Məhkəmə qərarları › İş №1(031)-46/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-46/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-46/2025 26.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1979-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Şabran şəhəri, İ. Qayıbov küçəsi, ev 42 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 2025-ci ilin iyun ayında yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi çətənə (kannabis) toxumlarını qanunsuz olaraq əkmiş, tərkibində narkotik maddələr olan 07 (yeddi) ədəd çətənə (kannabis) bitkilərinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının təxirəsalmmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədə ümumi təmiz çəkisi 5600 qram olan, yaş vəziyyətdə xeyli miqdarda - 07 (yeddi) ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin iyun ayında yaşadığı evin içərisində saxladığı, əvvəlcədən əldə etdiyi tərkibində narkotik maddələr olan bitkilərin toxumlarını görmüş, narkotik vasitələrdən istifadə etdiyi üçün 2025-ci ilin iyun ayında həmin toxumları yaşadığı ünvanda, həyətyanı sahədə əkmiş, müəyyən müddət onlara qulluq göstərdikdən sonra həmin toxumlardan ümumilikdə sayı 07 (yeddi) ədəd olmaqla tərkibində narkotik maddə olan çətənə kolları yetişmişdir. 3 ay müddətində həmin bitkilərə qulluq göstərməyə davam etmiş, xx.xx.2025-ci il tarixdə əkdiyi bitkilərdən bir ədədini kəsib həyətinə atmış, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən evində olduğu zaman polis əməkdaşları evinə yaxınlaşaraq onun tərkibində narkotik maddə olan bitkiləri əkib yetişdirməyi barədə məlumatlarının olduğunu, bununla bağlı evinə baxış keçirmək istədiklərini bildirmiş, daha sonra onun razılığı və iştirakı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərək yetişdirdiyi 07 (yeddi) ədəd çətənə kolları aşkar olunub götürülmüşdür. Həmin bitkiləri əkib yetişdirməkdə məqsədi yalnız öz şəxsi istifadəsi olmuşdur. Ondan başqa heç kim həmin bitkilərə qulluq göstərməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Bayram İsrəfılovun, habelə X7in iştirakları ilə xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi ilə bağlı daxil olmuş məlumata əsasən baxış keçirmək üçün getmiş, evin giriş qapısında Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının olmadığını onlara bildirmiş, evə giriş qapısından girdikdə sağ tərəfdə fərdi yaşayış evi, sol tərəfdə ətrafı çəpərlənmiş sahə görünmüş, sol tərəfdə ətrafı çəpərlənmiş sahədə irəlilədikdə narkotik tərkibli çətənə bitkiləri müşahidə olunmuşdur. X7 həmin bitkilərə baxış keçirmiş və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra onlar həmin bitkiləri kökləri ilə birlikdə çıxarmışlar. Orada 01 (bir) ədəd çətənə bitkisi kökündən bir qədər yuxarı hissədən kəsilmiş və bitki kənara qoyulmuşdur. Ümumilikdə 06 (altı) ədəd bitki kökü ilə birlikdə çıxarılmış və 01 (bir) ədəd kəsilmiş çətənə bitkisinin kök hissəsi çıxarılaraq və kənara qoyduğu gövdə hissəsi götürülərək evin giriş qapısı tərəfə aparılaraq təkrar sayılmışdır. Daha sonra aşkar edilmiş bitkilər kisəyə yerləşdirilərək qablaşdırılmışdır. Üzəri imzalanmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri təxminən 03 (üç) ay əvvəl özünün əkdiyini və onlara qulluq etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilmişdir. Lakin fərdi yaşayış evindən baxış zamanı qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 və Şahid3 da ifadələrində Şahid2 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun məhkəmə iclasında verdiyi ifadədə göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 237.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Şabran şəhəri, İ. Qayıbov küçəsi, ev 42 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, satışında, üzərində və yaşadığı evdə saxlamasında, yaşadığı ünvanda narkotik tərkibli bitkiləri əkib becərilməsində şübhəli olması bildirilmişdir (cinayət işinin İ cildinin 3-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərizəsində Şabran şəhəri, İ. Qayıbov küçəsi, ev 42 ünvanında yerləşən yaşadığı evə və həmin evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cinayət işinin İ cildinin 18-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:07-dən 12:30-a kimi olan müddət ərzində polis əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin həyatyanı sahəsində keçirilmiş baxış nəticəsində 07 (yeddi) ədəd çətənə (kannabis) bitkisinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür (cinayət işinin İ cildinin 19-21-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən aşkar edilmiş 07 (yeddi) ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qulluq edilmişdir (cinayət işinin İ cildinin 22-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:50-də Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin İ cildinin 23-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:25-də CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 24-25-ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/737 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün №60” möhür əksi, “İştirak etdi: Aqronom /imza/ Rəşid Hacıyev; CAB baş ə/m/ imza/ Şahid1; CAB ə/m /imza/ Şahid2; CAB ə/m /imza/ Bayram İsrəfılov; Şübhəli: /imza/ Təqsirləndirilən şəxs; Tərtib etdi: RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı: /imza/ Mətin Əliyev” əl yazıları olan 01 ədəd kisə bağlamada ümumi sayı 07 (yeddi) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi: 5600,0 qram olan bitki nümunələri eyni növə aid olub əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 52-54-cü vərəqələri). - xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmiş yaş vəziyyətdə ümumi təmiz çəkisi 5600,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 0,14 qram hissəsi nümunə olaraq götürülmüş, 5599,86 qram hissəsi isə geri qaytarılmışdır (cinayət işinin İ cildinin 55-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 60-61-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, CM-in 237.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən, saat 12:05-dən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ 80-84-cü vərəqələri). - xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqında qərardan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış yaş vəziyyətdə ümumi təmiz çəkisi , 5599,86 qram olan 07 (yeddi) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri ********* saylı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş və saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cinayət işinin İ cildinin 88-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Quliyev X3 Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tariuxli hökmü ilə əvvəlki CM-nin 143-cü maddəsinin 3 hissəsi, 42-1-ci maddəyə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum edilmiş və hökmün icrası 02 (iki) il müddətə təxirə salınmış, xx.xx.2003-cü il tarixdə Dəvəçi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.2.2 və 221.3-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, xx.xx.2007ci il tarixdə Dəvəçi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.2.2 və 221.3-cü maddələri ilə 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə barəsində CM-nin 128-ci maddəsi ilə olan icraata xitam verilmişdir və Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və xx.xx.2025-ci il tarixdə cəza müddətinin bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır (cinayət işinin İ cildinin 91-92-ci vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-1/2-2638/2025 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qardaşı xx.xx.1985-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 94-cü vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-1/2-2638/2025 saylı xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 95-ci vərəqəsi). - Şabran Rayon Mərkəzi X4 Şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-34/2-726/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Mərkəzi X4 Şəxsinin psixonevroloji və narkoloji kabinetlərində dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 96-cı vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 1(031)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cinayət işinin İ cildinin 98-104-cü vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X6 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5527 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 115- 116-cı vərəqələri). - Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3094 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental psixoloji müayinənin nəticəsinə əsasən Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyri sabitlik, konfliktə meyllilik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, qıcığa qarşı həssaslıq, konfliktə meyllilik, əsəbilik fərdi-psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyllilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisə vaxtı emosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır (cinayət işinin İ cildinin 118-120-ci vərəqələri). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun etirafedici ifadəsi, yaşadığı evdə video çəkilişdən istifadə edilməklə keçirilmiş baxış və götürülmə aparılması haqqında protokol və protokola əlavə edilmiş DVD disk, şahidlərin ifadələri, ekspert rəyi və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmiş hesab edir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş tərkibində narkotik maddələr olan bitkilər siyahısının 1.2-ci bəndinə əsasən çətənə növlü bitkilərin xeyli miqdarının 3-15 ədəd (6-30 hissə) təşkil edir. CM-in 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 19-cu bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilərək götürülmüş 07 (yeddi) ədəd çətənə bitkisini əkib onlara aqrotexniki qaydada qulluq edilməsi CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 03 (üç) növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları, o cümlədən üzərində qəsdən törətdiyi böyük ictimai təhlükə törətməyən (CM-in 221.1-ci maddəsi) cinayət əməli ilə bağlı olan məhkumluq ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət əməli törətməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdə, saat 12:05-dən hesablanmalı, onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra geri qaytarılmış 07 (yeddi) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə keçirilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk isə cinayət işində saxlanılmalı, habelə Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməli, həmçinin hazırki iş üzrə dövlət hesabına müdafiəçi təyin edilmiş vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına 110 (yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdə, saat 12:05-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: ekspertiza tədqiqatından geri qaytarılmış və Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 07 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə keçirilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hazırki iş üzrə dövlət hesabına müdafiəçi təyin edilmiş vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına 110 (yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar