Məhkəmə qərarları › İş №1(031)-53/2022

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-53/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-53/2022 07.09.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1990-cı il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, bitərəf, məhkum olunmamış, işləməyən, Quba rayonu, Qəçər-Zeyd kəndində daimi qeydiyyatda olan və faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 iyul 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 1 ünvanda gəlini Zərərçəkmiş şəxs Nuqu qızı ilə aralarında olan şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı sonuncunu taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona hər iki bazu nahiyələrinin yumşaq toxumaların əziyindən ibarət bədən xəsarətləri yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, oğlu Oruc Səhər adlı xanımla 2016-cı ildən ailə həyatı qurmuş, onların birgə nikahından Ümüd adlı övladları vardır. 31 iyul 2022-ci il tarixdə gəlini Səhərin göyəm meyvəsindən turşu hazırlaya bilmədiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı o, ağac parçası ilə Səhərin bir neçə yerindən vurmuşdur. Səhəri döyən zaman qonşuları Sevil də orada olmuşdur. Sonradan gəlininə qarşı etdiyi hərəkətə görə ondan üzr istəmişdir. Etdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Şabran rayon sakini Oruc adlı şəxs ilə 2016-cı ildə ailə həyatı qurmuş, birgə nikahdan Ümüd adlı oğlu vardır. X2 şəhəri, “3 sotlar” yaşayış massivində yerləşən ata evində qaynanası ilə birlikdə yaşayırlar. Ailəli olduğu müddət ərzində qaynanası Nayibə mütəmadi olaraq onu incitmiş, ona əziyyətlər vermiş və onu döymüşdür. Buna baxmayaraq o, bu barədə hüquqmühafizə orqanlarına müraciət etməmişdir. 31 iyul 2022-ci il tarixdə səhər saatlarında yaşadığları evdə qaynanası Nayibə ona “gedən yerim var, mən gedib gələnə kimi həyətyani sahədə olan göyəmləri ağacdan dərib apar qonşu Sevilin həyətində turşu tut” sözlərini demişdir. O, həyətlərində olan göyəm meyvələrini yığaraq Sevilin yaşadığı həyətyanı sahəyə aparmışdır. Göyəm turşusu hazırlaya bilmədiyi üçün yığdığı göyəmlərdən kompot hazırlamışdır. 31 iyul 2022-ci il tarixdə nahar vaxtından sonra qaynanası Nayibə evə gəlmiş və görmüşdür ki, göyəmlərdən turşu yox, kompot hazırlamışdır. Nayibə göyəm turşusu hazırlamadığı üçün həyətyanı sahədən ağac parçası götürərək onun sağ və sol qol nahiyəsinə və sağ bud nahiyəsinə vurmağa başlamışdır. Nayibə onu yaşadıqları evin həyətində döyən zaman yanlarında heç kim olmamışdır. Nayibənin onu döyməsi nəticəsində sağ və sol qol, sağ bud nahiyəsindən xəsarət almışdır. Növbəti gün, yəni 01 avqust 2022-ci il tarixdə axşam saatlarında qardaşı Hikmət onların evinə gələrək atasının yataq xəstəsi olduğundan atasını görmək üçün onu ata evinə aparmışdır. Ata evində olduğu zaman 02 avqust 2022-ci il tarixdə qardaşı Hikmət onun qolunda olan xəsarət izlərini görüb ondan həmin xəsarətləri hansı şəraitdə aldığını soruşduqda o, qardaşı Hikmətə 31 iyul 2022-ci il tarixdə qaynanası Nayibənin onu ağac parçası ilə döydüyünü demişdir. Bundan sonra o, qardaşı Hikmətlə Şabran RPŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə də təqdim etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli 159 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – hər iki bazu, hər iki bud, sol bilək və sol kürəküstü nahiyələrin yumşaq toxumalarının əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə ağac parçası və belin sapı ilə yetirilə bilər, yetirilmə müddəti 1-2 günə qədər olub 31 iyul 2022-ci il tarixə uyğun gəlir. Hər iki bazu nahiyələrinin yumşaq toxumaların əzilməsi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Sol bilək, sol kürəküstü və hər iki bud nahiyəsinin əzikləri sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. MSİ materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. MSİ materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli 2711 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır. MSİ materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli 2712 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. MSİ materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq cinayət təqibinə xitam verilsin. MSİ materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır, xahiş edir ki, ərizəsi nəzərə alınaraq cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, MSİ materialı üzrə cinayət qanunu nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin ondan hər hansı bir tələbi və şikayəti olmadığından zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və MSİ materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar