Məhkəmə qərarları › İş №1(031)-49/2022

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-49/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-49/2022 31.08.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, Şabran şəhəri. M.Ə.Rəsulzadə küçəsi ev 91-də pasport qeydiyyatında olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında Şabran şəhəri, 3 sotlar yaşayış massivində şəxsi münasibətləri zamanı yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək sonuncuya burun beli nahiyyəsinin və sağ əlin yumuşaq toxumalarının əziyindən, başın alın nahiyyəsinin, burun belinin, üzün və döş qəfəsinin sol yarısınınsıyrıqları və sağ gözaltı nahiyyənin qançırlarından ibarət olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 2006-cı il tarixdə Şabran şəhər sakini Fatma ilə ailə qurmuş 4 uşaq atasıdır. Onun təxminən 15-20 gün bundan öncə arvadı Fatma ilə Sumqayıt şəhərində söz söhbəti yaranmışdır. Fatma çıxıb Şabran şəhərinə atası evinə getmişdir. Uşaqlar onunla qalmışdır, sonradan azyaşlı olan iki uşağı anasını istədikləri üçün o, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində onları gətirib anasına verib Sumqayıt şəhərinə getmək istəmişdir ki, bibisi oğlu Fəridlə qarşılaşmışdır. Söhbət əsnasında Fərid ona "səni barışdıracam, axşam saat 18 radələrində onlara gedəcəm’ demişdir, həmin vaxtı ona "gedək çay içək' demiş, o isə Fəridə "acımışam gedək yemək yeyək” demişdir, ona görə də o Fəridlə birlikdə mağazadan bir 0.5 litirlik spirtli içki, çörək, kolbasa və sok alıb ikisi də Şabran şəhərində yerləşən H.Əliyev parkına getmişlər. Orda sakit bir yerdə əyləşərək saat 23 radələrinə kimi yeyib içmişlər. Sonra piyada 3 sotlara getmişlər, orada Fəridlə söhbət edəndə o, Fəridə “gedək qaynatamgilə”, bu zaman gözləmədiyi halda Fərid onun ağzının üstündən bir yumruq vurmuşdur və onlar yaxalaşmışlar, bir birlərinə nəlayiq ifadələr işlətməyə başlamışlar, küçədə onların yüksəkdən söyüş söyməklərinə 7-8 nəfər tanımadıqları şəxslər toplaşmışlar. Onlar Fəridin yüksəkdən çığıraraq söyməyinə görə Fəridi sakitləşdirmək istəsələr də Fərid sakit qalmamışdır. Fərid ondan aralaşıb çıxıb getmiş, bir az keçmişdir ki, Fərid ona zəng edərək yeməkxanaya dəvət etmişdir ki. "gəl söhbətimizi edək”, o isə getməyərək 102 xidmətinə döyüldüyü barədə məlumat vermişdir. Etdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə günorta vaxtı dayısı oğlu Qəzənfər ona zəng edərək bildirmişdir ki, "uşaqların ikisini gətirirəm anasına verməyə, rayona gələndə zəng edərəm görüşərik”, saat 17 radələri olardı ki, o Qəzənfərə zəng etmiş harda olduğunu soruşmuşdur. Qəzənfər ona bildirmişdir ki, “polisin qarşısındayam”, o Qəzənfərə "oturub çay içək” demişdir. Qəzənfər isə "çay içməyək pivə içərik". Şabran şəhərində saat adlanan yerdə Qəzənfərlə görüşmüş, onlar birlikdə avtobaza tərəfdə olan mağazaya getmişlər. Qəzənfər çörək, 0.7 litir spirtli içki, kolbasa, pamidor və sok almış, onlar birlikdə də Şabran şəhərinin girişində olan parka getmişlər, orda oturaraq yeyib içmişlər, biraz gəzərək təxminən saat 23 radələri olardı ki, 3 sotlar tərəfə getmişlər. Ora getməkdə məqsədləri Qəzənfəri arvadı ilə barışdırmaq olmuşdur. Onlar Qəzənfərin qaynatasının evinin yaxınlığına çatanda yol boyu Qəzənfərlə profilaktiki söhbətlər aparmışdır ki, "ayıbdır arvadınla yola get", bu zaman qəflətən Qəzənfər onun burnunun üstündən bir dəfə yumruqla vurmuş, o yerə yıxılmış, yerdə də onu Qəzənfər təpikləmişdir, o ayağa qalxıb Qəzənfərə iradını bildirib o da Qəzənfərə bir yumruq vurmuşdur, bu zaman ora tanımadıqları şəxlər toplaşmışlar, onları ayırmışlar. O, çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə də təqdim etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən MTE və PA Birliyinin xx.xx.2022-ci il tarixli 136 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - burun beli nahiyyəsinin və sağ əlin yumuşaq toxumalarının əziyi, başın alın nahiyyəsinin. burun belinin, üzün və döş qəfəsinin sol yarısının sıyrıqlarrı və sağ gözaltı nahiyyənin qançırları bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda göstərdiyi vaxtda və şəraitdə yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan AZ-İ seriyalı 619080 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 06 oktyabr 2010-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Cinayət işi materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından xx.xx.2007-ci ildə Fidan,xx.xx.2016-cı ildə İnci, xx.xx.2018-ci ildə Laləzar və xx.xx.2010-cu ildə Nicat adlı uşaqları olmuşdur. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli 2471 saylı arayışdan görünür ki, Əhədov X6 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 91 ünvanında ailə üzvləri, həyat yoldaşı – X5, uşaqları – 2007-ci il təvəllüdlü X3, 2016-cı il təvəllüdlü X4 və 2018-ci il təvəllüdlü X1 ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli 2472 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin küçədə uzun müddət yaşamadığından onun xarakteri barədə məlumat vermək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Q.Əhmədova qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı bir tələbi olmadığından, eləcə də hazırki iş üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar