Məhkəmə qərarları › İş №1(031)-52/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-52/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-52/2025 04.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1981-ci il tarixdə Dəvəçi rayonunun Sincanboyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Şabran rayonu, Qorğan kəndində qeydiyyatda olan, barəsində “həbs" növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs məxsus Şabran rayonunun Pirəbədil kəndində yerləşən fərdi yaşayış evinin hasarını aşmaqla həyətə girdikdən sonra evin pəncərəsinin şüşəsini sındıraraq qanunsuz evə daxil olub, evdə olan 1 ədəd “LİTHİUM ELECTRİC TOOL” markalı drel alətini, 1 ədəd “SKOM” markalı laqonda alətini, 30 metr uzunluğunda 06 millimetrlik elektrik naqilini oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Şabran rayonunun Pirəbədil kəndinə getmiş və orada tanışı Müzəffərin evində qalmışdır. Həmin kəndə getməkdə məqsədi həyat yoldaşı ilə barışmaq olmuş və bu məqsədlə xx.xx.2025-ci il tarixdə onların evinə getmişdir. Lakin arvadı ilə aralarında mübahisə olduğu üçün oradan geri qayıtmışıdr. Həmin zaman spirtli içkinin təsiri altında olmuş, xx.xx.2025-ci il tarixə keçən gecə saat 01:00 radələrində kənddə küçə ilə gedərkən Akif Süleymanzadəyə məxsus olan və əvvəllər işlədiyi həmin evi görmüş, oğurluq etmək məqsədilə evin hasarını aşaraq həyətə daxil olmuş, evin pəncərəsinin şüşəsini yumruq vuraraq sındırmış və əlindən həmin zaman xəsarət almışdır. Pəncərədən içəri evə daxil olmuş, evdə olan direli, laqondanı və 30 metrə yaxın kabeli götürərək evdən çıxmışdır. Küçə ilə piyada gedərək Müzəffərin yaşadığı evə getmişdir. Həmin əşyaları evin ətrafında olan kolda gizlətmiş, evə girmişdir. Müzəffər onun bədəni üzərində xəsarətləri görüb bununla bağlı soruşduqda, o, qayınatası ilə dalaşdığını demişdir. Lakin həmin xəsarətləri evə daxil olarkən və çıxarkən əlini, sinəsini, şüşə kəsdiyi üçün almışdır. Müzəffər ona yeni paltarlar vermişdir. Səhər saat 6-7 radələrində yuxudan oyanmış, bir qədər Müzəffərin evində oturduqdan sonra evdən çıxmışdır. Oğurladığı əşyaları gizlətdiyi yerdən götürmüş, lakin dreli oradan tapa bilməmişdir. Laqondanı və kabeli küçədən tapdığı torbaya qoyaraq Şabran rayonunun Pirəbədil kəndində yerləşən Cəbrayılın mağazası (kafesi) tərəfə piyada getmiş və həmin əşyaları satdığını bildirmişdir. Cəbrayıl həmin əşyaların onda haradan olduğunu soruşduqda, o, əşyaların onun özünə məxsus olduğunu, qayınatasının evində qaldığını və əşyaları oradan götürdüyünü demişdir. O, Cəbrayıla laqondanı 15 manata satmış, kabeli də Cəbrayıla satmaq istəsə də, sonuncu kabeli almamışdır. Bu səbəbdən də kabeli kolluğun içərisinə qoyaraq aldığı pula spirtli içki və ərzaq məhsulları almışdır. Daha sonra həmin kabeli axtarsa da yerini xatırlamadığı üçün tapa bilməmişdir. Oğurluq əməlini törətməkdə məqsədi spirtli içki almaq olmuş, oğurluq əməlini tək törətmiş, Cəbrayıl və Müzəffərin oğruluqdan xəbəri olmamış, onlara bu barədə məlumat verməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Şabran rayonunun Pirəbədil kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etdiyi kameraların və kombinin kabellərini də kəsdiyini, lakin alkoqol sərxoşluğunda olması səbəbi ilə onları özü ilə apara bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 330-cu maddəsinə əsasən elan edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şabran rayonunun Pirəbədil kəndində fərdi yaşayış evi inşa etmiş, həmin evin tikintisi yenicə başa çatmışdır. xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində həmin evə baxmaq üçün gəlmiş, axşam vaxtı olduğu üçün və hava qaraldığına görə həmin gün evin vəziyyətini görə bilməmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında evin vəziyyətini görmüş, fərdi yaşayış evinin arxa tərəfdə olan qapısının sağ tərəfində yerləşən plastik pəncərənin şüşələrinin sındırıldığını və pəncərədə və yerdə qan izləri olduğunu görmüşdür. Qan izləri pəncərədən çöldə şüşədə və evin içərisində döşəmədə olmuşdur. Bununla bağlı küçəyə çıxaraq qonşulardan maraqlanmış, Kərim adlı şəxs ona evə Əhmədin girməsinin ehtimal olduğunu demiş, dünən onların evinə gedərək orada ailə münaqişəsi zəminində mübahisə edib, evdə əşyaları sındırdığını bildirmişdir. Bundan sonra evə qayıdaraq hər hansı əşyanın oğurlanıb-oğurlanmamasını aşkar etmək üçün evə baxmış, drel, laqonda və 30 metr uzunluğunda kabelin oğurlanmasını aşkar etmişdir. Bundan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermiş, polis əməkdaşları ora gələrək baxış keçirmiş və bundan sonra o, evə təkrar baxarkən kameranın kabelinin də dartılıb sındırıldığını və kombi aparatının elektrik tənzimləyicinin üzərində qan izləri olmasını və kabelinin kəsildiyini aşkar etmişdir. Sonradan izahat verərkən bunları qeyd etmişdir. Oğurluq zamanı drel, laqonda və elektrik kabeli ilə bağlı ona təxminən 250 manat ziyan dəymişdir. Həmçinin fərdi yaşayış evində Təqsirləndirilən şəxs əşyaları yəni, plastik pəncərənin şüşəsini sındırması ilə bağlı 30 manat, kameranın kabeli dartıldığı üçün kamera zədələnərək yararsız hala düşməsi nəticəsində 25 manat, kombi aparatının elektrik tənzimləyicisinin zədələnməsi nəticəsində 30 manat olmaqla, əlavə olaraq ümumilikdə 85 manat ziyan da dəymişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamınd Təqsirləndirilən şəxs onun evində təmir işlərində işləmədiyini, ev inşa edilərkən orada olan tullantıları daşımaq üçün fəhlə qismində həyətdə olduğunu və ona artıqlaması ilə pulunu verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı kənddən həmkəndlisi İskəndərin qızı Leyla ilə ailə həyatı qurduğu üçün tanıyır. Əhməd də onu kənd sakini kimi tanıyır. Onunla əvvəllər bir neçə dəfə birlikdə spirtli içki qəbul etmişdir. xx.xx.2025-ci il tarixdə Əhməd kəndə gəlmiş, sonra onun evinə gələrək onlarda qalmışdır. xx.xx.2025-ci il tarixdə, saat 02:00 radələrində yaşadığı evin qapısı döyülmüş, qapını açdıqda Təqsirləndirilən şəxs gəldiyini görmüşdür. Onun paltarları cırılmış, kürəyində çapıq izi olmuş, paltarı qana bulanmışdır. Ondan nə baş verdiyini soruşduqda, Təqsirləndirilən şəxs qayınatası və ailəsi ilə dalaşdığını demişdir. Bundan sonra o, Əhmədə şalvar, köynək və nazik gödəkcə vermiş, onunla evdə spirtli içki qəbul etmişdir. Həmin günü saat təqribən 6-7 radələrində Əhməd yuxudan oyanmış və biraz keçdikdən sonra evdən getmişdir. O isə bir qədər sonra Cəbrayılın işlətdiyi kafeyə getmişdir. Həmin kafe Cəbrayılın evinin yaxınlığında yerləşir. Kafedə olarkən Əhməd əlində 2 ədəd bağlama ilə kafeyə tərəf gəlmiş, orada olan Cəbrayıla əlində olan elektrik kabeli və laqondanı satdığını demiş, Cəbrayıl lazım deyil dedikdə, Əhməd 15 manata laqondanı satdığını bildirmiş, Cəbrayıl 15 manata laqondanı ondan almışdır. Əhməd laqondanın özünə məxsus olduğunu və qayınatasının evində qaldığını, onlarla dalaşdığı üçün əşyalarını götürüb çıxdığını demişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə evə gələn zaman əlində drel, laqonda və kabel olmamış, ona oğurluq barədə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi İskəndərin qızı Leyla ilə ailə həyatı qurduğu üçün tanıyır. xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində yaşadığı evin qarşısında oturmuş, Əhməd belində meşok ilə gələrək ondan elektrik kabeli istəyib-istəmədiyini soruşmuşdur. O, Əhmədə istəmədiyini desə də, Əhməd bundan sonra ona “laqonda aləti var istəmirsən” demiş, o da onu da istəmədiyini Əhmədə demişdir. Əhməd ona bunları metal kimi satacağını, laqondaya görə 15 manat pul istədiyini demişdir. O, laqondanın işlək olubolmadığını evin qarşısında olan elektrik yuvasına taxaraq yoxlamış, işlək vəziyyətdə olduğunu gördükdə Əhmədə 15 manat verərək laqondanı ondan alıb, evin divarının kənarına qoymuşdur. Əhməddən laqondanı haradan əldə etməsini soruşmuş, Əhməd də ona həmin laqondanın qayınatasının evində yaşadığı dövrdən orada qalan ona məxsus laqonda olduğunu, boşandığı üçün əşyalarını götürdüyünü demişdir. O, laqondanı Əhməddən alarkən onun oğurluq olduğunu bilməmişdir. Əhməd ona laqondanın özünə məxsus olduğunu demişdir. Həmin zaman Müzəffər də onun yanında olmuş, yaxınlıqda olan kafedə oturmuşdur. Təqsirləndirilən şəxs laqondadan başqa hər hansı əşya almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Əhməd təbiətcə sakit insan olsa da, uzun illərdir ki, spirtli içki qəbul edir. İçkiyə meylli olması onun cinayət törətməsi ilə nəticələnir. xx.xx.2025ci tarixdə Əhmədin arvadı Leyla ilə barışmaq üçün onun yaşadığı Şabran rayonunun Pirəbədil kəndinə getməsini öyrənmişdir. Ona Əhmədin arvadı tərəfdən qohumları zəng edərək onun xx.xx.2025-ci il tarixdə kəndə gələrək mübahisə etdiyini bildirmişlər. O, Əhmədin hazırda harada olduğunu soruşmuş və ona Əhmədin Şabran rayonunun Pirəbədil kəndində olduğunu bildirilmişdir. xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində qızı Könül Hacıyeva ona zəng edərək Əhmədin xəsarətlər aldığını, onu xəstəxanaya gətirdiyini demişdir. O, Şabran Rayon Mərkəzi Xəstəxanasına getmiş, Əhməddən nə olduğunu soruşmuş, Əhməd də ona xəstəxanada səhhəti yerində olmadığı üçün heç nə danışmamışdır. Polis əməkdaşları da ora gəlsə də Əhmədin izahatını ala bilməmişlər. Daha sonra onu evə buraxmışlar. Əhməd ona həmin gün axşam vaxtı etiraf etmişdir ki, Şabran rayonunun Pirəbədil kəndində qayınatasının evindən çıxıb gedən zaman yolda Zərərçəkmiş şəxs evini görmüş, orada təmir zamanı işlədiyi üçün evi tanımış, hasarın üzərindən aşaraq evin həyətinə girmiş, pəncərənin şüşəsini yumruqla sındıraraq evə daxil olmuş, evdən laqonda, drel və elektrik kabeli oğurlamış, evə girərkən bədən nahiyyəsindən şüşə kəsikləri xəsarəti almışdır. Dreli və kabeli itirdiyini, laqonda alətini isə kənd sakini Cəbrayıl adlı şəxsə 15 manata satdığını demişdir. O, polisə məlumat vermək üçün Şabran Rayon Polis Şöbəsinə getmiş, Əhməd isə evdə qalmışdır. Ona polis əməkdaşları oğurluq hadisəsinin Əhməd tərəfindən törədilməsi barədə məlumatlı olduqlarını demişlər və onu axtardıqlarını bildirmişlər. O, Əhmədin evdə olduğunu, oğurladığı drel və kabeli kənd ərazisində itirdiyini, laqondanı isə Cəbrayıl adlı şəxsə 15 manata satdığını polis əməkdaşlarına demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 907 saylı, xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə verilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqi). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzindən daxil olmuş ********** nömrəli məlumatda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 36, mənzil 24-də yaşayan X1 oğlu müraciət edərək Şabran rayonu, Pirəbədil kəndində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin ona məxsus bir ədəd drel, bir ədəd laqonda və 30 metr elektrik kabelini oğrulayaraq satdığını, ona maddi ziyan vurduğunu bildirmişdir (cinayət işinin İ cildinin 3-cü vərəqi). - xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Şabran rayonunun Pirəbədil kəndində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış zamanı evin pəncərəsinin şüşəsinin sındırıldığı, qan izləri olması müəyyən edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus 1 ədəd laqonda aləti, 1 ədəd drel və 30 metr uzunluğunda elektrik kabeli oğurlanmışdır (cinayət işinin İ cildinin 7-9-cu vərəqləri). - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şabran rayonu, Pirəbədil kəndində yerləşən Akif Süleyman-Zadəyə məxsus fərdi yaşayış evindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd “SKOM” markalı elektriklə işləyən laqonda aləti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Baxış keçirilərkən Şahid2 1 ədəd “SKOM” markalı elektriklə işləyən laqonda alətini polis əməkdaşlarına təqdim edərək təhvil vermişdir (cinayət işinin İ cildinin 19-19-a vərəqələri). - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1 ədəd “LİTHİUM ELECTRİC TOOL” markalı drelin qiyməti 130 manat, 1 ədəd “SKOM” markalı elektriklə işləyən laqonda alətinin qiyməti 60 manat, 1 metr 6 millimetrlik elektrik naqilinin qiyməti 2 manat olmaqla, 30 metr elektrik naqilinin qiyməti 60 manat təşkil edir. Ümumilikdə qeyd edilən əşyaların qiyməti 250 manat təşkil edir (cinayət işinin İ cildinin 23-cü vərəqi). - 000912 saylı, xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqında qərardan görünür ki, X1 oğlu ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 27-28-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 1 ədəd “SKOM” markalı elektriklə işləyən laqonda aləti zərər çəkmiş şəxs X1 oğluna təhvil verilmişdir (cinayət işinin İ cildinin 37-ci vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 7(031)-7/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şabran Rayon Məhkəməsinin 1(031)-7/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Reüspublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan 1 il 9 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 6 ay 4 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir (cinayət işinin İ cildinin 45-51-ci vərəqləri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3 və 62-ci maddələri ilə 2 il müddətinə azadlıqda məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 132-ci maddələri ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.3.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 1 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 128-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 1 il 9 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 6 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir (cinayət işinin İ cildinin 52-53-cü vərəqləri). - Şabran Rayon Məhkəməsinin 1(031)-7/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-514/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 1 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan 1 il 18 gün müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin iş üzrə barəsində təyin edilmiş 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti ilə qismən birləşdirilməklə, onun üzərində qəti olaraq 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cinayət işinin İ cildinin 54-60-cı vərəqləri). - Şabran Rayon Mərkəzi X2 Şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-34/2-855/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji kabinetlərdə dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 63-cü vərəqi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Qorğan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-12/2-93/2025 saylı xasiyyətnamədən görünür ki, Şabran rayonunun Qorğan kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur (cinayət işinin İ cildinin 71ci vərəqəsi). - 000921 saylı, xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 86-87-ci vərəqələri). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, 1 ədəd “SKOM” markalı elektriklə işləyən laqonda aləti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir (cinayət işinin İ cildinin 108-116-cı vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(031)-52/2025-018 saylı qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 14:00-dan hesablanmaqla həbs növündə qətimkan tədbiri seçilmişdir. - xx.xx.2026-cı il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 315- VİİQR saylı Qərarının 2.1-ci bəndi tətbiq edilmiş və barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamə qeyd edilən məlumatlara, habelə Şabran Rayon Məhkəməsinin 1(031)-7/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə, Şabran Rayon Məhkəməsinin 7(031)- 7/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 315-VİİQR saylı Qərarının tətbiq edilməsi barədə xx.xx.2026-cı il tarixli qərara əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd”-inin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Bu cinayət əməli də mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasının talama cinayətləri növünə aid edilmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərər çəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndinə əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında 2 (iki) növ cəza, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə dən halları, törətdiyi əməlin xarakterini və onun hazırkı vaxtadək zərər çəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş alternativ cəzanın ona təyin edilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi əvvəllər dəfələrlə mülkiyyət əleyhinə olan cinayətlər törətməsinə görə məhkum edilmiş təqsirləndirilən şəxs hələdə islah olunmamış və yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Bu səbəbdən də məhkəmə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş alternativ cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinin onun islah olunaraq bir daha analoji cinayət əməli törətməməsi məqsədinə catılmasını təmin etməyəcəyi nəticəsinə gəlir. Ona görədə təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla onun islah olunmasına, cəzanın məqsədinə nail olmaq olar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(031)-52/2025-018 saylı qərarı ilə həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs növündə qətimkan tədbiri seçildiyindən, onun cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı hazırki iş üzrə dövlət hesabına müdafiəçi təyin edilmiş vəkil Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi cəmi 18 (on səkkiz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına 198 (yüz doxsan səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməli, həmçinin iş üzrə maddi sübut - 1 ədəd “SKOM” markalı elektriklə işləyən laqonda alətinin saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verildiyi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut: 1 ədəd “SKOM” markalı elektriklə işləyən laqonda alətinin saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verildiyi nəzərə alınsın. Zərərçəkmiş şəxs X1 oğluna Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində vurulmuş zərərin qalıq məbləği ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 18 (on səkkiz) saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 198 (yüz doxsan səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar