Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-50/2022 21.09.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 10 oktyabr 1981-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu Pirəmsən kəndində daimi qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə saat 11 radələrində orta dərəcəli sərxoşluq halında yaşadığı Şabran rayonu, Pirəmsən kəndində yerləşən fərdi yaşayış evində özünü pis hiss etdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “103 xidməti”nə müraciəti əsasında çağırışa gəlmiş X10 briqadasının üzvləri – X10 şöbəsinin müdiri Zərərçəkmiş şəxs1, tibb bacısı Zərərçəkmiş şəxs2 və sürücü Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinin həyətində heç bir ciddi səbəb olmadan, gec gəlmələri bəhanəsi ilə nalayiq ifadələrlə təhqir etmiş, zərərçəkmişlərin çağırış və xəbərdarlıqlarına məhəl qoymayaraq bu hərəkətlərini 10-15 dəqiqə ərzində davam etdirib həkim briqadasının normal fəaliyyətini və orada olan kənd sakinlərinin rahatlığını pozmuş, bundan əlavə həkim briqadası Təqsirləndirilən şəxs məxsus evin qarşısındakı briqadanın xidməti istifadəsində olan “Qaz-Sobol” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı X10 avtomobilinə minərək oradan uzaqlaşmaq istəyərkən sonuncu, həkimlərin getdiyini görərək daha da əsəbləşmiş və ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafda insanların olmasına baxmayaraq nalayiq ifadələr işlədərək silah qismində istifadə olunan yerdən götürdüyü daşları avtomobilə atmış, nəticədə avtomobilin alın şüşəsi və üstündəki mayak işıqları sındığına görə avtomobilə ümumilikdə 219 (iki yüz on doqquz) manat məbləğində maddi ziyan vurmaqla şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkət etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu, Pirəmsən kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, evlidir və üç azyaşlı övladı var. Arvadı heç yerdə işləmir, özü fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Uzun müddətdir ki, kənd təsərrüfatı ilə məşğul olur. 17 aprel 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə biraz spirtli içki qəbul etmiş, növbəti gün saat 09 radələrində yuxudan oyanan kimi özünü çox pis hiss etmiş, buna görə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “103 xidməti”nə müraciət etmiş, müraciətində özünü pis hiss etdiyini bildirmiş və təcili həkim lazım olduğunu söyləmişdir. Saat 09 radələrində müraciət etməsinə baxmayaraq, yaşadığı ünvana X10 düz 2 saat sonra gəlmişdir. İçkili olduğuna görə də bir az da özündə olmamış, üstəlikdə bir ilə yaxındır ki, vərəm xəstəsi olduğuna görə əsəbləşəndə özünü tam idarə edə bilməmişdir. X10 avtomobili evin qarşısına gəldikdən sonra avtomobildən iki qadın və bir kişi sürücü düşmüş, onlar həyətə daxil olduqdan sonra onlara niyə gec gəldiklərinə görə iradını bildirmiş, həkimlər isə cavabında Şabran rayonu, Sarvan kəndindən də başqa bir çağırışın olduğunu, ona görə də “gəl maşında sənə iynə vuraq” sözlərini demişlər. Bunun cavabında isə onlara maşında iynə vurmağın lazım olmadığını, onları evinə gəlməyə təklif etmişdir. Həkimlər isə evə gəlməyəcəklərini söyləmiş, buna görə də aralarında münaqişə yaranmış, həkimlər evə gəlməkdən imtina etdiyinə görə də o da onları nalayiq ifadələrlə təhqir etmiş, ardınca isə hər üçü gəldikləri tibbi yardım avtomobilinə minərək oradan uzaqlaşmağa çalışmış, tibb işçilərinin avtomobilə mindiklərini gördüyünə görə daha da əsəbləşmiş və yerdən daş götürərək avtomobil istiqamətində 2-3 dəfə daş atmış, ancaq daşların avtomobilin hansı hissəsinə dəyməsini görməmişdir. Etdiyi əməldən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ünvan 2 ünvanda qeydiyyatda olmaqla ünvan 3ə yaşayır. Evlidir və iki övladı var. Təxminən 3 ilə yaxındır ki, Şabran RMX-da TTYŞ-nin müdiri vəzifəsində işləyir. Şabran RMX-nın X10 şöbəsinin müdiri vəzifəsində çalışdığına görə adi hallarda çağırışlara getmir. Ancaq növbədə həkim olmayanda çağırışa həkim əvəzinə gedir. 18 aprel 2022-ci il tarixdə də növbədə həkim olmadığına görə həmin gün çağırışlara o, getmişdir. Həmin gün saat 10 radələrində xəstəxanada xidməti otağında olan zaman Şabran rayonu, Pirəmsən kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “103 xidməti”nə müraciət etməsi barədə məlumat almış, çağırış əsasında o, feldşer Zərərçəkmiş şəxs2 və sürücü Zərərçəkmiş şəxs3la birlikdə Pirəmsən kəndinə getmişlər. Qeyd olunan ünvana çatdıqları zaman ev sakini Təqsirləndirilən şəxs onları evin həyətində qarşılamış, yaxınlaşan zaman sonuncunun spirtli içki qəbul etdiyini anlamış, həyətə daxil olduqdan sonra isə İnqilab səbəbsiz yerə onları nalayiq ifadələrlə təhqir etmiş, ardınca isə X10 avtomobilinin sürücüsü Ruslanın onu nə qədər sakitləşdirməyə çalışsa da İnqilab sakitləşməmiş və yenə də nalayiq ifadələrlə onları təhqir etməyə davam etmişdir. Aralarındakı mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, İnqilabın sakitləşmədiyini gördüklərinə görə məcbur olub küçədəki X10 avtomobilinə minərək oradan uzaqlaşmaq istəmişlər, bu zaman isə İnqilab küçədən əlinə daş alaraq nalayiq ifadələr işlədə-işlədə avtomobili daşlamağa başlamış, bu zaman ətrafda tanımadığı insanlar olmuş, daşlardan birinin mayakı, digər daşın isə avtomobilin ön güzgüsünün sol tərəfinə dəymiş və zərbələr nəticəsində avtomobilin ön güzgüsü çatlamış, mayakın biri isə qırılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs avtomobilə daş atan zaman onlar avtomobildə olmuş, lakin heç biri xəsarət almamışdır. Xəstəxanaya çatdıqda xəstəxananın rəhbərliyinə bu haqda məlumat vermişlər. Sonradan təqsirləndirilən şəxs onlardan üzr istəmiş, onlar Təqsirləndirilən şəxs xəstəliyini, ailə vəziyyətini nəzərə alaraq onunla barışmışlar, hazırda ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 analoji ifadələr verərək, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizələrindən görünür ki, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir tələbləri və şikayətləri yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli 223 saylı arayış görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Pirəmsən kəndində ailə üzvləri – arvadı X4, uşaqları – 2015-ci il təvəllüdlü X1, 2016-cı il təvəllüdlü X2 və 2020-ci il təvəllüdlü X5 ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli 223 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Gəndov İƏD-nə heç bir yazılı və yaxud şifahi şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vərəmli Pasiyentin Xəstəlik Tarixindən ******* saylı çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Ağ ciyərlərin infiltrativ vərəmi dağılmış mərhələsində VMB (+)” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicədə olmuş, İİİ qrup əlildir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etirafedici ifadəsi və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmədə dindirilmə protokolu, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən himayəsində üç azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, vərəm xəstəliyindən əziyyət çəkməsini, İİİ qrup əlil olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halları və eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-50/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-50/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver