Məhkəmə qərarları › İş №1(031)-50/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-50/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-50/2021 19.08.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 1982-ci il 03 sentyabr tarixdə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 5-də qeydiyyatda olmaqla Şabran rayonu Çölquşçu kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxladığı 1 ədəd «Vest» markalı siqaret qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda 6 büküm müvafiq olaraq çəkiləri 1,005 qram, 2,648 qram, 1,284 qram, 0,893 qram, 1,326 qram, 0,905 qram ümumi təmiz çəkisi 8,061 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əyinindəki qırmızı rəngli idman gödəkçənin sol yan cibinə yerləşdirməklə qanunsuz olaraq saxlamış, 2021-ci ilin aprelin 24-də, saat 20 radələrində, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «Şabran» restoranının qarşısında Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı o, saxlanılmış və sözügedən narkotik vasitələr ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Çölquşçu kəndində həyat yoldaşı, kiçik yaşlı oğlu ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 24 aprel 2021-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə özünə məxsus velosipedlə yolun sağ tərəfi ilə hərəkətdə olarkən təsadüfən yerdə «Vest» markalı siqaret qutusu görüb və həmin qutunu yerdən götürmüşdür. Həmin qutunu açıb içinə baxdıqda onun içində 6 büküm narkotik vasitə olan nəşə olmasını görüb və istifadə etmək üçün həmin narkotik vasitəni əyinində olan qırmızı rəngli gödəkçəsinin cibinə qoymuşdur. Bundan sonra Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə yoluna davam edib və həmin küçənin sonunda yerləşən «Şabran» restoranının qarşısına çatdıqda polis əməkdaşları ona yaxınlaşıb, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona deyərək baxış keçirilməsi üçün onu Şabran RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Şabran rayon PŞ-nə getmişdir. RPŞ-nin iş otaqlarının birində hüquq və vəzifələri ona izah edərək Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Videoçəklişlə aparılan şəxsi axtarış zamanı əyinində olan qırmızı rəngli idman gödəkçəsinin sol yan cibində «Vest» markalı siqaret qutusunun içindən 6 büküm nəşə aşkar olunmuşdur. Həmin bükümlərin içindəki kütlələrin nə olmasını polis əməkdaşları ondan soruşduqda həmin bükümün içindəki yaşımtıl rəngli kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları vəkil Müdafiəçi iştirakı ilə üzərindən aşkar edilmiş həmin 6 büküm narkotik vasitəyə baxış keçirdərək ekspertizaya göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmışlar. Bununla bağlı tərtib edilmiş protokol imzalanmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şabran rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis kapitanı vəzifəsində işləyir. Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 5-də qeydiyyatda olmaqla faktiki olaraq Şabran rayonu Çölquşçu kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşqul olması barədə məlumat əldə etdikləri üçün 24 aprel 2021-ci il tarixdə saat 20 radələrində polis əməkdaşları Şahid2, Orxan Dəmirov, Seymur Ramazanov, Rauf Məmmədov və digər əməkdaşları ilə birlikdə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «Şabran» restoranının qarşısında Təqsirləndirilən şəxs saxlayaraq onu Şabran rayon PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə RPŞ-nə getmişdir. Şabran RPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra dəvət edilmiş vəkil Müdafiəçi iştirakı ilə vidoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Keçirilən şəxsi axtarış zaman Təqsirləndirilən şəxs əyinində olan qırmızı rəngli idman gödəkçəsinin sol yan cibində «Vest» markalı siqaret qutusunun içindən 6 ədəd ağ rəngli kağız bükümlər aşkar olunaraq götürülmüşdür. Həmin bükümlər masanın üzərində açıldıqda onların içində yaşımtıl rəngli bitki kütlələrin olması müəyyən olunmuşdur. Həmin kütlələrin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda o, həmin bükümlərdə olan kütlələrin narkotik vasitə hesab edilən nəşə olduğunu və həmin narkotik vasitəni bir neçə saat əvvəl təsadüfən küçədə tapdıqdan sonra istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Şabran rayon sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlələr ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edildikdən sonra protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən RPŞ-nin polis əməkdaşı Şahid2 polis əməkdaşı Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 25 aprel 2021-ci il tarixli 7/397 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 (altı) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayırıqda təmiz çəkiləri 1,005 qram, 2,648 qram, 1,284 qram, 0,893 qram, 1,326 qram, 0,905 qram, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 8,061 qram-tədqiqata sərf edildi cəmi-0,12 qram (hər obyektdən 0,02 qram), qalıq-7,941 qram. Təqdim olunmuş 6 (altı) ədəd ağ rəngli kağız bükümlərdə marixuanalar tərkiblərinə görə eynidir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Məhkəmə Narkoloji Ekspertizasının 20 may 2021-ci il tarixli 1550 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoqoidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli 4056 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailə üzvləri, həyat yoldaşı – X1, oğlu X5 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli 2261 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 24 aprel 2021-ci il tarixli tutma protokolundan, eləcə də 26 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 26 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 aprel 2021-ci ildən 26 aprel 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6 (altı) ədəd ağ rəngli kağız bükümlərdə ümumi çəkisi 7,941 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçrilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 66 manat 46 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6 (altı) ədəd ağ rəngli kağız bükümlərdə ümumi çəkisi 7,941 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçrilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 66 manat 46 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar