Məhkəmə qərarları › İş №1(031)-44/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-44/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-44/2024 06.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2002-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına verilmə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə ümumi təmiz çəkisi 0,58 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən satış məqsəsilə əldə edərək üzrəində qanunsuz daşıyaraq saxlamış, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,58 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Şahid5 10 manat müqabilində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində avtovağzalın yaxınlığında satmışdır. Şabran RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Əmirov X5 rayonu, Taxtalar kəndi istiqamətində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Şabran RPŞ-nə gətirilməklə xx.xx.2024-cü il tarixdə saat 20:55-dən 21:05-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindəki siqaret qutusundan 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,23 qram və 0,35 qram olmaqla ümumi təmiz çəkisi 0,58 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuanadan bir ildir ki, istifadə edir. Təxminən 2024-cü ilin may ayının əvvəllərində axşam saatlarında M.Ə.Rəsulzadə küçəsində, Şabran şəhərinin giriş hissəsində yol kənarı ilə gəzən zaman yerdən 1 ədəd sellofan bağlama tapmış və sellofanı götürüb içərisinə baxan zaman narkotik vasitə olan qurudulmuş marixuana aşkar etmişdir. Ətrafda heç kəsin olmadığını görüb şəxsi istifadəsi üçün həmin bağlamanı özü ilə götürmüşdür. Götürdüyü sellofan bağlamanı üzərində saxlayaraq bir neçə dəfə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə tanışı Şahid5 ona zəng edərək narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmək istədiyini demiş, o da marixuanasının olduğunu demiş və həmin gün saat 16 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində avtovağzalın yaxınlığında Hüseyinlə görüşmüşdür. Özündə qalan marixuananı 2 ədəd bükümə yığıb saxlamış və həmin bükümləri Hüseyinə verib əvəzində 10 manat pul almışdır. Hüseyinlə sağollaşdıqdan sonra parka getmiş, təxminən saat 22 radələrində Z.Əliyeva küçəsində, Ziya kafesinin yaxınlığındakı parkda olan zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsinə gəlmiş, Şabran RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan olunmuş heç bir şey aşkarlanmamışdır. Şəxsi axtarış zamanı Şahid5 tanıması və 10 manat müqabilində 2 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana satması barədə soruşulduqda Hüseyinə 2 ədəd bükümdə qurudulmuş marixuananı satmaq məqsədi ilə verməmiş, Hüseyn ona verdiyi 10 manat pul şirinlik kimi vermişdir. Daha sonra razılığı ilə yaşadığı evə gəlib baxış keçirilmiş, baxış zamanı evdən qanunla qadağan olunmuş heç bir əşya aşkarlanmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır və münasibətləri normal olmuşdur. Təxminən 1 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Kənanın da marixuanadan istifadə etdiyini bilir. Şəxsi istifadəsi üçün marixuana əldə etmək məqsədilə xx.xx.2024-cü il tarixdə Kənanla zəngləşərək təxminən saat 16 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində avtovağzalın yaxınlığında görüşmüş, Kənandan qurudulmuş marixuana istəmiş və Kənan da ona 2 ədəd bükümdə qurudulmuş marixuana vermiş, əvəzində Kənana 10 manat pul vermişdir. Kənanla sağollaşdıqdan sonra aldığı bükümləri siqaret qutusuna qoyub cibində saxlamışdır. Həmin gün Şabran şəhəri ərazisindəki işlərini bitirib yaşadığı kəndə getmək üçün avtovağzala gəlmiş, həmkəndlisi Nurəddinin avtomobilinə əyləşmiş və həmin vaxt Şahin və Qabil də avtomobilə əyləşmişdirlər. Taxtalar kəndinə çatmamış avtomobil saxlanılmış və mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq ona üzərində narkotik vasitə saxlamağı barədə məlumat olmasını bildirmiş, qərarla tanış edib Şabran RPŞ-yə dəvət etmişdirlər. O da polis əməkdaşları ilə birgə Şabran RPŞ-yə gəlmişdir. Şabran RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs 10 manata aldığı 2 ədəd bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş və həmin maddənin narkotik vasitə olan "nəşə" olmasını, Təqsirləndirilən şəxs 2 ədəd bükümü 10 manata aldığını, özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki o, Şabran rayon sakini Şahid5 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımaqda şübhəli olduğu barədə əməliyyat məiumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq Şabran RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 iştirakı iiə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Şabran rayonu Taxtalar kənd yolunun yaxınlığında Nurəddin Əsgərovun idarə etdiyi “Ford” markalı 50-D2-846 dövlət qeydiyyat nişanlı avtomobildə Şahid5 saxlanılaraq Şabran RPŞ-yə gətirilmişdir. Şabran RPŞ-də Şahid5 üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Əfqan Orucov da iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Hüseyinə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Əfqan Orucov ona təqdim edilmiş, Hüseyinə üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmiş, şəxsi axtarış zamanı Hüseyinin əynində olan şalvarın sağ yan cibindəki siqaret qutusundan 2 ədəd büküm aşkarlanmışdır. Hüseyindən bükümdə olan kütlənin nə olması soruşulduqda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıdığını, Təqsirləndirilən şəxs 10 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 2 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırlmaqla götürülmüş və bu barədə videoçəkiliş aparılmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şabran RPŞ-nin əməkdaşları Şahid3, Şahid2 və Şahid4 eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi xx.xx.2024-cü il tarixdə Şabran RPŞ TQ-nin təhqiqatçısı, polis mayoru Rəşad Aslanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran RPŞ TQ-nin təhqiqatçısı, polis mayoru Rəşad Aslanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şabran RPŞ TQ-nin təhqiqatçısı, polis mayoru Rəşad Aslanov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmasından əvvəl onu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs üzərində və əynində olan qara rəngli şalvarın sol yan cibindən 10 manat pul, əynindəki gödəkcənin cibindən 1 ədəd “LD” markal siqaret, 57 manat pul, 1 ədəd veteran vəsiqəsi, 1 ədəd ətir, qəbz vərəqələri, 1 əddə bank kartı, 1 ədəd “Tecnospeak 10” markalı mobil telefonu özü təqdim etmiş və sonra üzərinə baxış keçirilən zaman əlavə heçnə aşkar edilməmişdir. Şabran RPŞ TQ-nin təhqiqatçısı, polis mayoru Rəşad Aslanov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə, yəni ünvan 2 ünvanına, eləcə də yataq otağına vəkil Müdafiəçi iştirakı ilə baxış keçirilmiş və hər hansı narkotik vasitəyə oxşar kütlə aşkar edilməmişdir. Evə baxılarkən başqa qanunla qadağan edilmiş heçnə aşkar edilməmişdir. İş üzrə Ədliyyə Nazirliyi MEM-in məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-7/737 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində ‘...Şahid5 ...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,23 qram və 1 ədəd qızılı rəngli kağız bükülüdə təmiz çəkısi 0,35 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 0,58 qram marixuanaların 0,04 qramı tədqiqata istifadə olunmuş və qalıq 0,54 qram təşkil etmişdir. İş üzrə ekspertiza icraatından sonra qaytarılan 1 ədəd kağız paketdə 0,54 qram qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab olunmuş, saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2024-cü il tarixli, 4583 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən olnumuş və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş üzrə şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş 3 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş üzrə Şabran RİHB-nın Dəvəçi İnzibati Ərazi Dairəsi nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 1968-ci il təvəllüdlü anası X2 və qardaşı 2002-ci il təvəllüdlü Elvin Həmzəyevdən ibarət ailə tərkibi vardır. Şabran RİHB-nin Dəvəçi İnzibati Ərazi Dairəsi nümayəndəsinin verdiyi xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10 fevral 2023-cü il tarixli, M/V seriyalı, 111046 nömrəli vəsiqəyə əsasən Təqsirləndirilən şəxs müharibə veteranı statusunu əldə etmişdir. İş üzrə Azərbaycan Respublikasə l-7790 nömrəli medalının vəsiqəsindən görnür Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli, 2362 nömrəli sərəncamı ilə Füzulinin azad olunmasına görə medalla təltif edilmişdir. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26 yanvar 2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs 8 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlanması nəticəsində “Barotravma” xəsarəti almışdır. İş üzrə Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirli yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinin 16 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 l dərəcəli əlildir. İş üzrə Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirli yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinin 16 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası ll dərəcəli əlildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 3cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.2-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. ”Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 saylı Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadəsi kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı dövründə əməlini etiraf etməsi və daha sonra ifadəsini dəyişdirməsi onun məhz məsuliyyətdən yayınmaq niyyəti ilə bağlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs müharibə veteranı statusunu əldə etməsini, Füzulinin azad olunmasına görə medalla təltif edilməsini, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlanması nəticəsində “Barotravma” xəsarəti almasını, qardaşının l dərəcəli əlil olmasını, anasının İİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin minimum həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Şabran Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd kağız paketdə 0,54 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil X7 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə növündə növündə qətimkan tədbiri "həbs" növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutun qalığı olan Şabran RPŞ-də saxlanılan 1 ədəd kağız paketdə 0,54 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçia Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar