Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-46/2022 01.09.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şabran şəhəri, Ş.Vahabzadə küçəsi, ev 36 ünvanda qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə təmiz çəkisi 7,506 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir bükümdə təmiz çəkisi 71,012 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına qanunsuz daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 18 mart 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da qeyd edilən ünvanda saxlanılaraq Şabran rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin şöbədə saat 21:44-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli gödəkçəsinin sol iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd sellofan bükümlərdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub ayrı-ayrılıqda təmiz çəkiləri 3,819 qr və 3,687 qr olmaqla, ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 7,506 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd sellofan bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda 71,012 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəlidir, üç azyaşlı övladı vardır, arvadı heç yerdə işləmir, özü Şabran rayon mərkəzi bazarında xırda alqı-satqı ilə məşğul olub ailəsini dolandırmışdır. Təxminən il yarımdır ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Tutulmamışdan təxminən 3-4 gün əvvəl Xaçmaz şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün bir ədəd bükümdə olan “nəşə” kimi adlandırılan marixuana və bağlamada iki bükümdə olan “şüşə” kimi tanınan metamfetamini 230 manat müqabilində alaraq əldə edib üzərində saxlamışdır. “Şüşə” kimi el arasında tanınan metamfetamini bir neçə gündür ki, yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etməyə başlamışdır. Saxlanıldığı gün, yəni 18 mart 2022-ci il tarixdə saat 20:30 radələrində o, ünvan 4 ünvanın qarşısında olan zaman ona mülki geyimdə şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu Şabran rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O, etiraz etməmiş və onlar deyilən idarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərində şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt üzərində “nəşə” və “şüşə” olduğunu bildirib masaya yaxınlaşıb üzərində olan bütün əşyaları, konkret olaraq isə əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus olan mobil telefonla 10 manat pulu və gödəkçənin sol iç cibindən Xaçmaz şəhərindən aldığı içərisində “nəşə” və “şüşə” olan sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Üzərində başqa heç bir əlavə maddə və predmet olmamışdır. Təqdim etdiyi əşyalara keçirilən baxış zamanı üzərində olmuş nağd pul vəsaiti araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, mobil telefon isə iş üçün sübut əhəmiyyətli ola biləcəyi ehtimalından götürülmüşdür. Bundan sonra təqdim etdiyi bir ədəd sellofan bağlamaya baxış keçirilmiş, içərisindən iki ədəd büküm və bir ədəd sellofan bağlama aşkar edilmişdir. Sellofan bağlamanın içərisində qurudulmuş ota bənzər yaşıl rəngli maddənin, qeyd etiyi iki ədəd bükümlərin içərisində isə ağ rəngli kristal şəkilli maddələrin olması məlum olmuşdur. Aşkarlanmış maddələr ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış, onlar da həmin zərfi imzalamışlar. Həmin maddə barədə sorğu edilərkən o, yuxarıda qeyd etdiyi kimi aşkar edilmiş maddələrin “nəşə” və “şüşə” kimi adlandırılan narkotik maddə olduğunu və tutulduğundan üç-dörd gün əvvəl şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 230 manat pul müqabilində alıb əldə etdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 göstərdi ki, 18 mart 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1982-ci il tarixdə ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmişdir və əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə həmin idarənin əməliyyat müvəkkilləri – polis kapitanı Şahid3 və polis mayoru Şahid2 təyin edilmişlər. 18 mart 2022-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 20:30-da ünvan 2 ünvanının qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və həmin şəxs özünü onlara təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Həmin vaxt saxlanılmış şəxsin üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə görə həmin şəxs Şabran rayon polis şöbəsinə dəvət olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən həmin şəxsə dövlət hesabına vəkil dəvət edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 18 mart 2022-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə üzərinə yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. İlk öncə saxlanılmış şəxsə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana və “şüşə” kimi tanıdığı maddə olduğunu bildirib əynində olan göy rəngli gödəkcəsinin sol iç cibindən bir ədəd sellofan bağlamanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan əlavə isə gödəkcəsinin sol yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini və gödəkcəsinin sağ yan cibindən isə bir ədəd mobil telefonla 10 manat pulu təqdim etmişdir. Bundan sonra saxlanılmış şəxsin təqdim etdiyi bir ədəd sellofan bağlamaya baxış keçirilən zaman həmin bağlama açılaraq içərisindən bir ədəd şəffaf sellofan bağlama və iki ədəd sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bir ədəd şəffaf sellofan bağlamanın içərisində olan maddə marixuana, iki ədəd sellofan bükümlərdə olan maddə isə “şüşə” adı ilə tanıdığı maddədir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bağlama və bükümlər ayrılıqda açılaraq içərisində olan kütlələrə baxış keçirildi. Beləliklə, bir ədəd şəffaf sellofan bağlamanın içərisində quru yaşıl ot şəkilli, spesifik iyli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, iki ədəd sellofan bükümlərin içərisində isə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Daha sonra saxlanılmış şəxsin üzərinə baxış keçirilmiş, lakin əlavə heç bir maddə və predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, qeyd edilən maddələri üç-dörd gün əvvəl Xaçmaz şəhərində adını “Səfər” kimi tanıdığı şəxsdən ümumilikdə 230 manat pul ödəməklə şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi nağd pul iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarılmış, mobil telefon isə gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalından şəxsiyyət vəsiqəsi ilə birlikdə götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində maddələr olan bir ədəd bağlama ilə iki ədəd bükümlər götürülərək zərfdə qablaşdırılmışdır. Həmin maddələrin qablaşdırıldığı zərf tərəflərindən imzalanmışdır. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 və iş üzrə dindirilmiş həmin idarənin əməkdaşı Şahid2 iş üzrə Şahid1la eyni məzmunlu ifadə vermişdilər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 19 mart 2022-ci il tarixli 6/1576 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,819 qram və 3,687 qram, ümumi təmiz çəkisi 7,506 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (Qeyd: metamfetaminin ümumi təmiz çəkiləri: 7,506 qram, tədqiqata sərf edildi – ümumi 0,10 qr, qalıq – 7,406 qr). Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 19 mart 2022-ci il tarixli 7/272 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 71,012 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Qeyd: Marixuananın təmiz çəkisi: 71,012 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq - 70,962 qramdır). Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2988 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs arabir, düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. Müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir, lakin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 18 mart 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 18 mart 2022-ci il tarixdə saat 20:30-da ünvan 6 ünvanının qarşısında saxlanılaraq Şabran rayon polis şöbəsinə dəvət edilmiş və həmin şöbədə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofan bağlamada iki ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 7,506 qram psixotrop maddə metamfetamin və bir ədəd sellofan bağlamada 71,012 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 10 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli 2017 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə heç bir qayda pozuntularına yol verməmişdir. Sakinlərə qarşı hörmətsizlik etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan AZ-İ seriyalı 353107 saylı nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 10 sentyabr 2007-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər, birgə nikah münasibətlərindən xx.xx.2008-ci il tarixdə Zülfiyyə, xx.xx.2009-cu il tarixdə Ülviyyə və xx.xx.2014-cü il tarixdə Nəbi adlı uşaqları olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 mart 2022-ci il tarixli 4(005)-368/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iki ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 7,406 qram çəkidə psixotrop maddə metamfetamin və 70,962 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, eləcə də 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdir. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 203 (iki yüz üç) manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iki ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 7,406 qram çəkidə psixotrop maddə metamfetamin və 70,962 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, eləcə də 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 203 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-46/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-46/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver