Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-44/2025 19.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və onun həmi nmaddənin sanskiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. X2 yuxarıda qeyd edilmiş şikayəti onunla əsaslandırmışdır ki, onun barəsində X3 tərəfindən şərəf və ləyaqətimi ləkəyən, onu nüfuzdan salan, doğru olmavan məlumatlar verilmişdir. Belə ki, X3 "TikTok" və "İnstagram" sosial şəbəkələrində, "YouTube" platformasında, "Qaynarinfo" xəbər portalında video çəkilişlər yayımlayaraq güya onun Muradov Vüsaldan 15 ton taxıl aldığını və taxılın dəyərini ödəmədiyini bildirərək yalan olduğunu bilə-bilə qəsdən onun şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətinə qarşı yönəlmiş, onu nüfuzdan salan, qərəzli, doğru olmayan, böhtan xarakterli məlumatlar yaymışdır. X3 həmin məlumatları yaymaqla hüquqazidd əməl törətmişdir. Yuxarıda qeyd olunan heç bir əsası olmayan və sübutu olmayan məlumatlar tamamilə yalandır və böhtan xarakteri daşıyır. X3 ilə onun arasında hər hansı məhsulun alğı-satqısı həyata keçirilməmişdir. O, Şabran Rayon İcra Hakimiyyətinin başçısıdır. İctimaiyyət içərisində sayılıb seçilən, nüfuza sahib bir şəxsdir. Belə bir halda ona qarşı bu cür əsli olmayan, qərəzli, doğru olmayan məlumatların yayılmasını böhtan kimi qiymətləndirir, nüfuzunun, ləyaqətinin ləkələnməsi kimi qəbul edir. Çünki həmin videoçəkilişlərə milyonlarla insanlar baxır, onların beyinlərində onun barəsində mənfi fikirlər formalaşır və bu hal nüfuzuna ciddi xələl gətirir, şərəfini, ləyaqətini ləkələyir. Bu cür əməlləri qəsdən törətmiş şəxs barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin aparılması və onun cinayət məsuliyyətinə cəlb olunması zəruridir. Belə ki, hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəviəxlaqi, sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşların şərəfi, ləyaqəti və nüfuzu mülki qanunvericiliklə yanaşı, həmçinin cinayət qanunvericiliyi ilə də müdafiə olunur. X1 videoçəkilişində səsləndirdiyi güya taxılı Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsinin xidməti avtomobili vasitəsi ilə aparması məsələsi də növbəti böhtan xarakterli məlumatdır. Belə ki, X4 və Təmizlik İdarəsinin avtomobilləri gün ərzində xidməti vəzifə üçün Şabran rayonunun müxtəlif ərazilərində olur və rayonun istənilən yerində həmin avtomobilləri görmək mümkündür. X1 gətirdiyi bütün əsassız arqumentlərin əksi məhkəmə baxışı zamanı lazımi sənədlər və sübutlarla təsdiq olunacaqdır. Həmçinin qeyd edir ki, Şabran Rayon İcra Hakimiyyətinin başçısı olaraq hər həftənin çərşənbə günləri Şabran Rayon İcra Hakimiyyətinin inzibati binasında, ildə azı 2 dəfə olmaqla Uzunboyad və Məliklər kəndində səyyar qəbullar həyata keçirir. Növbəti səyyar qəbulu 13 may 2025-ci il tarixdə Uzunboyad kəndində keçirilmiş, lakin X3 həmin qəbulda iştirak etməmiş, tələbini bildirməmişdir. Xüsusi ittihamçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, işə onların iştirakı olmadan baxıb işin aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda iştirak etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan DVD diskdəki videogörüntülər və fotoşəkillərdən görünür ki, şikayətdə böhtan xarakterli olduğu bildirilən məlumatlar xx.xx.2025-ci il tarixdə "xxxx", xx.xx.2025-ci il tarixdə “Qaynarinfo.az” və “BBC News Azərbaycanca” xəbər portallarında yayımlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal X6 Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən verilən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2019-cu il tarixli, 63 nömrəli Qərarı ilə təsdiq edilmiş “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydası”na əsasən Azərbaycan Respublikasında yalnız “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatının aparıldığı, həmin Qaydanın 3.1-ci bəndində “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığının domen adlarının milli inzibatçısı, domen adlarının qeydiyyatının və onlara texniki xidmətin isə yerli və ya xarici qeydiyyatçılar tərəfindən aparıldığı qeyd olunmuşdur. “BBC News Azərbaycanca” xəbər portalına məxsus olan “www.bbc.com/azeri” domeni “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında fəaliyyət göstərmədiyindən, Azərbaycan Respublikasında həmin domenin qeydiyyatının aparılmadığı, “Qaynarinfo.az” və "xxxx" domen adlarının hüquqi ünvanına dair məlumatların isə informasiya sahibi olan “X5 LTD" MMC-dən əldə edilməsi məqsədilə müraciətin aidiyyəti üzrə göndərildiyi bildirilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ünvanı ünvan 1 “Qaynarinfo.az” xəbər portalından çıxarışdan görünür ki, internet informasiya ehtiyatının sahibi "xxxx" MMC, həmin MMC-nin ünvanı isə ünvan 2baycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala ərazi aidiyyəti üzrə cinayətin törədildiyi yerin yurisdiksiyastna aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" 2014-cü il 21 fevral tarixli 3 nömrəli qərarında da (12-ci bənd) xüsusi ittiham qaydasında şikayətlərlə bağlı cinayət-prosessual qanunun 74-cü maddəsinə əməl edilməli, o cümlədən belə şikayətlərə cinayətin törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalı olduğu təsbit edilmişdir. Mediada dərc edilməklə və ya internet informasiya ehtiyatında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə bağlı olan xüsusi ittiham qaydasında şikayətlərə münasibətdə isə Plenum Qərarının 12-ci bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: "Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum, olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.” Ali Məhkəmənin Plenumu xüsusi ittiham qaydasında şikayətə böhtan və ya təhqir xarakterli məlumatları yaydığı ehtimal edilən şəxsin sonuncu yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmədə baxılmasını məlumatın mediada, internet informasiya ehtiyatında yayılması və bununla yanaşı, medianın (internet informasiya ehtiyatının) hüquqi ünvanının məlum olmaması və yaxud onların xaricdə qeydiyyata alınması ilə əlaqələndirmişdir. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “internet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatıdır”. Bu Qanuna (2-ci maddəsinin digər müddəalarına) görə “internet informasiya ehtiyatının sahibi” dedikdə, “internet informasiya ehtiyatından istifadə edilməsi, o cümlədən burada informasiya yerləşdirilməsi qaydalarını sərbəst olaraq müəyyən edən, internet informasiya ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan şəxs", "domen adı" dedikdə isə “internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşü" başa düşülür. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-1.2-ci maddəsinə əsasən "az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adlarının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir". Həmin Qanunun 13-2.2-ci maddəsinə əsasən "internet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə, adı, təşkilati-hüquqi foıması, elektron poçt ünvanı, fiziki şəxsdirsə, adı, soyadı və atasının adı və elektron poçt ünvanını həmin saytd? aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2019-cu il tarixli, 63 nömrəli Qərarı ilə təsdiq edilmiş "az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları" və "Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı” ilə də internet informasiya ehtiyatının yaradılması ilə bağlı fiziki və hüquqi şəxslər üçün bir sıra tələblər müəyyən edilmiş, o cümlədən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında qeydə alınmış domen adlarının milli inzibatçı ("az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs) tərəfindən formalaşdırılan və aparılan (“www.whois.az" internet informasiya ehtiyatında yerləşdirilmiş) domen adlarının "Reyestrİ”ndə əks etdirilməsi nəzərdə tutulmuşdur. O cümlədən “Qaydalar”ın 2-ci əlavəsi olan "Domen adlarının reyestrinə daxil edilən məlumatların siyahısı”nda nəzərdə tutulmuşdur ki, domen adı hüquqi şəxsə aiddirsə, reyestrdə təşkilatın tam adı qeyd olunmalıdır. Göründüyü kimi qanunvericiliyə əsasən kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə baxılmalıdır. Hazırki iş üzrə böhtan kimi səciyyələndirilən məlumatlar ilk dəfə xx.xx.2025-ci il tarixdə "xxxx" internet informasiya ehtiyatında yayımlanmışdır. Sözügedən informasiya ehtiyatının sahibi "xxxx" MMC olduğundan və bu MMC-nin ünvanı Xaçmaz rayonunda yerləşdiyindən, xüsusi ittiham qaydasında şikayət üzrə material baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1 və 77.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə material baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-44/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-44/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver