Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-49/2023 16.08.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X1, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Şirvan yaşayış massivi bina 2 mənzil 69-da qeydiyyatda olan və Şabran şəhəri M.Araz küçəsində yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Şabran şəhəri H.Əliyev prospekti ilə şəhərin aşağı hissəsi istiqamətində nəqliyyat vasitəsini idarə etmə hüququ və etibarnamə olmadan atası X1 baş etibarnamə əsasında idarə etdiyi BYD F3 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili Səbuhi Rzayevin məlumatı olduğu halda idarə edərək avtomobil yolunda ötmə əməliyyatı etməklə Zərərçəkmiş şəxs idarə etdiyi Toyota Prado markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına keçib qəfil əyləci basmaqla təhlükəli şərait yaratmış, bununla bağlı Zərərçəkmiş şəxs onun atasının işlədiyi bərbərxananın qarşısına gələrək hərəkəti barəsində atası Səbuhi Rzayevə məlumat vermək məqsədilə telefon nömrəsini alaraq zəng etmək istəyərkən aralarında mübahisə yaranmış və o, aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Zərərçəkmiş şəxs avtomobilindən endirərək şillə, yumruq və təpik zərbələri ilə vurub Zərərçəkmiş şəxs sol gözaltı nahiyyənin qançırı, başın sol gicgah nahiyyəsinin və sol diz oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığa qısa müddətə pozğunluq törədən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə bir yerdə yaşayır, atası bərbər işləyir, o, da atasının yanında bərbərliklə məşğul olur, xırda qazanc əldə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində atasına məxsus olan, etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi BYD markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran şəhəri H.Əliyev prospekti ilə şəhərin aşağı hissəsinə doğru hərəkətdə olmuşdur. Avtomobili idarə etməyindən atasının məlumatı olmuşdur. Həmin vaxt bərbərxanaya getmək üçün tələsirmiş, çünki müştəri gözləyirmiş. Avtomobil yolunda önündə Emil idarə etdiyi boz rəngli Toyota Prado markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olmuş, ötmə əməliyyatı edərək əks zolağa çıxmış və qarşıdan avtomobil gəlməsini görüb Emilin avtomobilin qarşısına keçmiş, yəni öz hərəkət zolağına qayıtmışdır. Emilin önünə qəfildən keçən zaman öndəki avtomobil əyləci basdığından, o da əyləci basmış və arxasınca gələn Emil də avtomobilin əyləcini basıb sağa doğru sürmüşdür. Emil ona avtomobilin işıqlarını yandırıb söndürməklə işarə vermiş və yolun sağında avtomobili saxlamışdır. Emil avtomobildən enib yanına gələrək təhlükəli sürməyinə dair irad bildirmişdir. O da üzrxahlıq edib tələsdiyini demiş və avtomobili sürüb getmişdir. O, Günel restoranının qarşısında avtomobili saxlamış, avtomobili saxlayan zaman Emilin də ardınca gəlməsini görmüş və qaçaraq yolun əks tərəfində yerləşən bərbərxanaya gəlmişdir. Bir qədər sonra Emil avtomobili ilə bərbərxananın qarşısına gəlib avtomobilini saxlamış, ondan atası Səbuhinin harada olmasını soruşmuş, o da Bakı şəhərində olmasını demiş, Səbuhinin nömrəsini istəmiş və Emilə nömrənin bərbərxananın şüşəsinin üzərində olmasını göstərmişdir. Emil Səbuhinin nömrəsini yığan zaman Səbuhinin biraz əsəbi olmasını və ehtiyatlı danışmağını istəmiş, Emilə bu məsələni aralarında həll etməyi demiş, Emil də Səbuhi ilə bu barədə danışacağını deyərək, həmin vaxt Emil əsəbi halda onun ünvanına nalayiq söyüş söymüşdür. O da avtomobilin qapısını açaraq Emilə söyüş söyməsini irad bildirərək avtomobildən enməsini və bu məsələni aralarında həll etməyi istəmişdir. Emil avtomobildən enən zaman onun boğazından tutaraq sıxmış, o da Emilin üz, baş və bədən nahiyyələrindən yumruq, şillə və təpiklərlə vurmağa başlayaraq tutaşmışlar və mübahisə davam etmişdir. Mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, mübahisənin yekununda Emili vuraraq avtomobilin yanında saxlamışdır. Onlar aralaşmış və Emil də avtomobilinə əyləşib çıxıb getmişdir. Baş vermiş hadisə zamanı Emil onu söymüşdür və boğaz nahiyyəsindən tutaraq sıxmaqla fiziki ağrı vermişdir. Lakin xəsarət almamışdır. Buna görə də məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Etdiyi əməldən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində baş etibarnamə əsasında idarə etdiyi Toyota Prado markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şabran şəhəri H.Əliyev prospekti ilə şəhərin aşağı hissəsinə doğru hərəkətdə olmuş, həmin vaxt avtomobildə tək olmuşdur. Şabran şəhəri H.Əliyev prospektində yerləşən T.Abbasov adına 1 nömrəli tam orta məktəbin yaxınlığına çatarkən öndə avtomobil hərəkət edirmiş və qarşı yoldan avtomobil gəlirmiş. Həmin vaxt onunla eyni zolaqda arxa tərəfdə hərəkətdə olan BYD markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən arxa tərəfdən çıxıb qarşı hərəkət zolağına daxil olmuş və ötmə əməliyyatı etmişdir. O, qarşı hərəkət zolağından avtomobilin yaxın məsafədə olmasını görüb əyləci basaraq Təqsirləndirilən şəxs idarə etdiyi BYD markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ötmə əməliyyatını tamamlamasına şərait yaratmışdır. Sənan onun hərəkətdə olduğu zolaqda ön hissəyə keçdikdən sonra qəfildən əyləci basmış və o da həmin andaca əyləci basaraq avtomobilin sürətini azaltmışdır. Sənanın qəfil əyləci basması onun hərəkəti üçün təhlükə yaratmış, Sənana avtomobilin işıqlarını yandırıb-söndürməklə işarə vermiş və yolun sağında Sənan avtomobili saxlamış, o da avtomobildən enib yanına gələrək təhlükəli sürməsinə dair ona irad bildirmişdir. Sənan isə üzrxahlıq edib tələsdiyini deyib avtomobilini sürüb getmişdir. O, Sənanın ardınca avtomobili sürmüş və “Günel” restoranının həyətində avtomobilin dayandığını görmüşdür. Ətrafda olan şəxslərdən avtomobilin kimə məxsus olmasını və sürücüsünün kim olmasını maraqlanmış, avtomobilin bərbər Səbuhinin olduğunu və sürücünün də oğlu Sənan olmasını öyrənmişdir. O, avtomobili ilə Səbuhinin bərbərxanasının qarşısına gəlmiş, bərbərxananın qarşısında Sənanı görmüş və avtomobili yanında saxlamış, Sənandan Səbuhinin harada olmasını soruşmüş, Sənan da Səbuhinin Bakı şəhərində olmasını demişdir. O, Səbuhinin nömrəsini istəmiş və Sənan da nömrənin bərbərxananın şüşəsinin üzərində olmasını göstərmişdir. Səbuhinin nömrəsini yığan zaman Sənan atasının bir az əsəbi olmasını və ehtiyatlı danışmağını istəyərək məsələni aralarında həll etməyi istəmiş, o da Sənana atasına bu barədə danışacağını demişdir. Həmin vaxt əsəbi olduğundan Sənanla kobud danışmışdır. Sənan da avtomobilin qapısını açaraq onu dartaraq çıxarmış, baş və bədən nahiyyələrindən yumruq, şillə və təpiklə zərbələr endirmişdir. O da Sənanı özündən uzaqlaşdırmağa çalışan zaman boğaz nahiyyəsindən tutmuş və itələməyə başlamışdır. Sənan onu avtomobilin yanında yerə yıxdıqdan sonra kənarlaşmışdır. O da avtomobilə əyləşib polis şöbəsinə gələrək ərizə yazmışdır. Təqsirləndirilən şəxslə barışmışdır, hazırda ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə tibb ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Siyəzən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 60 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində sol gözaltı nahiyyənin qançırı, başın sol gicgah nahiyyəsinin və sol diz oynağının yumşaq toxumalarının əzilməsi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti bir günə qədər olub xx.xx.2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2006-cı ildə doğulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 10 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Cinayət işi materiallarında olan Şabran rayonu İHB-nin Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Şabran şəhərində qeydiyyatsız yaşayır. Cinayət işi materiallarında olan Şabran rayonu İHB-nin Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Rzayev X2 şəhəri, M.Araz küçəsində özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı şikayətlər daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün, zərərçəkmiş şəxsin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci və 59.1.12-ci maddələrinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir və cərimə altı yüz manatadək miqdarda təyin edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM-nin 85.2-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-49/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-49/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver