi 32 kiloqram olan bir illik dişi qoyunun dəyəri 230 manatdır. Cinayət işinə əlavə edilmiş 21 iyun 2023-cü il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş Şabran rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olmaqla yaşayır. Cinayət işinə əlavə edilmiş Şabran rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Rəhimli kəndində yaşadığı müddət ərzində özünü bacarıqlı, işgüzar və intizamlı bir şəxs kimi göstərmiş, kəndin ictimai işlərində yaxından iştirak etmişdir. Yerli sakinlərlə və qonşularla daima səmimi və mehriban münasibətdə olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından xx.xx.2018-ci ildə Zakir və xx.xx.2022-ci ildə Damla adlı uşaqları, əvvəlki evliliyindən də xx.xx.2009-cu ildə Gülsüm, xx.xx.2013-cü ildə Nəzrin adlı uşaqları olmuşdur. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şabran rayon məhkəməsinin 20 aprel 2023-cü il tarixli 4(031)- 17/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etirafedici ifadəsi ilə yanaşı iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin içtimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Həmçinin həmin sərəncamda xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tədbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tədbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Həmin tövsiyə və tapşırığa uyğun olaraq Cinayət Məcəlləsində bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsini və tədbiqini nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində dörd yetkinlik yaşına çətmayan uşağının olması və cinayət nəticəsində vurulmuş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını, digər epizod üzrə isə zərər çəkmiş şəxsə faktiki maddi ziyan vururlmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Rəhimli kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2023-cü ildən 02 aqust 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 03 ay 15 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq cəzadan çıxmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut hesab edilmiş 1 baş quzu və 1 baş qoyunun zərərçəkmiş şəxslərə məsul saxlanc üçün təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 ay 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Rəhimli kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut hesab edilmiş 1 baş quzu və 1 baş qoyunun zərərçəkmiş şəxslərə məsul saxlanc üçün təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-44/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-44/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver