Məhkəmə qərarları › İş №1(031)-5/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-5/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-5/2022 12.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1961-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olmayan, Şabran rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsində bağban işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, müvəqqəti olaraq Şabran rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin həyətində onun üçün ayrılmış otaqda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid-19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 29 avqust 2021-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında Şabran rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin həyətində onun üçün ayrılmış otaqda müalicə olunarkən bir vətəndaş kimi “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “…vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə 11-ci maddəsinin 1-ci bəndinin və “…vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, Qanunun sözügedən tələblərini pozaraq 31 avqust 2021-ci il tarixdə saat 21 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşayış yerini özbaşına tərk etmiş və müalicə almaqdan yayınmaq məqsədilə küçəyə çıxmış bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq daimi yaşayış yeri yoxdur, bəzi hallarda Şabran rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin həyətində onun üçün ayrılmış otaqda, bəzi hallarda rayon məscidinin həyətindəki tikilidə yaşayır. 2001-ci ildə Sahibə Məmmədova ilə ailə həyatı qurmuş, onunla nikahından bir oğlan övladları olmuşdur. 2015-ci ildə ailə daxili münasibətlərinin pis olduğuna görə boşanmış və qeydiyyatda olduğu evi onlara verib evdən çıxmışdır. Təxminən 7 ilə yaxındır ki, Şabran rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin həyətində bağban kimi işləyir. 28.08.2021-ci il tarixdə günorta saatlarında Şabran rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin həyətində bağban kimi çalışdığı zaman sağlamlığında bəzi problemlər yarandığına görə Şabran RMX-na getmək qərarına gəlmişdir. Xəstəxanaya gedən zaman müayinə olunmuş və “Covid-19” virusundan analiz vermiş, 29.08.2021-ci il tarixdə istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə mesaj gələrək “Covid-19” virusuna yoluxduğu ona aydın olmuş, həmin mesajda xüsusi karantin rejim qaydalarına əməl etməli və 14 gün ərzində yaşayış yerini tərk etməməsi ilə bağlı qeyd olduğu, tərk edəcəyi halda onun cinayət məsuliyyətinə cəlb olunacağı ona bildirilmişdir. “Covid-19” virusuna yoluxduğunu bildiyi andan bir daha Şabran rayonu SHXÇİ-nə getməmişdir. Müalicə almaq istəmədiyinə görə Şabran rayonunda yerləşən parklarda, o cümlədən qəbristanlığın yaxınlığında özünə sığınacaq quraraq yaşamağa başlamışdır, 31.08.2021-ci il tarixdə saat 21 radələrində “Dağlı” kafesinin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq “Covid-19” virusuna yoluxduğu halda nə üçün yaşayış yerini tərk etdiyini soruşmuş, o isə öz növbəsində özünü yaxşı hiss etdiyini və müalicə almaq istəmədiyini bildirmişdir. Bundan sonra polis şöbəsinin əməkdaşları həmin əraziyə gələrək, təcili tibbi yardım maşını ilə onu 01 sentyabr 2021-ci il tarixdə Quba rayon MX-na aparmışlar. Quba rayon xəstəxanasında yenidən “Covid-19” virusuna qarşı analiz vermiş, analizin cavabı neqativ çıxdığından 2-3 gün orada müalicə olunmuş və sonra Quba RMXdan buraxılmışdır. Etdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, aktiv koronavirus xəstəsi olan Təqsirləndirilən şəxs müalicə almaqdan imtina etdiyinə görə yaşayış yerini, yəni Şabran rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin həyətində onu üçün ayrılmış xüsusi otağı özbaşına tərk edərək Şabran rayonunda müxtəlif yerlərdə yaşamaqla və ictimai yerlərdə olmaqla “Covid-19” virusunun yayılmasına şərait yaratdığı onlara məlum olmuş, 31.08.2021-ci il tarixdə axşam saatlarında Şabran RPŞ-nin PPXB-nün digər əməkdaşları – polis serjantı Şahid3 və polis serjantı Şahid1la birlikdə “Dağlı” kafesinin yaxınlığında 1961ci il təvəllüdlü Şabran şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yerini tərk etməsini aşkar edərək saxlamışlar, dərhal şöbədən əməliyyat-istintaq qrupu çağıraraq qanunvericiliklə müəyyən olunmuş qaydada çəkiliş aparımış və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xüsusi karantin rejim qaydalarını kobud surətdə pozması faktı rəsmi olaraq sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 eyni məzmunli ifadə verərək iş üzrə Şahid2 ifadəsində göstərilənləri olduğu kimi təsdiq etmişdir. Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi Ərazi Bölmələrini X2 rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya alınmış 23 noyabr 2021-ci il tarixli 2502 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs 01.09.2021-ci il tarixdən 06.09.2021-ci il tarixədək Quba RMX-nın Yoluxucu xəstəliklər şöbəsində stasionar müalicədə olmuşdur. Vətəndaşın xəstəxanaya daxil olduğu tarixdə əsnəkdən yaxma analizi alınmış və analizin nəticəsi 02.09.2021-ci il tarixdə neqativ (-) çıxmışdır. Şabran rayon MX-dan aldıqları məlumata görə Təqsirləndirilən şəxs əsnəkdən yaxma analizi 29.08.2021-ci il tarixdə pozitiv (+) çıxdığı üçün 01.09.2021-ci il tarixdə stasionar müalicə üçün Quba RMX-a göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 20 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 4853 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, S.Vurğun küçəsində qeydiyyatdadır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 4859 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon məkəzi xəstəxanası tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli 22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 20.12.2021-ci il tarixdən 29.12.2021-ci il tarixədək “Digər xroniki tubulointerstisial nefritlər, Xroniki pielonefritin kəskinləşməsi, Arterial hipertoniya” diaqnozu ilə Şabran RMX PHŞ-nin terapiya şöbəsində stasionar müalicə alıb. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hipertoniya xəstəsi olmasını, daimi yaşayış yerinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar